Azərbaycan.-2017.-12 noyabr.-¹249.-S.7.

 

Azərbaycan dövləti

 

Şirməmməd Hüseynov,

professor

 

1- Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kibi, Cənubi və Şərqi Məvarayi Qafqasiyadan ibarət Azərbaycan dəxi kamiləl hüquq müstəqil bir dövlətdir.

2- Müstəqil Azərbaycan dövlətinin şəkli idarəsi Xalq Cümhuriyyəti olaraq təqərrür edər.

(28 Mayıs 1918 Azərbaycan İstiqlal Bəyannaməsindən)

 

Azərbaycan xalqının müştərək və yüksək iradəsini ifadə edən yuxarıdakı iki tarixi maddə Azərbaycanın bir dövlət halında təşəkkülünə təəllüq edən 3 əsası təsbit etməkdədir ki, onlardan biri istiqlal, 2-cisi Azərbaycanın bir dövlət halında təşəkkülü, 3-cüsü bu dövlətin Xalq Cümhuriyyətindən ibarət olduğudur.

“Kəndi hakimiyyətini” elan edən Azərbaycan xalqı bu iradəsilə bir az əvvəl qeyd etmiş olduğumuz 3 əsası zatən elan etmiş oluyordu. Çünki xalqın hakimiyyəti milliyyəsi ancaq bir dövlət halında təzahür edə bilir və xalqın hakimiyyətini təmsil edən bu dövlətin şəkli idarəsi, bu halda, mütləqa cümhuriyyət olmalıdır. Bütün bu hadisələr dəxi, dövlət və cümhuriyyətin təşəkkül və təəssüsü, hər bir qeydi-şərtdən uzaq tam bir hürriyyət və istiqlal şəraiti içərisində cərəyan etdigi zamanlardır ki, doğru və təbii ədd edilir.

Bir millət ya yetişmişdir, kəndi haqqına müdrikdir, müştərək milli bir şüura malikdir və yaxud əksinə olaraq daha ölgün ictimai bir vəziyyət halına gəlməmişdir.

Xalq hakimiyyətinin yalnız cümhuriyyət şəklində ifadə oluna bilməsi, dövlətinin mütləqa cümhuriyyət, həm də sərahətən xalq cümhuriyyəti olacağını qeyd etməsi o cəmiyyətin ictimai, siyasi və mədəni rüştünü isbat edər.

* * *

 

Bir heyəti ictimaiyyə, bir cəmaət, bir millət müstəqil olmadıqca bir dövlət qura bilirmi?

28 Mayıs 1918 Azərbaycan İstiqlal Bəyannaməsini “Azərbaycan misaqi millisi” sərlövhəsi altında təhlil etdigimiz zaman biz 28 Mayıs 1918 sənəsini Azərbaycan tarixində bir dönüm nöqtəsi deyə qeyd etmişdik. Bizcə, 28 Mayıs “Azərbaycan istiqlal məfkurəsi”nin təəssüs və təşəkkülü ilə bu məfkurənin təhəqqüqü üçün başlanan mücadilə dövrlərini bir-birindən ayıran mühüm bir keçiddir. Bundan ötəyə istiqlal fikrilə nəticələnən çox dərin və şümullu ictimai, harsı, iqtisadi bir inkişaf həyatı, xəttin bərisində isə müstəqil bir dövlət həyatı ilə bitəcək qanlı, dərin və inadlı bir istiqlal mücadiləsi vardır.

İstiqlal məfkurəsi 28 Mayısa təqəddüm edən harsı həyatın məntiqi bir məhsulu, milli qiymətlərin inkişafından doğan bir yekun olmaq etibarilə milli istiqlal elanına qədər davam edən milli inkişafın xarakteri, hətta bu gün davam etməkdə olan milli mücadilənin şəkil və mahiyyəti belə müstəqbəl Azərbaycan dövlətinin xarakterini şimdidən təyin etməgə kafidir.

Azərbaycanın gərək harsı-fikri həyatı, gərəksə ictimai-iqtisadi və siyasi həyatı, aşağıdan yuxarıya doğru inkişaf edən kütləvi, məşəri bir övsafi haizdir. Aşağılar degil, yuxarılar daima aşağının kontrol və nüfuzu altındadır. Cəmiyyətin yüksək təbəqələrinə qədər hakim bulunan müştərək, birləşdirici milli qiymətlər xalqın yaratmış, bənimsəmiş və yaşatmış olduğu harsı qiymətlərdir. Bu etibarla Azərbaycan cəmiyyəti, inkişafları yuxarıdan aşağıya doğru inkişaf edən millət və cəmiyyətlərdən bariz surətdə ayrılmaqdadır.

* * *

 

Azərbaycan xalqında təəssüs edən və təhəqqüqü uğrunda bütün milləti ölümə sövq edən “Dövlət fikri”nin mənbəini hər şeydən əvvəl harsı inkişaf nəticəsində “milliyyət” halından “millət” halına gəlməsində aramaq lazımdır. Bu ictimai inkişaf və təkamül, iqtisadi, ictimai, fikri bir taqım yeni Avropayi münasibatın Azərbaycana keçməsi və orada bilxassə XIX əsrin ortalarından etibarən yerləşib bənimsənmiş olmasilə əlaqədar olmaqla bərabər “dövlət fikri” Azərbaycan üçün əsasən yeni və yabançı bir fikir degildi. Çünki Azərbaycan türkü əsrlər uzunu eyni ərazi üzərində müstəqil, müəzzəm və qüdrətli dövlət və hakimiyyət həyatı qurmuş və görmüş bir millətdir.

Böyük İsgəndərin vəfatından sonra yenidən ehya olunan Azərbaycan - Atropateniya dövlətilə şimdiki Qafqasiya Azərbaycanı ərazisi daxilində olub da tarixi X əsr miladdan əvvəlinə qədər gedən Ağovanya ta ərəblər dövrünə, yəni IX əsrə qədər müstəqil dövlət həyatilə yaşadılar.

Miladdan 65 sənə əvvəl Ermənistanı istila edən və İberiya (Gürcüstan) təriqilə Pantas üzərinə getmək üçün qışı Azərbaycanın Muğanında keçirən Pompeyə qarşı Ağovanlılar 40.000-lik bir ordu ilə hərb açmışlardı. Pompeydən daha əvvəl Romanın digər komandanlarından Sulla və Zukulla qarşı hərb etmiş olan Ağvonya Muğan hərbindən Pompey üzərinə 72 minlik bir qüvvətlə yürümüşdü.

İranın istilasına qarşı müdafiələrində daima Gürcüstan, Bizans, Atilla və bilaxirə Xəzər türklərilə ittifaqlar əqd edən Ağovanyanın romalılardan qalma Ankara kitabələrində Roma ilə dəxi İrana qarşı əqdi ittifaq etdigi sabitdir.

Böyük Medi (Midya) dövlətinin vaxtilə şimal-qərb əyalətini təşkil edən və tarixdə “Küçük Midya” yad olunan Azərbaycanın hetitlərlə münasibəti və şumer-akkat mədəniyyəti zümrəsinə daxil bulunduğu məlumdur.

Ərəblərdən sonra böyük Səlcuq dövlətinin muxtar bir hissəsini təşkil edən Azərbaycan şimaldan Xəzər, cənubdan Səlcuq türklərilə məskun olmaya və bunlar vasitəsilə “Qun dövləti” və “Gök Türk imperatorluğu”nun dövlət fikir, təşkilat və əsaslarilə daha ziyadə təmas etməgə başlamışdı.

Səlcuq imperatorluğunun süqutundan sonra Azərbaycanda səltənət quran Atabəy Eldəgöz bu yeni Türk-İslam dövlətini Səlcuqların Altaylardan gətirdikləri və İslam mədəniyyəti süzgəcindən keçirdikləri prinsiplər üzərinə qurmuşdu.

Bir əsrə yaxın yaşayan Atabəylər Azərbaycanı 13-cü əsrin başlarında yeni oğuz-türkmən türk sellərilə doluyordu. Bunlar Böyük Çingizin qarşısından qaçaraq Azərbaycana doluyorlardı. Bunlar müstəqil dövlət həyatı görmüş və hakim olmuş türklərdi. Onları mütəaqib Azərbaycana girən və burada XV əsrə qədər Elxanilər səltənəti quran moğollar Azərbaycana uyğurların demokratik “Eltəbirlik” dövlət səltənətilə moğol aristokratik qurultay dövlət üsulunu gətirmiş və əsrlər uzunu yaşatmışlardı.

Qaraqoyunlu və Ağqoyunlu səltənətləri zamanı Azərbaycan dövlətinin hüdudu cənubdan İraqa, Farsistana, qərbdən Sivas və Qara dənizə dayandığı kibi, şimaldan da Qafqasiya dağlarını aşıyordu.

Bir azərbaycanlı və türk olan Səfəvilər və Qacarlar belə Azərbaycandan çıxmış, Azərbaycanda dövlət qurmuş və Azərbaycana istinadən İrana hakim olmuşdur.

Bu surətlə demək olur ki, Azərbaycan dövlət fikri türklərlə bərabər bu topraqlara gəlmiş, onlarla bərabər yaşamış, bərabər təkamül və inkişaf edərək əsri bir şəkil almışdır.

Azəri türkünün xarakteristik xüsusiyyəti nədir?

Bu, həm türk üçün müştərək bir səciyyə olan hürriyyətə məftunluq, hakimiyyət, istiqlal qürurundan ibarətdir. Türk heç bir zaman məhkum və əsir olmamışdır. Onun üçündür ki, məhkum bulunduğu son əsrlər zərfində daima məğrur, mütəkəbbir olmuş, hürr və sərbəst olmağa can atmışdır. Bu onun daima müstəqil, hakim yaşamış olduğunun nişanəsidir.

* * *

 

Təbii, dövlət fikri müxtəlif təkamül və inkişaf yollarından keçmişdir. Müxtəlif ictimai səviyyə və təşkilatın müxtəlif şəkildə dövlət qurduğu və müxtəlif şəkildə anladığı varitdir. Fəqət bu, hər yerdə böylə degilmidir?

Siserenonun anladığı və anlatdığı dövlətlə bugünün dövlət tərifi bir degildir. Birincidə ərazi, əhali, hökumət kibi 3 əsas ünsürdən birincidini görmədigimiz halda sonuncular bu 3 ünsürdən biri olmadığı təqdirdə dövlət təsəvvür edəmiyorlar. Hətta müasir dövlət tərifində əhalinin bir millət olması, yəni ən təbii dövlətin “milli dövlət” olması fikri hakim olmağa başlamış olduğu halda bu fikri şimdi belə Avropada inkar edənlər mövcuddur.

Bu da pək təbiidir.

Millətlər müxtəlif ictimai və iqtisadi mərhələ keçirmişlərdir. Şübhə yoxdur ki, köçəbə dövrünün dövlət tələqqisilə ziraət dövrünün dövlət tələqqiləri arasında və bu sonuncu ilə milliyyət əsri olan şimdiki dövlət tələqqiləri arasında fərq böyük olacaqdır.

Bütün bu dövrlərin içərisindən çıxaracağımız müştərək birləşdirici qayda mövcud olan dövlət fikri və dövlət təşkilatıdır.

Azərbaycanda bu fikrin tarixi Gültəkinin qurmuş olduğu “Gök Türk Dövləti” ilə Metenin təsis etdigi “Böyük Qun imperatorluğu”na durmaqda, o müqəddəs mənbədən ruh və ilham alaraq Azərbaycanda müxtəlif səfaət keçirməkdədir.

Azərbaycandakı dövlət fikrinin Avropadan daha qədim bir qaynağa mailk olması, Azərbaycanda dövlət təşkilatının çox uzaqlarda başlamış olması gələcək aləm nəsli qarşısında bu fikrin təkamül səhifələrini tədqiq və təsbit etmək kibi bir problem qoymaqdadır.

Şimdidən şunu deyə biləriz ki, bu milli Azərbaycan dövləti fikri cəmiyyətin bunyəsində, ictimai, iqtisadi və fikri həyatında vücuda gələn təsəvvürlərlə bərabər inkişaf və təkamül edərək 28 Mayıs Bəyannaməsində son əsri şəklini bulmuşdur.

Müstəqbəl - gələcək

Təqəddüm - irəli keçmə

Məşər - hiss etmə, duyma

Övsaf - sifət, keyfiyyət

 

Mirzə Bala (Məmmədzadə), “Odlu Yurd”, 28 Mayıs 1931, ¹ 3 (28)