Olaylar. - 2017.- 14 noyabr. - ¹ 449. - S. 8.

 

Azərbaycanın İslam həmrəyliyi nümunəsi

 

Süleyman İsmayılbəyli

 

Məlumdur ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. Ölkəmiz İslam dininin yayılmasında və müsəlman intibahının bərqərar olunmasında mühüm rol oynayıb.  Tarixən Azərbaycanın coğrafi mövqeyindən irəli gələrək, onun ərazisində şərq-qərb və cənub-şimal istiqamətlərindən ticarət yolları keçib. Həm bu ticarət yolları ilə baş tutan səfərlər, həm də qonşu ölkələrdən yönəlmiş hərbi yürüşlər, burada etnik mozaikanın formalaşmasına da öz təsirini göstərib. Beləliklə, ticarət yolları üzərində yaradılan karvansaraylar, sonralar tədricən yaşayış məntəqələrinə çevrilib.

Ümumiyyətlə, Azərbaycan qərbin və şərqin, daha dəqiq desək sivilizasiyaların  qovuşduğu məkandır. Həm coğrafi mövqeyi, həm də müxtəlif dinlərin, baxışların qarşılıqlı anlaşma şəraitində yaşaması amili Azərbaycanı İpək yolu kimi ticarət yollarının keçdiyi əlverişli məkana çevirib. Bu isə Azərbaycanda iqtisadi, texnoloji inkişafın yaxşılaşması ilə yanaşı xalqımızın bu ticarət yollarından istifadə edən müxtəlif mədəniyyətlərlə əlaqələr qurmasına xidmət edib, dünyanı, dünyada baş verən proseslər, dünya xalqlarının adət-ənənələri, inancları ilə daha yaxından tanış olmasında mühüm rol oynayıb. Burada  Azərbaycan tarixinin təxminən son 1300 ilinin İslam dini ilə bağlı olmasını da nəzərə almalıyıq.  Yəni toleratlıq və dini plüralizmin xalqımızın milli xüsusiyyəti kimi ortaya çıxmasında əsas amillərdən biri də bizim İslam dininə inancımız olub. Tarixdən də məlumdur ki, İslam dini yayıldığı ərazilərdə digər dinlərin varlığına şərait yaradıb, etiqad azadlığı təmin olunub, dini məbədlər qoruma altna alınıb. Bütün bunların vəhdəti birgəyaşayış normaları, dözümlülük, həmçinin dini plüralizm ənənələri bir miras kimi bu gün müasir Azərbaycan cəmiyyətinə töhfə verib.

Bütün bunların göstəricisidir ki, zamanın sınağından uğurla çıxmış və digər ölkələrlə müqayisədə öz mükəmməlliyini göstərən dövlətimizin din siyasəti ölkədə dini etimad mühitinin yaradılması, məzhəblərarası sağlam əməkdaşlığın formalaşmasına xidmət edir. Qeyd edilən amillərin məntiqi nəticəsidir ki, Azərbaycan artıq İslam dünyasının sabit ölkəsinə çevrilib. Bu gün təriqətlərarası sülh və etimad mühiti ölkəmizdə etibarlı şəkildə qorunur. Yaxın və Orta Şərqdə din və məzhəb ayrı-seçkiliyi zəminində başladılan, bu gün də davam edən müharibələr ucbatından onminlərlə günahsız insan qətlə yetirilib, yüzminlərlə insan öz yurd-yuvasından didərgin düşərək qaçqın həyatı yaşamaq məcburiyyətində qalıb.  Bu gün Yaxın Şərqdə, müsəlman ölkələrində dini radikalizm və ekstremizm, silahlı münaqişələr baş alıb getsə də, Azərbaycan öz tolerantlığı, dini plüralizmi, İslam həmrəyliyini yüksək səviyyədə qoruması hesabına bu kimi mənfi tendensiyalardan, məzhəb qarşıdurmalarından çox-çox uzaqdır. Təbii ki, belə bir sağlam mühitin mövcud olması, formalaşmasında dövlətin, onun həyata keçirdiyi siyasətin də mühüm əhəmiyyəti var.

Azərbaycanda bu istiqamətdə uğurlu dövlət siyasəti ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilməyə başlanıb. Ümummilli liderin ölkənin inanclı insanlarına göstərdiyi həssas münasibət, onlara öz dini inanclarını normal şərtlər altında icra etmək üçün yaradılan şərait, eləcə də bir sıra dini mədəni abidələrin məhz Heydər Əliyevin diqqət və qayğısı nəticəsində təmir edilməsi dövlətin din siyasətinin bariz nümunəsi idi. Xüsusi qeyd edilməli məqam ondan ibarət idi ki, dövlət qayğısı, diqqəti yalnız İslam dininə xas olan tarixi abidələrə, ibadət məkanlarına deyildi. Eyni zamanda Azərbaycanda mövcud olan qeyri-İslam tarixi-mədəni abidələri, kilsələr də dövlət qayğısı nəticəsində təmir olunurdu. Təsadüfi deyil ki, ümummilli lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkədə yaşayan, fəaliyyət göstərən digər dinlərin nümayəndələrinə də həssaslıqla, diqqət və qayğı ilə yanaşırdı. Sovet dövründən baxımsız vəziyyətdə qalan məscidlər, digər ibadət məkanları ilə yanaşı kilsələr də təmir edilir, ölkəmizdə bizimlə bərabər şəkildə yaşayan, lakin fərqli dinlərə sitayiş edənlərin ixtiyarına verilirdi. Ümummilli liderin Azərbaycanda yaşayan digər dinlərin nümayəndələrini onların dini bayramlarında təbrik etməsi də artıq ənənən halını almışdı. Bu da istər-istəməz Azərbaycanda dini plüralizmin mövcud olduğundan, onun ən yüksək səviyyədə təmin edildiyindən xəbər verirdi. Bunun ən bariz nümunəsini isə mərhum Roma Papası II İohan Pavelin Azərbaycana səfər etməsində göstərmək olar. Bu birmənalıdır ki, Roma Papası bir qayda olaraq dini cəhətdən tolerant olan, dini plüralizmi özünün həyat tərzinə çevirən, eyni zamanda dini baxımdan dünyaya həmrəylik nümayiş etdirən ölkələrə səfər edir. Bu mənada Roma Papası II İohan Pavelin Azərbaycana səfər etməsi və ümummilli lider Heydər Əliyevlə görüşməsi dünyaya Azərbaycanın nə dərəcədə tolerant bir ölkə, dini plüralizmə nə qədər önəm verən dövlət, bu ənənələri özündə yaşadan, İslam Hərməyliyində müstəsna xidmətləri olan respublika olduğunu aydın şəkildə ortaya qoyurdu. Həmçinin dünyaya Azərbaycanın bu durumunu, dini mövqeyini, yaşam tərzini, nümunəsini açıq şəkildə göstərirdi.

Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin başlamış olduğu siyasət hazırda Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Günümüzdə Azərbaycan öz tolerantlığı, dini plüralizmi qoruyub saxlaması ilə İslam həmrəyliyinə də öz layiqli tövhəsini verir.

Məlumdur ki, müasir dünyamızda İslam həmrəyliyinin vacibliyi ilk öncə İslam daxilindəki həmahəngliyin bərqərar edilməsində özünü göstərir. Bu müxtəlif məzhəblər arasında dini anlaşılmazlıqların aradan qaldırılması, bütün İslam ölkələri arasında qarşılıqlı hörmət və etibara əsaslanan münasibətlərin qorunmasıdır. Bu baxımdan Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, islami dəyərlərin dünyada təbliğinə böyük töhfələr verib. Ümumiyyətlə, etiqad azadlığının təmin olunduğu Azərbaycan cəmiyyətində ayrı-ayrı dinlər və inanclar arasında qarşılıqlı etimad və hörmət mövcuddur. Ölkə rəhbərliyi də etiqad azadlığının təmin olunması üçün hər şeyi edir. İftar mərasimləri, məscidlərimizdə aşura mərasimləri kimi dini tədbirlər inanclılar tərəfindən heç bir maneçilik olmadan həyata keçirilir, cümə namazları qılınır, Ramazan ayında əhya gecələri təşkil edilir. Xüsusilə, onu qeyd etmək lazımdır ki, Heydər Məscidində vəhdət namazının qılınması da artıq ənənə halını alıb və bu da öz-özlüyündə Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfədir. Bütün bunlarla yanaşı Azərbaycan son dövrlər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edərək onların yüksək səviyyədə keçirilməsini təmin edib. Buna örnək olaraq cari il ərzində ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsini, 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunmasını göstərə bilərik. Bir çoxları sayca dördüncü dəfə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarına adi idman yarışı kimi baxsa da, əslində bu oyunlar idman yarışları ilə yanaşı siyasi əhəmiyyət kəsb edən, İslam dünyasının birliyinə, həmrəyliyinə xidmət edən bir tədbir idi. Özü də belə bir tədbirə Azərbaycanın evsahibliyi etməsi xüsusi əhəmiyyət kəsb edirdi. Yəni, bununla Azərbaycan dünyaya tolerantlıq, multikulturalizm və İslam həmrəyliyini nümunə kimi təqdim edirdi. Bir növ ölkəmiz İslam həmrəyliyinin Azərbaycan modelini yaratdığını, bununla nəinki müsəlman şərqinə, ümumilikdə, bütün dünyaya həmrəylik mesajları verdiyini ortaya qoydu. İslam aləmində böyük nüfuza, siyasi xarizmaya sahib olan Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan etməsi respublikamızın sərhədlərini aşan, bütövlükdə müsəlman dünyasını birliyə, həmrəyliyə çağıran mesaj, həm də dövlətimizin, onun başçısının ümumbəşəri problemlərə yanaşma tərzinin ən bariz nümunəsi idi.

Bu gün hər kəsə məlumdur ki, Azərbaycanda  hər bir islam və digər dini icmalar, qanunvericilik çərçivəsində, sərbəst qeydiyyatdan keçmək və fəaliyyət göstərmək imkanına malikdir. Bunun əksinə olaraq isə, bəzi Qərbi Avropa ölkələrində, məsələn Fransa, Almaniya, Böyük Britaniya, Belçika və s. dövlətlərdə son onillikdə islamafobiya geniş yayılıb. Belə ideologiyanın dəstəklənməsi ekstremist qüvvələrin baş qaldırması və yayılmasına zəmin yaradıb. Bu cür meyllərin genişlənməsinin əsas səbəblərindən biri bu ölkələrdə dövlət tərəfindən müvafiq siyasətin yeridilməsidir. Yaxud son illər bir sıra Avropa ölkələrində, irqi, milli və dini zəmində baş vermiş dəhşətli cinayyətlər bu fikri bir daha təsdiqləyib. Misal olaraq, Norveçdə Breyvik adlı şəxs, əsasən müsəlman olan, 69 gənc oğlan və qızları vəhşicəsinə qətlə yetirib. Yaxud Almaniyada ekstremist qrupları tərəfindən yerli tüklərə qarşı mütəmadi terror aktları törədilir.  Eləcə də qonşu ölkələrlə, Ermənsitan, Gürcüstan, İran və digərləri ilə müqayisədə Azərbaycanda dini dözümlülük daha yüksək səviyyədədir. Məsələn, Ermənistanda İslam dininə aid məscidlərin yalnız adı vardır. Biz buna nümunə kimi İrəvanda olan Məscidi göstərə bilərik. Ermənistan dövləti İrəvandakı məscidə yalnız öz siyası maraqlarını həyata keçirmək üçün toxunmur. Bununla da onlar Ermənistanda "dini dözümlülüyün" olmasını ortaya qoymaq istəyirlər. Halbuki Ermənistanda müsəlman tapmaq belə çox çətindir. Burada müstəsna hallarda İrandan gələn 3-5 nəfər "müsəlman" olur. Bu cür "müsəlmanlar"ın isə İslam dininə bağlılığından söhbət belə gedə bilməz. Elə İran və Gürcüstanda da dini dözümlülük Azərbaycanla müqayisədə istənilən səviyyədə deyildir.

 

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Mətbuat Şurası və Bakı şəhər Məşədi Dadaş Dini İcmasının "İslam həmrəyliyi və media" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur