Paralel. - 2017.- 7 noyabr. - ¹ 198. - S. 10.

 

İslam həmrəyliyi tolerantlığa dəstəkdir

 

Azərbaycan dövlətinin məqsədi dünyanın terrorizm bəlasından xilas olunmasına töhfə verməkdir

 

Müasir dünyada tolerantlığı və multukulturalizmi təhdid altında saxlayan ən qorxunc tendensiya terrorizmdir. Ona görə də terrora qarşı mübarizə aparan istənilən qüvvə elə tolernatlıq və multikulturalizmin müdafiəçisi hesab olunur.

Əgər dərindən diqqət etsək görərik ki, dünyada terrorizmə qarşı ən çox mübarizə aparan da, terrorizmdən ən çox zərər çəkən də, elə islam dünyasıdır. Ancaq nədənsə Qərb, ələlxüsus da Avropa terrorizmi bilavasitə İslamla bağlamağa, islamı bir terror dini kimi təqdim etməyə cəhd edir. Buna görə də, bu gün terrorizmlə mübarizədə daha çox müsəlmanlar, islam dünyası maraqlıdır. Amma bu istəyin gerçəkləşməsi üçün müəyyən şərtlərin həyata keçirilməsi lazımdır ki, onun da başlanğıcı İslam həmrəyliyidir.

Buna görə də dünyada İslam həmrəyliyinin genişlədirilməsində xüsusi rolu olan Azərbaycan dövləti özünün xarici siyasətində bunu prioritiq məsələ kimi hər zaman diqqətdə saxlayır. Bütün islam dövlətləri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamız təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir, onu dəstəkləyir.

Çünki bu gün İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Buna görə də  Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin ölkəmizdə "İslam həmrəyliyi ili" elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olaraq qəbul olunur və eyni zamanda ölkəmizin İslam birliyinə həssas münasibətinin göstəricisidir. Ona görə də, bu təşəbbüsün dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcəyinə heç kim şübhə etmir. Ən əsası, İslam dünyasında sülhün, əmin-amanlığın təmin olunmasında və möhkəmlənməsində mühüm rol oynayacaq.

Bildiyiniz kimi, terror hərəkatları bir ideologiyaya əsaslanır, qorxu və şiddət yolu ilə insanları öz ideoloji fəlsəfələrinə tabe etmək. Onların ideya əsasları,  dini əsaslı xurafatçı düşüncələri fərqli olsa da, hamısının ideoloji əsası eynidir. Tətbiq etdikləri terror hərəkatlarının hamısı bir ideologiyaya əsaslanır.

Bu təşkilatlara rəhbərlik edənlər üçün əsas olan təşkilat üzvlərinin silahlı hərəkatlarını doğru hesab etmələrini təmin edən ideoloji maarifləndirmədir. Bu, əsla ləngidilmir və mərhələ-mərhələ fərqli məkanlarda fərqli metodlarla həyata keçirilir. Bu maarifləndirməni keçən gənclər, insanları öldükdə yox olub gedən heyvan növü kimi görməyə başlayır, sonra da asanlıqla insan öldürən zalım terrorçuya çevrilirlər.

Onu da qeyd etmək lazımdır ki, dünyanın bir çox dövlətlər terror təşkilatlarının bu fəaliyyətindən xəbərdardırlar. Onların bütün təhsil materialları, metodları təhlükəsizlik xidmətlərinə və polis qüvvələrinə məlumdur. Lakin çox təəssüflər olsun ki, bu təşkilatlara qarşı mübarizə aparılarkən, əsasən, bu maarifləndirmə sisteminin məhv edilməsi üçün ideoloji mübarizəyə deyil, silahlı hərbi müdaxiləyə daha çox üstünlük verilir. Halbuki, terror təşkilatlarının ideoloji zəmininə qarşı görülən tədbirlərlə döyüşçüləri silahlanmadan qarşısını almaq mümkündür. Bunun üçün ilk növbədə terror İdeologiyasına qarşı yeni bir ideologiya qoymaq lazımdır. Çünki terror təşkilatlarının ideoloji zəmininin top-tüfənglə məhv etmək mümkün olmadığı artıq faktdır. Buna görə də dünya  dövlətləri təcili olaraq terror ideologiyasına qarşı yeni ideologiya ilə mübarizə metodlarını tapmalıdırlar. Çünki İnsanları üsyana, münaqişəyə, fitnə-fəsada, sevgisizliyə, eqoistliyə və əxlaqsızlığa yönəldən bu ideologiyanın yalan olduğu izah edilmədən, sadəcə hərbi yolla insanlar arasında dostluq və qardaşlığın təsis edilməsi mümkün deyil.

İstər faşist, istərsə kommunist olsun, bu təşkilatların üzvləri həyatı mübarizə meydanı hesab edirlər. Birinə görə, münaqişənin səbəbi insanlar arasında sinfi fərqlərdir, digərinə görə irqi fərqlər. Həyatı mübarizədən ibarət görən təşkilat üzvləri üçün artıq ailənin, din əxlaqının, namus və şərəfin əhəmiyyəti qalmır. Bu insanlar hər cür azğın ideologiya və cərəyanın ardınca getməyə hazırdırlar, təki onları idarəetənlərin təbliğ etdiyi istəklər həyata keçsin.

Bunun qarşısını ancaq ideoloji mübarizə ala bilər, çünki silah olan yerdə hər zaman, qıcıq var, silah olan yerdə qisasçılıq var və terror təşkilatları da bundan istifadə etməyi bacarırlar. Ancaq terrora qarşı ideoloji mübarizə bu günə qədər sınaqdan keçirilməyib və tətbiq olunmayıb. Bunun üçün isə beyni illərlə materialist təhsillə yuyulan insana kommunizmin və faşizmin cahillik məhsulu olduğu, bunların heç bir əsası olmayan saxta inanclar olduğu izah edilməlidir. Bütün bunların məntiqsizliyi göstərilməlidir. Bu ideologiyaların saxta olduğu sübut edildikdən sonra ona Allah sevgisini izah etdikdə saxta ideologiyalara bağlılığı aradan qalxar, o normal həyata qayıda bilər. Başa düşər ki, etdiyinin bir mənası yoxdur, yalan ideologiyanın və təbliğatın məhsuludur. Bunları ona dərk etdirə bilsək, onun üçün terrorun bir mənası qalmaz. İslamın adından istifadə edərək şiddət tətbiq edən terror təşkilatlarına qarşı da eyni metodları tətbiq etmək olar. Ancaq bu təşkilatların təməli fərqli olduğu üçün ideoloji mübarizənin məzmunu da fərqli olmalıdır.

Bu ideoloji mübarizənin əsası təşkilat üzvlərinin düşüncələrindəki yanlışlığı güclü şəkildə ifadə etməkdir. Qurana görə, müsəlmanlar insanları İslam əxlaqına təzyiq və məcburiyyətlə deyil, gözəl sözlə dəvət etməlidirlər. İslam əxlaqında inanc azadlığı olduğunun izah edilməsi ilə bu şəxsləri doğru yola çağıra bilərik.

Eyni zamanda, bütün terrorameyilli müsəlmanlara hüquqlarını tələb etmək üçün şiddətin doğru metod olmadığı və bunun İslam əxlaqına tamamilə zidd olduğunu izah etməklə onları bu yoldan çəkindirmək olar. Terror hərəkatları ilə İslam əxlaqının müdafiə edilmədiyi, əksinə, İslam düşmənlərinin sayının artacağı üçün müsəlmanlara daha çox zərər verəcəyi izah edilməlidir.

Təhsil müəssisələrində terror təşkilatlarının ideoloji əsasına qarşı dərslər tədris edilməli, kitablar oxudulmalı, konfranslar və akademik iclaslar təşkil edilməlidir. Ancaq bu yolla, terrorizm yer üzündən tamamilə silinə bilər. Belə bir metod hə də terrorizm bataqlığının əmələ gəlməsinin qarşısını alar.

Bu gün ölkədə tolerantlığı və multikulturalizmi qorumaq və inkişaf etdirməkdə Azərbaycan dövlətinin də məqsədi, bu yolla dünyanı terrorizm bələsından xilas olunmasına yardım etməkdir. Bu məqsədlə ölkəmizdə bir çox tədbirlər keçirilir. Bunlardan ən diqqətçəkənləri tədris müəssisələrində keçirilən tədbirlərdir. Çünki bir çox terror təşkilatlarının hədəfinə məruz qalan, onların təbliğat maşınının qurbanı olanlar, məhz gənclərdir.

Bir çox dövlətlərdə fəaliyyət göstərən anti-terror ekspertlərinin də əksəriyyəti qeyd edir ki, müasir terrorizm o qədər sürətlə yayılır ki, terrora qarşı strategiyalar onunla ayaqlaşa bilmir. Bəziləri isə yeni terrorçuların daha təhlükəli düşmən olduğunu deyirlər. Buna aydınlıq gətirmək isəyən beynəlxalq terror üzrə ekspertdir David Kilçulin belə bir sual ortaya qoyur: "Görəsən, internet vasitəsilə terrora adam cəlb etmək olar, yoxsa yox?"

O qeyd edir ki , xarici döyüşçülərin artması indi normal haldır. Mərkəzi Kəşfiyyat Agentliyinin hesablamalarına görə, 20 minə qədər xarici könüllü cihadçılara qoşulub ki, onlardan 3 mini Avropadandır. Digər bir ekspert  Brayan Cenkins isə prosesin davam etdiyini deyir. "Fransanın baş naziri deyir ki, 2015-ci ilin sonunadək Avropadan Suriya və İraqda gedənlərin sayı 10 minə çatacaq. Evə dönüb cihad törətmək üçün onlar orada təcrübə və əlaqələr əldə edəcəklər".

Yaxın Şərq regionunda böhranın davam etdiyi bir vaxt, özlərini İslam Dövləti adlandıran qüvvələr əraziləri ələ keçirir və idarə edir. Lakin Brayan Cenkins deyir ki, onların idarəçiliyi uğursuz olacaq, çünki onlar talançılıqla iqtisadiyyatı dağıdırlar.

Bu gün bir çox müsəlman alimləri də qeyd edirlər ki, keçmişdə xəlifətlər zorakı cihadçılardan deyil, sənətkarlardan, alimlərdən, ixtiraçılardan ibarət olub.

Bu da onu deməyə əsas verir ki, terrorun islamla əlaqələndirilməsinin heç bir əsası yoxdur. Bəzən belə iddialar irəli sürürlər ki, terrorun və terrorçuluq faktorunun meydana çıxmasına cəmiyyətdə ədalətsizliyin mövcudluğuna inam və başqa bir sıra amillər əsas rol oynayır. Nə qədər ki, bu amillər var, terrorçuluq da olacaq. Düzdür, bütün sadalanan səbəbləri terrorla əlaqələndirmək də, əslində cahillik və çarəsizlikdir. Lakin bəzən ədalətsizliyi aradan qaldırmaq, bəzən zalımı cəzalandırmaq, bəzən də dünyaya hər hansı irqin, dinin və qrupun hakim olmasının qarşısını almaq vasitəsi kimi terrora həmişə əl atılacaq. Terrorçular da gah qəsdən, gah da bilməyərəkdən bu məqsədlər üçün alətə çevriləcəklər. Buna görə də, bütün dövlətlər çalışmalıdırlar ki, qloballaşan dünyamızda tolerantlıq və multikulturla dəyərlər o dərəcədə inkişaf etdirilsin, insanlar arasında, dinlər arasında elə bir mühit yaradılsın ki, orada terrora yer olmasın. Bunun üçün bu gün Azərbaycan Respublikasında mövcud olan tolerantlıq və mültikulturalizm bütün dünyaya nümunə və örnək ola bilir.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunub.

 

“Paralel”in Araşdırma Qrupu