Azərbaycan.-2017.-5 noyabr.-244.-S.6.

 

Azərbaycan Cümhuriyyəti hankı sistem üzərinə qurulmuşdu?

 

Şirməmməd Hüseynov,

professor

 

28 Mayıs 1918 sənəsindən 1920 sənəsi 27 nisanına qədər yaşayan Müstəqil Milli Azərbaycan Cümhuriyyəti, gərək şəkli-idarəsi və bu şəkli-idarənin mütəvəcceh olduğu istiqamət etibarı ilə, gərəksə xarici siyasəti nöqteyi-nəzərindən siyasi tariximizdə pək mühüm bir yer işğal edəcəkdir.

Bir dəfə bu böyük siyasi təcrübənin müstəqbəl təşkilatı-əsasiyyəmizin təəyyün etməsində mühüm rolu olacağı mühəqqəqdir. Sonra Azərbaycanda nədən böylə tam demokratik bir rejim təəssüs etmiş olduğunu araşdıracaq olan istiqbalın alim müdəqqiqlərinə 28 Mayısdan əvvəlinə doğru bir əzimət nöqtəsi olacaqdır.

Azərbaycanın 28 Mayıs 1918 İstiqlal Bəyannaməsində şəkli-idarənin Xalq Cümhuriyyəti olduğu müsərrəh olmaqla bərabər 6-cı maddədə deyilməkdə idi ki:

- Maddə 6 - Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul hökuməti-müvəqqətə durur.

İştə bu Məclisi-Müəssisan Azərbaycanın şəkli-idarə və təşkilati-əsasiyyəsini surəti qətiyyədə təyin və təsbit edəcəkdi. Fəqət Azərbaycanı Xalq Cümhuriyyəti şəklində müstəqil bir dövlət elan edən Şurayi-Milli və ona qarşı məsul bulunan hökuməti-müvəqqətə, istila və anarşi içərisində bulunan məmləkəti qurtarmaq, məmləkətin vəhdətini, daxilən əmniyyət və asayişini təmin eyləmək kibi pək mühüm vəzifələr qarşısında bulunmaqda idilər.

15 eylül 1918-ə qədər davam edən istiqlal hərbi aylarında və ondan sonra eyni sənənin 16 ikinci təşririnə qədər tətil edən Şurayi-Milli 17 həziran 1918-də icra səlahiyyətini kabinəyə tərk edərkən Bakının xilasilə bərabər 6 aydan gec olmamaq şərtilə Məclisi-Müəssisan dəvətini də hökumətə əmr etmişdi.

Bilaxirə, 16 ikinci təşrindən etibarən iş başına gələn Şurayi-Milli Məclisi-Müəssisan dəvətilə bizzat məşğul olmağa başlamışdı.

Fəqət 1920 sənəsi nisanında qızıl rus istilasına qədər bu Müəssislər Məclisinin dəvəti, bəklənilməyən mühüm səbəblər və Azərbaycan istiqlal və hürriyyətilə əlaqədar vüquat və hadisat dolayısı ilə mümkün olmadı.

Bu dövrdə həyat kəndi məcrasına girmiş, istiqrar peyda etmiş, daxili asayiş və əmniyyət təmin edilmiş və xarici beynəlmiləl münasibat başlamışdı. Və bütün bu işləri idarə və tənzim edən Şurayi-Milli və ona qarşı məsul hökumət də müstəqir bir rejim və sistem mahiyyətini iqtisab edərək yaşamaqda davam etdi.

 

* * *

 

İstiqlal Bəyannaməsinin 1-ci maddəsində Bu gündən etibarən Azərbaycan xalqının hakimiyyət haqqına malik olduğu zikr edilməkdədir.

Fəqət haqları hakimiyyətlərinə malik olan müxtəlif millətlərdə hakimiyyətin tərzi icrası müxtəlif surətdə olmuş və bunun nəticəsi olaraq müxtəlif şəkildə dövlətlər vücuda gəlmişdir.

Xalqın doğrudan-doğruya və bizzat hakimiyyətini icra etməsinə müqabil bu hakimiyyətin vəkillər vasitəsilə, niyabi və nim niyabi hökumət şəklində icrası daha ümumidir.

Azərbaycan Cümhuriyyətinin arayi-ümumiyyə ilə intixab edilmiş bir şura tərəfindən idarə edilməsi hökumətin niyabi bir şəkil ərz etdigini göstərməkdədir.

Fəqət təşri, icra və qəzayi qüvvətlərin tənzim və münasibəti nöqteyi-nəzərindən Azərbaycan xüsusi bir şəkil icra etməkdə idi.

Biliyoruz ki, niyabi hökumətlərdə, təfriqi qüva, təvazünü qüva və tövhidi-qüva kibi 3 tərzi-idarə, 3 baxış, 3 nəzəriyyə və 3 sistem vardır.

Amerika kibi prezidensiyel bir sistemdə qüvveyi-icraiyyə ilə, qüvveyi-təşriyyə tam bir təfriqə tutulmuş olduğu halda, İsveçrə kibi direktorial (məclisi) hökumət sistemində tam tövhidi-qüva yaradılaraq təşrii və icra səlahiyyətləri məclisdə toplanmışdır. Birincidə qüvveyi-icraiyyə məclis qarşısında məsul degil, hətta məclisə daxil bulunmaz ikən, 2-cidə, icra qüvvəti hakimiyyətin sahibi olan məclisin bir məmurudur.

Bunların arasında isə təvazünü qüva əsasına müstənid parlamentar hökumət sistemi vardır ki, hakimiyyəti icra edən siyasi üzvlər arasında bir ahəng vücuda gətirir. Amerika, İsveçrə və Rusiya xaric olmaq üzrə həmən hər yerdə hakim olan bu sistemdə təşrii səlahiyyət parlamanda, icra səlahyyəti isə rəisi dövlət olan şəxsdədir. Bu şəkli hökumətdə dövlət rəisinin parlamandan təşkil etdigi kabinə əzası məclisə daxil olub qanun təklif eyləmək hüququna haiz bulunurlar. Bunun müqabilində parlaman dəxi hökuməti müraqibə və isqat haqqına malikdir...

 

* * *

Azərbaycanın iki sənəlik həyatındakı dövləti təcrübələri, onun icra və təşri qüvvətlərin kəffəsini məclisdə toplanmış olması həsəbilə İsveçrə tipində bir məclis hökuməti olduğunu göstərməkdədir.

İstiqlal mücadiləsi zamanı təşri və icra səlahiyyətlərini Böyük Millət Məclisində toplanmış olan Türkiyə dəxi, bugünkü parlamentarizmə mütəvəcceh Məclis hökumətindən fərqli olaraq tam bir direktorial sistemlə idarə olunuyordu.

Fəqət Azərbaycan digər Məclis hökumətlərindən fərqli çox mühüm bir xüsusiyyət ərz etməkdə idi. Bir dəfə bu sistemdə bütün təşri və icra səlahiyyətlərinin Şurayi-Millidə olması ilə bərabər, Şurayi-Milli icra səlahiyyətini məmurları vasitəsilə degil, parlaman qarşısında məsul bir kabinə vasitəsilə tətbiq edirdi.

Saniyən: bu kabinə Şurayi-Milli qarşısında məsul olmaqla bərabər, parlaman xaricindən dəxi içərisinə nazir ala bilirdi. Və kabinənin təşkili, tam parlamentar hökumətlərdə olduğu kibi, parlaman əzalarından, əksəriyyət firqəsinə və ya parlamanda əksəriyyət təşkil edən firqələrin koalisyonuna istinad edən bir zatə mühəvvəl edilmək surətilə vüqu bulurdu. Fəqət kabinənin təşkili üçün baş vəkili təyin edən məqam, tam parlamentar hökumətlərdə olduğu kibi dövlət rəisi və ya rəisi-cümhur degil, bizzat parlaman kəndisi idi. Azərbaycan parlamanı (Şurayi-Milli) bu icra səlahiyyətini hər ayrı hallarda parlaman rəisi vasitəsilə tətbiq etməkdə idi.

Azərbaycan parlamanı müxtəlif firqələrə səhnə idi. Sağda İttihadi-islam və Əhrar firqəsi oturuyordu. Solda müstəqil, ixtilalçı və demokrat olmaq üzrə 3 qrup sosialistlər vardı. Ortada Milliyyətçi radikal-demokrat Müsavat firqəsi ilə münəvvər sərbəst məslək ərbabı kibi zəvatdan mürəkkəb Bitərəf demokrat qrup oturmaqda idi. Bunlardan əlavə əqəliyyət millətlərin müməssilləri vardı. Əksəriyyət mərkəzdə idi.

17 həziran 1918 irtica hərəkatı kabinəyi sağa doğru əymişdi. Halbuki, elani istiqlal üzərinə təşəkkül edən ilk kabinə isə mərkəzdən təşəkkül etmişdi.

1919 və 1920 sənələri ibtidalarına qədər kabinə sollarında iştirakı ilə mərkəzdən vücuda gəlmişdir. Və hər daim baş vəkil mərkəz fraksiyonuna mənsub olmuşdu.

 

* * *

 

Görüyoruz ki, Azərbaycan Məclis hökuməti şəkli ilə tam parlamentar hökumət sistemini məzc etmişdir. Burada parlamentarizmə mütəvəcceh bir məclis hökuməti görülməkdə idi.

Təşri və icrai səlahiyyətləri kəndisində toplamaqla bu sistem məclis hökuməti idi. Fəqət digər tərəfdən məsul kabinə, kabinə əzasının parlaman xaricindən belə alınması, nazirlərin qanun təklif etmək haqları, sorğular, tənqidlər, nazirlərin müdafiəsi, kabinənin düşməsi, yeni kabinə təşkili üçün parlaman rəisinin firqə liderləri ilə müzakirələri, yeni kabinə təşəkkülü, hökumətin proğramı, sağ cinahın daimi ədəmi etimadı, mərkəz fraksionların hərarətli alqışları, parlaman xaricində müxtəlif firqə və zümrələrin qəzetələri arasında münaqişələr, polemiklər və s. və s.

Bütün bunlar rəisi-cümhursuz tam parlamentar bir hökumət sisteminin varlığını hiss etdiriyordu.

Azərbaycan xarici diplomatik səlahiyyətlərin icrasında da orta bir sistem yaratmışdı. Bu səlahiyyət nə məclis hökumətlərində olduğu kibi tamamilə Şurayi-Millidə, nə də prezidensiya hökumətlərdə olduğu kibi tamamilə icra qüvvətində, nə də parlamentar sistemdə olduğu kibi Məclisi təmsilən dövlət rəisində idi.

Burada səfirləri qəbul etmək hökumətə, xaricə müməssil göndərmək isə bəzi əhvalda məclisə aid idi.

Paris Sülh Konfransına heyəti-mürəxxəsə bu surətlə göndərilmişdi.

Bu nədən nəşət ediyordu əcəba? Hər şeydən əvvəl bunun səbəbi istiqlal və milli hakimiyyəti hər türlü şəxsi ehtiraslardan qorunmaq, milli iradənin məhsulu olan istiqlal və cümhuriyyəti xalqın daha sıxı müraqibəsi altında bulundurmaq əndişəsindən doğduğuna şübhə yoxdur. Hər yerdə bu böylə olmuşdur. Türkiyə təcrübəsi bu inqilab zamanlarına məxsus şəklin aydın bir misalıdır. Şübhə yoxdur bu rejim qüvvətlərin təvazünü üzərinə qurulu tam bir parlamentarizmlə təkmil olunacaqdı. Bunu cümhuriyyət idarəsinin seyri təkamülü göstərməkdə idi. Azərbaycan Məclisi-Müəssisanı təşkilati əsasiyyəyi tənzim etdigi zaman bu dövrün təcrübəsindən çox böyük qüvvət alacaqdı. Və Azərbaycan ideal və modern tam demokratik bir cümhuriyyət olacaqdı.

Gələcək müstəqil milli dövlət həyatı üçün bu dövrün daha bir çox cəhətdən tədqiq, tənvir və tənqidi lazımdır. O cümlədən olaraq hakimiyyəti-milliyyəmizi təmsil edən parlamanın daxili tənzimat və fəaliyyəti, hökumətin, ammə hizmətlərinə görə tərzi-təqsimi, qəzayi-qüvvətin surəti-təşəkkülü tədqiq üçün birər mövzu təşkil etməkdədir. Bu kibi fəaliyyət istiqlal mücadiləmizin nəticəsində təəssüs edəcəgi mühəqqəq olan Milli dövlətin quruluşu üçün faydasız olmuyacaqdır.

 

Mirzə Bala (Məmmədzadə)

Odlu-Yurd, həziran (iyun) 1931, 4(29)

Mütəvəcceh - üz tutan, yönələn

Təəyyün - meydana çıxması

Müstəqbəl - gələcək, irəlidə olan

Müsərrəh - açıq, aydın

Niyabət - vəkillik, naiblik, əvəzləmə

Təfriq - fərqləndirmə, ayırma

Qüva - qüvvələr

Təvazün - tarazlıq

Tövhid - birləşdirmə

Təşri - izah etmə, şərh etmə

Müraqibə - nəzər salma, baxma

İsqat - düşürmə, hüquqdan məhrum

Qafilə - dəstə

Məzc - qarışdırma

Kəffə - ovuc, əlin içi

Ammə - camaat, kütlə, xalq