Xalq qəzeti.-2017.-5 noyabr.-244.-S.4.

 

İslam həmrəyliyi və media

 

Məsaim Abdullayev

 

Səmavi dinlərin hansı şəraitdə yaranmaları və geniş ərazilərə necə yayılmaları çoxlarına bəllidir. Hər bir din özü ilə yeni əxlaq və baxışlar sistemi gətirib. Ən son səmavi din olan İslamın bəşəriyyət  tarixində mütərəqqi rolunu heç kim  inkar edə bilməz. Bu  da bir həqiqətdir ki, İslam dini bəşəriyyətə özündən əvvəlkilərdən daha mütərəqqi sivilizasiya bəxş edib.

 

Bu gün də İslam sülh və barışdırıcı din olaraq öz tarixi missiyasını davam etdirir. Bununla bərabər, son illər İslam dini və bir sıra müsəlman ölkələri müasir dünyanın böyük gücləri, onların ideoloqları tərəfindən kəskin təzyiqlərə məruz qalır. Bu qüvvələrin niyyətləri bəllidir. Onlar İslamı hər vəchlə gözdən salmağa, müsəlman dövlətlərini öz iradələrinə tabe etməyə çalışırlar.

Təbii ki, İslam dünyası, media belə bir taleyüklü məqamda bu hücumların niyyətini göstərməyi, haqqın, ədalətin tərəfində durmağı bacarmalıdır. İnsaf naminə demək lazımdır ki, bu istiqamətdə cəhdlər var. Lakin çətinliklər də çoxdur. Etiraf edək  ki, bu gün qlobal  informasiya məkanında İslamın həqiqi mahiyyətini göstərmək, onun müdafiəsinə qalxmaq o qədər də asan deyil.

Reallıq budur ki, Qərb mediası bu məsələdə tərəfsiz olduğunu iddia etsə də, İslam mövzusuna əksər hallarda obyektiv yanaşmır. Bu gün dünyanın aparıcı informasiya mənbələri bəzi super dövlətlərin, iri korporasiyaların nəzarətindədir. Məhz həmin güclərin dirijorluğu ilə hazırda İslam dini, müsəlmanlar barədə qərəzli informasiya axını baş verir.

 

Din və mətbuat: tarixə qısa nəzər

 

Bəllidir ki, xristian dininin yaranmasından, daha doğrusu İsa (ə.) peyğəmbərin mövludundan iki min on yeddi il, Allahtəala tərəfindən Məhəmməd (s.) peyğəmbərə müqəddəs Quranın ilk ayələrinin nazil olmasından isə təqribən 1400 ilə yaxın vaxt ötür. Digər səmavi dinlərin isə tarixi daha qədimdir. Lakin  məqsədimiz dinin tarixinə varmaq deyil, sadəcə din-mətbuat münasibətlərinə nəzər yetirməkdir.

Dərhal qeyd etmək lazımdır ki, mətbuatın yaşı dinlə müqayisədə xeyli azdır. Belə ki, cəmi 408 il əvvəl, yəni 1609-cu ildə  hazırda Fransa ərazisində yerləşən, o dövrdə Almaniyaya məxsus olan Strasburq şəhərində dünyada ilk dəfə mətbəə üsulu ilə qəzet işıq üzü görüb. Xatırladaq ki, bundan sonra təqribən üç əsr mətbuatı əsasən qəzet və jurnallar təmsil ediblər. XIX əsr qəzetlərin qızıl dövrü kimi tarixə düşüb. Lakin  ötən əsrin əvvəllərindən əvvəl radio, bir neçə onilliklərdən sonra televiziyalar yaranaraq ictimai fikrə güclü təsir imkanları əldə edib. 

İlk mətbu nəşrlər dönəmindən bu günə qədər dünyada din ilə mətbuat, din xadimləri ilə jurnalistlər arasında müxtəlif tarixi şəraitlərdə fərqli münasibətlər formalaşıb. Qeyd edək ki, bu münasibətlər heç də rəvan olmayıb. Hər iki tərəfin bir-birinə qarşı giley və iradlar, hətta kəskin ittihamlar səsləndirdiyi vaxtlar çox olub.  Etiraf etmək lazımdır ki, daha çox mətbuat, xüsusilə sarı nəşrlər dinin bostanına daş atıb.

Etimadsızlıq mühiti, təbii ki, cəmiyyətə, onun inkişafına fayda verə bilməzdi. Sivil, demokratik cəmiyyətin idarə edilməsində dinin yerini müəyyən etmək, mətbuatın onunla normal münasibətlərini bərqərar etmək lazım idi. Dünyanın işıqlı zəkaları  hesab edirdilər ki, dinin dövlətdən ayrılması inkişaf və tərəqqi üçün vacibdir. Bu ideyanı reallaşdırmaq o qədər də asan olmayıb. Lakin daim tərəqqiyə meyilli olan həyat öz sözünü deyib. Sivil cəmiyyətin əsas sütunlarından olan bu qurumların, yəni din ilə mətbuatın bir-birinə qarşılıqlı hörmət və etimad bəsləmələrinin vacibliyi qəbul olunub. 

Düşünmək olardı ki, din və media bundan sonra bir-birilə dil tapıb ən azı bir-birlərinə mane olmayacaq. Qərbdə, əslində, media xristian dininin, onun görkəmli nümayəndələrinin xətrinə dəymək barədə düşünmür. Amma İslam dininə münasibətdə vəziyyət başqadır, müsəlmanlardan söhbət gedəndə, nədənsə, orada dini tolerantlıqdan əsər-əlamət qalmır. Təəssüf doğuran hal budur ki, Qərb mediası da bu məsələdə bitərəf qalmaq istəmir. 

Görünən budur ki, 2011-ci ilin əvvəllərindən başlanan Ərəb baharı hadisələrindən sonra Qərb mediasında İslam dininə, müsəlman dövlətlərinə qarşı davamlı olaraq aşağılayıcı mövqe sərgilənir. Bu ölkələrdə açıq-aşkar islamofobiya, ksenofobiya və qatı millətçilik əhvali-ruhiyyəsi güclənib.

 

İslam həmrəyliyi nəyə görə vacibdir?

 

Qərb mediasının iddia etdiyinin tam əksinə olaraq, İslam dini sülh və barış dinidir. Bunu bütün dünyaya bəyan edərək bir daha sübut etmək üçün müsəlman dövlətlərinə təkcə sözdə deyil, işdə, əməldə həmrəylik lazımdır.

Azərbaycan ziyalısı İslam həmrəyliyi dedikdə, təkcə İslam aləminin daxilində deyil, həm də İslamla digər konfessiyalar arasındakı həmahəngliyi görmək istəyir. Həqiqətən, dini tolerantlıq, sülh və əməkdaşlıq sabitliyə və tərəqqiyə aparan yoldur. Bunu müasir Azərbaycan dövlətinin timsalında əyani şəkildə görmək mümkündür.

Müstəqil Azərbaycan  dövlətçiliyi tarixində dövlət-din, dövlət-media münasibətlərinin əsası, inkişaf istiqamətləri ulu öndər Heydər Əliyev tərəfindən  müəyyən edilib. Azərbaycan dünyanın nadir ölkələrindən biridir ki, burada ayrı-ayrı dinlər, mədəniyyətlər, sivilizasiyalar arasında tolerant və multikultural münasibətlər formalaşıb.

Azərbaycan dövləti İslam dünyasının güclü və həmrəy olmasını, inkişaf və tərəqqi etməsini arzulayır. Təqdirəlayiq haldır ki, düzgün idarəçilik sayəsində regionun lider dövlətinə çevrilən ölkəmiz İslam dünyasında ədalətli nizamın bərqərar olmasına real töhfələrini verir. Son illər Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə siyasi, iqtisadi, mədəni əlaqələri güclənib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Multikulturalizm ilinin ardınca 2017-ci il ölkəmizdə İslam Həmrəyliyi ili elan edilib. 2009-cu ildə Bakı və 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam mədəniyyətinin paytaxtı elan olunub. IV İslam Həmrəyliyi Oyunları  2017-ci ildə Bakı şəhərində yüksək səviyyədə keçirilib.

Bu ilin bir qızmar yay günü  nəvəmi Quba rayonunun Amsar kəndində yerləşən Cənnət bağına aparmışdım. Burada ailəsi ilə birlikdə Omandan olan Səlim adlı bir turist ilə tanış olub xeyli söhbət etdim. Omanlı qonaq Qubaya gəlməzdən qabaq Bakıda, Qəbələdə, Zaqatalada şahidi olduğu tərəqqidən məmnun qaldığını, ölkəmizin hər yerində turistlər üçün modern infrastrukturun yaradılmasına çox sevindiyini söylədi.

Yaxın Şərqdə baş verən hadisələr  barədə də danışdıq. Həmsöhbətimin dərhal əhvalı dəyişdi,  kədərli səslə dedi ki, Qərb dövlətləri yenə də aranı qarışdırıblar,   bir sıra ərəb ölkələrində hələ də ağır münaqişələr səngimək bilmir, insanların evləri yandırılır, özləri terror və zorakılıqların qurbanlarına çevrilirlər.

 

İslama terror damğası yapışmır

 

Bu gün bir sıra Qərb dövlətlərində bir kabus dolaşır. Xeyr, bu, Karl Marksın hələ 1848-ci ildə xəbərdar etdiyi kommunizm kabusu deyil. Acı təəssüf ki, bu, özlərini sivil və demokratik adlandıran Qərb dövlətlərinin İslamın ayağına yazmağa cəhd etdiyi İslamofobiya kabusudur.

Nə bu kabusun, nə də islamofobiyanın real həyatla və İslam dini ilə hansısa bir əlaqəsi var. Qərb dövlətlərində İslam dini və mədəniyyətinə qarşı sərgilənən inamsızlıq və həqarət heç bir sağlam məntiqə sığmır. Qərb mediası hər vəchlə bu təhlükəni tirajlayır. Harada bir terror aktı baş verirsə, qlobal medianın yadına dərhal müsəlman terrorçular düşür.

Bu il oktyabrın 1-i gecəsi ABŞ-ın Las-Veqas şəhərindəki Mandalay Bay hotel-kazino kompleksi yaxınlığında keçirilən musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarını atəşə tutan 64 yaşlı Stiven Paddok 58 adamı  qətlə yetirib, 549 nəfəri yaralayıb. Cinayətkar polis tərəfindən tutulacağını görüb özünü öldürüb. Qatilin işi-gücü Las-Veqasda mehmanxanalardakı kazinolara gedərək, orada qumar oynamaq olub. Məlum olub ki, psixi cəhətdən xəstə olan milyoner S.Paddok özünə az qala bir ordunun sursatı qədər silah tədarük edib.

Bu ağır cinayəti dünya ictimaiyyəti, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderləri  qətiyyətlə pislədilər. Sözümün canı bunda deyil. Məsələ burasındadır ki, Las-Veqasda bu dəhşətli hadisə baş verəndən bir neçə saat sonra özünü İslam dövləti (İŞİD) adlandıran terrorçu qurum bu ağır cinayətə görə məsuliyyəti öz üzərinə götürüb.

Qərb mediasında bu iddia dəfələrlə təkrar olunub. Düzdür, bunun həqiqətə uyğun olmadığı dərhal bəlli olub. Birləşmiş Ştatların Mərkəzi Təhqiqatlar Bürosu qatilin heç bir beynəlxalq terror təşkilatı, o cümlədən İŞİD-lə əlaqəsi olmadığını təsdiq edib. Lakin heç bir dəlil-sübut olmadan İslamın adı bir daha terrora dəstək verən din kimi hallanıb. Hadisənin təfərrüatlarına varmayanların beynində, təbii ki,  İslama inamsızlıq güclənib. İslamın düşmənlərinə isə məhz elə bu lazım idi!

Yeri gəlmişkən, bəzi  pozucu qüvvələr bir çox avam, savadsız müsəlman gənclərini pul, qorxu, şantaj yolu ilə başdan çıxarıb dini radikalizm, terror yoluna hələ də cəlb etməyə müvəffəq olurlar. İŞİD-in İslam dini, onun mənəvi-əxlaqi dəyərləri ilə heç bir əlaqəsi ola bilməz. Bunu bu məşum təşkilatı maliyyələşdirənlər, onu silahla təmin edənlər də yaxşı bilirlər. Qoy unutmasınlar  ki, əsl həqiqəti dünya ictimaiyyətindən gizlətmək mümkün olmayacaq, gec-tez ifşa olunacaqlar.

 

Mediadan gözləntilər

 

Din həssas mövzudur. Hər hansı bir dinə, təriqətə mənsub olan insanların heysiyyatına hörmətlə yanaşmaq lazımdır. Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru İlham Mazanlıdan bu barədə şərh verməsini xahiş etdim. Bildirdi ki, bu mövzuda yazmaq, mülahizə yürütmək hər bir jurnalistdən dərin bilik, səriştə tələb edir. Dini mövzuda araşdırma apararkən jurnalistin məqsədi cəmiyyətdə insanları sülhə və barışığa səsləmək olmalıdır.

İ.Mazanlı konkret misal çəkdi. Dedi ki, bu ilin yayında  paytaxtın Yasamal rayonundakı Sovetski adlanan məhəllədə Hacı Cavad məscidinin sökülməsi ölkə mediasının gündəminə gəldi. Həm Azərbaycan rəsmiləri, həm də ziyalılar bu məsələyə düzgün, əsaslandırılmış mövqe bildirdilər. Jurnalistlərimiz də kifayət qədər həssas və obyektiv yanaşdılar.

Biz qlobal medianın da İslam dininə qarşı ədalətli mövqe sərgiləməsini arzulayırıq. Bəşəriyyəti müharibə və zorakılıqlardan dinlər, xalqlar və dövlətlər arasında qarşılıqlı hörmət, inam və etibar xilas edə bilər. Bu istiqamətdə  həm Qərb, həm də müsəlman ölkələrinin ziyalıları, media təmsilçiləri əllərindən gələni etməyə borcludurlar.

Bu yazı üzərində işləyərkən Ankarada nəşr olunan The Daily Sabah Newspaper qəzetinin 13 oktyabr tarixli onlayn səhifəsində İbrahim Kalının ingilis dilində qələmə aldığı İslam dünyası yuxudan oyanmalıdır (The Muslim world must wake up from its slumber) adlı çox maraqlı yazısını oxudum. Məlumat üçün bildirim ki, İ.Kalın Türkiyə Prezidentinin mətbuat xidmətinin katibidir. Uzun illərdir qardaş ölkənin aparıcı qəzetlərində çalışır.

İ.Kalın yazır ki, müasir İslam dünyası üçün xaos, nizamsızlıq və yoxsulluq xasdır. Öz daxilimizdə sabitlik, güc və həmrəyliyə nail ola bilməsək, bizi təhdid edən qüvvələrə müqavimət göstərə bilməyəcəyik. Müəllif hesab edir ki,  müsəlman dünyası öz problemlərinə görə başqalarını günahlandırmazdan əvvəl, həmin problemləri özü həll etməlidir. Müsəlman Şərqi ətalətdən silkinib çıxmalıdır.

Türkiyəli publisist tamamilə haqlıdır.  Bəşər mədəniyyətinə Əbu Nəsr Məhəmməd Fərabi (870-950), Əbu Əli İbn-Sina (980-1037), Nizami Gəncəvi (1141-1209), Cəlaləddin Rumi (1207-1273), İbn-Xəldun (1332-1406) və başqa çox sayda görkəmli alim, şair, filosof bəxş edən İslam dünyası yenidən özündə güc tapıb layiq olduğu yüksək məqama yetişməyə borcludur. Bu xeyirxah missiyanın həyata keçməsi üçün müsəlman ölkələrinin KİV-i çox iş görə bilər.