İki sahil. - 2017.- 4 noyabr. - ¹ 202. - S. 12.

 

İslam həmrəyliyi: Bu günümüzün vacib çağırışı

 

İradə Hüseynova,

YAP Siyasi Şurasının üzvü, BDU-nun “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru,

professor, Əməkdar müəllim

 

Yazıya dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri ilə başlamaq istərdim: “Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz.” Tarixə nəzər  salsaq Azərbaycanın islam həmrəyliyinə töhfələrinin davamlı olduğunu görərik. Cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsi məhz bu töhfələrin ümumiləşdirilmiş ifadəsidir.

 

Həmin Sərəncamda da  bu reallıq öz əksini tapıb ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub, İslam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edib. Ölkəmizin İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. Azərbaycanın bu il IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi də islam həmrəyliyinə verdiyi töhfələr sırasındandır. Xatırlasaq, ölkə Prezidenti İlham Əliyev bu tədbiri belə dəyərləndirmişdir: “Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri “Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar.”

Təkcə bu il çərçivəsində istər ölkəmizdə, istərsə də digər İslam ölkələrində keçirilən tədbirlərin, eyni zamanda dövlətimizin başçısı İlham Əliyevin islam dövlətlərinə səfərlərinin say tərkibinə, müzakirə olunan məsələlərə, sonda qəbul olunan sənədlərdə əksini tapan hədəflərə diqqət yetirsək, hər birində islamofobiyanın dünyada ciddi təhlükələrdən olduğu, buna qarşı birgə mübarizənin vacibliyi önə çəkilir. İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammiti, Tehranda “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” adlı beynəlxalq konfrans bu baxımdan xüsusi yadda qalan oldu. Belə ki, ölkə Prezidenti İlham Əliyev “Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətidir. Biz sülh, mərhəmət, dozümlülük və ədalət dini olan islamın dəyərlərinin təşviqini davam etdirməliyik” bəyan edərək, Azərbaycanın tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük önəm verməklə yanaşı, bu istiqamətlərdə mühüm addımlar atdığını diqqətə çatdırmışdır. Qeyd etdiyimiz kimi “İslam Həmrəyliyi ili” çərçivəsində cənab İlham Əliyev Pakistan, Qətər, İran, Türkiyə, Səudiyyə Ərəbistanı kimi islam ölkələrinə səfərlər edib.

Bu gün dünyada cərəyan edən proseslərə, müsəlman ölkələrində yaşanan münaqişələrə, bir çox ölkələrdə islamofobiyanın geniş yayılmasına diqqət yetirdikdə islam dünyasında birliyin, həmrəyliyin zəruriliyi daha qabarıq şəkildə özünü büruzə verir. Müsəlman ölkələri arasında münasibətlərin lazımi səviyyədə olmaması, birliyin yüksək səviyyədə qorunmaması  düşmən qüvvələrin fəaliyyətinə geniş meydan açır. İslam əleyhdarları olan bu qüvvələr islama qarşı düşmənçilik siyasəti apardıqlarını açıq-aşkar nümayiş etdirirlər. Terrorizm, ekstremizm kimi ifadələr İslam adı ilə yanaşı çəkilir. Təbii ki, bu kimi neqativ hallar müsəlmanlara xas deyil, əksinə, islam dini həmişə həmrəylik, sülhsevərlik, qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq kimi ümumbəşəri əxlaqi dəyərləri təbliğ edir.

İslam həmrəyliyi geniş məna daşıyır. Sözsüz ki, burda təkcə dini müstəvidə deyil, bütün sahələrdə həmrəyliyə ehtiyac var. Bu baxımdan ki, heç də bütün müsəlman ölkələrində sosial-iqtisadi inkişaf yüksək səviyyədə deyil. Ən əsası bu ölkələr zəngin təbii resurslara malik olsa da, dünya iqtisadiyyatında söz sahibi deyillər. Birlik, həmrəylik təcrübə mübadiləsinin aparılmasında, ölkələrin inkişaf strategiyalarının öyrənilməsində və tətbiqində əhəmiyyətli rol oynaya bilər.

Bu gün Azərbaycanın inkişaf modeli digər ölkələrə nümunə göstərilir. Ən əsası Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyatının bir parçası kimi qəbul olunur. Bu günlərdə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın regionda əsas söz sahibi olduğunu bir daha təsdiqləyir. Təbii ki, bu dövlətimizin uğurlu, təkmil siyasətinin nəticəsidir. Bu gün Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında islahatçı ölkə kimi ön yerlərdə dayanır. Azərbaycan dünyanın xoşbəxt ölkələri sırasındadır. Ölkəmizin iqtisadi inkişafı güclü sosial siyasətlə tamamlanır. Bu ondan irəli gəlir ki, Azərbaycan öz siyasətini dövlətimizin başçısı İlham Əliyevin fikirlərinə istinadən, düzgün qurmuş və bu yol davamlı uğurları şərtləndirir. Azərbaycanda sülh, sabitlik, əmin-amanlıq mövcuddur. Qeyd olunduğu kimi, Azərbaycan çoxkonfessiyalı və çoxmillətli ölkədir. Bu reallığımız onun təsdiqidir ki, yalnız bu yolla inkişaf etmək olar. Özünütəcrid, nifrət hisslərinin bəslənilməsi və ya özünün digərlərindən üstün tutulması bumeranq effekti verir və nəticədə bu işlə məşğul olanların özlərinə xələl gətirir. Ölkəmizdə müxtəlif dinlərin, millətlərin nümayəndələri, dostluq, əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bir Azərbaycan modelidir.

Əvvəldə də qeyd etdiyim kimi, müsəlman ölkələri müxtəlif beynəlxalq təşkilatlarda birləşirlər. Bu günümüzün əsas tələbi beynəlxalq tribunalardan bəhrələnərək, İslam dünyasının maraqları naminə bir-birimizə dəstək olmaq, ölkələrimizin, xalqlarımızın inkişafı yolunda bütün maneələri dəf etmək, bu istiqamətdə zəruri addımlar atmaqdır. Azərbaycan da müsəlman dünyasının bir parçasıdır. Müsəlman ölkələrində baş verən hadisələr, tendensiyalar Azərbaycanı narahat etməyə bilməz. Bu kimi halların aradan qaldırılmasında, sülhün, sabitliyin təmin olunmasında Azərbaycan nə dərəcədə maraqlı olduğu atdığı biri-birindən əhəmiyyətli addımları ilə təsdiqləyir. “İslam Həmrəyliyi ili”, eyni zamanda bu il çərçivəsində keçirilən IV İslam Həmrəyliyi Oyunları, ölkə xaricində təşkil olunan çoxsaylı tədbirlər Azərbaycan reallıqlarının təbliğində mühüm rola malikdir. Dünyaya birlik, həmrəylik mesajı kimi dəyərləndirilən bu kimi addımlar həmçinin İslam aləmində, eyni zamanda bütün dünyada sülhün, əmin-amanlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcək.

Qeyd etdiyimiz kimi, Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkələr, xalqlar arasında körpu roluna da işıq salır.  Ölkəmizin ənənəvi olaraq ev sahibliyi etdiyi Sivilizasiyalararası Dialoq Forumları bu rolundan irəli gəlir. Bu mühüm hadisəni də qeyd edək ki, ölkəmiz ötən il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etdi. Bu tədbir də tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycanın mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malik olmasının bir daha təsdiqi oldu. Multikulturalizm dövlət siyasətimizin əsas tərkib hissəsidir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə ötən il ölkəmizdə “Multikulturalizm İli” elan edilmişdir. Bu il çərçivəsində keçirilən tədbirlər Azərbaycanın multikultural cəmiyyətlərin formalaşmasına və inkişafına töhfələrinin davamlı olmasına bir daha işıq saldı.

Günümüzün əsas tələblərindən biri Dağlıq Qarabağ probleminin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Hər bir tədbirdə, səfər çərçivəsində keçirilən görüşlərdə dövlətimizin başçısı İlham Əliyevin əsas diqqət yönəltdiyi məsələlərdən biri yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olur. Münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu, BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, Qoşulmama Hərəkatının və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində Ermənistanın işğalçılıq siyasətinin pislənildiyi, Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyi, amma işğalçı Ermənistanın bu sənədlərə əməl etmədiyi dünyaya bəyan edilir. Münaqişənin həllində  müsəlman ölkələrinin dəstəyi yüksək dəyərləndirilir. Birlik, həmrəylik mövcud münaqişələrimizin həllində əsasdır. Dövlətimizin başçısı İlham Əliyev “Gücümüz birliyimizdədir” söyləməklə bütün müsəlman ölkələrini birliyə, həmrəyliyə çağırır.

Bir yazı çərçivəsində islam həmrəyliyini zəruri edən səbəbləri, eyni zamanda, Azərbaycan dövlətinin bu birliyə töhfələrini əhatə etmək mümkünsüz olsa da, ümumiləşdirilmiş şəkildə qeyd etmək olar ki, Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlətdir. Beynəlxalq hüquq normalarını həyata keçirdiyi siyasətin önündə saxlayan dövlətimiz bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həllinə səy göstərir. Neft kapitalının insan kapilatına çevrilməsi reallıqdır. Ölkəmizdə təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin təmin olunması fonunda davamlı inkişafa geniş yol açılır. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda davamlı inkişafa xidmət edən müxtəlif istiqamətlər üzrə Yol Xəritələri qarşıdakı illər üçün ölkəmizə daha möhtəşəm uğurlar vəd edir.  Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Radikalizm, terrorizm harada canlanır, harada baş qaldırır?! O ölkələrdə ki, savadlılıq yoxdur. O ölkələrdə ki, sosial ədalət pozulur. O ölkələrdə ki, ədalətsizlik mövcuddur və səfalət yaşanır. Ona görə radikalizmə qarşı ən gözəl sığorta sosial ədalətdir, maddi rifahdır, savadlılıqdır, düzgün siyasətdir... Azərbaycan xalqının rahat həyatını təmin edən kifayət qədər güclü dövlətdir.” Müstəqil Azərbaycanın bugünkü reallıqları budur.

Zamanın tələbi kimi idarəçilik sistemində təkmilləşmə də inkişafa geniş yol açır. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları, Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirilən siyasətə dəstəyini nümayiş etdirən biri-birindən mühüm addımları xalqımızda böyük rəğbət hissi yaratmaqla, bu əminliyə əsas verir ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, inkişaf modeli ilə dünyaya nümunə olan Azərbaycanın  imza atdığı uğurlarının miqyası daha da genişlənəcək.