Palitra. - 2017.- 3 noyabr. - ¹ 201. - S. 13.

 

Türk xalqlarının ortaq mədəni dəyərləri

 

Zülfiyyə Vəliyeva

Respublikanın Əməkdar müəllimi,

“Müəllimlərin Peşəkarlıq səviyyəsinin İnkişaf etdirilməsi” layihəsi üzrə Milli məsləhətçi,

ADPU-nun “Pedaqoji təhsilin problemləri” ETL -in elmi işçisi

 

“Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib”

 

H. Əliyev

 

Ən qədim zamanlardan Avrasiya məkanının çox böyük hissəsində yaşayaraq bəşər mədəniyyətinə misilsiz töhfələr vermiş türkdilli xalqlar onu daim zənginləşdirmişlər. Lakin xalqlarımızın dərin qədim tarixi köklərlə, mənəvi tellərlə bir-birinə bağlılığı onları zamanın bütün sınaqlarından qalibiyyətlə çıxarmışdır. Heydər Əliyev dövrün və zamanın gərdişini gözəl bilən dövlət rəhbəri kimi Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən türk dünyasında aparıcı mövqelərə çıxması, ümumtürk həmrəyliyinin təmin olunmasında böyük rol oynamışdır.

Təsadüfi deyil ki, bu gün onun adı türk toplumlarında da hörmətlə anılır, türk dövlətlərinin inteqrasiyasında rolu məmnunluqla qeyd olunur. Bizim əməkdaşlığımız zamanın hökmüdür. Böyük dövlət xadimi, ulu öndərimiz Heydər Əliyev çoxşaxəli möhtəşəm fəaliyyətində və mükəmməl nəzəri-ideoloji təlimində türk dünyasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsi və inkişafına misilsiz töhfələr vermiş, həm də türk xalqlarının ədəbiyyatının dünəni və bu günü, zəngin şifahi və yazılı söz sənəti, məşhur ədibləri barədə qiymətli, konseptual fikirlər söyləmişdir. Heydər Əliyev Türkiyə ilə qardaşlıq bağlarını möhkəmlətməklə bərabər, Mərkəzi Asiyadakı türk respublikaları ilə sıx əməkdaşlığı da daima prioritet saymışdır. Çünki Azərbaycan bu coğrafiyadakı strateji yerinə, güclü iqtisadi və infrastruktur imkanlarına görə Türkiyə və Mərkəzi Asiyanın türk ölkələri arasında əvəzolunmaz körpüdür. Heydər Əliyevin prezidentliyi dövründə bu körpü real tərəfdaşlıq müstəvisi kimi təşəkkül tapdı və möhkəmləndi. Bütün bunlar çağdaş nəsillərin klassik ədəbi-mədəni irsə, bəşəri dəyərlərə, türkçülüyün şanlı ənənələrinə ehtiram ruhunda tərbiyəsində, onlara dərin vətənpərvərlik hisslərinin aşılanmasında böyük əhəmiyyətə malikdir. Ulu öndərimiz həm ədəbiyyatın böyük qayğıkeşi, hamisi, həm də mükəmməl bilicisi olan dahi şəxsiyyətdir. Geniş mütaliəyə və fenomenal erudisiyaya malik dahi rəhbərimiz Azərbaycan ədəbiyyatı ilə yanaşı, ümumən dünya söz sənəti, Şərqin və Qərbin görkəmli ədiblərinin yaradıcılığı ilə də yaxından tanış olmuş, müxtəlif xalqların bir çox şair və yazıçıları, eləcə də ədəbi əlaqələr barədə qiymətli fikirlər söyləmişdir. Bu baxımdan ulu öndərimiz Heydər Əliyevin türk xalqları ədəbiyyatlarının dünəninə, bu gününə, qarşılıqlı əlaqələrinə, türk dünyasının məşhur yazarlarının yaradıcılığına verdiyi qiymət də diqqətəlayiq olub, bütöv bir sistem təşkil edir. Respublikamızda mənəvi mühitin, elmin, mədəniyyətin tərəqqisi alt qatlarda insanlarda milli ruhun, milli özünüdərkin və özünə inamın yüksəlməsinə səbəb olurdu kı, bu da daha böyük nailiyyətdir. Heydər Əliyev qürur hissi ilə deyirdi: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!". Heydər Əliyevin bu sözləri harada yaşamasından asılı olmayaraq hər bir həmvətənimizdə milli mənsubiyyətinə görə qürur hissi doğurur və onları birliyə səsləyir. Yeri gəlmişkən, soydaşlarımızın həmrəyliyi böyük öndərin azərbaycançılıq ideologıyasında mühüm yer tutur. Milli-mənəvi dəyərlər, ənənələr şəxsiyyətin formalaşmasında, insanlarda vətənpərvərlik hissinin güclənməsində mühüm rol onayan amillərdir. Buna görə də ümummilli lider Heydər Əliyev gənclər siyasətinin xalqımızın milli-mənəvi dəyərlərı ilə vəhdətdə qurulmasına nail olmağa çalışırdı. O, arzulayırdı ki, gənclər milli ruhda, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnsinlər, tariximizi, ənənələrimizi yaxşı bilsinlər. Böyük öndər dönə-dönə təkrar edırdı: "Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz". Xalqımızın əsrlər boyu formalaşan zəngin mədəni irsi, nəcib mənəvi dəyərləri, gözəl adət-ənənələri, mənəvi istinad yerimiz olan müqəddəs dinimiz, təbiətin gözəlliklərini, elmin, texnikanın nailiyyətlərini dolğun şəkildə ifadə etməyə imkan vərən dilimiz vardır. Bütün bunların təbliği, dolğun şəkildə gənclərə aşılanması kifəyətdir ki, onlar püxtələşsinlər və qəlblərinə Vətənə, xalqa sadiqlik hissi hakim kəsilsin. Milli mənlik şüuruna yiyələnmək vətənpərvərliyin mühüm əlamətlərindəndir. ona görə də milli mənlik şüurunun formalaşdırılmasına böyük əhəmiyyət verilir.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Azərbaycan ədəbi dili tarixi xalqımızın mədəni-intellektual səviyyəsi və hər bir dövrün ictimai-tarixi hadisələri ilə bağlı olaraq inkişaf yolu keçmiş, zənginləşmiş və cilalanmışdır. Azərbaycan ədəbi dilinin dinamikası təkcə onun əhatə etdiyi dövr və mərhələlərin forma və məzmunu, norma və janr-üslub rəngarəngliyi ilə deyil, eləcə də onun tədqiqat balansı üzrə də müəyyənləşir.

Bəşər tarixi sübut etmişdir ki, hər bir xalqın milli-mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Türk xalqlarının əvəzsiz mənəvi sərvəti olan ortaq dilimizi isə yaşadan və inkişaf etdirən şairlərimiz, yazıçılarımızdır. Təsadüfi deyildir ki, biz türkdilli xalqların böyük mədəniyyəti haqqında danışarkən, ilk növbədə onların yaratdıqları bədii əsərlərə istinad edir, nümunələr gətirir və təbliğ edirik. "Kitabi-Dədə Qorqud", "Manas", "Alpamış", "Koroğlu" dastanları, dahi Nizami Gəncəvi, Yunus İmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay Kunanbayev və b. kimi söz sərraflarının əsərləri türkdilli xalqları dünyada tanıtmış və onların yaratdıqları sənət inciləri nəsildən-nəslə türk övladını milli-mənəvi, həmçinin ümumbəşəri dəyərlər əsasında tərbiyə etmiş, vətənpərvərlik hislərini daim gücləndirmişdir.

Uca Tanrının ona bəxş etdiyi nadir keyfiyyətlər sayəsində ümummilli liderimiz Heydər Əliyev tarixi hadisələrin gedişini irəlicədən görə bilmiş, olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən anda əsl vətənpərvərlik mövqeyi nümayiş etdirmişdir. Türk xalqlarının birliyini möhkəmləndirmək, mənəvi körpüləri qorumaq, milli kökə qayıdış, ortaq dəyərlərimizi birləşdirmək ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədlərindən olmuşdur. Ulu öndər belə bir müqəddəs məramını həyata keçirməkdə şairlərin və yazıçıların rolunu xüsusi qiymətləndirmişdir. Təsadüfi deyildir ki, o, türk xalqları yazıçılarının 1996-cı ildə Bakıda keçirilən qurultayında demişdir: "Ancaq mənim tövsiyəm ondan ibarət olardı ki, bizim xalqlarımızın bir-biri ilə daha da yaxınlaşması üçün, bir-birini bilavasitə daha da anlaşması üçün, dillərimizin inkişaf etməsi üçün və bir kökdən olan dillərimizin bir-birinə daha da yaxınlaşması üçün yazıçılar öz xidmətlərini göstərsinlər. Bizim dillərimiz bir kökə mənsubdur və bir-birimizi anlayırıq. Ancaq yaxşı olardı ki, dediyim bu sözləri mənim özbək, qırğız, qazax qardaşlarım da azərbaycanlı kimi anlasınlar və eyni zamanda bu qurultayda Başqırdıstandan, Qırğızıstandan olan yazıçıların çıxışlarını bizim azərbaycanlılar da tamam anlaya bilsinlər”. Bütün bu tədbirlər xalqların bir-birinə yaxınlaşmasında, milli oyanışında mühüm rol oynamışdır. Xalqlar öz tarixi keçmişləri və gələcək inkişafı haqqında düşünmüşlər ki, bu da türk dünyasının birləşməsi yolunda geniş strateji fəaliyyətin tərkib hissələrindən biri olmuşdur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda türkologiya sahəsində elmi araşdırmaların aparılmasına, türk yazılı abidələrinin qorunmasına, tərcüməsinə və xalq arasında təbliğinə şərait yaradılmış, türkoloqlara dövlət qayğısı göstərilmişdir. Türkdilli abidələrə ekran həyatı verilməsinə təşəbbüs edən ümummilli liderin qayğısı altında türk dünyasının möhtəşəm abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanı əsasında "Dədə Qorqud" bədii filmi çəkilmişdir.

Ulu öndərin türk dünyasına diqqət və qayğısı böyük türkçü, turançı mütəfəkkir Hüseyn Cavidə münasibətində də özünü göstərmişdir. Onun nəşinin uzaq Sibirdən Azərbaycana köçürülməsi sovet sistemində xeyli çətin, mürəkkəb bir iş olsa da, ümummilli lider Heydər Əliyev bu tarixi missiyasını böyük uğurla başa çatdırmışdır.Heydər Əliyev öz fəaliyyətində Azərbaycan, Türkiyə, türk və müsəlman dünyasına daha geniş baxaraq onları vəhdətdə görmüşdür. Ulu öndərin təşəbbüsü ilə Azərbaycanda qazax şairi Abay Kunanbayevin 125, özbək ədəbiyyatının klassiki, mənşəcə azərbaycanlı olan Maqsud Şeyxzadənin 70 illik yubileyləri təntənə ilə keçirilmişdir. Ulu öndər "Kitabi-Dədə Qorqud"un 1300, "Manas"ın 1000, böyük qazax şairi, filosofu Abayın 150, Özbəkistanın böyük dövlət xadimi, türk dünyasının böyük şəxsiyyəti Əmir Teymurun 660, Azərbaycan şairi, eyni zamanda, bütün türk dünyasına mənsub olan Məhəmməd Füzulinin 500 illik yubileyinin türkdilli dövlətlərin bir yerdə qeyd etmələrini böyük tarixi hadisələr kimi çox yüksək qiymətləndirmişdir.

Ümummilli lider Heydər Əliyev Dünya azərbaycanlılarının birinci qurultayını təşkil etməklə təkcə Azərbaycan xalqının deyil, bütünlükdə türk dünyasının lideri kimi tarixi missiyanı həyata keçirmişdir. Hansı sosial-iqtisadi, ideoloji sistemin mövcudluğundan asılı olmayaraq ulu öndər Heydər Əliyevin fəaliyyəti türk xalqları arasında əlaqələrin konkret şəraitdə inkişafına xidmət etdiyindən böyük tarixi əhəmiyyət daşımışdır. Şübhəsiz, bütün türk dünyası ona bu xidmətlərinə görə minnətdar olmalıdır.