İki sahil. - 2017.- 2 noyabr. - ¹ 200. - S. 7.

 

Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir

 

Tural Səfərov

 

Son günlər ölkəmiz üçün tarixi əhəmiyyətli hadisələr baş verib. Oktyabrın 30-da istifadəyə verilən  Bakı-Tbilisi-Qars dəmir yolu xətti nəinki iqtisadi, həm də siyasi baxımdan çox önəmli hadisədir. Bu dəmir yolu xəttinin açılış mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin, Qazaxıstanın, Gürcüstanın, Özbəkistanın baş nazirlərinin iştirak etməsi onun nə qədər əhəmiyyətli olduğunun göstəricisidir. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir. Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək, bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaqdır.

Bəzi adamların, hətta bəzi ölkələrin, siyasətçilərin reallaşdırılacağına inanmadıqları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ilk qatarı oktyabrın 30-da yola çıxıb. Əgər Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı əlaqələr yüksək səviyyədə olmasa idi, əlbəttə ki, bu layihəni reallaşdırmaq mümkün deyildi. Azərbaycan və Türkiyənin böyük dəstəyi ilə dəmir yolu xəttinin çəkilməsi, Ermənistanın bu layihədən kənarda qalması iki qardaş ölkənin növbəti uğurudur. Birmənalı şəkildə demək olar ki, bu layihənin qısa müddətdə həyata keçirilməsi Azərbaycanla Türkiyənin qətiyyətinin nəticəsi, iki qardaş ölkənin bütün dünyaya güc nümayişi və ismarıcıdır.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasiminə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan elə həmin gün öz ölkəsinə qayıda bilərdi. Türkiyə mediasından da bilirik ki, qardaş ölkənin prezidenti bəzən bir gündə bir neçə ölkədə səfərdə olur. Ərdoğanın Azərbaycana məhz Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı ərəfəsində rəsmi səfərə gəlməsi, iki gün ölkəmizdə qalması, Prezident İlham Əliyevlə keçirdiyi mətbuat konfransında “Hazırda biz təbii ki, xarici ölkədə deyilik, evimizdəyik” deməsi çox mətləblərdən xəbər verir. Bu səfər zamanı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı ilə yanaşı, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib, qardaş ölkələr arasında bir sıra mühüm sənədlər imzalanıb. Biz həmin sənədlərin  real nəticələrini yaxın zamanlarda görəcəyik.

Dövlət başçıları mətbuata bəyanatlarla çıxışlarında çox vacib məqamlara toxunaraq bir daha bütün dünyaya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını nümayiş etdiriblər. Mətbuat konfransında Prezident İlham Əliyevin bu sözləri xüsusilə diqqəti cəlb edir, ölkələrimiz arasındakı əlaqələrin hansı səviyyədə olduğunu göstərir: “Həm təkbətək görüşdə, həm nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşdə bir daha biz gördük ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən ikinci ölkələr yoxdur. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir. Təbii ki, müzakirə olunan məsələlərlə bağlı bizim aramızda fikir birliyi var. Siyasi əlaqələr çox uğurla inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir. Mən bu il iki dəfə Türkiyədə olmuşam. Bu gün Türkiyə Prezidenti Azərbaycanda səfərdədir. Nazirlər, digər vəzifəli şəxslər tez-tez görüşürlər. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də biz hər zaman olduğu kimi, bir-birimizi dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda Türkiyə-Azərbaycan həmişə bir-birinin yanındadır”.

Türkiyə Prezidenti öz bəyanatında qardaş ölkələr arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq Azərbaycanın hər zaman yanında olacağını bəyan edib, bununla da son zamanlar ölkələrimizin arasına nifaq toxumu səpməyə çalışanlara lazımi dərs verib: “Göründüyü kimi, artıq yalnız müəyyən sahələr üzrə qitələri bir-birinə bağlamırıq. Eyni zamanda, enerji xətləri məsələsində də davamlı olaraq belə bağlantıların qurulması Türkiyə ilə Azərbaycan arasındakı bu əlaqələrin, bu həmrəyliyin nə qədər güclü olduğunu göstərir. TANAP bunun ən gözəl nümunəsidir. Hazırda TANAP ilə bağlı işlər intensiv şəkildə davam edir. İnşallah, çox davam etməyəcək, qısa müddətdən sonra Azərbaycan qazı buradan Avropaya nəql olunacaq. Təbii ki, bu, bəzi qüvvələri narahat edir. Eyni qaydada, bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir yolu inşa ediləndə “Bunu necə inşa edəcəksiniz? Bunun həyata keçmə ehtimalı yoxdur” deyənlər var idi. Türkiyə və Azərbaycan hər sahədə bu addımları atacaq. Dünən Nazirlər Kabinetimiz bir qərar qəbul etdi. Qarşıya Naxçıvandan Türkiyəyə ildə 120 milyon dollarlıq idxal həcmi hədəfini qoyduq. Beləliklə, Naxçıvanı daha da inkişaf etdirmək, canlandırmaq üçün “Sən yalnız deyilsən, qardaş” deməyin, inşallah, addımını atacağıq. Təbii ki, bütün bunlarla yanaşı, siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə Türkiyə-Azərbaycan həmrəyliyi güclənməkdə davam edir. Bir az əvvəl qardaşımın da dediyi kimi, həm bizim qarşılıqlı səfərlərimiz, həm də nazirlərimizin intensiv görüşləri Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin, həmrəyliyin hansı səviyyədə olduğunu göstərir”.

Türkiyə Prezidenti Azərbaycana EXPO məsələsində də ciddi dəstək verəcəklərini bildirib.

Fikrimizcə, bu səfərin zirvəsi Rəcəb Tayyib Ərdoğanın öz Tvitter səhifəsində paylaşdığı fotoşəkildir. Prezident İlham Əliyevlə pencəksiz fotosunu paylaşan Ərdoğan Azərbaycan Prezidentinə səmimi qonaqpərvərliyə görə təşəkkür edib. Dünya siyasətində çox nadir hallarda rastlanan bu hadisə Türkiyə ilə Azərbaycan arasında heç bir səddin, heç bir protokol qaydasının olmadığını göstərir. Ərdoğan bu foto ilə Türkiyə və Azərbaycanın düşmənlərinə növbəti dəfə mesaj verib. Fikrimizcə, həmin fotonun anlamı budur: “Bu səmimiyyətin arasına heç bir qüvvə girə bilməz”. Türkiyə Prezidenti həm Azərbaycana səfəri, həm də məhz bu fotoşəkil ilə son vaxtlar CHP millət vəkillərinin Avropa Şurasında Azərbaycan əleyhinə səs verməsinə, Azərbaycanın razılığı və icazəsi olmadan bəzi Türkiyə vətəndaşlarının Qarabağa səfər etməsinə “nail olanların” bütün planlarının üzərindən qalın bir qara xətt çəkdi. Azərbaycan xalqının bir üzvü kimi mənim də narahatçılıq keçirdiyim, bunun üçün Türkiyə Böyük Millət Məclisindəki dostlarım olan millət vəkillərinə məktubla müraciət etdiyim bütün narahatçılıqlar öz həllini, cavabsız suallar isə öz cavabını tapdı.

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!