Respublika.-2017.-29 oktyabr.-237.-S.4.

 

Türkiyə-Azərbaycan əməkdaşlığı sülhə və iqtisadi yüksəlişə yönəlib

Atamoğlan Məmmədli

 

Son zamanlar Yaxın və Orta Şərqdə baş verən hərbi-siyasi olaylar Türkiyədən də yan keçməmiş, bu və ya digər mənada onun həm daxili, həm də xarici siyasətinə təsirsiz ötüşməmişdir. Bu gün çağdaş dünyanı nə iqtisadi, nə siyasi, nə də ki mədəni sahələrdə Türkiyəsiz təsəvvür etmək mümkün deyildir. Son illər neftin qiymətlərinin aşağı düşməsi və bəzi qlobal böhranların təsirinə sinə gərən çağdaş Türkiyə dünyanın daha sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Məlumata görə, ölkənin ümumi daxili məhsulunun orta illik artımı yüksək olaraq qalır. Nüfuzlu bir ingilis mətbuatının yazdığına görə, bu ölkənin inkişaf sürəti, istənilən Avropa ölkəsindən daha əhəmiyyətli olacaqdır. Ümumiyyətlə, Türkiyə ümumi daxili məhsulun artımına görə, dünyada Çin və Sinqapurdan sonra 3-cü yeri tutur. Milli iqtisadiyyatın bəzi bölmələri isə daha yüksək nəticələrə nail olmuşdur. Uzun zaman ərzində ölkə iqtisadiyyatının sahə strukturunun əsas xüsusiyyəti iri aqrar bölmənin mövcud olması idi.

 

Son illər ərzində Türkiyədə demoqrafik vəziyyət Avropaya nisbətən daha əlverişli olaraq qalır. Bu amil, avropalı tərəfdaşlarını işçi qüvvəsi ilə təmin etməkdə bu ölkənin rolunu yaxın illərdə daha da artıracaqdır. Hazırda Avropa ölkələrinin müxtəlif infrastrukturlarında 4 milyondan çox türkiyəli çalışır.

XXI əsrin əvvəllərindən etibarən Türkiyənin dünya ticarət sisteminə getdikcə daha böyük dərəcədə cəlb olunması, ölkənin daxili və xarici siyasətinə xeyli təsir göstərmişdir. Yaxın və Orta Şərq ölkələri və həmçinin Afrika ilə viza rejiminin fəal surətdə sadələşdirilməsi, adıçəkilən regionlarla ticarət əlaqələrinin artmasına kömək edir. Belə bir cəhət xüsusi maraq doğurur ki, region üzrə qonşu ölkələrin iqtisadiyyatına xeyli miqdarda kapital qoyan türk iş adamlarının sayı son illər durmadan artır. Bu amil Bolqarıstan, Gürcüstan, Rumıniya və Rusiyanın, həmçinin Yaxın və Orta Şərqin bəzi ölkələrinin iqtisadiyyatına olduqca müsbət təsir göstərir. Türkiyənin həmin ölkələrlə əməkdaşlığı təkcə ticarət sahəsi ilə məhdudlaşmır. Türk investisiyaları regionda iş yerlərinin yaradılmasına və istehsalın artmasına kömək edir ki, bu da təbii olaraq bir sıra sosial problemlərin həll edilməsinə müsbət təsir göstərir. Hazırda xidmət sahəsi ölkə iqtisadiyyatının 66,5 faizini təşkil edir. Ümumi daxili məhsulda sənayenin payı 24,7 faizə çatır. Kənd, meşə və balıqçılıq təsərrüfatı məhsulları isə 12 faiz təşkil edir. Bir sıra islahatlar nəticəsində güclənmiş ölkə iqtisadiyyatı və bank sistemi 15 iyul çevrilişi cəhdinin mənfi nəticələrinə baxmayaraq, sabitlik nümayiş etdirməkdədir. Son illər ölkə iqtisadiyyatı turizm sektorundan 30 milyard dollardan çox gəlir əldə etmişdir. Ölkədə əmək qabiliyyətli əhalinin 25 faizi kənd təsərrüfatında çalışır. Bu sahə ümumi daxili məhsulun 9 faizini verir. Türkiyə qoz, gilənar, xurma, ərik, heyva və nar məhsullarının istehsalı üzrə dünyada liderlik edir.

Hazırda güclü və sürətlə artan özəl bölmə formalaşmışdır. Dövlət isə əsas sənaye sahələrinin, bank bölməsinin, nəqliyyat və kommunikasiya şəbəkələrinin başlıca iştirakçısı olaraq qalır.

Ölkə ərazisinin nadir tarixi və mədəni abidələrlə zənginliyi, Aralıq dənizi çimərliklərinin son dərəcə gözəlliyi, əlverişli iqlim şəraiti turizm biznesi üçün geniş imkanlar açır. Hər il ölkəyə təxminən 80 ölkədən 35-40 milyon turist gəlir. Son illər regionda baş verən hadisələr və münaqişələr bu proseslərə mənfi təsir göstərsə də, Anadolunun füsunkar gözəlliyi xarici turistləri yenə də özünə cəlb edir.

Türkiyə dünyanın bir çox ölkələri ilə xarici ticarət münasibətlərinə malikdir. Onun başlıca əmtəə bazarları sırasında Almaniya, Rusiya, Çin, İtaliya, ABŞ, Böyük Britaniya, İran, Fransa, İraq, İspaniyanın özünəməxsus yeri vardır. Hətta 2020-ci ildə Türkiyə ilə Çin arasında ticarət dövriyyəsinin həcminin 100 milyard dolları ötüb keçməsi gözlənilir.

Tarixən türk dövlətləri həmişə xarici ölkələrə əsasən qida və ərzaq məhsulları, konservləşdirilmiş ət məhsulları ixrac etmişlər. Çin qaynaqları yazırlar ki, çinlilərə ilk dəfə kərə yağı yeməyi türklər öyrətdilər. Çağdaş Türkiyə bu gün keçmiş ənənəyə sadiq qalaraq dünya ölkələrinə keyfiyyətli və təzə qida məhsulları göndərmək üzrə yenə də öncül mövqelərdən birini tutur.

Ankara hökuməti, eyni zamanda, xüsusilə Asiya, Afrika və Latın Amerikası ölkələrində türk məhsullarının satış bazarlarının artırılması üzrə qarşıya vəzifələr qoymuşdur. Bununla belə, Avropa İttifaqı ölkələri xarici iqtisadi sahədə Ankara üçün üstün istiqamət olaraq qalır. Qərbi Avropa dövlətləri ilə siyasi, iqtisadi və hərbi sahələrdə münasibətlərə, hər şeydən əvvəl, Avropa İttifaqına daha da inteqrasiya prizmasından baxılır.

Eyni zamanda, Türkiyə islam dünyası və Afrika ölkələri ilə də fəal münasibətlər saxlayır və onu inkişaf etdirir. Türkiyə ixracatının ənənəvi məhsulları toxuculuq sənayesi məhsulları, polimerlər, plastmaslar, elektrik maşınları və avadanlıqları, yerüstü nəqliyyat vasitələri, qara metallurgiya məhsulları və onlardan hazırlanmış məmulatlardır. Türk məhsullarının əsas istehlakçıları Avropa İttifaqı ölkələridir.

Türkiyə idxalatının əhəmiyyətli hissəsi xammal ehtiyatlarının payına düşür, o cümlədən yanacaq, investisiya malları üzrə bəzi məmulatlar da bu sırada yer alır. Enerji xammalı idxalı üzrə Türkiyənin başlıca ticarət tərəfdaşları Rusiya Federasiyası, İran, BƏƏ olmuşdur. Türkiyənin ümumi idxalının 16 faizindən çoxu onların payına düşür. Bəzi böhranlı hallara baxmayaraq, Rusiya Türkiyənin başlıca ticarət tərəfdaşı olaraq qalır. Çünki, bu iki ölkənin iqtisadiyyatları bir-birilə sıx bağlıdır və qarşılıqlı maraqlara söykənir.

Son illər ərzində Türkiyənin əsas iqtisadi göstəriciləri sübut edir ki, sabit artım və xarici investisiyaların çoxalması davam edir. Qeyd etmək lazımdır ki, hökumət ölkəyə xarici kapitalın cəlb edilməsi üzrə məqsədyönlü siyasət həyata keçirir. Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşlarının əsas hissəsi Avropa İttifaqı ölkələrindən gəlir. İran körfəzi zonası ölkələrindən gələn sərmayələrin də həcmi artır, ancaq onların həyata keçirilməsi prosesində qiymətli təcrübənin ötürülməsi baş vermir. Türkiyəyə gələn xarici investisiyaların müəyyən hissəsi Türkiyənin Aİ ilə Gömrük İttifaqında olması və onun perspektivi ilə əlaqədardır.

Son illər ərzində Avropa Komissiyasının dərc etdiyi məruzədə Türkiyədə həyata keçirilmiş islahatlar nəticəsində əldə olunmuş tərəqqi qeyd olunmaqla yanaşı, həm də bildirilmişdi ki, Türkiyə iqtisadiyyatı qlobal iqtisadi sarsıntılar şəraitində duruş gətirməyə qabil olan iqtisadiyyat kimi xarakterizə olunmuşdur.

Ölkə iqtisadiyyatının güclü tərəfləri əlverişli demoqrafik vəziyyətə malik olmasıdır. Yəni əhali içərisində əmək qabiliyyətli adamların sayı daha çoxdur. Ölkədə təhsil sisteminin uğurlu inkişafı da əmək bazarında vəziyyətin nizama salınmasına kömək edir.

Türkiyə, uğurlu maliyyə siyasəti və islahatlar sayəsində dövlət borclarının səviyyəsini tədricən aşağı salmaqla yanaşı, iqtisadi böhranlara davam gətirmiş və dünya arenasında öz yerini möhkəmləndirmişdir. Bir neçə il bundan əvvəl Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi planı tərtib olunmuşdu. Bu plana şərti olaraq Vision 2023 adı verilmişdir. Bu sənəddə qarşıya olduqca ciddi vəzifələr qoyulmuşdur. Plana uyğun olaraq 2023-cü ilədək Türkiyə özünün ümumi daxili məhsulunu 2 dəfədən çox artıraraq 2 trilyon dollara, ixracat isə üç dəfə artırılaraq 500 milyard dollara çatdırılmalıdır. Bu gün Türkiyə Avropada 6-cı iqtisadiyyata malikdir. Hazırda dünyada tez-tez hallanan 10 meqalayihənin 6-sı məhz Türkiyədə həyata keçirilməkdədir.

Türkiyə ilə Azərbaycan arasında siyasi münasibətlərin qurulması XX əsrin 20-ci illərinə təsadüf edir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlət müstəqilliyini bəyan edən zaman Türkiyə ilə bütün sahələrdə əlaqələr yaradıldı. Həmin ilin sentyabrında Nuru Paşanın komandanlığı altında Qafqaz islam ordusu Azərbaycanı erməni və rus işğalından azad etdi. Hələ o zaman Mustafa Kamal Paşa bildirmişdi ki, Azərbaycan türklərinin dərdi bizim dərdimiz, sevinci bizim sevincimiz olduğu üçün onların arzularına çatması, azad və müstəqil yaşaması bizi çox sevindirir. Azərbaycana olan sevgisinin nəticəsi idi ki, Ankarada Azərbaycan diplomatik nümayəndəliyinin rəsmi açılışı zamanı Atatürk özü şəxsən Azərbaycanın milli bayrağını dirəyə bağlamışdı. Hətta sonralar vəfat etmiş Azərbaycan diplomatik nümayəndəliyinin başçısı İbrahim Əbilovun cənazəsini hörmət-izzətlə Bakıya yola salmışdı.

Türkiyə 1991-ci il noyabrın 9-da da Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlət oldu. Az sonra, 1992-ci il yanvarın 14-də iki ölkə arasında diplomatik münasibətlərin yaradılması haqqında protokol imzalandı. Bununla da qarşılıqlı siyasi, iqtisadi və mədəni münasibətlərin inkişafına təkan verildi. İki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərini belə bir fakt bir daha sübut edir ki, hər iki ölkənin prezidentləri ilk rəsmi səfərlərini bir-birinin ölkəsinə etmişlər. Vaxtaşırı olaraq hər il həyata keçirilən yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları ikitərəfli, regional və qlobal sahədə bir çox məsələlərə dair fikir mübadiləsi aparılmasına imkan yaratmışdır. Bu Şura, həmçinin iki ölkə arasında hüquqi-müqavilə bazasını möhkəmləndirən bir çox sənədlərin imzalanmasına və əlaqələrin daha dərinləşməsinə zəmin yaratmışdır.

Qarşılıqlı iqtisadi münasibətlərdə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri (BTC) və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri (BTƏ) Azərbaycan-Türkiyə əməkdaşlığının ən böyük uğurlarından biridir. Bu layihələrin məntiqi davamı olan və Cənub Qaz Dəhlizinin (CQD) əsasını təşkil edən, XXI əsrin layihəsi olaraq dəyərləndirilən Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) nəzərdə tutulan plana uyğun olaraq irəliləyir. Yaxın gələcəkdə Trans-Adriatik təbii qaz boru kəmərinin (TAP) də başa çatdırılması ilə Xəzər təbii qazının Anadolu üzərindən Avropaya daşınması bir gerçəkliyə çevriləcəkdir. TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasimdə layihəyə Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, bütün Avrasiya coğrafiyasının ehtiyacı olduğu qeyd edilərək bildirilmişdi ki, bu layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaqdır. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard kubmetr, 2023-cü ildə 23 milyard kubmetr, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaqdır.

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti də üç qonşu ölkə Türkiyə-Azərbaycan-Gürcüstan arasındakı regional əməkdaşlığa bariz nümunədir. Bu layihə nəqliyyat sahəsinə töhfə verməklə yanaşı ticarət fəaliyyətinin və humanitar əlaqələrin də sürətlə artması ilə nəticələnəcək. Tarixi İpək yolunu yenidən canlandıracaq bu layihə ilə Azərbaycan və Türkiyə üzərindən Pekinlə London arasında müntəzəm dəmiryolu daşınmaları təmin ediləcəkdir. İlkin gücü ildə bir milyon sərnişin və 6,5 milyon ton yük olacaq bu layihə reallaşandan sonra onun imkanları 2034-cü ildə 3 milyon sərnişinə və 17 milyon ton yükə çatdırılacaqdır. Bu gün Azərbaycan Türkiyə iqtisadiyyatına böyük yatırımlar edir. 2020-ci ilədək ölkəmizin Türkiyə iqtisadiyyatına yatıracaq sərmayələrinin həcmi 20 milyard dollara çatacaq ki, bunun da 15 milyard dolları Dövlət Neft Şirkətinin payına düşəcəkdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr ikitərəfli və çoxtərəfli münasibətlərə güclü təkan verəcək.

Bu gün türk şirkətlərinin Azərbaycan iqtisadiyyatına qoyduqları investisiyaların həcmi 9 milyard dollara çatmışdır. Əsasən telekommunikasiya, bank, sığorta, nəqliyyat, ərzaq məhsulları, toxuculuq məmulatları, mebel, inşaat avadanlıqları kimi sahələrdə fəaliyyət göstərən 2.665 türk şirkəti Azərbaycanda 25 mindən artıq insanın məşğulluğunu təmin edir. Türk podratçı şirkətləri Azərbaycanda 2003-cü ildən bu günədək 10,1 milyard dollar dəyərində 347 layihəni öz öhdəsinə götürmüşdür. Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu investisiyaların həcmi isə 7,9 milyard dolları ötüb keçmişdir. Göründüyü kimi, Azərbaycan ilə Türkiyə region üçün çox böyük əhəmiyyətə malik layihələr reallaşdırır. Azərbaycan qardaş Türkiyə ilə hərbi və müdafiə sənayesi sahələrində də sıx əməkdaşlıq edir. Hərbi sahədə imzalanmış sazişlərin sayı 80-dən çoxdur. Azərbaycanın 7 mindən artıq gənc zabiti Türkiyə hərbi məktəblərinin məzunu olmuşdur. İki ölkə silahlı qüvvələrinin birgə təlimləri də müntəzəm hal almışdır. Bu hərbi əməkdaşlıq heç bir üçüncü dövlətə qarşı yönəlməyib və sadəcə olaraq müdafiə xarakteri daşıyır. Mədəniyyət və təhsil sahəsində əlaqələr güclənməkdədir. Hazırda Azərbaycan universitetlərində və digər təhsil ocaqlarında 1.900 türkiyəli tələbə təhsil alır. Ölkə ərazisində isə 15 minə yaxın türkiyəli mütəxəssisi çalışmaqdadır. Müvafiq olaraq Türkiyədə 11 min azərbaycanlı tələbə və çox sayda Azərbaycan vətəndaşı yaşayır, işləyir. Bu il oktyabrın 12-14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Türkiyə Respublikasının Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə ADPU-da Azərbaycan-Türkiyə münasibətləri II Beynəlxalq elmi konfransı keçirilib. Rəsmi Bakının 15 iyul hadisələri zamanı göstərdiyi həmrəyliyi yüksək qiymətləndirən Türkiyə hakimiyyəti demokratiya üçün yaranmış çox ciddi təhlükəni aradan qaldırdı. Azərbaycanın hər zaman olduğu kimi, bu dəfə də qardaş Türkiyənin yanında olması ulu öndər Heydər Əliyevin müdrikliklə söylədiyi Biz bir millət, iki dövlətik fikrini bir daha təsdiq etdi.

Türkiyə Cümhuriyyətinin qurulmasının ildönümü həmişə yeni uğurlarla, ikitərəfli münasibətlərdə yaddaqalan səhifələrlə qeyd olunur. İnanırıq ki, Türkiyə ilə Azərbaycan arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri hər iki dövləti strateji hədəflərinə yetişdirəcəkdir. Bu münasibətlərini böyük potensialı vardır. Əminliklə deyə bilərik ki, iqtisadiyyat, siyasət, terrorizmə qarşı birgə mübarizə, regionda təhlükəsizlik məsələləri sahəsində sıx əməkdaşlıq edən iki qardaş ölkə istənilən problemi birlikdə həll etməyə və qarşıya qoyulmuş hədəflərə yetişməyə qadirdir.