Mövqe. - 2017.- 27 oktyabr. - ¹ 197. - S. 4.

 

İslam dünyasının iqtisadi dirçəlişi Qərbdə narahatlıq yaradır

 

İslamofobiya, qaçqınlara münasibətin kəskinləşməsi və bu aspektdə siyasi riyakarlıq əks-təsirlə Qərb ölkələrini aqressivləşdirir

 

N. Novruz

 

Qərbdə İslam dünyasının zəiflədilməsi üçün yenə ən müxtəlif ssenarilər həyata keçirilir, yeni planlar cızılır. Qərbin İslama belə düşmən münasibəti nədən qaynaqlanır? Nədən inkişaf etmiş xristian ölkələri İslamla dostluqdan uzaq qaçırlar? İslamofobiya ötən əsrin 90-cı illərindən etibarən Qərbdə yaranmağa başlayıb. Bunu sübut edən xeyli misallar var. Həmin dövrdə Samuel Hantinqtonun adlı yazarın “Mədəniyyətlərin qarşıdurması” kitabı əsasında ABŞ-ın yaratdığı doktrina bu işdə başlıca rol oynadı. Qərbdə müsəlman ölkələri anlayışı altında bütün ərəb, fars, türk və digər xalqları təşkil edən, milyarddan artıq əhali nəzərdə tutulurdu.

İş burasındadır ki, müsəlmanlığın yayıldığı böyük ərazilər təbii ehtiyatlarla zəngin bölgələrdir. İslam dini yayıldığı vaxtlar bu zənginlik barədə məlumatlar nəm az idi, həm də elmin səviyyəsi bunları görməyə imkan vermirdi. Sonralar tədricən təbii resurslar üzə çıxdıqca və Qərb ölkələrinin təbii ehtiyatları tükəndikcə həris gözlər Şərqə və bilavasitə islamın yayıldığı ərazilərə dikildi. Bu da yeni müharibələr üçün əsaslı səbəb idi. Və uzun əsrlər boyu Qərb Şərqi talan və istismar etdi.

İndi zaman dəyişib, islam ölkələri XX əsrin ortalarından etibarən öz təbii ehtiyatlarına sahib çıxmağa başlayıb. Konkret olaraq öz ölkəmizi misal çəkə bilərik. Müstəqillik illərinə qədər Azərbaycan öz neftinin və qazının, qiymətli balıq ehtiyatının və digər sərvətinin tam sahibi idimi? Xaricə satılan neft pullarından Bakıya qəpik-quruş çatır, əsas gəliri Moskva mənimsəyirdi. Amma indi ölkəmiz qısa müddət ərzində inanılmaz şəkildə yaxşılığa doğru dəyişib. Təbii ki, bu inkişafda təbii sərvətlərimizin sahibinə çevrilməyimiz başlıca səbəblərdəndir. Eynilə, digər müsəlman ölkələri də öz təbii ehtiyatlarının sahiblərinə çevrildikcə daha çox müstəqil olur və öz inkişaflarının qayğısına qalmağa başlayırlar. Bu isə Qərbə həm siyasi, həm iqtisadi, həm də ideoloji cəhətdən sərf etmir. Bu səbəbdən baş verənlər hamıya məlumdur.

Vaşinqtondakı Con Hopkins Universitetinin politoloqu Coselin Sezari qeyd edir ki, bu, İslamofobiya transatlantik fəaliyyətdir: “Mən Birləşmiş Ştatlar və Avropada eyni başlıqları, eyni mövzu­ları, dəlilləri və rəqəmləri görmüşəm”. Sezari buna misal olaraq Dünya Ticarət Mərkəzinin dağıdılmasından sonra yaxınlıqda məscidin tikilməsinə qarşı çıxış edənlər arasında hollandiyalı siya­sətçi Giyert Vildersi gördüyünü qeyd edir. Sezari həmçinin “İslamafobiya»nın Avropa tərəfindən ixtira edildiyini bildirir. O, hər iki tərəfdən olan ekstremistlərin neqativ stereoptiplərdən istifadə edərək qarşıdurmanı alovlandırdıqlarını və mötədillər işə qarışmadığı təqdirdə situasiyanın pisləşə biləcəyindən narahat olduğunu da xüsusi qeyd edib.

İlk vaxtlar mədəniyyətlərin qarşıdurması kimi qələmə verilən tendensiya əsrimizin əvvəllərindən başlayaraq daha geniş sferaları əhatə etdi və güclü şəkildə siyasətə qovuşdu. Müsəlmanları qorxunc kabusa çevirən siyasi qruplar hakimiyyət uğrunda mübarizədə bu amildən yararlanmağa başladılar. Öz ölkələrində vaxtaşırı baş verən iqtisadi böhranlar zamanı əhalini itaətdə saxlamaq üçün bu faktor siyasi partiyaların işinə yarayırdı. Amma nə vaxta qədər? İqtisadi böhranların siyasi böhrana keçidi baş verəndə isə müharibə son variant kimi ortaya atılır və təbii ki, “müsəlman terrorçular” bunun üçün əsas hədəf seçilirdi. Ölən və dağılan isə müsəlman və onların yaşayış məskənləri idi. İraq, Liviya, Suriya, Əfqanıstan və onlarla İslam ölkəsinin aqibəti buna misaldır. İndiyədək xəyali İŞİD dövlətinin strukturu və hərbi gücü heç kimə məlum deyil. Ancaq o yaşayır və döyüşə-döyüşə dağıdır. Min illərlə mövcud olan dövlətlərdə bu güc yox­dur. Üstəlik, dünyaya meydan oxuyan, böyük xalqlara “ağalıq» edən supergüclər İŞİD-ə qalib gələ bilmir. Ancaq lazım gələndə, nədənsə, 15 ildir terrorlarda üzülən İraq dövlətinin qoşunları qısa müddətdə İŞİD-in nəfəsini kəsir. Bizlərdə deyilən kimi, bütün bu işlərdə “ingilis barmağı” var.

Diqqətlə təhlil olunsa, indi Qərbdə islamofobiyanın təsiri ilə əks proses gedir. Avropa ölkələrində və ABŞ- da daxili çətinliklər və problemlər sürətlə üzə çıxır. Bunlar sadəcə, gündəlik problem deyil. Uzun müddət sarsıntılar yaradacaq fəlakətlərdir. Avropada yeni müharibələr başlaya və əldə edilmişlər məhv edilə bilər. Və münəccimlik olmasın, bu təhlükəli prosesin qarşısı yalnız islam ideologiyasının gücü ilə alına bilər. Bu fikir təbliğat deyil, yalnız Quranın orijinalında təbliğ olunan sülh sxemidir. Çünki islam- sevgi, şəfqət, sülh, qardaşlıq, sənət, mədəniyyət, müasirlik, təmizlik, nəciblik kimi ən inkişaf etmiş və ən keyfiyyətli həyat səviyyəsini və ən üstün əxlaqi xüsusiyyətləri müdafiə edir.