Azərbaycan.-2017.-24 oktyabr.-233.-S.1-2.

 

Azərbaycan Şərq ilə Qərb arasında etibarlı dostluq və əməkdaşlıq körpüsü olmağa qadirdir

 

Ölkəmizin D-8-in üzvü olması zamanın tələbidir

 

Bahadur İmanquliyev

 

Müsəlman dövlətlərinin İqtisadi Əməkdaşlıq Təşkilatı D-8-in İstanbulda keçirilən 9-cu sammitində Bakının Şərqin Cenevrəsinə çevrilmək ehtimalı bir daha təsdiqini tapdı. IX Zirvə görüşü ilə D-8 təşkilatı fəaliyyətinin 20 illik dövrünü əhatə edən birinci mərhələsinə yekun vurdu, yeni hədəfləri və fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Diqqətçəkən məqamlardan biri Azərbaycanın bu qurumda təmsilçiliyinin yaxın gələcəkdə reallığa çevrilməsi oldu.

Əvvəlcə onu qeyd edək ki, D-8 Türkiyənin keçmiş Baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü əsasında 22 oktyabr 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında yaradılmışdır. D-8 15 iyun 1997-ci il tarixində ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə İstanbulda rəsmi olaraq toplanmış, bu il iyunun 15-də isə yenə də Türkiyənin həmin şəhərindəki, Çırağan Sarayında 20 illik yubileyini qeyd etmişdir.

Münaqişələr əvəzinə sülh, mübahisələr əvəzinə dialoq, istismar əvəzinə kooperasiyalar, ikili standartlar əvəzinə hüquq, zülm əvəzinə demokratiya, diskriminasiya əvəzinə hüquqi bərabərlik təşkilatın söykəndiyi əsas prinsipləridir. Birinci sammitə 1997-ci ildə Türkiyə, ikinciyə 1999-cu ildə Banqladeş, üçüncüyə 2001-ci ildə Misir, dördüncüyə 2004-cü ildə İran, beşinciyə 2006-cı ildə İndoneziya, altıncıya 2008-ci ildə Malayziya, yeddinciyə 2010-cu ildə Nigeriya, səkkizinciyə isə 2012-ci ildə Pakistan evsahibliyi etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev IX Zirvə görüşündəki çıxışında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana tədbirə dəvət və göstərilən qonaqpərvərlik üçün təşəkkürünü bildirərək xatırlatdı ki, 2015-ci ilin noyabr ayında Antalya şəhərində Böyük iyirmilərin Zirvə görüşünə də Azərbaycan dəvət edilmişdi: Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun bariz nümunəsidir.

Siyasi şərhçilər belə hesab edirlər ki, Azərbaycan Prezidentinin oktyabrın 20-də İstanbulda inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Əməkdaşlıq yolu ilə imkanları artırmaq devizi altında keçirilən görüşündə xüsusi qonaq qismində iştirak etməsi dövlətimizin dünyadakı nüfuz və rolunun getdikcə artmasının bariz nümunəsi kimi qiymətləndirilməlidir.

Ölkəmizin bu tədbirdə yer alması belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan Ermənistan tərəfindən uzun sürən ağır münaqişəyə cəlb edilsə belə, dünyada gedən proseslərdən bir sıra müsəlman ölkələri kimi təcrid olunmamış, mürəkkəb münaqişənin ağır fəsadlarını çevikliklə aradan qaldırmış, işğalçını neytrallaşdırmış, beynəlxalq gücünü və nüfuzunu nəzərəçarpacaq dərəcədə artıra bilmişdir.

Azərbaycan Prezidenti sammitdəki çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq tədbir iştirakçılarına ətraflı məlumat verdi. Ermənistanın 25 ildən artıq Azərbaycanın tarixi torpaqlarını - Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal etdiyini diqqətə çatdırdı, həmin ərazilərdə etnik təmizləmə siyasətinin aparıldığını, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 1992-ci ildə isə Ermənistanın Xocalı soyqırımını törətdiyini bildirdi. BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməyə, eyni zamanda Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər beynəlxalq təşkilatların qəbul etdiyi analoji qətnamələrə işğalçı Ermənistanın məhəl qoymadığını diqqətə çatdıran dövlət başçısı bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Onu da qeyd edək ki, Azərbaycan Prezidentinin işğalçı Ermənistana qarşı bu cür sərt və kəskin çıxışı, işğalçı dövlətin mahiyyət etibarilə bütün müsəlman dövlətləri üçün təhlükə mənbəyi olmasını bildirməsi xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın İslam həmrəyliyinə ciddi önəm verdiyini, 2017-ci ilin Azərbaycanda İslam həmrəyliyi ili elan olunduğunu da nəzərə çarpdırmışdır. Dövlət başçısı vurğulamışdır ki, müstəqilliyinin bərpasının 26-cı ildönümünü qeyd edən Azərbaycan 2004-cü ildən başlayaraq iqtisadiyyatını 3 dəfədən çox artırmış, 2 milyona yaxın iş yeri açmış, yoxsulluğu 5 faizədək azalda bilmişdir.

Valyuta ehtiyatlarımız ölkənin ümumi daxili məhsuluna bərabərdir. Xarici dövlət borcu ümumi daxili məhsulun 20 faizindən azdır. Azərbaycanın bu uğurları beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunur. Davos İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətliliyi üzrə builki hesabatında Azərbaycan 35-ci yeri tutub. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz müsəlman dövlətləri üçün bənzərsiz bir nümunəyə çevrilir və D-8-in üzvləri ilə bir sırada durmağa mənəvi haqqı çatır.

Türkiyə Prezidenti Ərdoğan da toplantıda çıxışında bildirdi ki, D-8-ə yeni üzvləri qəbul etməyə ehtiyac var: Bizlər, D-8 üzvləri 3 qitəyə hakim vəziyyətdəyik. Zəngin təbii ehtiyatlarımız, gənc, dinamik bir əhalimiz var. Adambaşına düşən milli gəlir də orta hesabla yüksəkdir. Təbii ki, bu da yetərli deyil. D-8-in daxili ticarət dövriyyəsinin həcminin 500 milyard dolları aşacağına inanıram. Müdafiə sənayesi başda olmaqla bir çox sahələrdə ortaq layihələrimiz ola bilər. Bir çox sahələrdə əməkdaşlıq üçün potensialımız var. Təşkilatımıza yeni üzvlər qazandırmağımıza ehtiyac var. Milli və yerli valyuta ilə ticarət etsək, ölkələrimiz qazanar. Mübadilə mərkəzi yaratmaq üçün mərkəzi banklarımızı bir araya gətirməliyik.

Türkiyə Prezidentinin D-8-in genişləndirilməsi ilə bağlı fikirləri artıq dünya KİV-nin manşetlərinə çıxarılır, siyasi şərhçilər və iqtisadi ekspertlər isə Azərbaycanın D-8-ə üzvlüyünün Şərqin özü üçün zərurət olduğunu vurğulayırlar. Onların gəldiyi ümumi qənaət belədir ki, ərəb inqilabları ilə əlaqədar regionda yaranmış mürəkkəb geosiyasi şəraitdən sonra Azərbaycanın D-8-ə üzv olması bir tərəfdən zəruridir, digər tərəfdən də belə bir addım sabitliyə və sülhə xidmət edə bilər.

Honkonq Çinlə Qərb arasında necə körpü rolunu oynayırsa, Azərbaycanda müsəlman ölkələri ilə Qərb, Cənubla Şimal arasında möhtəşəm körpü rolunu oynamağa qadirdir. Azərbaycanın Rusiya ilə Türkiyə arasındakı uğurlu barışdırıcı missiyası, əksər nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçməsi həqiqətən də Azərbaycanı güclü və nüfuzlu siyasi oyunçuya çevirir. Ən azından Azərbaycanın D-8-ə üzvlük məsələsi nə qədər yaxın gələcəkdə həll olunarsa, bir o qədər də çox müsəlman Şərqi ilə Qərb arasında siyasi və iqtisadi əlaqələr fəallaşacaq, sülhə yeni yollar açılacaq.

Sammitdəki çıxışında Prezident İlham Əliyev başqa vacib məqamlara da toxunmuş, ölkəmizdə müsəlman dövlətləri üçün əhəmiyyət kəsb edən islahatların geniş spektri haqqında ətraflı məlumat vermişdir. Azərbaycanın beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu, tərəfdaşlarla birlikdə Cənub qaz dəhlizi layihəsini icra etdiyini bildirmişdir. Tezliklə rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu isə Avropa ilə Asiya arasında ən qısa yol olacaq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr də qoyur. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açır.

Azərbaycanın bu təşkilata üzv olması D-8-in daha da güclənməsinə xidmət edə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə İslam və Qərb dünyası arasında yaxınlaşma kursu yeridilir. Sinqapurdan necə bütün dünyanın maliyyə yolları keçirsə, Azərbaycan tolerantlığı da islam və xristian dünyaları arasında bənzərsiz və unikal körpüdür.