Respublika.-2017.-22 oktyabr.-231.-S.5.

 

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının tarixindən: Aslan bəy Kriçinski və Xüsusi Komissiyanın fəaliyyəti

 

Həsən Həsənov,

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 may 2017-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalamışdır. Həmin sərəncama əsasən Cümhuriyyətin yubileyinin Azərbaycan Respublikasında dövlət səviyyəsində qeyd edilməsi qərara alınmışdır. Aşağıdakı məqalə Sərəncamdan irəli gələn vəzifələrlə bağlı Cümhuriyyətin milli arxiv tarixinin daha dərindən öyrənilməsinə həsr edilmişdir. Məqalə işlənilərkən Azərbaycan Respublikası Dövlət Tarix Arxivində mühafizə olunan 524 -li Fondun arxiv sənədlərinə və görkəmli tatar alimi, tarix elmləri doktoru Dilara Usmanovanın Litva Xüsusi Arxivində apardığı araşdırmalar üzrə materiallara istinad edilmişdir.

Bildiyimiz kimi, Rusiya imperiyasında baş vermiş iki inqilab bu imperiyanın tərkibində yaşayan bir sıra xalqlara öz müqəddəratlarını təyin etmək üçün tarixi imkan yaratdı. Bu fürsətdən istifadə edən Zaqafqaziya xalqlarının nümayəndələri 1918-ci ilin fevralın 23-də Zaqafqaziya Seyminin yaradılmasını elan etdilər. Lakin 1918-ci ilin mayında Zaqafqaziya hökuməti süquta uğradı. Zaqafqaziya Seymində təmsil olunmuş müsəlman fraksiyasının nümayəndələri Azərbaycan Milli Şurasının yaradılmasını elan etməklə Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürdülər.

Azərbaycan Respublikası Dövlət Tarix Arxivində mühafizə olunan arxiv sənədləri bizi maraqlı bir soyadla Lev (sənədlərdə əsasən Aslan bəy kimi yazılıb) Konstantinoviç Kriçinski ilə tanış edir və onun Cümhuriyyət Hökumətinin İşlər İdarəsinin dəftərxana direktoru vəzifəsində, həmçinin, Xarici İşlər Nazirliyi yanında Zaqafqaziyanın müsəlman əhalisinə qarşı rus siyasətinə dair sənədli materialların toplanması məqsədilə yaradılmış Xüsusi Komissiyanın sədri kimi fəaliyyəti barədə geniş məlumat almağa imkan verir.

Sənədlərdən məlum olur ki, Kriçinskilər Polşa-Litva tatarlarının tarixində xüsusi iz qoymuş qədim kökə malik bir nəsildir. Məlumatlara görə, 1410-1411-ci illərdə Qızıl Orda xanlığından çıxmış Neman bəy Litvaya gəlmişdir. Onun oğlu Konrad burada knyaz tituluna qədər yüksəlmiş və özünə bağışlanılmış Krıçan kəndinin adını sonradan soyad kimi qəbul etmişdir. Bu soyada malik şəxslərdən xüsusi nailiyyət qazananlardan biri də Aslan bəy Kriçinskinin atası Konstantin İliç Kriçinski olmuşdur. K.Kriçinski çar ordusunda zabit kimi xidmət etmiş, rus-türk, rus-yapon müharibələrində iştirak etmiş, general-leytenant rütbəsində istefaya çıxaraq yaşamaq üçün Varşavaya köçmüşdür. Onun Mariya Matveyevna Axmatoviçlə nikahından üç oğlan uşağı dünyaya gəlmişdir ki, onların da ikisinin - Olqerd və Levin (Aslanın) taleləri Azərbaycan Cümhuriyyət Respublikasının tarixi ilə sıx əlaqəli olmuşdur.

Arxiv sənədlərindən məlum olur ki, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 7 may 1919-cu il tarixli iclası Lev (Aslan bəy) Konstantinoviç Kriçinskinin Cümhuriyyət Hökumətinin İşlər İdarəsinin dəftərxana direktoru vəzifəsinə təyin olunması barədə qərar qəbul etmiş və 8 may 1919-cu il tarixli 17 nömrəli əmri ilə Cümhuriyyət Hökumətinin İşlər İdarəsinin direktoru vəzifəsinə təyin olunmuşdur.

Məlumdur ki, Azərbaycan Cümhuriyyət Hökumətinin 31 avqust 1918-ci il tarixli qərarı ilə Xarici İşlər Nazirliyi yanında yaradılan Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətində yaranan və tədqiqat üçün toplanan materiallar həmin dövrdə ölkəmizdə erməni daşnakları tərəfindən törədilmiş soyqırım aktının, onun acı nəticələrinin öyrənilməsi və dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanın haqq səsinin tarixi faktlar və sübutlar əsasında beynəlxalq tribunalardan səsləndirilməsində müstəsna əhəmiyyət kəsb etmişdir.

Aslan bəy 17 sentyabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin xarici işlər nazirinə məktubla müraciət edir. Aslan bəy qeyd edirdi ki, bu, Azərbaycan türklərinin milli özünüdərkində, öz müqəddəratlarının təyin edilməsində böyük əhəmiyyətə malik olmaqla yanaşı, nəinki Azərbaycanın ictimai dairələrinə, həmçinin Qərbi Avropanın və Rusiyanın demokratik qüvvələrinə imperiyanın müsəlman əhalisinə qarşı yürütdüyü dəhşətli siyasətin acı nəticələrinin çatdırılmasını təmin edəcəkdir. A.Kriçinski qeyd olunan məktubda bu məqsədlə qubernatorların, Quberniya idarələrinin, Jandarma idarələrinin, Hərbi əks-kəşfiyyat idarələrinin, Qafqaz Namestnikinin (canişinin) dəftərxanalarında saxlanılan arxiv sənədlərini tez bir zamanda sistemləşdirərək iş halında formalaşdırmaqla toplanmasını vacib hesab edir.

A.Kriçinski məktubunda xarici işlər nazirini məlumatlandırır ki, o, Krım Respublikasında işlədiyi dövrdə bu istiqamətdə çalışmış, 2-3 ay ərzində 3 cildlik toplu üçün materiallar toplaya bilmişdir.

Arxiv sənədlərindən məlum olur ki, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Aslan bəyin bu müraciətinə laqeyd qalmır. Xarici işlər nazirinin 13 oktyabr 1919-cu il tarixli 59 nömrəli əmri ilə Xarici İşlər Nazirliyi yanında Zaqafqaziyanın müsəlman əhalisinə qarşı rus siyasətinə dair arxiv sənədlərinin toplanması məqsədilə Xüsusi Komissiya yaradılır. Komissiyanın sədri Aslan bəy Kriçinski, üzvləri Əli Yusif, Məhəmməd bəy Ağayev və Kərim Sulkeviç təyin edilir.

Xüsusi Komissiyanın ilk iclası Aslan bəy Kriçinskinin sədrliyi və üzvlər Əli Yusif, Məhəmməd bəy Ağayev və K.Sulkeviçin iştirakı ilə 14 oktyabr 1919-cu ildə keçirilir.

Xüsusi Komissiya ilk növbədə Bakı və Gəncə quberniyalarında yerləşən idarələrdən Zaqafqaziya müsəlmanlarının maariflənməsinə və mədəniyyətinə qarşı, onların dini zəmində sıxışdırılması, sünni və şiələr, erməni və tatarlar arasında dini və milli zəmində düşmənçiliyin qızışdırılması, müsəlman əhalisinin silahsızlaşdırılması, hərbi mükəlləfiyyət və müsəlmanlara qarşı iqtisadi siyasət və digər məsələlərə dair rus siyasətini özündə əks etdirən sənədlərin toplanılmasını zəruri hesab edir.

Xüsusi Komissiyanın sədri 12 yanvar 1920-ci il tarixdə Xarici İşlər Nazirliyinə ünvanladığı məktubunda göstərir ki, Komissiya Zaqafqaziya müsəlmanlarına qarşı rus siyasətinə dair 4 cild həcmində arxiv materialları toplamış və doqquz bölmə üzrə sistemləşdirərək çap üçün hazırlamışdır. Məktubda sənədlərin Bakı və Gəncə quberniyalarının ərazisində yerləşən idarələrin arxivlərindən toplanıldığı və aşağıdakı mövzular üzrə qruplaşdırıldığı bildirilir:

1) Milli hərəkata qarşı mübarizə,

2) maariflənmə və mədəniyyətə qarşı mübarizə,

3) dini sıxışdırma,

4) Milli münaqişələrin yaradılması,

5) immiqrasiya,

6) müstəmləkələşdirmə,

7) hərbi mükəlləfiyyət,

8) əhalinin müflisləşdirilməsi üzrə iqtisadi siyasət,

9) İnzibati-polis qəyyumluğu.

Aslan bəy məktubunda bu materialların Hökumət mətbəəsində çap etdirilməsinə razılıq verilməsini xahiş etmişdir. O, həmçinin Quberniya arxivlərində arxeologiya və hüquq sahələrinə aid qiymətli çap materiallarının (kitablar) aşkar edildiyi, Bakı quberniya idarəsinin arxivində Petroqrad hərbi-tarix muzeyinə aparmaq üçün 1914-cü ildə rus hökuməti komissiyası tərəfindən yığılmış kitabların məhv olmaq təhlükəsindən xilas edilərək Ədliyyə Nazirliyinin kitabxanasına siyahı üzrə təhvil verildiyi, arxivlərdə sənədlərin olduqca pis vəziyyətdə saxlanılması barədə Nazirliyi məlumatlandırmışdır.

Komissiyanın üzvü Məhəmməd bəy Ağayevin 24 yanvar 1920-ci ildə daxili işlər nazirinə ünvanladığı məktubda Xalq Maarif Nazirliyi yanında arxeologiya şöbəsinin yaradılmasının Azərbaycan Respublikasının mədəni və tarixi həyatında böyük addım olduğunu bildirir. O, məktubunda göstərir ki, hazırda o xalqlar müstəqillik və azadlıq hüququnu qazanır ki, onlar tarixi sənədləri və mədəni fəaliyyətləri ilə bunu sübut edə bilsin: Bizim tariximizin, arxeoloji materiallarımızın zənginliyi bunu sübut etməyə imkan verəcəkdir. Arxeoloji baxımdan tarixçilərin apardığı dövrləşmələr üzrə (daş, tunc, dəmir dövrü) ölkəmizin tarixini öyrənsək, görərik ki, bizim vətənimiz insan sivilizasiyasının mədəni mərkəzlərindən biri olmuşdur. Bu ərazidən dünyanın böyük xalqları hərəkət edib, burada qüdrətli dövlətlər qurulub, dəhşətli döyüşlər baş verib, nəhayət bu ərazidə mədəni Avropa döyüşkən Asiya ilə üzləşib. Hələ xristianlıqdan əvvəl qədim yunan alimləri Herodot, Strabon, Hipokrat və digərləri bütün bu hadisələrin tariximizdə iz qoyduğunu yazmış, burada yaşayan əhalinin qüdrəti və ərazinin zənginliyindən bəhs etmişlər.

Xüsusi Komissiyanın 1919-1920-ci illərdəki fəaliyyətini sənədlər əsasında araşdırarkən məlum olur ki, Aslan bəy Kriçinskinin xahişi ilə Cümhuriyyət Hökuməti Xüsusi Komissiyanın topladığı materialların çapını hökumət mətbəəsinin baş çapçısı Əli Həsən Kazımova etibar etmiş və ona bu məqsədlə Xalq Maarif Nazirliyindən zəruri sayda çap kağızının alınmasına icazə vermişdir.

Xüsusi Komissiya sədrinin 24 mart 1920-ci il tarixli məktubunda isə Zaqafqaziya müsəlmanlarına qarşı rus siyasətinə dair toplanmış materiallar əsasında qısa müddətdə (cəmi altı ay) Oçerki russkoy politiki na okrainax adlı iki toplunun çap olunduğu və digər iki toplunun çap edilməsi üçün materialların sistemləşdirilərək hazırlandığı bildirilmişdir.

Xüsusi Komissiyanın Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsinə ünvanladığı 1920-ci il 30 mart tarixli daha bir məktubunda isə A.Kriçinski 163 ədəd kitabın Komissiya tərəfindən alındığını, digər nüsxələrin hökumətin Azərbaycan nəşriyyatı tərəfindən Nazirliyin İnformasiya şöbəsinə təhvil veriləcəyini və kitabların satışı və paylanması ilə həmin şöbənin məşğul olacağını bildirir. Xüsusi Komissiya onlara verilmiş kitabların təmənnasız olaraq Parlament fraksiyalarının rəhbərlərinə, Parlamentin sədrinə, nazirlərə, diplomatik korpusların rəhbərlərinə paylanılmasını təsdiq edən sənədi Xarici İşlər Nazirliyinə təqdim edir.

Ünvanladığı məktubunda Bakı və Gəncə quberniyalarında yerləşən arxivlərdə sənədlərin bərbad vəziyyətdə saxlanıldığı bildirilir, buna baxmayaraq komissiya üzvlərinin əməyi ilə arxivlərdəki bütün işlərə baxıldığı, onların sistemləşdirildiyi və zəruri məlumatların surətləri çıxarılaraq çapa hazırlanması barədə məlumat verilmişdir. O, həmçinin Tiflis quberniyasında yerləşən arxivlərdə saxlanılan Azərbaycanla bağlı sənədlərin gətirilməsi üçün Gürcüstan Hökumətinə müraciəti vacib hesab etmişdir.

Sənədlərin arasında XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş Difai partiyasının Bakı, Gəncə quberniyalarında, Qarabağda, Şuşa, Cəbrayıl və digər qəzalarda fəaliyyəti barədə tam məxfi qriflə aparılmış yazışmalar, həmin partiya üzvlərinin fəaliyyətinin gizli olaraq izlənilməsini təsdiq edən sənədlər, müsəlman cəmiyyəti arasında nüfuza malik şəxslərin müəyyən edilməsi, onların fəaliyyətlərinin izlənilməsi və təqib olunması, aparılan axtarışlar barədə protokollar, əyalətlərdə yaşayan əhaliyə qarşı çar məmurlarının soyğunçuluq hərəkətləri, Təbrizdəki Səttar xan hərəkatına dəstək olan insanların təqib olunması, sərhəd keçidlərində baş verən haqsızlıqlar, əhalinin silahsızlaşdırılması, Bakı Jandarma İdarəsi rəisinin Bakı və Dağıstan vilayətlərindəki iqtisadi, siyasi vəziyyətlə bağlı hesabatları və dövrün hadisələrini əks etdirən digər sənədlər saxlanılır.

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının siyahısına daxil olan Kriçinski qardaşlarının taleyi faciəli sonluqla bitmişdir. İkinci Dünya Müharibəsinin ilk illərində alman faşistləri tərəfindən Polşa işğal olunduqdan sonra Aslan bəy Kriçinski alman gestapo ordusu tərəfindən həbs edilir və 1939-cu ildə güllələnir.

Xəlil bəy Xasməmmədovla birlikdə Tiflisdə keçirilən konfransda iştirak edən O.Kriçinski Hökumətin süqutu xəbərini eşitdikdən sonra Tiflisdən birbaşa İstanbula getmiş, oradan isə 1920-ci ilin sonunda Polşaya köçmüş və həmin ölkənin vətəndaşlığını qəbul etmişdir.

1939-cu ildə Polşa Respublikasının süqutundan sonra Litvaya köçmüş və bir çox polyaklar kimi Litva vətəndaşlığını qəbul etmişdir. 1941-ci il fevralın 13-də sovet NKVD orqanları tərəfindən həbs olunmuşdur. Müstəntiq ona Bakıdakı fəaliyyəti ilə bağlı daha çox suallar vermişdir. Onun istintaq orqanlarına verdiyi ifadələrdən aydın olur ki, Olqerd Kriçinski iki ay Bakı Məhkəmə Palatasında prokuror işləmiş, daha sonra Cümhuriyyət Hökuməti ədliyyə nazirinin köməkçisi olmuş, 1920-ci ildə Tiflisdə keçirilən üç ölkənin (Azərbaycan, Gürcüstan və Ermənistan) nümayəndələrinin konfransında Azərbaycan Hökumətinin nümayəndəsi kimi iştirak etmişdir. Müstəntiqin bu konfransda hansı məsələlərə baxılması barədə sualına cavabında o bildirir ki, həmin konfransda Azərbaycan-Gürcüstan və Gürcüstan-Ermənistan dövlətləri arasında mübahisəli torpaq məsələsi və Qafqaz konfederasiyasının yaradılması məsələlərinə baxılmışdır. Buna baxmayaraq, SSRİ Xalq Daxili İşlər Komissarlığının (NKVD-nin) repressiya caynağından xilas ola bilməmişdir. Ona 2 may 1942-ci ildə XDİK-nın qərarı ilə ölüm hökmü verilmiş və bir aydan sonra qərar icra olunmuşdur.