Bakı Xəbər.-2017.-20 oktyabr.-188.-S.15.

 

Mahmud Kaşqarinin minillik yubileyi ərəfəsində...

 

Mahmud Kaşqarinin 1000 illik yubileyinin keçirilməsini Mahmud Kaşqari adına Beynəlxalq Fond öz üzərinə götürüb

 

İradə Sarıyeva

 

Ağacəfər Həsənli: Kaşqarinin adını və irsini geniş səviyyədə tanıtmaq istəyirik

Bu medal və diplomlar bizə dəstək olanlara, Kaşqari irsinin təbliğində rolu olan insanlara verilir

 

Azərbaycanda elm, mədəniyyət və ədəbiyyat xadimlərinin, tarixi şəxsiyyətlərin irsini təbliğ edən fondlar fəaliyyət göstərir. Belə təşkilatlardan biri də Mahmud Kaşqari adına Beynəlxalq Fonddur. Divani-lüğət-it türk əsərinin müəllifi Mahmud Kaşqarinin adını daşıyan və onun irsinin bütün türk və islam aləmində təbliğini həyata keçirməkdə olan fondun müşaviri, şair-tərcüməçi, publisist Ağacəfər Həsənli ilə görüşüb fond haqqında, onun indiyə qədər gördüyü işlər, həyata keçirdiyi layihələr barədə danışdıq. 

 

- Ağacəfər müəllim, Mahmud Kaşqari adına Beynəlxalq Fond nə zaman yaradılıb?

- Bu fond təxminən 12 il əvvəl Azərbaycan Yazıçılar Birliyində yaranıb və Birlik sədri, xalq yazıçısı Anar bu təşkilatın ilk fəxri sədri olub, icraçı direktoru isə Elxan Zal Qaraxanlı idi. Bu fondun yaranması şair-tərcüməçi, fondun hazırkı prezidenti Elxan Zal Qaraxanlı və Anar müəllimin birgə təşəbbüsü ilə bağlıdır. Yarandığı gündən indiyə qədər fond ardıcıl fəaliyyət göstərir.

- Fond tərəfindən hansı işlər görülüb?

- Son illər fondun həyatında böyük canlanma müşahidə edilir. Fond yarandığı vaxtdan bir sıra uğurlu işlər həyata keçirib. Bilirsiniz ki, Mahmud Kaşqarinin məşhur Divani-lüğət-it türk əsəri türk dillərinin ensiklopedik lüğətidir, çox möhtəşəm bir yazılı abidədir. Bu lüğət 1000 il bundan əvvəl tərtib edilib. Son illərə qədər bu kitab Azərbaycan dilinə tərcümə olunmamışdı. Mahmud Kaşqari Fondu Divani-lüğət-it türk kitabının tərcüməsini öz üzərinə götürdü və kitab professor Ramiz Əsgər tərəfindən tərcümə edildi və onu nəşr etdik. Özü də Divani-lüğət-it türk dövrün hakim dili olan ərəb dilində yazılıb. R.Əsgər onu Türkiyə türkcəsindən bizim dilə çevirdi. Şübhəsiz ki, bu əsərin tərcümə edilməsi Azərbaycanda çox böyük bir hadisə idi. Kitabın bizim üçün dəyərli cəhətlərindən biri odur ki, 1000 il əvvəl yazılan kitabda Azərbaycanın, Şirvanın adı çəkilir. Kaşqari xəritə tərtib edib və o xəritədə Azərbaycanın adı qeyd edilir. Bizim üçün çox önəmlidir ki, min əvvəl formalaşan bir məxəzdə ölkəmizin adı çəkilir.

Siz təsəvvür edin ki, elə də böyük maddi imkana malik olmayan fond bu əsərin tərcüməsini öz üzərinə götürdü. Mahmud Kaşqari Fondunun güclü maliyyə vəsaiti yoxdur.

- Bəs fondu necə saxlayırsınız?

- Dünya yaxşı insanlardan xali deyil. Bu gün xalqını, dövlətini, mədəniyyətini, ədəbiyyatını sevən, tarixinə böyük dəyər verən vicdanlı insanlar var ki, onlar fondun fəaliyyətinə dəstək göstərirlər. Mahmud Kaşqarinin kitabı olduqca əhəmiyyətli bir kitabdır və ondan bütün türk dünyası bəhrələnir. Bu kitabın son illərə qədər Azərbaycan dilinə tərcümə edilməməsi olduqca mənfi bir hal idi. Çağdaş Azərbaycan dilində işlənən sözlərin təxminən 6-7 faizi həmin lüğətdə öz əksini tapıb.

- Fond tərəfindən daha hansı yaddaqalan, əlamətdar işlər görülüb?

- Qarşıdan gələn il Mahmud Kaşqarinin 1000 illiyidir. Təəssüf ki, indiyə qədər Kaşqarinin doğum tarixi dəqiqləşməyib, tarix təxmini götürülür. Ehtimal var ki, Mahmud Kaşqari Qırğızıstanda İssık-kul gölünün ətrafında doğulub. Amma etiraf edək ki, Kaşqarinin vətəni Çindir. Məlumdur ki, Cənubi Çində Kaşqar vilayəti var, o, Urimçidən 1000 kilometr aralıda yerləşir. Adını təxəllüs götürdüyü Kaşqari vilayətində yaşayıb və qəbri elə oradadır.

- Belə çıxır ki, Mahmud Kaşqari özü haqqında çox az informasiya verib...

- Bəli. Biz istəyirik ki, nə zamansa gedib Mahmud Kaşqarinin qəbrini ziyarət edək. Allah qismət etsə, mütləq Çinə gedib bu dahi şəxsiyyətin məzarını ziyarət edəcəyik. O, əzəmətli bir türk oğludur. 

- Ağacəfər müəllim, səhv etmirəmsə Mahmud Kaşqari adına Beynəlxalq Fond medal və diplom da təsis edib. Bu ödüllərə indiyə qədər kimlər layiq görülüb və qarşıdakı illərdə kimlərin bu mükafatlara sahib olmasını nəzərdə tutursunuz?

- Bəli, bizim fond medal təsis edib və diplomlarımız var. Kaşqarinin adını və irsini geniş səviyyədə tanıtmaq istəyirik. Bu medal və diplomlar bu işdə bizə dəstək olanlara, Kaşqari irsinin təbliğində rolu olan insanlara verilir. Ümumiyyətlə, Türk dünyası üçün böyük işlər görən şəxsiyyətlər də fondun medal və diplomuna layiq görülüb. Mahmud Kaşqari adına Beynəlxalq Fondun medalı ilk olaraq Türkiyə Cumhuriyyətinin sabiq prezidenti mərhum Süleyman Dəmirələ və Türk dünyasının böyük oğlu, qazax şairi-yazıçısı, tərcüməçisi Oljas Süleymenova verilib. Həmçinin Kaşqari medalına akademik İsa Həbibbəyli, kitabın tərcüməçisi, professor Ramiz Əsgər, xalq şairi Sabir Rüstəmxanlı, BDU-nun rektoru Abel Məhərrəmov (Azərbaycan və türk mədəniyyətlərinin inkişafında xidmətlərinə görə),  millət vəkili, yazıçı Hüseynbala Mirələmov layiq görülüblər. Deyim ki, Divani-lüğət-it türk əsəri Hüseynbala Mirələmovun maddi dəstəyi ilə işıq üzü görüb. Kitab 4 cilddən ibarətdir.

Bir neçə il əvvəl Türkiyədən xeyli sayda yazar dəvət etdik və onların fəaliyyətini qiymətləndirərək onlara Mahmud Kaşqari adına Beynəlxalq Fondun təsis etdiyi diplomlar verdik. Əlbəttə, o yazarlar Mahmud Kaşqari irsini öz ölkələrində təbliğ edirlər.

İki il əvvəl Qazaxıstan Respublikasına getdik və orada fondumuz tərəfindən bir sıra elm, ədəbiyyat adamına, tanınmış simalara mükafatlar verildi. Qazaxıstanın xalq yazıçıları Sabit Dosanova, Berik Şaxanova mükafat verdik. Hətta bizim Əbu Nəsir Əl-Fərabi adına Almatı Dövlət Universitetində böyük bir tədbirimiz oldu və həmin tədbirdə adlarını qeyd etdiyim insanlara mükafatlar verdik. Eyni zamanda bir neçə iş adamına da mükafatlar təqdim etdik. Onlardan biri də Axıska türklərinin Qazaxıstandakı lideri Ziyəddin Xasanov idi. Qazaxıstandakı Azərbaycan diasporunun rəhbəri Əbülfəz bəyi də mükafatlandırdıq.

Bu yaxınlarda isə Azərbaycan Yazıçılar Birliyində hüquq elmləri doktoru, professor İlham Rəhimova və xalq yazıçısı Çingiz Abdullayevə Mahmud Kaşqari medalı verildi. Düşünürük ki, böyük rəssamımız, Moskvada yaşayan Tahir Salahova da mükafat verək. 

- Kaşqarinin irsini təbliğ edirsiniz, bu böyük şəxsiyyəti lazımi səviyyədə tanıda bilirsinizmi?

- Çalışırıq ki, Kaşqarini daha çox tanıdaq. Bizim məqsədimiz odur ki, Kaşqarini Azərbaycan cəmiyyətində təbliğ edək. İstəyirik ki, Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi, Mahmud Kaşqarini də bütün insanlar tanısın, belə bir türk oğlunun olması iə fəxr etsinlər. Şərq dünyasında Nizami Gəncəvi, Ömər Xəyyam nə boydadırsa, Mahmud Kaşqari də o boydadır. Kaşqari Nizami və Xəyyam səviyyədədir. Təəssüflər olsun ki, sovet rejiminin sərt qaydaları Mahmud Kaşqarinin təbliğ olunmasına, tanınmasına imkan verməyib. Onu da vurğulayım ki, bir neçə il əvvəl UNESCO tərəfindən Mahmud Kaşqari ilə bağlı genişmiqyaslı tədbir keçirildi.

- Kaşqarinin əsərindən əlaqədar tədqiqat institutlarında istifadə olunub, amma özünün təbliğinə imkan verilməyib. O çox nəhənğ şəxsiyyətdir.

- Əsərindən bir vaxt istifadə edilmişdi... Ümumiyyətlə, Divani-lüğət-it türk itibmiş, təxminən 150 il əvvəl tapılıb. Tapılandan sonra da, demək olar ki, bütün türk xalqlarının dilinə tərcümə olunub. Bu əsər türk və islam abidəsi kimi çox dəyərlidir.

- Fond tərəfindən Türk dünyası üçün əhəmiyyətli olan yazarların əsərləri nəşr edilirmi?

- Bəli. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iki kitabını Avrasiyanın ürəyində və Qazaxıstan yolu kitablarını Elxan Zal Qaraxanlı tərcümə edib. Nəşrlərin redaktoru mən və Elçin Hüseynbəylidir. Fond tərəfindən nəşr edilən kitabın Qazaxıstanda da böyük təqdimatı keçirilib. Fond tərəfindən Mir Cəlal Paşayevin Məhəmməd Füzuli haqqında yazdığı Füzulinin lirikası monoqrafiyası da latın qrafikası ilə nəşr edilib. O monoqrafiya kitab şəklində sovet illərində nəşr edilmişdi, latın əlifbası ilə ilk dəfə çap olundu. Biz, eyni zamanda, müasir qazax şair və yazıçılarının əsərlərindən də nümunələr nəşr edib oxuculara təqdim etmişik.

Xeyli sayda bukletlər çap etmişik. Fondun özünün Ulu çinar dərgisi nəşr olunur. Jurnalın hər dəfə bir sayını Türk dünyası üçün əhəmiyyəti olan şəxsiyyətlərin yubileylərinə həsr edirik.

- Qarşıda görəcəyiniz nə kimi işlər var?

- Əlbəttə, görəcəyimiz işlər, həyata keçirəcəyimiz layihələr çoxdur. Mahmud Kaşqarinin 1000 illik yubileyinin keçirilməsini Mahmud Kaşqari adına Beynəlxalq Fond öz üzərinə götürüb. Biz Kaşqarinin 1000 illiyi ilə bağlı ali məktəblərdə, aidiyyəti qurumlarda görüşlər keçirməyi planlaşdırırıq. Fond Hüseynbala Mirələmovun ulu öndər Heydər Əliyev haqqında yazdığı kitabı qazax dilinə tərcümə etdirib, gələn il mayın 10-a qədər çap etdirəcəyik. 2018-ci ildə Kaşqari ilə bağlı bizim silsilə tədbirlərimiz olacaq. Hələ tədbirlər planı üzərində işləyirik. Keçən il Türkiyədə fondun böyük bir tədbiri keçirilməli idi, lakin qardaş ölkədə baş verən məlum hadisəyə görə tədbir təxirə salındı. 

- Yəqin ki, yubiley ili çərçivəsində bir sıra qurumlarla müştərək tədbirlər də keçirərsiniz?

- Bəli. Bizim Azərbaycan Milli Elmlər Akademiyasının N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir neçə tədbirimiz olub. Çox nüfuzlu şəxslər fondun idarə heyətinin üzvüdür. Onlardan biri də akademik İsa Həbibbəylidir. Tədbirlərimiz adətən Ədəbiyyat İnstitutunun zalında keçirilir.

- Fondun ofisi Azərbaycan Yazıçılar Birliyində yerləşir?

- Bəli, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Elxan Zal Qaraxanlı orada oturur.

- Türk respublikaları ilə əlaqələriniz hansı formada qurulub?

- Fondun görəcəyi işlərdən və qarşıya qoyduğu məqsədlərdən biri odur ki, türk dövlətləri, muxtar respublikaları arasında etibarlı bir körpü rolu oynasın. Biz türk xalqları arasında mədəni, tarixi, mənəvi tellərin daha da möhkəmlənməsi üçün işlər görmək istəyirik. Biz Rusiya tərkibində olan muxtar respublikalarla da əlaqə saxlamaq istəyirik. Başqırdıstan Respublikası, Altay Respublikası, Tatarıstan Respublikası, Saxa Respublikası, Çuvaş Respublikası, Tuva Respublikası, Xakasiya Respublikası və s. ilə əməkdaşlığımız vacibdir. Bunun böyük faydası olar. Moldovadakı qaqauzlarla da mədəni-ədəbi körpü qurmaq niyyətindəyik. Orada onların muxtar respublikası var. Qaqauzlar Yıldız jurnalı dərc edir. O jurnal bizim Ulduz jurnalına bənzəyir. Planlarımız böyükdür. Bunların hamısını həyata keçirməyi düşünürük.