Respublika.-2017.-20 oktyabr.-229.-S.4.

 

Müstəqilliyimiz əbədi və dönməzdir

 

Rüstəm Xəlilov,

Milli Məclisin deputatı, Regional Məsələlər Komitəsinin üzvü.

 

Dövlətimiz müstəqilliyin verdiyi imkanlardan qısa zaman kəsiyində bacarıqla bəhrələnərək bu gün dünyanın ən dinamik inkişaf tempinə yiyələnən ölkələr sırasına çıxıb. Müstəqillik hər bir xalqın tarixində onun özünüifadəsinin və özünütəsdiqinin ən ümdə əlaməti kimi səciyyələndirilir. Fəxrlə demək olar ki, qazanılan nailiyyətlər baxımından bu gün ölkəmiz əslində dünya üçün bir nümunəyə çevrilib.

28 may 1918-ci ildə Şərqdə ilk Demokratik Respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının elan edilməsi Azərbaycan xalqının müstəqilliyə və milli azadlığa qovuşması uğrunda apardığı gərgin mübarizənin məntiqi nəticəsi olmuşdur. Lakin o zaman müxtəlif xarici müdaxilələr, daxili çəkişmələr, müvafiq lazımi beynəlxalq təminatların olmaması səbəbindən Azərbaycan Demokratik Respublikası cəmi 23 ay fəaliyyət göstərmişdir. Fəaliyyətdə olduğu müddətdə Azərbaycan Demokratik Respublikasının Milli Hökuməti iqtisadi, siyasi, sosial, mədəni, təhsil və bir çox digər sahələrdə ciddi irəliləyişlər əldə etmişdir. Azərbaycanın dövlət atributları qəbul edilmiş, ilk parlament fəaliyyətə başlamış, milli valyuta olan manat dövriyyəyə buraxılmışdır.

XX əsrin sonlarında beynəlxalq aləmdə və sovetlər ittifaqında yaranan əlverişli vəziyyət xalqımıza qəlbində yaşatdığı müstəqillik arzularını yenidən reallaşdırmaq imkanı verdi. Bu, xalqımızın siyasi tarixində həmin əsrdəki ikinci parlaq qələbəsi idi. 1991-ci ildə sovet imperiyasının süquta uğraması nəticəsində digər müttəfiq respublikalar kimi, Azərbaycan da özünün dövlət müstəqilliyinə nail oldu. Amma digər ölkələrdən fərqli olaraq respublikamızı bu müstəqilliyə, azadlığa aparan yollarda qanlar töküldü, şəhidlər verildi. Lakin hələ buna qədər - 1990-cı il iyulun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı muxtar respublikadan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına səbəb olmuşdur. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, Azərbaycanı müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin-bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi.

Azərbaycan Ali Soveti Heydər Əliyevin cəsarətlə başladığı müstəqillik mübarizəsinə təxminən 10 ay sonra hüquqi müstəvidə münasibət bildirdi. Belə ki, 1991-ci il avqustun 30-da ali qanunverici orqanın xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul edildi. Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.

Fəqət, müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də məhv olmasına gətirib çıxaracaqdı. 1991-1993-cü illərdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə, ölkəni dünyada gedən proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər. Bütün bunlar isə nəticə etibarilə dövlət müstəqilliyinin məhvinə aparırdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi.

Belə bir ağır vəziyyətdə Azərbaycan xalqının tələb və istəyi ilə hakimiyyətə gələn xalqımızın böyük oğlu Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən, təhdidlərdən xilas etdi.

1993 - cü ilin may - iyununda dövlət böhranının, hakimiyyətsizliyin, başıpozuqluğun kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı, bu əsl mənada milli hərəkata çevrildi. Azərbaycanın ozamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməli oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də xalqımızın böyük əksəriyyətinin iradəsi ilə Heydər Əliyev Azərbaycan Prezidenti seçildi. Oktyabrın 10-da andiçmə mərasimində Heydər Əliyev xalqa müraciət etdi: Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər mənə bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk illərdən etibarən iqtisadi inkişaf konsepsiyası hazırlandı, ölkədə ənənəvi təsərrüfat sahələrinin səmərəliliyi bərpa edilməklə yanaşı, yeni-yeni istehsal sahələrinin yaradılması yönümündə çoxşaxəli fəaliyyətin əsası qoyuldu, sənaye bazasının genişləndirilməsi və müasirləşdirilməsi nəticəsində Azərbaycanın iqtisadi potensialı gücləndi. Bu dövrdə idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsinə, norma və qaydalara ciddi əməl edilməsində, kənd təsərrüfatının inkişafında yüksək göstəricilərin qazanılmasına nail olmaqla yanaşı, azərbaycançılıq məfkurəsinin, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün dəyərli işlər görüldü.

Ümummilli lider ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. Ulu öndərin genişmiqyaslı fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi böhranın aradan qaldırılması və tərəqqinin təmin edilməsi, Azərbaycanda iqtisadiyyatın artım meyillərinin başlanması, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi dünya iqtisadiyyatına inteqrasiya prioritet istiqamətlər idi.

Onun ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyasına, iqtisadiyyatın dirçəlişi strategiyasına və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik keçid yoluna qədəm qoyuldu. Məhz Heydər Əliyev öz dühası ilə Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər edərək, müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail oldu. İlk növbədə, hakimiyyət boşluğu aradan qaldırıldı, separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar dəstələr cəmiyyətdən təcrid edildi.

Ölkənin nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı tədbirlər həyata keçirildi. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu... Əsası Ulu öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirildi. Bütün komponentlərdə düşməni üstələyən Silahlı Qüvvələrimiz düşmən təxribatının qarşısını qətiyyətlə alır və dünyaya Azərbaycan ordusunun qüdrətini nümayiş etdirir. Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı.

Heydər Əliyevin uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyimizin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi. Ulu öndərin rəhbərliyi ilə başlanan islahatlar nəticəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı.

Xalqın istək və arzusu ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən siyasət Azərbaycanın müstəqil dövlət kimi dünya birliyi sıralarına öz adını yazmasını təmin etdi. Əsl müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Bütün bunlar isə böyük tarixi nailiyyətlərdir.

Hər bir liderin dövlət idarəçiliyində qazandığı uğur və nailiyyətləri şərtləndirən başlıca amillərdən biri də ciddi təmələ söykənən siyasi varislik ənənələrinin qorunmasıdır. Söhbət ölkənin və dövlətin sabit, dinamik inkişafının təkamül yolu ilə davam etdirilməsi xəttinin etibarlı şəkildə qorunmasından gedir. Bu baxımdan ulu öndərin böyüklüyü həm də ondadır ki, güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lideri, layiqli davamçısını yetişdirmişdir. Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş cənab İlham Əliyev öz siyasətini bu ənənəyə uyğun qurur.

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Məhz Heydər Əliyev neft strategiyasının nəticəsi kimi təzahür edən 1994-cü ildə Əsrin müqaviləsinin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan verdi və Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Bu müəyyənləşmə Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada liderə çevrilməsi, iqtisadi sahədə keçid dövrünün faktıdır. Bazar münasibətlərinə əsaslanan iqtisadi islahatların həyata keçirilməsi, sahibkarlığın inkişafının stimullaşdırılması, müvafiq təkmil qanunvericilik bazasının yaradılması və hüquqi vəsilələrin işə salınması ölkə iqtisadiyyatına xarici sərmayələrin axınını reallaşdırdı.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir. Azərbaycan insanının güzəranı gündən-günə yaxşılaşır, şəhər, kənd və qəsəbələr abadlaşır, respublikamızda işsizlik, yoxsulluq kimi ağır sosial bəlalar artıq həllini tapır.

Prezident İlham Əliyev dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Dövlət başçısı xalqı Heydər Əliyev ideyaları ətrafında toplayır, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin başa çatdırmamış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bu gün hər bir azərbaycanlı dərk edir ki, həmin ideyalar yaşayır və bizi xəyallarımızda yaşatdığımız tam demokratik, qüdrətli Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında mühüm vəzifələr gözləyir.

Müstəqil Azərbaycan Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni uğurlara doğru inamla irəliləyir. Ulu öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir, onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın XX əsrin əvvəllərində itirilmiş müstəqilliyi bu gün Heydər Əliyev siyasi kursu sayəsində əbədi və dönməzdir.