Respublika.-2017.-19 oktyabr.-¹228.-S.7.

 

İslam Həmrəyliyi və media

 

İradə Ələsgərova,

Əməkdar mədəniyyət işçisi

 

XXI əsrin başlanğıcında ictimai rəyi formalaşdıran əsas vasitə kimi təşəkkül tapmış informasiyanın təsir dairəsi müasir texnologiyaların inkişafı ilə paralel dəyişib daha da genişləndi. Gürcüstan, Ukrayna, ərəb ölkələri və İraqda baş verənlər bir daha təsdiqlədi ki, informasiya mütəşəkkil bir ordunun görə bilməyəcəyi işi görüb bütöv regionları çalxalaya, istənilən ölkədə hakimiyyətlə xalqı üz-üzə qoyub dövlətçiliyə təhlükə yarada bilər.

Dünyanı hörümçək toru kimi sarmış beynəlxalq təşkilatlar şəbəkəsi hər keçən gün bizi bir qütbdən idarəedilən vahid sistemliliyə aparan yolun sonuna bir az daha yaxınlaşdırır. Azad olmayan ölkələrə demokratiya gətirmək üçün hazırlandığı iddia olunan, meydana gəlməsində siyasi, iqtisadi faktorlarla yanaşı, dini faktorun da az rol oynamadığı “ərəb baharı” Qərb ssenarisi əsasında ABŞ-da hazırlanmış Böyük Yaxın (yaxud Orta) Şərq Layihəsinin tərkib hissəsidir.

Təbliğat maşınını işə salıb dini təriqətçiliyi qızışdırmaqla Bəhreyn və Qətərdə sünni və şiələri, Səudiyyə Ərəbistanında ayrı-ayrı tayfa və dini təriqətləri, Türkiyədə sünni və ələviləri bir-birinə qarşı qoyub məsələni siyasiləşdirənlər kürd faktorundan da istifadə edib Suriya, İraq, İran və Türkiyədə vəziyyəti gərginləşdirməyə çalışırlar. Baş verənlərin demokratiya ilə əlaqəsi olmadığını, ABŞ-ın keçmiş dövlət katibi Kondoleza Raysın — “layihə Mərakeşdən Çin sərhədinə qədər 22 ölkənin siyasi və iqtisadi coğrafiyasını dəyişəcək” sözləri də təsdiqləyir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov da MDB ölkələri təhlükəsizlik orqanları rəhbərlərinin görüşündə sıralarında 100-dən çox xarici ölkədən muzdlular olan “İŞİD” və “Əl-Nusra”ya yeni qəbul olunanların Suriya, İraq və həmsərhəd dövlətlərin ərazisində təlim keçdiklərini, Afrika, Avropa və Cənub-Şərqi Asiya ölkələrində olan regional terror təşkilatları rəhbərlərinin də “İŞİD”ə sədaqət andı içdiklərini qeyd etməklə, əslində, ikili standartlar siyasəti yürüdüb maraqlarını “terror taranı”nın köməyi ilə reallaşdıran güc mərkəzlərini göstərib, “İŞİD”i gücləndirənlərin ünvanını nişan verdi.

Məsələnin kökündə isə, ilk dəfə əhalinin sayının həndəsi, resursların ədədi silsilə ilə artdığını deyən ingilis iqtisadçısı Tomas Maltusun (1766-1834) resurs məhdudluğu ilə bağlı xəbərdarlığı dayanır. ABŞ Baş Kəşviyyat İdarəsinin polkovniki Alen Dalles (1893-1963) idarəetmə mexanizmlərini araşdırıb bu qənaətə gəlir ki, dünya iqtisadiyyatının rıçaqları 300 varlı ailənin (“300-lər Komitəsi”) əlində cəmlənib. Elmi-tədqiqatlara yekun vurulanda məlum olur ki, təbii ehtiyatlar yanız 1 mild. insanın normal yaşayışını təmin edə bilər. Onda növbəti 100 ildə yer kürəsində əhalinin sayını bir milyarda çatdırmalı olan “qızıl milyard” layihəsi meydana gəlir. ABŞ, Kanada, Qərbi Avropa, İsrail və Yaponiya əhalisinin daxil olduğu bu milyardın tərkibində Şərqi Avropa və Asiyanın digər dövlətlərinə və MDB əhalisinə yer ayrılmırdı.

FTX-nin rəhbəri Alen Dalles, hələ 1945-ci ildə “Amerikanın müharibədən sonrakı dövrdə SSRİ-yə qarşı həyata keçirməli olduğu doktrina ilə bağlı düşüncələrim” kitabında yazırdı:

- insan beynində anlayışların yerini dəyişmək yolu ilə xaos yaratmaq, mənəvi dəyərləri uydurulma dəyərlərlə əvəz edib insanın bu yeni, saxta dəyərlərə tapınmasına nail olmaq olar;

- teatr, kino və ədəbiyyat nümunələrində qəddarlıq, satqınlıq, üzüdönüklük, seks kultu kimi utancverici nə varsa onu tərənnüm edib insanları mənəviyyatsızlığa səsləyən “sənətkar”lara hərtərəfli dəstək verməklə, tədricən mədəni, maarif, sosial, xeyriyyə sahələrində dövlətin iştirakını sıfırlayan “qeyri-kommersiya” sektoru, qeyri-hökumət təşkilatları (QNT) yaratmaq, leqal qanunverici icra orqanları səviyyəsində cəmiyyətdə bu sahələrə nəzarətin itirilməsinə nail olmaq;

- müntəzəm və ardıcıl şəkildə nəfsinə sahib çıxa bilməyən rüşvətxor, əxlaqsız, əyyaş, qətiyyətsiz rəhbərləri dəstəkləyib, məmur azğınlığına haqq qazandırmaqla icra strukturlarında xaos və qarışıqlıq yaratmaqla xalqın hakimiyyətdə olanlara inamını sarsıtmaq. Süründürməçilik və bürokratizmi, harınlığı məmur üçün zəruri keyfiyyətlər səviyyəsinə qaldırıb şərəf və ləyaqəti gülüş hədəfinə çevirərək keçmişin qalığı, heç kəsə lazım olmayan məziyyətlər kimi təqdim etmək.

A.Dallesin 1945-ci ildə icrasına start verdiyi bu planda deyilirdi: “nə baş verdiyini çox gec, çox az sayda insan anlayacaq. Onlar da bir yolla haqsız çıxarılıb gülünc vəziyyətə gətiriləcək”.

İnkişaf etmiş “qızıl milyard” dövlətlərində əhalinin tələbatının yüksək səviyyədə təmin olunması üçün dünyanın qalan hissəsi şüurun manipulyasiyası yolu ilə siyasi, hərbi və iqtisadi geriliyə sürüklənməli, milli-mənəvi dəyərləri deqradasiyaya uğrayan, elmi-texniki inkişafı əngəllənib ağır sənayesi çökdürülən, təhsili bərbad vəziyyətə gətirilən ölkələr ucuz işçi qüvvəsi mənbəyi, xammal əlavəsi kimi qalıb zərərli istehsalat tullantılarının atıldığı poliqona çevrilməli idi.

SSRİ-nin süqutundan sonra müstəqillik əldə edən dövlətlərdə təhsil, səhiyyə, bank sistemi, qeyri-hökumət təşkilatları (QHT) və s. üçün ayrılan yüz milyonlarla ($) maliyyə vəsaiti, 2011-ci ildən bəri ərəb dünyasında baş verənlər və 2016-cı ilin yayında Türkiyədə qarşısı alınan dövlət çevrilişinə cəhd, əslində ssenarisi Qərbdə cızılmış ikili standartlar siyasətinin məntiqi davamı, supergüclərin dünya hegemonluğuna istiqamətlənmiş qloballaşma planının tərkib hissəsidir.

Albert Eynşteyn adına İnstitutun təsisçisi və rəhbəri, “rəngli inqilab”lar ideoloqu amerikalı Cin Şarpın (Gene Sharp, 1928) yazdığı kitablarda (“Diktaturadan demokratiyaya doğru”, “Qeyri-zorakı hərəkətlərin 198 üsulu” və s.) haqqında söhbət gedən hakimiyyət dəyişikliyi texnologiyası (siyasi şantaj, zor gücünə hakimiyyəti devirmək üçün taktiki gedişlər) da inqilabların xaricdən idarə olunan siyasi qeyri-stabilliyin nəticəsi olduğunu, haqqında söhbət gedən üsulların 80-ci illərin sonunda Baltikyanı respublikalarda, daha sonra isə Gürcüstan, Ukrayna və ərəb dövlətlərində sınaqdan keçirildiyini təsdiqləyir. Skype, Viber, Whats App vasitəsilə prosesi koordinasiya edən xarici güclər ya hakimiyyətə onlara daha çox güzəşt vəd edən müxalif qüvvəni gətirir, ya da iqtidarı güzəştə gedib ölkəni diqtə edilən kimi idarə etməyə məcbur edir.

İspaniyada Kataloniyanın referendum keçirib mərkəzləşdirilmiş dövləti rədd etməsi, Avropanın potensial separatçıları üçün də siqnal oldu: müstəqillik qazanmağa can atan qruplar fəallaşdı. Avropa İttifaqının İspaniya Mərkəzi hökumətini dəstəkləməsi, digər ölkələrdə, xüsusən Azərbaycanda separatizmə seyrci qalması, İspaniya hökumətinin müstəqillik referendumunu zorakılıqla boğmaq cəhdlərini Qərbin dəstəkləməsi onların demokratik normalara sadiqliyi ilə bağlı suallar doğurdu. Azərbaycan dövləti və xalqı informatik və digər müdaxilələrə qarşı təmkin nümayiş etdirərək öz strateji kursu ilə irəli gedir. 2015-2016-cı illərdə Prezident İlham Əliyevin iqtisadi hədəflərin qarşısında olan əngəllərin (xüsusilə gömrük və sahibkarlıqla bağlı) aradan qaldırılması, problemli sahələrdə əsaslı struktur dəyişikliklərinin aparılması, idarəetmə sisteminin yenilənməsi və şəffaf idarəçilik prinsiplərinin geniş formada tətbiqi ilə bağlı imzaladığı fərman və sərəncamlar, ölkənin gələcək daxili və xarici siyasətinə də təsirini göstərdi. 2016-cı il mayın 27-də Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə “Buta” sarayında keçirilən rəsmi qəbulda Azərbaycanda sərbəst toplaşma azadlığının, demokratiyanın olmamasından və insan hüquqlarının pozulmasından, avtoritar rejimin hökm sürməsindən danışıb iqtidarı ittiham edənlərin diqqətini demokratiyanın beşiyi sayılan ölkələrdə nümayişçilərin vəhşicəsinə döyülməsinə yönəldən dövlət başçımız, ikili siyasət yürüdənlərin dərdinin demokratiya olmadığının fərqində olduğunu dünyaya bəyan etmiş oldu. Qərb dövlətləri səfirlərinin də iştirak etdiyi tədbirdə dövlətimizin milli maraqlarımıza zidd idarə edilməsinə cəhd edənlərin, bu alınmayanda ölkənin siyasi rəhbərliyini və şəxsən onun özünü hədəfə alan kampaniyaya start verdiklərini deməklə, İlham Əliyev diqqəti, onunla təzyiq dili ilə danışmaqla nəyəsə nail olmağın qeyri-mümkünlüyünə yönəltmiş oldu.

Azərbaycanın 2015-ci ildə ölkəmizdə keçirilən ilk Avropa Oyunları ilə yanaşı, bu il Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi etməsi, ölkəmizin müasirliklə yanaşı, islami dəyərlərə də sadiqliyinin göstəricisidir. Bu yarış, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında dediyi kimi tək idman tədbiri deyil, həm də, Azərbaycanın bu gün islama tapınanlar haqqında geridə qalmış sivilizasiya kimi rəy formalaşdırıb islamofobiyaya rəvac verənlərə, İslamı dünyaya təhlükə kimi qələmə verib terrorizmlə eyniləşdirənlərə cavabıdır. Bakıda bu oyunların keçirilməsi təriqətlərə parçalanmış İslam aləminin birləşib onları ayıran məsələlərlə bağlı ortaq məxrəcə gəlməsi, gücümüzün, imkanlarımızın, dini dəyərlərimizə sadiqliyimizin nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət - din münasibətlərini məzhəblərarası etimad mühitində quran, müsəlman dövlətləri üçün nümunə ola biləcək dini-dünyəvi dövlətçilik modelinə malik Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlarda İslam dünyasının maraqlarını daim önə çəkir. Dinlərarası qarşıdurmaların baş vermədiyi Azərbaycanda pravoslav və katolik kilsəsi fəaliyyət göstərir, digər dinlərin təmsilçiləri dini ayinləri sərbəst icra edirlər.

İnformasiya yayımı vasitələrinin istənilən vaxt bu, yaxud digər şəxsin beynində formalaşan rəyə təsir göstərmək imkanı əldə etməsi, informasiya axınını ictimai proseslərin idarə edilməsində əhəmiyyətli rıçaqlardan birinə çevirib. Belə bir mürəkkəb şəraitdə müstəqilliyini bərpa etmiş Azərbaycanın da üzvü olduğu beynəlxalq təşkilatların yürütdüyü “ikili standartlar” siyasətinə, “mətbuat, söz azadlığı, insan haqları” ilə pərdələnmiş tələb, təpki və təzyiqlərinə dirəniş göstərilməsi, milli-mənəvi dəyərlərimizə zidd qanunların qəbulunun əngəllənməsi media və dövlət qurumlarının sinxron fəaliyyətini qaçılmaz edir. Və bu prosesdə ağırlığın əsas hissəsi də elə peşəkar media kapitanlarının çiyninə düşür.

Bu il iyulun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən “İslam həmrəyliyi və media” mövzusunda konfrans da əhalisi bu sülh, mərhəmət dininə (İslam) tapınan ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Bu gün jurnalistlərimizin radikalizm və ekstremizm meyillərini, mövhumatı, xurafatçılığı tənqid edib əhalini dini təriqətlərlərlə, onların nümayəndələrinin apardığı zərərli təbliğatla bağlı maarifləndirilməsinə ehtiyac var. Dini məsələləri daim gündəmdə saxlayan Azərbaycan, İslam ölkələri üçün örnək ola biləcək media modelinə malikdir. Bu günlərdə keçirilməsi nəzərdə tutulan xarici işlər nazirlərinin toplantısında İslam ölkələrinin media qurumlarını birləşdirən bir təşkilatın yaranması ilə bağlı qərarın qəbul ediləcəyi gözlənilir.

İslam aləminin əqidə birliyinə və mənəvi həmrəyliyə, siyasi dəstəyə ehtiyac duyduğu bir vaxtda Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi, müsəlman ölkələri arasında qarşılıqlı əlaqələrin güclənməsinə yönələn addım, islam dünyasında əmin-amanlığın, sülhün təmin olunmasına verdiyimiz töhfə olacaq.

Dünya qlobal hərbi-siyasi kataklizmlərin məngənəsində çalxalandığı bir dövrdə Azərbaycanın “sabitlik adası” olaraq qalmağa davam edib bölgənin lider dövlətinə, dinlər və sivilizasiyalararası dialoqların mərkəzinə çevrilməsi, ölkə başçısı səviyyəsində yürüdülən düşünülmüş siyasətin nəticəsidir. Bu əmin-amanlığın fərqində olub, hansısa xarici çevrənin bizi çirkin oyunlara alət etməsinə yol verməməliyik. Məkrli planlar güclü Azərbaycan qarşısında iflasa uğramalıdır!