Respublika.-2017.-17 oktyabr.-226.-S.5.

 

Müstəqilliyimiz əbədi və dönməzdir

 

Zaur Məmmədov,

Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi.

 

Uzun zaman hürriyyət arzusu ilə yaşamış, onun uğrunda saysız böyük qurbanlar vermiş Azərbaycan xalqı nəhayət, XX əsrin 90-cı illərin əvvəllərində öz müstəqilliyini bərpa edə bildi.

Xalqın tələbi ilə 1991-ci il avqustun 30-da Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edir. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də keçirilən Ali Sovetin tarixi sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunur. Elə həmin il dekabr ayının 29-da ölkəmizdə ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə salınmış: Siz Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı? sualına xalqımız yekdilliklə Hə cavabı verdi. Bu unudulmaz hadisədən artıq 26 il keçir.

Ancaq müstəqilliyi əldə etmək nə qədər şərəflidirsə, onu qoruyub saxlamaq qat-qat çətin və məsuliyyətlidir. Azərbaycan rəsmən suveren dövlət elan olunsa da, 1993-cü ilin iyun ayına qədər onun əbədiliyinə təminat yox idi. Başımıza gətirilən müsibətlər, hakimiyyət uğrunda mübarizə, səriştəsiz rəhbərlər, hərc-mərclik, anarxiya, iqtisadi tənəzzül, zorla cəlb edildiyimiz müharibənin ağrıları, torpaqlarımızın itirilməsi, şəhid məzarlarının günbəgün artması, 1 milyondan artıq insanın öz dədə-baba yurdlarından didərgin düşməsi tariximizin acı ibrət dərsləridir. Yalnız Heydər Əliyev müdrikliyi bizi bu bəlalardan xilas etdi. Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik uğurlar məhz bu böyük şəxsiyyətin, müdrik siyasətçinin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan vermişdir. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratmışdır.

1993-cü ildən başlayaraq Azərbaycan özünün sağlam, bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli iqtisadiyyatını qurmağa başladı. Ulu öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan özünün təbii ehtiyatlarına, insan potensialına və digər şərtlərə əsaslanan milli iqtisadiyyatını formalaşdırdı. Məhz Heydər Əliyev uzaqgörənliyinin nəticəsidir ki, bazar münasibətlərinin prinsipləri əsasında qurulmuş Azərbaycanın milli iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası təmin edilmişdir.

1994-cü il Əsrin müqaviləsi neft sazişindən sonra Azərbaycan beynəlxalq iqtisadi əlaqələrini etibarlı şəkildə qurmaqla dünyada özünün iqtisadi və siyasi dayaqlarını müəyyənləşdirdi. Fərəh hissi ilə deyə bilərik ki, artıq Azərbaycan öz neft strategiyasını uğurla həyata keçirir, bu strategiya ölkəmizin çiçəklənməsinə və tərəqqisinə, əhalinin rifah halının yaxşılaşdırılmasına, sosial məsələlərin həllinə yönəlib.

Həyata keçirilən iqtisadi islahatların məntiqi nəticəsi olaraq bank, maliyyə, vergi, gömrük sistemləri tamamilə yenidən qurulmuş, iqtisadiyyatın idarə olunmasında dövlətin rolunun əhəmiyyətli dərəcədə artırılması üçün mühüm addımlar atılmışdır. Dövlət əmlakının özəlləşdirilməsi məqsədilə proqramlar qəbul edilmişdir. Məhz bu cür məqsədyönlü tədbirlər hesabına Azərbaycan iqtisadi yüksəliş yolunda inamla irəliləyir.

Azərbaycan müstəqillik qazandıqdan sonra həyatımızın bütün sahələrində olduğu kimi, hüquq sahəsində də islahatların həyata keçirilməsi, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşması, daha mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılması günün tələbinə uyğun meydana çıxdı. Ancaq müstəqilliyimizin ilk dövründə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi üzündən ölkədə heç bir islahat aparılmadı, sovet dövründən miras qalmış Konstitusiya saxlanıldı. Bu istiqamətdə sistemli işlərə 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə respublika rəhbərliyinə yenidən qayıtdıqdan sonra başlanmışdır.

Müstəqil dövlətin həyatında Konstitusiyanın oynadığı rolu yüksək qiymətləndirən Heydər Əliyev səlahiyyətli tərkibdə Konstitusiya Komissiyası yaratdı və layihə ulu öndərin rəhbərliyi ilə geniş ictimaiyyətin müzakirəsinə verildi. 12 noyabr 1995-ci ildə Azərbaycanda çoxpartiyalı əsaslarla parlament seçkiləri keçirildi və eyni vaxtda referendum yolu ilə müstəqil Azərbaycanın Əsas Qanunu - Konstitusiyası qəbul olundu. Əsas Qanunda Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması; Konstitusiya çərçivəsində demokratik quruluşa təminat verilməsi; vətəndaş cəmiyyətinin qurulması; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən dünyəvi-hüquqi dövlətin bərqərar olunması, ədalətli sosial nizamın yaradılması və ən əsası, hakimiyyətin üç müstəqil qola-qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünməsi öz əksini tapmışdır. Qəbul edilmiş bu Konstitusiya köklü məhkəmə-hüquq islahatlarının aparılmasının da əsasını qoydu.

Hüquq islahatlarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məqsədilə 1996-cı ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Hüquq İslahat Komissiyası, 1998-ci ildə isə dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış və 1997-ci ildə Milli Məclis tərəfindən qəbul olunmuş Məhkəmə və hakimlər haqqında Azərbaycan Respublikası Qanunu ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyətinin müstəqil, yalnız qanun çərçivəsində fəaliyyət göstərməsinə imkan yaratdı. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış vacib qanunlardan biri də Azərbaycan Konstitusiyasının aliliyinin təmin edilməsinə yönəlmiş Konstitusiya Məhkəməsi haqqında qanunun qəbul edilməsi oldu. Konstitusiya Məhkəməsinin təşkil olunması isə hüquqi-demokratik dövlət qurmaq amalı ilə yaşayan Azərbaycan xalqının müasir tarixində mühüm bir hadisə sayılmalıdır. Komissiya tərəfindən hazırlanmış Vəkillər və vəkillik fəaliyyəti haqqında, Prokurorluq haqqında, Polis haqqında, Notariat haqqında və sairə qanunların qəbulu xüsusi əhəmiyyətə malikdir.

Ölkəmiz 1996-1997-ci illərdə insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında memorandumudur. 1998-ci ilin 22 fevralında ümummilli liderimiz Heydər Əliyev tərəfindən qanunvericilikdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası dəqiq müəyyən edilmiş, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyul tarixində Azərbaycan Prezidentinin fərmanı ilə İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı təsdiq olunmuşdur.

Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və Məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə 1 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə məhkəmələrin təşkil edilməsi, hakim vəzifələrinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyətləri dairəsində həyata keçirən məşvərətçi orqan kimi Məhkəmə-Hüquq Şurası yaradılmış və ölkə tarixində ilk dəfə olaraq hakim vəzifəsinə namizədin peşə hazırlığını, bilik səviyyəsini, hakim vəzifəsinə layiq olduğunu müəyyən etmək məqsədilə test üsulu ilə imtahan və müsahibə aparılması yolu ilə təyin edilməsi qərara alınmışdır. Təcrübədə sınanmış bu qaydaların nə dərəcədə effektiv olması özünü sübut etdi və 2000-ci ildə keçirilmiş test imtahanları zamanı hakim korpusunun 60 faizə qədəri təzələnmişdir. Təkcə bu fakt seçkinin ədalətli, şəffaf, demokratik prinsiplərə uyğun keçirildiyinə əmin olmaq üçün kifayətdir.

Ölkəmizdə ölüm cəzası 1998-ci il fevralın 10-da ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk dövlət olmuşdur. Yüksək humanizm və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, 2001-ci il yanvarın 25-də müstəqil respublikamız Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmişdir. Təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın qanunvericiliyinin Avropa standartlarına uyğun təkmilləşdirilməsinə, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir.

Ümummilli liderimiz Heydər Əliyev hər zaman dövlət və milli maraqları əsas tutaraq düşünülmüş, çevik xarici siyasət aparmışdır. Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yürüdən müstəqil Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmiş və ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna önəm verməsi, beynəlxalq miqyasda rezonans doğuran qətiyyətli addımlar atması, milli məqsədlər naminə nüfuzlu tribunalardan böyük diplomatik məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevin əsasını qoyduğu unikal liderlik institutunu və dövlətçilik sistemini ölkənin beynəlxalq təhlükəsizliyinin, iqtisadi maraqlarının, siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn fəlsəfi dünyagörüşü kimi qəbul edir. Qlobal miqyasda aparıcı dövlətlər, o cümlədən Qərbin demokratik dairələri Azərbaycanın perspektivini bu kursdan kənarda təsəvvür etmirlər. Heydər Əliyevin xarici siyasət doktrinası bu fəlsəfi dünyagörüşün mahiyyəti barədə real təsəvvürlərin ortaya çıxmasını şərtləndirir.

Siyasətdə və dövlət idarəçiliyində mütərəqqi ənənələrin, irs-varislik əlaqələrinin qorunub saxlanılması hər bir xalqın sabit və davamlı inkişafı baxımından vacibdir və böyük əhəmiyyət daşıyır. İrs-varislik əlaqəsi Azərbaycan xalqının milli düşüncə sistemində də möhkəm intişar tapmış, xalqımız tarix boyu inandığı, etibar etdiyi siyasəti ürəkdən dəstəkləyərək öz təminatlı gələcəyinə doğru inamla addımlamışdır. Ümummilli lider Heydər Əliyev bu mənada həm də böyük müdrikliklə müəyyənləşdirdiyi milli inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi varis yetişdirmişdir. Böyük strateq 2003-cü ilin oktyabrında xalqa müraciətində demişdir: İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

Ölkədə həyata keçirilən effektiv iqtisadi islahatlar kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində verdiyi bütün vədləri böyük səylə, ardıcıl və sistemli surətdə yerinə yetirmişdir. Dövlət başçısı qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur. Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır.

Cənab İlham Əliyevin inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, böyük şövqlə həyata keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik qabiliyyətinə və mükəmməl iş təcrübəsinə dəlalət edir. Dövlət başçısı praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs vermiş, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratmışdır. 2003-2015-ci illərdə respublikada elmi əsaslara söykənməklə həyata keçirilən siyasət sabit iqtisadi və siyasi sistemin yaradılması, sosial vəzifələrin həlli, əhalinin sosial rifah halının, alıcılıq qabiliyyətinin yüksədilməsinə, cəmiyyətdə ictimai konsensusun əldə edilməsinə yönəlmişdir. Qazanılan uğurlar Azərbaycanın davamlı surətdə demokratiya yolunda uğurla irəliləməsinə, dünya miqyasında nüfuzunun yüksəlməsinə, özünüifadəsinə geniş imkanlar yaratmışdır.

Azərbaycan iqtisadiyyatı son on yeddi ildə özünün keyfiyyətcə yeni və həlledici mərhələsinə qədəm qoymuş, bir sıra sahələrdə kardinal islahatların aparılmasına siyasi, hüquqi və maddi zəmin hazırlamışdır. Respublikamızda formalaşmaqda olan yeni makroiqtisadi mühit - ümumi daxili məhsulun artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı şəkildə güclənməsi, beynəlxalq iqtisadi münasibətlər sisteminə uğurlu transformasiya, habelə qlobal enerji-kommunikasiya, innovasiya layihələrinin reallaşdırılması nəticə etibarilə demokratikləşmə və vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişafına, tətbiq olunan mütərəqqi yeniliklərin vətəndaş şüurunda mənimsənilməsinə imkan yaratmışdır. Həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum səviyyədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək bilik və intellektə, təcrübə və istedada, geniş dünyagörüşünə, çevik idarəçilik məharətinə, güclü əzm və qətiyyətə malik lider olduğunu bir daha nümayiş etdirir.

Ümumilikdə, hər addımda ulu öndər Heydər Əliyevin yüksək ideallarına sadiqlik nümayiş etdirən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini dövlət başçısına etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi ölkədə baş verən intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir. Çünki xalq öz həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, Azərbaycanı parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun əhəmiyyətini yaxşı dərk edir və bu siyasəti birmənalı şəkildə dəstəkləyir.