Respublika.-2017.-18 oktyabr.-227.-S.9.

 

Dövlət müstəqilliyimizin təminatçısı

 

Əlizadə, Əlixan

 

Azərbaycan xalqı daim müstəqilliyini bərpa etmək arzusu ilə yaşasa da, 70 il sovet imperiyasının tərkibində yaşamaq məcburiyyətində qalmış, obyektiv səbəblərdən bu niyyətini yalnız ötən əsrin sonlarına doğru gerçəkləşdirmək imkanı qazanmışdır. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktı respublikamızı rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil elan etmişdir. Həmin aktda, həmçinin Azərbaycan xalqının idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun yaşamaq hüququ təsbit olunmuşdur.

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdı. Konstitusiya Aktında hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri də rəsmən elan edilmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyini elan etməsinə baxmayaraq, respublika müstəqilliyi deklarativ xarakter daşıyırdı. Dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını sarsıdan bir çox sosial-mənəvi problemlər meydana çıxmışdı.

Respublikada qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, dövlət idarəçiliyinin iflic vəziyyətə düşməsi, siyasətçilərin könüllü döyüşçü adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Bir tərəfdən məmur özbaşınalığı və dövlətin o zamankı rəhbərinə tabe olmamaları nəticəsində hakimiyyət böhranının dərinləşməsi, digər tərəfdən isə ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərlə baş qaldırması ölkədə gərgin vəziyyət yaratmışdı.

Belə bir böhranlı və ağır vəziyyətdə xalqın çıxış yolunu yenə də müdrik rəhbərin ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi obyektiv reallıqlarla şərtlənirdi. Xalq başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə, alternativsiz lider məhz Heydər Əliyevdir! Həmin dövrdə xalqın ulu öndərə olan böyük sevgi və inamını dolayısı ilə etiraf etmək məcburiyyətində qalan AXC-Müsavat cütlüyünün Heydər Əliyevi acizanə şəkildə Bakıya dəvət etməsi də məhz bu reallıqla şərtlənirdi.

Ümummilli liderin 1993-cü il iyunun 9-da xalqın təkidli tələbinə səs verərək Bakıya qayıtması isə onun nə qədər qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Respublikada hərc-mərcliyin, xaos və anarxiyanın hökm sürdüyü, qanunsuz silahlı dəstələrin geniş fəaliyyəti, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ərazilərimizin işğalının gündən-günə genişləndiyi, bir çox xarici dövlətlərin Azərbaycanın süqutunu arzuladığı, beynəlxalq aləmdə ölkəmizin təkləndiyi, Azərbaycanın dövlət müstəqilliyinin real təhlükə qarşısında olduğu bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zamanda dəyişərək normal məcraya salmaq böyük siyasi bacarıq və müdriklik tələb edirdi. Ulu öndər müstəqilliyi kövrək, mövcudluğu isə real təhlükə qarşısında olan Azərbaycan dövlətini bir çox daxili və xarici qəsdlərdən qorudu. Bir sıra xarici dövlətlərin maliyyə dəstəyi, diktəsi, habelə planlaşdırması ilə hazırlanıb həyata keçirilən qəsdlərin qarşısı qətiyyətlə alındı.

Heydər Əliyev Azərbaycan separatçıların baş qaldırdıqları əraziləri hakimiyyətin yurisdiksiyasına qaytardı və bu ərazilərdə qondarma dövlətlər və nüfuz dairələri yaratmış qüvvələri tam zərərsizləşdirdi. Bununla da Azərbaycan xalqı vətəndaş müharibəsindən və dövlətimiz isə siyasi xəritədən silinmək təhlükəsindən xilas oldu. Bugünkü prizmadan bir daha aydın görünür ki, Heydər Əliyevin qan içində çalxalanan paytaxta gəlməsinin özü bir qəhrəmanlıq nümunəsi, liderlik örnəyi idi. Başıpozuq bir ölkədə, qardaş qardaşın qanını axıtdığı bir dövlətdə ulu öndərin təhlükəsizliyinə heç kim zəmanət verə bilməzdi. Ölkəyə rəhbərlik edən bir qrup Gəncədə böyük fəlakətlər törətdiklərinə, qanlar axıtdıqlarına baxmayaraq, günahsız olduqlarını, bu qarşıdurmaya sərəncam vermədiklərində israr edir, canlarını qurtarmağa, sığortalanmağa çalışırdılar. Belə bir vəziyyətdə Bakıya gəlmək və heç bir təhlükədən çəkinmədən Gəncəyə, hadisələrin cərəyan etdiyi bir bölgəyə səfər etməyi, hadisələrə düzgün siyasi qiymət verməyi yalnız Heydər Əliyev kimi bir şəxsiyyət bacara bilərdi!

Böyük siyasi liderlər üçün səciyyəvi cəhətlərdən biri də onların tarixi milli irs və ənənə əsasında dövlətin və xalqın bugünkü və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmələri, sabit və tarazlı iqtisadi tərəqqi üçün zəmin hazırlamalarıdır. Bu mənada 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyevin qarşısında ölkəni siyasi və iqtisadi tənəzzüldən, hərc-mərclikdən, müstəqilliyin itirilməsi təhlükəsindən çıxarmaq, sabit və tarazlı inkişaf strategiyasının konseptual istiqamətlərini müəyyənləşdirmək, bütün sahələrdə modernləşməni həyata keçirmək kimi taleyüklü vəzifələr dayanırdı. Şübhəsiz, kommunizm ideologiyasının zehinlərdəki və sosial gerçəklikdəki yaşantılarını aradan qaldırmaq, sürətlə yeni ictimai-iqtisadi münasibətlər sisteminə keçmək, cəmiyyət həyatının müxtəlif sahələrində demokratikləşməyə nail olmaq, yeni mərhələnin tələblərinə uyğun mükəmməl hüquqi baza formalaşdırmaq, qanunun aliliyini bütün səviyyələrdə təmin etmək ardıcıl və davamlı səylər göstərilməsini tələb edirdi. Ulu öndər müdrik siyasi addımları ilə ilk gündən sübuta yetirdi ki, demokratiya heç də hüdudsuz azadlıq deyil, qanunların aliliyinə söykənən siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır.

Dövlət müstəqilliyini yenicə bərpa etmiş, Azərbaycan Ermənistanla müharibə şəraitində olduğu bir vaxtda risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan Əsrin müqaviləsi adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, ölkənin dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Bununla da Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.

Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib faktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb.

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. Ulu öndər Azərbaycanın təbii ehtiyatlarından və əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafeyinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı, beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində çox gərgin fəaliyyət göstərdi. Azərbaycan neftinin dünya bazarına nəqli sahəsində də uğurlu addımlar atıldı. Bakı - Supsa boru kəməri tikilib istifadəyə verildi. Heydər Əliyevin uzaqgörənliyi və siyasi iradəsi sayəsində Bakı - Tibilisi - Ceyhan əsas ixrac boru kəməri layihəsinin həyata keçirilməsinə başlanıldı.

Eyni zamanda, Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldovanı (GUÖAM) əhatə edən birliyin yaranmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində Heydər Əliyevin önəmli xidməti oldu. Təsadüfi deyil ki, 1999-cu ilin aprelində GUÖAM ölkələri başçılarının Vaşinqtondakı görüşündə Heydər Əliyev təşkilatın sədri seçildi.

Heydər Əliyevin genişmiqyaslı fəaliyyətində çoxşaxəli islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, böhranın aradan qaldırılması və tərəqqinin təmin edilməsi, artım meyillərinin başlanması, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi, dünya iqtisadiyyatına inteqrasiya prioritet istiqamətlər idi.

Ulu öndər ilk gündən milli qanunvericiliyin yeni dövrün tələblərinə uyğunlaşdırılması, cəmiyyət həyatı üçün faydalı olan bir sıra yeni qanunların qəbulunu da diqqət mərkəzində saxlamışdır. Təsadüfi deyildir ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Azərbaycan Respublikası Ali Sovetinə rəhbərlik etdiyi dövr Azərbaycan parlamentarizmi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişləndiyi, hərbi əməliyyatların şiddətləndiyi bir zamanda Heydər Əliyev parlamentdə ilk növbədə müdafiə sisteminin hüquqi bazasının təkmilləşdirilməsinə, nizami ordu quruculuğuna xidmət edən qanunların hazırlanmasını və qəbulunu vacib saymışdır. Cəmi 4 ay müddətində 120-dək qanun və qərarın qəbulu ulu öndərin parlamentin spikeri kimi səmərəli fəaliyyətini bir daha təsdiqləyir. 1993-cü il oktyabrın 10-da xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər Heydər Əliyev qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə bu istiqamətdə əlavə tədbirlərin həyata keçirilməsini də təmin etmişdir.

Azərbaycanda demokratikləşmə və modernləşmənin ilkin mərhələsi üçün xarakterik xüsusiyyətlərdən biri də dünya təsərrüfat sisteminə və ümumilikdə Avratlantik məkana sürətli inteqrasiyanın təmin edilməsi olmuşdur. 1994-cü ildə Əsrin müqaviləsinin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan vermişdir. Avropa Şurası, ATƏT, Avropa Birliyi kimi mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq təkcə siyasi-hüquqi deyil, ictimai həyatın digər sahələrində də kardinal dəyişikliklərə yol açmış, respublikamıza xarici sərmayə qoyuluşlarının həcmi artmış, iqtisadi modernləşmə və siyasi liberallaşma üçün əlverişli zəmin formalaşdırmışdır. Azərbaycan inanılmaz inkişaf yolu keçərək bir sıra Qərb dövlətlərinin onilliklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində böyük uğurlar əldə etmişdir. Demokratiyanın davamlı milli inkişaf baxımından qaçılmazlığı və müstəsna əhəmiyyət daşıması fikri ictimaiyyət tərəfindən də birmənalı qəbul olunmuşdur.

Son illərdə ölkədə həyata keçirilən effektiv iqtisadi islahatlar kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən ulu öndərin ən layiqli siyasi varisi, dövlət başçısı cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədləri səylə, ardıcıl və sistemli surətdə yerinə yetirmişdir. Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün ilk növbədə insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Cənab İlham Əliyev qısa dövr ərzində imzaladığı fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur.