İki sahil. - 2017.- 18 oktyabr. - ą 188/1. - S. 3.

 

Prezident İlham Əliyev: Müstəqil siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik

 

26 illik müstəqillik tarixinə malik olan Azərbaycanın davamlı inkişafı üçün möhkəm baza mövcuddur

 

Yeganə Əliyeva

 

“1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə həm dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı Azərbaycançılıq məfkurəsidir. Məhz Heydər Əliyev tərəfindən qoyulan bu əsaslar bu gün Azərbaycan xalqına yol göstərir.” Dövlətimizin başçısı İlham Əliyev bu fikirləri ilə müstəqil Azərbaycanımızın 26 illik tarixinin aydın mənzərəsini yaradır. Cənab İlham Əliyev bunu da qarşıya mühüm vəzifə kimi qoyur ki, tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixində keçdiyi yol düzgün şərh edilməli, bugünkü və gələcək nəsillərə çatdırılmalıdır.

“1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etmişdir. Beləliklə, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşurdu. 1918-ci ildə müsəlman aləmində ilk demokratik respublika Azərbaycanda qurulmuşdur. Haqlı olaraq fəxr edirik ki, biz müsəlman aləmində birinci idik. Bu dəfə - 1991-ci ildə isə Azərbaycan öz dövlət müstəqilliyini elan edən müttəfiq respublikalar arasında birincilər sırasında deyildi. Öz dövlət müstəqilliyini elan edən müttəfiq respublikalar arasında Azərbaycan sayca 13-cü idi. Bu, tarixdir. Biz tarixi bilməliyik, yaddan çıxarmamalıyıq” söyləyən cənab İlham Əliyev Azərbaycanın müstəqilliyə gedən yolunda ulu öndər Heydər Əliyevin xidmətlərinin böyük olduğunu da xüsusi qeyd edir.

Tariximizin səhifələrini vərəqləyək. 1990-cı il 20 Yanvar faciəsindən sonra ulu öndər Heydər Əliyev birinci şəxs idi ki, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürdü, onları ittiham etdi, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda birinci addımlar idi. Ondan sonra, artıq Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, “Sovet Sosialist” sözlərini oradan çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmiş və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, burada da bu addım atılsın.  1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Eyni zamanda qeyd olunan təşəbbüslər və atılan addımlar onu göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir.

Şübhəsiz, müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, Azərbaycan dövləti, xalqı həmin illərdəki faciələri, çətinlikləri yaşamazdı. Müstəqilliyimizin birinci dövrü, yəni 1991-1993-cü illər Azərbaycan tarixinə faciəvi dövr kimi yazılıb. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Şübhəsiz ki, tariximizin parlaq səhifələri ilə yanaşı, qaranlıq səhifələri də vardır. Bu səhifələr vərəqləndikcə Azərbaycan tarixinin zənginliyi təsdiqlənməklə yanaşı, keçdiyi yolun nə qədər çətin, hamar olmadığı aydın görünür. Müstəqilliyimizin ilk illərində Azərbaycan bir dövlət olaraq öz varlığını itirmək, parçalanmaq təhlükəsini yaşayırdı. Ölkəyə rəhbərlik edənlərin savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından Azərbaycanda xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedir, bir tərəfdən də topaqlarımız erməni işğalçıları tərəfindən zəbt olunurdu. Çünki hər sahədə olduğu kimi, orduda da özbaşınalıq hökm sürürdü. Silahlı qüvvələr torpaqların deyil, ayrı-ayrı şəxslərin maraqlarının müdafiəsinə xidmət edirdi. Bir sözlə, hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Sabaha ümidini itirən xalq üzünü öz xilaskarına- ulu öndər Heydər Əliyevə tutdu. 1993-cü il dönüş ili idi. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə növbəti mərhələnin - inkişaf, tərəqqi dövrünün əsasını qoydu.

Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “İyirmi il həm böyük bir müddətdir, həm də kiçik. Kiçikdir ona görə ki, tarix üçün 20 il heç nədir. Müstəqil bir ölkənin inkişafı üçün 20 il o qədər də böyük müddət deyildir. Ancaq, eyni zamanda, bu 20 il ərzində o qədər böyük işlər görülmüşdür ki, biz bu 20 ili böyük müddət kimi də qəbul edə bilərik və edirik... Müstəqil Azərbaycan bundan sonra əbədi yaşayacaqdır. Bu 20 il 120 il, 220 il, 520 il olacaqdır.” Sözsüz ki, ölkə Prezidenti İlham Əliyevin bu əminliyinə əsas verən amillər mövcuddur. Ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasət və bu xəttin uğurlu davamı Azərbaycanın qarşısında daha böyük zirvələri fəth etmək, bir-birindən əhəmiyyətli uğurlara imza atmaq imkanları yaradır.

Artıq bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, inkişafın Azərbaycan modeli öyrənilməli və digər ölkələr bunu tətbiq etməlidir. Hər zaman önə çəkilən bir fakt da bunun təsdiqidir. 2009-cu ildən dünyanı bürüyən və nəticələri bu günə qədər hiss olunan iqtisadi və maliyyə böhranından Azərbaycanın uğurla çıxması iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının nəticəsidir. Ölkəmiz bazar iqtisadiyyatı yolunu seçməklə bugünkü uğurlara yol açdı. Bu gün Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi tanınır, yeni iqtisadi və sosial çağırışların müzakirə olunması üçün əsas məkan seçilir. Bildirilir ki, bu günün əsas çağırışlarından biri həyata keçirilən iqtisadi islahatların fonunda əhalinin sosial müdafiəsini gücləndirmək, yoxsulluq problemi ilə mübarizə aparmaqdır. Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsi bu sahədə əldə olunan uğurların təsdiqidir. Yoxsulluğun azaldılmasına xidmət edən Dövlət proqramlarının uğurlu icrası, əhalinin məşğulluğunun təmin edilməsi, aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramlarından bəhrələnməsi və s. kimi addımlar bu gerçəkliyi təsdiqləyir ki, insan amili dövlətin siyasətində prioritet məsələdir.

Təbii ki, bu addımları şərtləndirən əsas amillərdən biri ölkənin iqtisadi imkanlarının genişlənməsidir. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi, bir sözlə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın xoşbəxt gələcəyinin aydın təsəvvürünü yaratdı. Dövlət müstəqilliyimizin möhkəmlənməsində müstəsna xidməti olan “Əsrin müqaviləsi”nin əsas tərkib hissəsi olan BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi ölkəmizin hərtərəfli inkişafını sürətləndirdi. Bu layihələr növbəti layihələr üçün əsas rolunu oynadı. Artıq bu gün dünya TAP, TANAP, “Cənub Qaz Dəhlizi” layihələrindən bəhs edir. Eyni zamanda, bu faktı da qeyd etmək yerinə düşər ki, bu gün ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 200 milyard dollardan artıqdır ki, bunun 50 milyard dolları neft-qaz sektorunun payına düşür. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipini qoruyan, şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondunun yaradılması da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin göstəricisidir. Bu gün Fondun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, onlar da ölkəmizin hərtərəfli inkişafı üçün əsasdır.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində “Əsrin müqaviləsi”nin rolunun təsdiqi kimi Azərbaycan neftinin 2006-cı ildə Ceyhan terminalına məhz 28 May-Respublika Günündə çatmasını xüsusi önə çəkən dövlətimizin başçısı İlham Əliyev bunun rəmzi mənası olduğunu belə açıqlamışdır: “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi durumunu və beynəlxalq münasibətlər sistemində yeri və rolunu təsəvvür etmək çətin deyildi.” Ölkəmizin iştirakı olmadan hazırda bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü, Azərbaycanın təşəbbüsləri gerçəkləşdirən ölkə kimi tanınması da deyilənlərin təsdiqidir. Ən əsası “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi qazandığı nüfuzu bir daha nümayiş etdirir. Bir sözlə, Azərbaycan öz təbii sərvətlərinin sahibinə çevrilməklə təşəbbüsçüsü və iştirakçısı olduğu layihələr, eyni zamanda müstəqil siyasəti ilə  bugünkü uğurlara geniş yol açdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı illərində qeyd etdiyi “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq. Hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir” fikirləri bugünkü reallıqlarımız fonunda öz təsdiqini tapıb. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkəmizin uğurlarından qürur duyur, gələcəyə böyük inamla baxır. Bir amal- azərbaycançılıq ideyası ətrafında sıx birləşən soydaşlarımız yaşadıqları ölkələrdə Azərbaycanın təbliğatçısı kimi çıxış edərək, həqiqətlərimizin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasına öz töhfələrini verməyə səy göstərirlər.

Qeyd etdiyimiz kimi, artıq müstəqillik tariximizin 26-cı ildönümünü qeyd edirik. Ötən hər günün ölkəmizin həyatında mühüm hadisələrlə yadda qaldığını nəzərə alsaq, 26 ildə əldə olunanların miqyasının genişliyi, onları bir yazı çərçivəsində əhatə etməyin mümkünsüzlüyü aydın görünür. Reallıq budur ki, Azərbaycan möhkəm təməl üzərində ən yüksək zirvələri fəth edir. Ölkəmizin iqtisadi və siyasi uğurları beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsinə də öz müsbət təsirini göstərir. Azərbaycan 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilirsə, iqtisadi inkişaf modeli digər ölkələrə nümunə göstərilirsə, demokratiya təcrübəsinin uğurları beynəlxalq səviyyədə təqdir olunursa, nüfuzlu maliyyə qurumlarının hesabatlarında ön yerdə dayanırsa, sözsüz ki, bununla fəxr edə bilərik. Məlum olduğu kimi, Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə yüksəlib. 140 ölkə arasında keçirilən, ölkələrin rəqabətqabiliyyətliliyini əks etdirən bu hesabat göstərir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasındadır. Bu, iqtisadi siyasətimizin uğurlarını dünyanın ən mötəbər iqtisadi forumu olan Davos Forumu tərəfindən qiymətləndirilməsi deməkdir.

Dövlətimizin başçısı İlham Əliyevin böyük qətiyyətlə söylədiyi “Güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir” fikri də bu günümüzün reallıqlarına əsaslanır. Hansı sahəyə diqqət yetirsək inkişaf, tərəqqi görərik. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, yola saldığımız il hər zaman əvvəlki ildən daha uğurlu, daha yaddaqalan olur. Bu da ondan irəli gəlir ki, uğurların davamlılığının təmin edilməsi üçün zəruri addımlar atılır. Son 14 ildə 3 dəfədən çox artan ümumi daxili məhsulun qarşıdakı illərdə daha iki dəfə artmasını, Azərbaycanın yüksək gəlirli, inkişaf etmiş ölkəyə çevrilməsini qarşıya əsas hədəf kimi qoyan dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiqlənməsi, davamlı inkişafa xidmət edən Strateji Yol xəritələrinin icrası və s. kimi bir-birindən mühüm fərman və sərəncamlar bu məqsədə xidmət edir.

Azərbaycanın bu gün müxtəlif sahələri əhatə edən tədbirlər üçün ideal məkan seçilməsi də uğurlarına, siyasi iradəsinə, müstəqil siyasətinə, yerləşdiyi coğrafi məkana əsaslanır. Dövlətimizin başçısı bildirir: “Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Bu siyasi iradə vardır. Bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərmişdir. Eyni zamanda, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək.” Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan dövlətlər, xalqlar arasında körpüdür. Müxtəlif mədəniyyətləri, dinləri birləşdirir, ev sahibliyi etdiyi tədbirlərlə bu roluna yeni çalarlar əlavə edir. Məhz bu mövqeyinə əsaslanaraq dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə ötən il ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi ili” elan edilib. Dünyaya sülh, həmrəylik, birlik mesajı ünvanlayan Azərbaycan bütün münaqişəli məsələlərin həllində sülh siyasətinə üstünlük verir, beynəlxalq hüququn norma və prinsiplərini əsas tutur.

Azərbaycanın bu uğurlarının fonunda yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də tezliklə ədalətli həllini tapacağına böyük əminlik yaranır. Cənab İlham Əliyev Azərbaycanın dəyişməz mövqeyini dünyanın ən yüksək tribunalarından bəyan edir- Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Diplomatik mübarizədə uğur qazanan Azərbaycanın iqtisadi imkanları fonunda qüdrətlənən, güclənən ordusu vardır. Aprel döyüşləri, eyni zamanda Cocuq Mərcanlıya qayıdış Azərbaycan dövlətinin qətiyyətinin, güclü ordusunun göstəricisidir.

Dövlətimizin siyasətində qaçqın və köçkünlərin sosial problemlərinin həlli əsas yer tutur. Ölkə Prezidenti İlham Əliyevin fərman və sərəncamları, eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bununla bağlı keçirdiyi müşavirələr qaçqın və məcburi köçkünlərdə öz doğma yurd-yuvalarına qayıdacaqları günə böyük inam yaradır. Dövlətimizin başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva çıxışlarında hər zaman bu reallığı qeyd edirlər ki, qaçqın və məcburi köçkünlər üçün yaradılan şərait müvəqqəti xarakter daşıyır, onlar tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Qeyd etdiklərimiz 26 illik müstəqillik tarixinə malik olan Azərbaycanın uğurlarının az bir hissəsidir. Düzgün seçilən yol ölkəni daim inkişafa, tərəqqiyə aparır. Ölkə Prezidenti İlham Əliyev bildirir:   “Biz düzgün yoldayıq. Bu yol inkişaf yoludur, müstəqillik yoludur... Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır... Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Bizim gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı bunun əyani sübutudur. Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir.”