Azərbaycan.- 2017.- 18 oktyabr.- ¹ 228.- S.4.

 

Tarixin ən qüdrətli Azərbaycanı

 

Azərbaycanın dövlət müstəqilliyi tarixindən yazmaq istəyirəm, əslində...

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı,

yazıçı-publisist

 

Düşüncələrim yüz illərin o üzündən bugünkü Azərbaycana tərəf gələn uzun, incə bir yola çıxır...

XX əsrin əvvəllərində milli ruhun doyunca yaşamağa macal tapmadığı istiqlal vüsalı vaxtın üzərindən əsrin sonlarına, Vətənin müstəqilliyinin ikinci dəfə bütün dünyaya bəyan edildiyi xoş bir payız gününə - 1991-ci ilin 18 oktyabrına körpü salır. 

Tarixin ixtiyarına verilən hər əsr xalqların keçmiş kitabındakı bir səhifədir. 

Hər toplumun yaşadıqları, bu səhifədə bir cür görünür, hər xalq bu səhifədə özünü bir tərzdə ifadə edir. 

Azərbaycan xalqı bir əsrdə iki dəfə dövlət müstəqilliyinə nail olmuş toplumdur və bu, tariximizin XX əsrə aid səhifəsindən gələn ən parlaq işıqdır. Yeni minillik isə bizim üçün müstəqil Azərbaycanın miqyasca əsrin də deyil, minilliyin özünün hüdudlarını əhatə edə biləcək qədər möhtəşəm nailiyyətləri ilə başlanır. 

Azərbaycan Xalq Cümhuriyyətinin iki illik mövcudluğunu da nəzərə alsaq, istiqlalımızın artıq 28 yaşa çatması və dövlətimiz yaşa dolduqca onun uğurlarının, dünya düzənindəki yerinin də böyüməsi bu nailiyyətlərin ən mühümüdür. 

Və bu 28 ilin düz tən yarısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. 2003-cü ilin oktyabrından keçən müddət ölkəmizin dövlət müstəqilliyinin bərpasından ötən illərinsə yarıdan da çoxu edir... 

Publisistik təəssüratlarımı rəqəmlərin müqayisəsi üzərində qurmaq niyyətində deyiləm, əsla. Sadəcə, bəzi maraqlı təsadüflər zamanı rəqəmlərin işığında görmək, tarixi təkcə fakt və hadisələrlə deyil, eyni zamanda vaxtın necə tarixə çevrildiyini ifadə edən rəqəmlərlə də duymaq imkanı yaradır. 
Bu sıradan daha bir maraqlı təsadüf: cənab İlham Əliyevin ölkəmizə 14 illik rəhbərliyi xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik dövrü ilə təqribən üst-üstə düşür. 

Bu, təkcə zamanın bərabərləşməsi deyil, eyni zamanda mahiyyətin, yerinə yetirilən tarixi missiyanın da vaxtın axarında bir-birinə tən gəlməsidir... 

 

***

Heydər Əliyev sovet ölkəsinə rəhbərlik edirdi. Sovet cəmiyyəti elə bir həyat tərzi idi ki, onun xarakterini bütün müsbət və mənfi cəhətləri ilə birgə indiki nəslin təsəvvüründə canlandırmaq bəzən çətinlik törədir. Yeni zəmanənin övladları belə bir cəmiyyəti anlaya bilmirlər. Açığını deyim ki, vaxt keçdikcə özüm də o quruluşun mahiyyətini anlamaqda, bəzi suallarıma cavab tapmaqda çətinliklə üzləşirəm. 

Bu cəmiyyətin ifşasına yönəlmiş tutarlı çıxışlardan biri dissident yazıçı Aleksandr Soljenitsinin “Yalansız yaşamaq” essesi idi. Amma, indi fikirləşirəm, doğrudanmı sovet ideologiyası büsbütün yalan üzərində qurulmuşdu?! Bəs axı biz bu ideologiyaya səmimi-qəlbdən inanırdıq. Həqiqətən bizə elə gəlirdi ki, cəmi bir neçə ildən sonra kommunizmə çatacağıq. 

Sovet cəmiyyəti kommunizm təbliğatı isteriyası içində yaşayan, belə bir xoşbəxt gələcəyin tezliklə qurulub bütün dünyanı ağuşuna alacağına sidq-ürəkdən inanan insanların toplumu idi. Əslində isə sovet sistemi insanları, az qala, feodal bir mühitdə yaşadırdı. Zaman keçdikcə, ömrümüzün əsas hissəsini keçirdiyimiz o illərin mənzərəsini bax belə bir qeyri-müəyyənlik içində, amma o dövrdə olduğundan daha aydın şəkildə dəyərləndirə bilirsən. 

Heydər Əliyev də sovet cəmiyyətinin yetirdiyi siyasi lider idi. O, peşəkar dövlət xadimi kimi belə bir mühitin içində yetişib püxtələşmişdi. Xidmət etdiyi kommunist ideologiyasına çoxumuz kimi səmimi-qəlbdən inanırdı və siyasi karyerasının sonrakı heç bir məqamında da onun öz keçmişinə asi çıxmasına, keçmişə qarşı inkarçı mövqe tutmasına dəlalət edən hər hansı fikrinə şahid olmadıq. 

Bir tərəfdən ona görə ki, bu keçmişdə Heydər Əliyev öz şəxsiyyətinə, milli lider obrazına xələl gətirəcək hər hansı yanlışa yol verməmişdi ki, buna görə sıxıntı keçirsin. Digər tərəfdən, Heydər Əliyevin böyüklüyü onda idi ki, o ümumi sovet cəmiyyəti içində də milli dövlətin rolunu görüb dərk edir və Azərbaycanın güclənməsindən, öz inkişaf səviyyəsi ilə önə çıxmasından ötrü bütün imkanlarını ortaya qoyaraq bu məqsədinə tədricən nail olurdu. 

 

***

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər sovet sisteminin çox güclü vaxtları idi. İkinci Dünya müharibəsindən qalib çıxmış keçmiş SSRİ müharibənin dağıntılarını aradan qaldırıb, müəyyən sosial-iqtisadi inkişafa da nail olandan sonra dünyaya daha gur səslə meydan oxuyurdu. Heç kim ağlına gətirməzdi ki, belə bir dövlət cəmi iyirmi ildən sonra darmadağın olacaq. Bunu keçmiş SSRİ-nin adlı-sanlı liderlərindən olan Heydər Əliyev də təsəvvür etməzdi. Ona görə də ulu öndərin sovet Azərbaycanına rəhbərlik illərində cəmiyyətin hərtərəfli tərəqqisi üçün gördüyü işlərin ölkənin siyasi müstəqillik qazanması məqsədinə əsaslandığını, belə bir perspektivin o illərdən göründüyünü də düşünmürəm. Bununla belə Heydər Əliyevin ölkənin maliyyə, sosial-iqtisadi müstəqilliyi üçün ötən əsrin 70-80-ci illərində gördüyü tarixi işlər, Azərbaycan insanının həyatının yaxşılaşmasından ötrü həyata keçirdiyi inqilabi tədbirlər dolayısı ilə ölkəmizin siyasi müstəqilliyinin də əsasını qoymuş oldu. 

Və birinci rəhbərliyi dövründə formalaşdırdığı bu möhkəm təməl, intellektual baza, peşəkar insan resursları siyasi hakimiyyətə qayıdışından sonra ulu öndərə müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu proseslərini daha rəvan şəkildə həyata keçirməyə, azad bazar iqtisadiyyatı mühitində ölkənin inkişafını təmin etməyə, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın bütün sahələr üzrə ilk tarixi nailiyyətlərini yaratmağa imkan verdi. 

 

***

 

Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövrünə təxminən bərabər müddət ərzində, İlham Əliyev ulu öndərin qurduğu bu dövləti daha da gücləndirdi, onu addım-addım inkişaf etdirdi. Azərbaycanı öncə Qafqazın liderinə, sonra MDB-nin öncül ölkəsinə, ardınca dünyada böyük siyasi nüfuz qazanmış mühüm dövlətə, qlobal məkanın vacib aktoruna çevirdi. Ölkədəki inkişaf prosesini qlobal çağırışlara, ən müasir tendensiyalara uyğunlaşdırdı və beləliklə, onu milli dövlətçilik tarixinin indiyə qədərki ən qüdrətli məqamına yetirdi.

Azərbaycan dövlətinin tarixdəki ən qüdrətli illəri... 

Bu dövrü hər kəs öz yanaşma tərzinə uyğun təsvir edə bilər. Tarixçi üçün bu illərin təsviri bir başqadır, ədəbiyyat adamı üçün bir başqa, siyasətçi üçün tamam fərqli. Amma bütün bu yanaşmalar insan məqamında birləşir. Azərbaycan insanının həyat və məişətində bu illərin yaratdığı rifah, inkişaf fərqi zamanın təsvirini eyniləşdirir. 

Bu, elə bir inkişaf dövrüdür ki, şəxsi həyatında, gündəlik güzəranında onun təsirlərini duyub hiss etməyən elə bir vətəndaşımız yoxdur. İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə yaşanan inkişaf və tərəqqi ilə bağlı ən böyük həqiqət Azərbaycan insanı üçün bu inkişafın sıravi vətəndaşların həyatındakı əksidir. 

...Ata yurdum, doğulduğum Lerikin Nuravud kəndində yaşayan ağsaqqal qohumumdan ötrü də təxminən bir əsrlik keçmişin mənzərəsi bu quşqonmaz dağlarda məkan tapmış kəndimizin siması ilə müəyyənləşir. Tarix də, milli dövlətçilik tariximizin ayrı-ayrı mərhələləri də, bu mərhələlərə müəlliflik edən liderlərin Azərbaycan sevgisi də ondan ötrü Nuravudun simasında baş verən hansısa dəyişikliklərdədir...

İnsanlar ötən əsrin 70-ci illərinədək bu kənddən Lerikin mərkəzinə, oradan isə Lənkərana palçıqlı yollarla, çiy kərpiclərdən tikilmiş yöndəmsiz daxmaların əhatəsində, bir qarın ac, bir qarın tox gedirdilərsə, Heydər Əliyevin Azərbaycanında artıq bu yollar nizama salındı. Kəndin küçələrində ağ daşdan ikimərtəbəli evlər sıralandı. Ulu öndərin torpaq islahatı, dövlət əmlakının özəlləşdirilməsi kimi geniş islahatlar apardığı müstəqillik dövründə kənd əhlinin daha kolxozda baş girələyib, əməkgünü ümidinə qalmasına, özündən çox başqalarını dolandırmasına ehtiyacı qalmadı. Özü zəhmətə qatlaşdı, ola bilər ki, əvvəlkindən də çox çalışdı, amma əməyinin bəhrəsini də özü gördü, özü-özünü dolandırdı. 

İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə isə Nuravudun simasında tamam bambaşqa bir tarix əks olundu. İlham Əliyev ölkənin getdikcə artan imkanlarını ölkəmizin bütün şəhər, qəsəbə və kəndləri kimi bu kəndin sakinlərinin də rifahına yönəldərək Nuravuda qaz çəkdi. Kəndin işığını daimi etdi, ucqar dağlara sığınmış məskənin səciyyəvi simasını dəyişdirdi, ona müasirlik, yenilik gətirdi, əhaliyə, dövrümüzün zəhmətkeşləri olan fermerlərə yeni imkanlar yaratdı, elimizin məhsulunu böyük bazarlara çatdıran abad yollarla, həyatın normal axarını təmin edən daimi enerji təminatı ilə, sahibkarlara göstərilən kredit dəstəyi ilə, inkişafın kəndlərimizə gətirdiyi intensiv texnologiyalarla insanların qazancını, əlinin bərəkətini birə-min elədi...

Nuravudun bu tale yolundan əslində, elə bütün Azərbaycan kəndləri, obaları keçmədimi?!.

***

 

Yazıçı fəaliyyətimlə əlaqədər tariximizin son minillik dövrünü diqqətlə araşdırıram. Nadir şah haqqında tarixi romanımdan sonra, Şah İsmayıl Xətai barədə əsərimi də artıq yekunlaşdırmaq üzrəyəm. 
Tarixi həqiqətlər həssas yerimdir, amma bu həqiqətləri yalnız bədii əsərə çevirməkdən ötrü öyrənmirəm. Keçmişə işıq salan faktlar həm də bir vətəndaş olaraq fikirlərimi konkretləşdirir. Müəyyən nəticələrə gəlməyimə kömək göstərir. 

İmkanım çatan qədər dərinə getməyə çalışıram. Tarixi keçmişimizdə qəlbimi qürur hissi ilə dolduran çox maraqlı faktlar çıxır qarşıma. Amma etiraf edim, keçmişimizin ürəkağrıdan, təəssüf doğuran, qəzəb yaradan məqamları daha çoxdur. Bu məqamlar üzərində düşündükcə narahat suallar adamın yaxasını buraxmır. 

Məsələn, niyə Azərbaycan tarixində irs-varislik ənənələri yoxdur? Nədən böyük qanlar, insan itkiləri, fədakarlıqlar bahasına yaradılan güclü dövlət onu formalaşdıran şəxsiyyətin yoxluğundan sonra süquta doğru gedib? Niyə Azərbaycan coğrafiyasında təşəkkül tapmış dövlətlərin, hətta xanlıqların qüdrətli dövrləri davamlı olmayıb? Hansısa məqamda tənəzzülə uğrayıb və ömürlərini yarıda buraxıblar?! 
Bütün bunlar bir qələm adamının, yazıçının publisistik qeydlərinə gətirdiyi emosional suallar deyil. Bu gün dünyada mövcud olan ən qüdrətli ölkələrin belə bir səviyyəyə gəlib çatmasının sirri bu sualların cavablarında əks olunub. Onlar bir neçə əsr ərzində vuruşublar da, döyüşüblər də, qan da töküblər, inqilablar da ediblər, bir-birini taxtdan da salıblar, amma dövlətçilik mənasında irs-varislik xətti davam edib. Yeni gələn əvvəlkinin tikib qurduqlarını, yaratdığı ənənələri vurub-dağıtmayıb, onların təməlində onlardan daha yaxşısını, bir qədər də mükəmməlini yaradıb. 

Beləliklə, fəlsəfədəki inkarı-inkar qanunu aramsız işləyib. Yenilik ənənəviliyi inkişaf etdirərək cəmiyyətin yüksəlişinə də təkan verib. Daha dövlət quruculuğu proseslərini hər dəfə yenidən başlamağa, cəmiyyəti hər dəfə yenidən toparlamağa gərək qalmayıb. Və belə bir təkamül yolu ilə, zamanın zərgər səliqəsi bu ölkələrdə zəngin bir dövlətçilik irsi formalaşdırıb. Bu gün dünyanın bir çox toplumlarının inkişaf səviyyəsinə görə həsəd apardığı güclü dövlətlər, sivil cəmiyyətlər, müasir düşüncə tərzi meydana gəlib.
Bizdə isə hətta ötən əsrin 90-cı illərinin əvvəllərinə qədər bu məsələ tariximizin acı gerçəyi olaraq qalırdı. Bu təəssüf anını hətta ən yaxın tariximizə qədər yaşamaqda idik. XX əsrdə Azərbaycan xalqının yetirdiyi və öz xalqına ona qədər heç bir siyasi liderin edə bilmədiyi misilsiz nailiyyətlər gətirən ən uğurlu dövlət adamı Heydər Əliyev olmuşdu, di gəl ki, sovet Azərbaycanının son dövrlərində, müstəqilliyin isə ilk illərində ölkənin rəhbərliyində olan təsadüfi insanlar belə bir şəxsiyyətin dövlətçilik irsini davam etdirmək əvəzinə Onu tarixdən silmək istəyirdilər. 

Heydər Əliyev Azərbaycanın ucqar bir əyalətindən SSRİ boyda nəhəng imperiyanın rəhbərliyinə qədər ucalıb, xalqının da başını uca etmişdi, amma içimizdəki bəzi nankorlar müəyyən cılız maraqlarla bu ucalığa da daş atırdılar. Belə düşüncə tərzi ilə, təbii ki milli dövlətçiliyə irs-varis baxışı formalaşa bilməzdi. 

Ulu öndərin və bu mənəvi irsin layiqli davamçısı olaraq Prezident İlham Əliyevin milli dövlətçilik tariximizə qazandırdıqları çox dəyərlər var. Bu dəyərlərin ən mühümü onların fəaliyyətində milli dövlətçilik tariximizdəki irs və varislik probleminin həllidir. Belə bir dəyər, xalqımızın tarix boyu əldə etdiyi ən böyük nailiyyət olan müstəqil Azərbaycan dövlətinin ayaqda durmasını təmin edir. 
Şah İsmayıl Xətainin, Nadir şahın və digər cahangirlərimizin qurub yaratdıqları böyük dövlətlərimizi məhz onların xələfləri zəiflətmişdilər. 

Heydər Əliyevin xələfi isə onun min bir əziyyətlə qurduğu dövləti eyni əziyyətlər və fədakarlıqlar bahasına daha da möhkəmləndirdi, güclü etdi! 

İlham Əliyev bu dövləti əvvəlkindən də qüdrətli etdi!

Və indi dünyanın ən inkişaf etmiş ölkələri ilə bir sırada, beynəlxalq aləmdən qüdrətli Azərbaycanın da xoş sədaları eşidilir... 

 

***

 

Bu yaxınlarda mediada Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı” yayıldı. Ötən illə müqayisədə ölkəmizin mövqeyinin daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması bu hesabatın xüsusilə əlamətdar məqamıdır. Hər cəhətdən fərəh doğuran bu yenilik ictimai həyatımızda geniş müzakirə olunur. Biz də hesabatın Azərbaycana aid məqamlarına müxtəsər bir nəzər salaq. 
Dövrümüzün bu ən mötəbər beynəlxalq reytinq cədvəlində Azərbaycan öz göstəricilərinə görə dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB məkanında liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci, Ermənistan isə 73-cü sırada yer alıb.
Hesabatda Azərbaycanın mövqeyi 12 indikatordan aşağıdakı doqquz indikator üzrə yaxşılaşıb: təsisatlar (15 pillə irəliləyərək 33-cü yer), infrastruktur (4 pillə irəliləyərək 51-ci yer), səhiyyə və ibtidai təhsil (1 pillə irəliləyərək 74-cü yer), ali təhsil və təlim (10 pillə irəliləyərək 68-ci yer), əmtəə bazarının səmərəliliyi (19 pillə irəliləyərək 31-ci yer), əmək bazarının səmərəliliyi (9 pillə irəliləyərək 17-ci yer), maliyyə bazarının inkişafı (18 pillə irəliləyərək 79-cu yer), biznesin mürəkkəbliyi (20 pillə irəliləyərək 40-cı yer) və innovasiya (11 pillə irəliləyərək 33-cü yer).

Ən böyük irəliləyişi isə ölkəmiz biznesin mürəkkəbliyi, başa düşdüyüm qədərilə, yəni biznes prosesinin sadələşdirilməsi üçün aparılmış çoxşaxəli islahatlar üzrə əldə edib - 20 pillə. 

Çox təfərrüatlara varmayacağam. Bəlkə də bu quru rəqəmlər belə məsələlərlə dərindən maraqlanmayan insanlarda bir o qədər geniş təəssürat yaratmır. Amma bu sətirlərin müəllifi üçün belə bir hesabatın çox böyük mənası var. 

Bir anlıq təsəvvür edək, dünyanın 174 ölkəsi iqtisadi rəqabətqabiliyyətinə görə yan-yana sıralanır və İlham Əliyevin Azərbaycanı inkişaf səviyyəsinə görə nə az, nə çox düz 139 ölkədən öndə olur!.. 
Özü də elə bir vaxtda ki, dünyada uzun müddətdir izlənən maliyyə-iqtisadi böhranın mənfi təsirləri hələ bitməyib. Azərbaycan iqtisadiyyatında mühüm rol oynayan neftin qiyməti hələ də ədalətli səviyyədə deyil. Belə bir əyyamda, ilin-günün bu vaxtında ölkənin inkişafını qoruyub saxlamaq və davam etdirmək o qədər də asan görünməsin... 

Amma İlham Əliyev bunu bacarır və Azərbaycanı daha iki pillə də yüksəldir. 

Bu, onun təsdiqidir ki, tutduğumuz yol doğru yoldur... 

Bu, onun sübutudur ki, Azərbaycanın milli dövlətçiliyinin inkişafında təkamül xətti ardıcıl şəkildə davam edir və bu prosesi daha kimsə dayandıra bilməz... 

Bu, onun göstəricisidir ki, Azərbaycan öz milli hədəflərini düzgün müəyyənləşdirib. Son onilliklərdə ölkə həyatının ən müxtəlif sahələrində həyata keçirilən kompleks tədbirlər bizi cəmiyyət olaraq öz böyük hədəflərimizə doğru yaxınlaşdırır.

Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanla bağlı hər rəqəmi real həyat mənzərələrində təsəvvür etməyə çalışsaq, bu quru rəqəmlərin hər birində minlərlə sahibkarımızın rahatlaşan işini, məmnun əhval-ruhiyyəsini, milyonlarla insanımızın getdikcə bərəkəti çoxalan halal ruzisini, işləmək istəyən, iş qurmaq həvəsində olan, canını əziyyətə verib pul-para qazanmağa can atan hər bir vətəndaşımıza dövlətin dəstəyini, yenilənən yollarımızı, bəhrəsi artan tarlalarımızı, bağlarımızı, ucalan binalarımızı, işıqlanan, isinən evlərimizi, fərdi inkişafa can atıb elm-təhsil işığında zəkası aydınlanan Azərbaycan övladlarını və bütün bunların fonunda abadlaşan, qüdrətlənən Vətənimizi görəcəyik. 

Budur, dövlət müstəqilliyimizin bəhrəsi, budur İlham Əliyevin prezidentlik missiyasının təzahürlərindən biri...

 

***

 

Elə kitablar olur ki, oxuyursan, həyatının dəyişdiyini duyursan. 

Tarixi nitqlər, böyük şəxsiyyətlərin hansısa xüsusi çıxışları, bəyanatları da eləcə... 

Həyatımda böyük dönüş yaradan, ömrün hər anında təsirini hiss etdiyim kitablar, bədii mətnlər, tarixi nitqlər az olmayıb. 

1993-cü ilin 15 iyununda - hərbi-siyasi ziddiyyətlərdən lərzəyə gəlib parçalanma təhlükəsi qarşısında qalan, hamının bir-birinə az qala düşmən kimi baxdığı bir dönəmdə bu məmləkətin başqa sadə vətəndaşları kimi gözlərimlə televiziya ekranına kilidlənmişdim... Oradan ölkənin gələcəyi ilə bağlı zəif də olsa nəsə bir işıq tapmaq istəyirdim. Bu işığı, bu ümidi həmin dəqiqələrdə Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyevin parlament tribunasından səsləndirdiyi iki cümlədə tapdım. Ulu öndər deyirdi: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.

Belə bir bəyanat o zaman intriqa yuvasına çevrilmiş qırmızı kreslolu zaldan nicat gözləyən məmləkətin dörd bir yanına yayıldı, yox yayılmadı, ildırım kimi çaxdı bu fikirlər cəmiyyətdə... 
Uçurumun dibində olan məmələkətin milyonlarla vətəndaşı kimi artıq ölkə tarixində dönüş anının başlandığını fərq etdim. 

Yaxud, 1993-cü ilin 2 noyabrında Heydər Əliyevin bütün xalqa səslənərək “Bu gün Azərbaycanın böyük gücü, potensialı, xalqımızın zəngin qəhrəmanlıq ənənələri - bunların hamısı birləşdirilməlidir. Bütün imkanlardan istifadə edərək Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmağa bizim imkanımız var. Hamımızı bu yolda fədakar mübarizəyə, Azərbaycanın müdafiəsinə qalxmağa dəvət edirəm və hamınızdan təşəbbüs, əməli fəaliyyət gözləyirəm” fikirləri müstəqil dövlətimizdə vahid komandanlığa tabe nizami ordu quruculuğunun başlanğıcı oldu. 

Və ya 1994-cü ilin 4 oktyabr gecəsi Heydər Əliyevin çağırışı ilə on minlərlə paytaxt sakini kimi həyat yoldaşımın əlindən tutaraq Prezident Aparatının qarşısına az qala qaça-qaça gedərkən burada bütün Azərbaycanın coşğusunun, müstəqilliyin və dövlətçiliyin bütün vətəndaşlar tərəfindən qorunduğunun, bu məmləkətdə istiqlal yolunun artıq dönməz bir prosesə, xalqın əbədi taleyinə çevrildiyinin şahidi oldum. O gecənin müqəddəs təəssüratları indi də hər xatırladığımda qəlbimi ehtizaza gətirir.

2003-cü ilin 2 oktyabr gecəsi ulu öndərin dövlət televiziyasından səslənən tarixi müraciətindəki “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” çağırışı da, xalqın mütləq dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin 2003-cü ilin 31 oktyabrında andiçmə mərasimindəki nitqində “Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” kəlmələri də Azərbaycanda yeni bir tarixin başlanğıcı idi... 

 

***

 

Aradan 14 il ötüb. 

26 illik müstəqillik salnaməmizdə yeni səhifələr açan belə mühüm məqamların, dönüş anlarının əhatəsi bu 14 ildə yeni nümunələrlə, tarixi nitqlərlə, bəyanatlarla, çağırışlarla daha da genişlənib. 

Prezident İlham Əliyevin bu il sentyabrın 20-də BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışıda belə məqamlardan biri kimi hər zaman riqqət doğuracaq, milli dövlətçilik düşüncəsinə işıq salacaq. 

Bu, İlham Əliyevin BMT kimi ali bir tribunada növbəti çıxışı idi. İlk nitqini o, 2003-cü ilin sentyabrında Azərbaycan Respublikasının Baş naziri statusunda etmişdi. Xaricdə müalicə alan Prezident Heydər Əliyevin səlahiyyətlərini həyata keçirən şəxs kimi bütün dünyaya bəyan edirdi ki, Azərbaycanın sükanı etibarlı əllərdədir, istiqlalının dönməzliyi təminat altındadır, bu xalqın maraqları, mənafeləri heç bir qüvvə tərəfindən pozula bilməz, Qarabağ problemində bizdən güzəşt gözləməyə dəyməz...
Dünya aydın gördü ki, Heydər Əliyev yalnız müstəqil dövlət qurmayıb, həm də bu dövləti daha da gücləndirəcək bir lider yetişdirib... 

Dövlət rəhbərimizin BMT-dəki çıxışları sırasında mən Onun 2012-ci ilin mayında - Azərbaycanın bu qurumun Təhlükəsizlik Şurasına sədrliyi mərasimindəki nitqini də xüsusi fərqləndirirəm. Dünyanın baş məclisinə rəhbərlik etmək hürriyyət salnaməmizin ən şanlı səhifəsi idi ki, bu nailiyyətə də məhz İlham Əliyev imza atdı...

İlham Əliyevin BMT-nin 72-ci ssesiyasındakı çıxışı da onun bu qurumdakı əvvəlki nitqləri kimi Azərbaycanın istiqlal tarixinin daha bir möhtəşəm təntənəsi oldu. 

Dövlət rəhbərimizin səlis ingilis dilində etdiyi bu tarixi nitqi dinlədikcə ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərliyinin üçüncü ayında Bakı Dövlət Universitetinin 50 illik yubileyi zamanı, ölkənin ziyalı elitası qarşısında o vaxtın sovet rəhbərləri üçün gözlənilməz bir davranış göstərərək məhz ana dilimizdə çıxış etməsi faktını xatırladım. 

Dili, milli dəyərləri zorla unutdurulan bir məmləkətdə, ittifaq əhəmiyyətli tədbirdə Heydər Əliyev ana dilimizin gücü ilə necə bir cəsarət nümayiş etdirmişdisə, hansı mətləblərə işıq salmışdısa, İlham Əliyev də dünyanın baş siyasi tribunasından, yer üzünün əsas siyasi dili ilə Azərbaycan həqiqətlərini dünyanın üzünə çırpmaqla eyni qətiyyəti, eyni cəsarəti sərgiləyirdi. 

Bu çıxışında Azərbaycan Prezidenti Ermənistanın ölkəmizə qarşı işğal və etnik təmizləmə siyasətini, Xocalıda azərbaycanlılara qarşı soyqırımı aktını konkret faktların dili ilə bir daha diqqətə çatdırdı. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan birinin Ermənistanın hazırkı prezidenti olduğunu vurğuladı. Aparıcı beynəlxalq təşkilatların, o cümlədən 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul etməsini yada saldı. Bu qətnamələrə məhəl qoymayan Ermənistanın indiyə qədər cəzasız qalmasına görə dünya birliyini qınadı. “Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır. 

...Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır. Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər”.

 

***

 

Azərbaycan Prezidenti mükəmməl bir məktəb keçmiş peşəkar diplomatdır. Siyasətçi ritorikasının bütün incəliklərini əxz etmiş təcrübəli dövlət adamıdır. Fikrini diplomatik ifadə tərzləri ilə qəlibə salıb, demək istədiklərini dolayısı ilə çatdırmaq onun üçün elə də çətin deyil. Amma Azərbaycanın milli maraqları məsələsində, xüsusilə Ermənistanın ölkəmizə qarşı işğal siyasəti ilə bağlı fikirlərində cənab İlham Əliyevin sözü, zərbəsi həmişə birbaşadır. 

Çünki bu məsələ Azərbaycan Prezidenti üçün diplomatiyadan da çox siyasət meydanında kişiyana, mərdi-mərdanə cəngdir. Dünyanın bütün ali tribunaları İlham Əliyev üçün Azərbaycanın maraqlarının qorunduğu, düşmənin başına od ələndiyi bir səngərdir. Azərbaycan əsgərinin aprel döyüşləri zamanı əldə silah göstərdiyi şücaəti Ali Baş Komandan BMT tribunasında da davam etdirirdi. 

Və siyasət meydanında Ermənistanın namərd rəhbərliyinə, uşaq qatili Sarkisyana növbəti zərbələrini vururdu. 

 

***

 

İlham Əliyev orada ordumuzun aprel zəfərindən də danışdı...

Azərbaycanın daha böyük qələbəyə, yekun zəfərə nail olmaq gücündə olduğunu bütün dünyaya, erməni xalqına, Ermənistan rəhbərliyinə çatdırdı. 

Bütün davranışları, bütün sözləri göstərdi ki, İlham Əliyev güclü bir sərkərdədir. Müzəffər bir ordunun Ali Baş Komandanıdır. 

Və Lələtəpəyə bayraq sancan əsgər ulu öndər Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərində Azərbaycana bəxş etdiyi milli hərbi məktəbdən - Cəmşid Naxçıvanski adına hərbi məktəbdən başlayan milli ordu quruculuğunun zəfər rəmzidir.

Budur, müstəqilliyin bəhrəsi...

Budur müstəqilliyin neməti... 

Budur müstəqilliyin ərsəyə gətirdiyi milli dövlətçilik irsi... 

Nə yaxşı ki, bu irsin, bu fəaliyyətin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva kimi şəxsiyyətlərimizin timsalında qəlbi Azərbaycan sevgisi ilə dolu, bəşəriyyətin rifahına xidmət edən xoşməramlı missiyası ilə bütün dünyada böyük nüfuz qazanmış davamçısı da var...
Azərbaycanın dövlət müstəqilliyinin 26-cı ildönümünü qeyd edirik. Vaxt gələcək istiqlalımızın 126-cı ildönümü də qeyd olunacaq. O zaman biz, müasirlərimiz həyatda olmayacağıq. 

Amma müstəqilliyimiz yaşayacaq!

Bu müstəqilliyi bizə bəxş edən KİŞİnin - Heydər Əliyevin şanlı irsi əbədi olacaq... 

Tarixin ən qüdrətli Azərbaycanını yaradan LİDERin - İlham Əliyevin siyasi kursu daimi olacaq...