Azərbaycan.- 2017.- 18 oktyabr.- ¹ 228.- S.1,3.

 

Heydər Əliyev kursu dövlət müstəqilliyinin təminatçısıdır

 

Azərbaycan dünyada tam müstəqil siyasət yürüdən ölkə kimi tanınır

 

Elnur HACALIYEV

 

XX əsrin sonlarında sosializm sisteminin süquta uğraması postsovet ölkələrində insan hüquq və azadlıqlarının təmini sahəsində ciddi dönüş yaratmaqla bərabər, Azərbaycanın öz müstəqilliyini elan etməsinə, habelə beynəlxalq birliyin bərabərhüquqlu subyekti kimi dünya dövlətləri sırasına qoşulmasına imkan verdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. 

Konstitusiya Aktı respublikamızı rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil respublika elan etmişdir. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdı. Konstitusiya Aktında hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri də rəsmən elan edilmişdi. 

1991-ci il oktyabrın 18-də Azərbaycanın öz müstəqilliyini elan etməsinə baxmayaraq, bu, deklorativ xarakter daşıyırdı. Dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını sarsıdan bir çox sosial-mənəvi problemlər də məhz müstəqilliyin bu səciyyəvi cəhəti üzündən meydana çıxmışdı. De-yure müstəqilliyini bəyan etmiş Azərbaycanın de-fakto müstəqil dövlət kimi yaşamasında və müstəqil siyasət yeritməsində ciddi problemlər mövcud idi. AXC-Müsavat rəhbərliyinin yarıtmaz fəaliyyəti ölkədə ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətin yaranmasına səbəb olmuşdu. Respublikada qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, dövlət idarəçiliyinin iflic vəziyyətə düşməsi, ayrı-ayrı siyasətçilərin “könüllü döyüşçü” adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə eti-barilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Bir tərəfdən ayrı-ayrı məmurların özbaşınalıqları və dövlətin o zamankı rəhbərinə tabe olmamaları nəticəsində hakimiyyət böhranının dərinləşməsi, digər tərəfdən isə ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərlə baş qaldırması ölkədə gərgin vəziyyət yaratmışdı. 

Azərbaycan xalqı belə ağır dönəmdə çıxış yolunu təcrübəli dövlət xadimi ulu öndər Heydər Əliyevin siyasi hakimiyyət sükanı arxasına keçməsində gördü. Yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qiyamı yatırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə, alternativsiz lider məhz Heydər Əliyev idi. Həmin dövrdə xalqın ulu öndərə olan böyük sevgi və inamını dolayısı ilə etiraf etmək məcburiyyətində qalan AXC-Müsavat cütlüyünün Heydər Əliyevi acizanə şəkildə Bakıya dəvət etməsi də məhz bu reallıqla şərtlənirdi. 

Ümummilli liderin 1993-cü il iyunun 9-da xalqın istəyinə səs verərək Bakıya qayıtması isə onun nə qədər qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqlədi. 1993-cü il oktyabrın 10-da xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev ölkəni siyasi və iqtisadi tənəzzüldən, hərc-mərclikdən, müstəqilliyin itirilməsi təhlükəsindən çıxardı, sabit və tarazlı milli inkişaf strategiyasının konseptual istiqamətlərini müəyyənləşdirdi. 

Ümummilli liderin milli dövlətçilik kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev ötən 14 ildə özü də yeni bir idarəçilik məktəbinin banisinə çevrilmişdir. Dövlət başçısının fəaliyyəti onun Heydər Əliyev ideyalarının sadəcə davamçısı deyil, eyni zamanda bu ideyaları yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun davam etdirən, təkmilləşdirən qətiyyətli siyasi lider olduğunu təsdiqləyir. Ölkə rəhbərinin məqsədyönlü fəaliyyəti sayəsində ilk növbədə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılmışdır. Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə müəyyənləşdirilən müstəqil xarici siyasət kursunun davamlılığının təmin olunması nəticəsində ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə inkişaf etdirilmişdir. 

Prezident İlham Əliyev cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib: “Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır”.

Ölkə rəhbərinin ötən 14 ildə yürütdüyü siyasət deməyə əsas verir ki, respublikamız öz inkişafının Qərb modelini müəyyənləşdirərək davamlı iqtisadi inkişafa və demokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük vermişdir. Dövlət başçısının bəyan etdiyi kimi ölkəmizin sabit və tarazlı iqtisadi inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir. Dövlət başçısı bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın milli strateji inkişaf yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi və demokratikləşmə prosesinin üzvi vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmişdir. 

Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan Qərbdə yalnız zəngin neft və qaz ehtiyatları ilə deyil, həm də demokratiyaya, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini bir sıra konkret addımları ilə tam sübuta yetirmişdir. Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir. 

Respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir. 2011-ci ildə respublikamızın sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. Qoşulmama hərəkatının XVII zirvə toplantısında quruma üzv dövlətlərin yekdil razılığı ilə 2019-2022-ci illərdə sədrliyin Azərbaycana verilməsi və 2019-cu ildə bu hərəkatın XVIII zirvə toplantısının ölkəmizdə keçirilməsi barədə qərar qəbul edilmişdir. Qısa müddət ərzində təsisata üzv olmağımıza baxmayaraq, yekdilliklə ölkəmizin sədrliyinin dəstəklənməsi respublikamızın artan nüfuzunun göstəricisidir. Bu möhtəşəm hadisə ilk növbədə rəsmi Bakının son dərəcə sabit və uğurlu, eyni zamanda sivil birgəyaşayış normalarına əsaslanan xarici siyasət yürütdüyünü bir daha təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilə bilər. 

Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Ötən 14 il ilk növbədə dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, “Ümid”, “Abşeron” kimi perspektivli yataqlar kəşf olunması bu baxımdan xüsusi qeyd olunmalıdır. Cari ilin sentyabrında isə neft-qaz sektorunda çox əlamətdar hadisə baş verdi. “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni müqavilə imzalandı. “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Bu müqavilə ölkəmiz üçün daha da yaxşı şərtlərlə təmin edildi. Belə ki, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırıldı, mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcək. Dövlət Neft Şirkəti yeni müqavilənin podratçısı kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. 

Digər mühüm layihə isə “Cənub qaz dəhlizi”dir. Bu istiqamətdə də işlər uğurla həyata keçirilir. “Şahdəniz-2” layihəsinin icrası 96 faiz, TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra edilib. Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tikintisi isə artıq başa çatıb. Yaxın günlərdə bu tarixi yolun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulub. 

Mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi də respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir. Aşkar görünür ki, Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınır və belə bir müsbət imicin formalaşmasında son illər respublikada keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Respublikada müşahidə olunan davamlı inkişaf ilə paralel şəkildə demokratik-hüquqi islahatların da aparılması, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirmişdir. 

Ötən illərdə əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilmişdir: “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin...” - deyən cənab İlham Əliyev ulu öndərin dövlətçilik irsinə sədaqətini bir daha nümayiş etdirir.