Xalq qəzeti.-2017.-5 fevral.-26.-S.5.

 

Dövlətimizin iqtisadi qüdrətinin artması müstəqilliyimizin etibarlı təminatıdır

 

Gülağa QƏNBƏROV,

xaricdə yaşayan iş adamı, şair-publisist

 

Son yüzillik milli ideologiyanın formalaşması, ötən əsrin əvvəllərində çoxəsrlik dövlətçilik ənənəsinin dirçəldilməsi və müstəqilliyin qazanılması, əsrin sonunda isə yenidən bərpası ilə əlamətdar olmuşdur. Gələn il xalqımız Şərqdə ilk demokratik dövlət quruluşu olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının yüzilliyini böyük öyünclə, tariximizin misilsiz hadisəsi kimi qeyd edəcək. Ötən il isə dövlət müstəqilliyimizin bərpasının 25 illiyi ümumxalq təntənəsinə çevrildi.

 

Bütün bunlar yeni dünya nizamında Azərbaycan xalqının öz milli dövləti ilə təmsil olunmasını təmin etmiş, dünyada yaşayan 50 milyonluq soydaşlarımızın həmrəyliyinin güclənməsinə imkan yaratmışdır. Ümummilli lider Heydər Əliyevin həmişə ucadan söylədiyi, Prezident İlham Əliyevin çıxış və nitqlərində dövlətimizin baş şüarına dönmüş Müstəqilliyimiz qürur mənbəyimizdir kəlamı ötən 25 ildə dünyanın hər yerində həmvətənlərimizin də dillərinin əzbəri olmuşdur. Lakin ulu öndərin dediyi kimi, dövlət müstəqilliyini qazanmaqla iş bitmir, əsas məsələ onu qoruyub möhkəmləndirməkdən, dönməz prosesə çevirməkdən ibarətdir. Bu tarixi vəzifənin uğurla gerçəkləşdirilməsi təkcə Azərbaycan Respublikasının vətəndaşlarının deyil, bütövlükdə, dünya azərbaycanlılarının  müqəddəs işidir. Ona görə də ümummilli liderimiz  dünyanın harasında olurdusa, orada yaşayan soydaşlarımızı bir yerə toplayır, qardaş-bacılarımızı Vətənlə sıx əlaqə saxlamağa, onları Azərbaycan həqiqətlərinin keşiyində dayanmağa çağırırdı.

 Ulu öndər Heydər Əliyev xaricdə fəaliyyət göstərən imkanlı həmvətənlərimizi, iş adamlarını Azərbaycana dəvət edir, problemlərimizin həllində onların fəal iştirakına əlverişli şərait yaradırdı. Bu baxımdan böyük rəhbərin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-da müstəqil dövlətimizin paytaxtında keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı tarixi hadisə oldu. Böyük rəhbər Vətənin qapılarını xaricdə yaşayan soydaşlarımızın üzünə taybatay açdı.

Bu böyük missiyanı uğurla davam etdirən ulu öndərin ən sadiq davamçısı Prezident İlham Əliyevin himayəsi ilə keçirilən sonrakı qurultayların səfərbəredici qərarları ilə dünya azərbaycanlıları öz dövlətinin qayğılarına daha fəal çiyin verdilər, ölkəmizin inkişafı ilə bağlı layihələrdə daha yaxından   iştirak etməyə başladılar. Mən də bu prosesə ilk qoşulanlardan biri kimi Vətənlə bağlı bir sıra arzu-istəklərimi gerçəkləşdirə bildiyimə görə özümü xoşbəxt, həm də getdikcə xalqıma daha çox borclu hesab edirəm.

Ulu öndərin ötən əsrin 70-80-ci illərində azərbaycanlı gənclərin SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına yaratdığı üstün imkanlardan yararlanıb, Rusiyada tikinti mühəndisi ixtisasına yiyələnmişəm. Xalqımızı böyük dünya siyasətində müstəsna bir zəka və enerji ilə təmsil etmiş Heydər Əliyev Moskvada sovet dövlətinin ali rəhbərlərindən biri olduğu illərdə onun adının çevrəsində gənc yaşlarımda nüfuzlu ittifaq nazirliklərindən birinin idarə rəisi mövqeyinə yüksəlməyimi həmişə böyük qədirbilənliklə, xoş duyğularla xatırlayıram.

O da yadımdadır ki, biz respublikadan kənarda yaşayanlar  düşmən qüvvələr dahi rəhbərimizi  hiylə və xəyanətlərlə böyük siyasətdən uzaqlaşdırandan sonra nə boyda bir arxa- himayə itirdiyimizi dərhal hiss etməyə başladıq. Dağlıq Qarabağ münaqişəsi başlandıqda SSRİ adlı saxta qardaşlıq ailəsinin rəhbərliyində xalqımıza ögey münasibət dərinləşəndə sevimli rəhbərimiz Heydər Əliyevin yeri, rolu daha aydın görünməyə başladı. Hadisələr böyüyüb 20 Yanvarda xalqımıza silahlı qəsdlə nəticələnəndə qəlbimizdə və yaddaşımızda ümummilli lider səviyyəsinə yüksəlmiş Heydər Əliyevin yumruqlarını düyünləyərək etirazını Moskvadan bütün dünyaya çatdırması, əslində,  müstəqillik hərəkatı zənginin çalınması oldu.

O gündən vətəndən xaricdə yaşayanlar da xalqımızla birlikdə anladılar ki, nicatımız dövlət müstəqilliyimizə nail olmağımızdadır. Buna görə də sovet rəhbərliyinin o qanlı cinayətindən sonra hədsiz maneələrə baxmayaraq, mümkün olan bütün üsullarla ərazilərimizin qorunmasına, suverenliyimizin qazanılmasına öz köməyimizi göstərməyə başladıq. Şükürlər olsun ki, mübarizə çox keçmədi ki, xalqımızı tarixi arzusuna qovuşdurdu, müstəqil Azərbaycanın adı dünya dövlətləri sırasına yazıldı.

 Müstəqilliyin ilk addımında naşı, xəyanətkar siyasi qüvvələr tarixi nailiyyətimizi təhlükə altında qoyanda xalq  müstəqilliyimizi qoruyub saxlamaq missiyasını öz  ümummilli liderinin çiyninə qoydu. Ulu öndərin gerçəkləşdirdiyi zəruri tədbirlər ölkəmizi sabitlik, inkişaf yoluna çıxartdı, xalqımızı dinc həyata, böyük quruculuğa qovuşdurdu. Bax belə bir vaxtda millət atasının xaricdə yaşayan imkanlı soydaşlarımızı Vətənin dərdlərinə əlac edilməsi işinə dəvət etməsi məni də ürəkdən sevindirdi, əvvəl gördüyüm işlərin çevrəsini genişləndirməyimə geniş meydan açdı.

Bölgədə doğulmuş bir azərbaycanlı kimi, şəhər və kəndlərimizdə də paytaxtın üstün abadlığının, rahatlığının olmasını həmişə ürəkdən arzu eləmişəm. Həm də düşünmüşəm ki, bu ağır işi rayonlarımızın potensialını hərəkətə gətirməklə etmək mümkündür. Tale bu istəyimin də gerçəkləşməsini görməyi mənə nəsib etdi. Ulu öndərin  liderlik missiyasını qəbul edən Prezident İlham Əliyevin Mən hər bir azərbaycanlının prezidenti olacağam və Bölgələri də paytaxt kimi inkişaf etdirməyə çalışacağam məramı, bununla da regional inkişaf proqramlarına rəvac verməsi məni də çoxdankı arzularımın  gerçəkləşdirilməsinə həvəsləndirdi.

Doğulduğum Masallı rayonunda və paytaxtın qəsəbələrində başlanan geniş abadlıq-quruculuq işlərinə əsl vətəndaşlıq duyğuları ilə qoşuldum. Kənd yollarının çəkilişində, ictimai yerlərin abadlaşdırılmasında, məktəb və bağçaların təmirində, yenilərinin tikilməsində fəal iştirak etdim. Heydər Əliyev Fondunun həyata geçirdiyi humanitar quruculuq prosesi  fəaliyyətimi daha da genişləndirməyə əlverişli şərait yaratdı. Xalqımızın öyüncü olan, müstəqilliyimizin qazanılmasında öncüllük etmiş ziyalılarımıza qayğı məsələsi də mənə böyük qəlb rahatlığı gətirdi.

Bəxtiyar Vahabzadə, Qabil, Anar, Fikrət Qoca, Nəriman Həsənzadə, Əlibala Hacızadə kimi istiqlal yazarlarımızla, Budaq Budaqov, Bəkir Nəbiyev, Akif Əlizadə kimi dünyada tanınan alimlərimizlə, Şəfiqə Axundova, Ramiz Mirişli, Səyavuş Kərimli, Eldar Mansurov kimi musiqiçilərimizlə sıx təmasda olmaq, ağrı-acılarımızı azaltmaq, çatışmazlıqları aradan qaldırmaq yollarını birgə axtarmaq, bu nurlu insanların arzu-istəklərinə qulaq asmaq bir sıra gərəkli layihələrə çağırış oldu. Əməlpərvər memarımız Rasim Əliyevlə dostluq əlaqəmiz həmişə məni xeyriyyəçiliyi davam etdirməyə, yurduma yeni töhfələr verməyə ruhlandırb.

Sağlığında klassikləşmiş şair və yazıçılarımızın silsilə kitabları nəşr olundu. Dövlət başçısının ölkədə idmanın inkişafına, istedadlı uşaq və gəncləri himayə etməsinə uyğun olaraq, müsabiqələr, həvəsləndirici aksiyalar keçirdik.

Bu günlərdə Bakıda olarkən Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin illik iclasını, regional inkişafla bağlı illik konfransı diqqətlə izlədim. Cəbrayılın işğaldan azad olunmuş yeganə kəndi Cocuq Mərcanlının  bərpası bərədə dövlət başçısının sərəncamının doğurduğu Qarabağa Böyük qayıdış sevincini xalqımızla birgə yaşadım. Xüsusən, regional inkişaf proqramlarının həyata keçirilməsində qazanılmış möhtəşəm uğurlar məni ürəkdən sevindirdi, bu sahədə yeni layihələrə başlamağa həvəsləndirdi.

Cənab İlham Əliyevin dünyada qlobal böhranın davam etdiyi şəraitdə Azərbaycanda inkişafın təmin edilməsi ilə bağlı səsləndirdiyi fakt və rəqəmlər qəlbimi dağa döndərdi. İnkişaf edən ölkələr sırasında Azərbaycanın liderlik mövqeyinə yüksəlməsi, dövlətlərin rəqabətqabiliyyətlik yarışında respublikamızın ötən il daha 3 pillə irəliləyərək 37-ci yerə çıxması müstəqilliyimizin mötəbər təminatı olan iqtisadi qüdrətimizin ildən-ilə artmasının sevindirici göstəricisidir.

Məhz bunun nəticəsidir ki, xalqımızın bir sıra tarixi problemləri müstəqillik illərində həllini tapmış, ümumi rifah yüksəlmiş, kasıblıq kimi ağır bəla arxada qalmışdır. Enerji təhlükəsizliyi təmin olunmuş, ərzaq təhlükəsizliyi, işsizliyin ləğvi ilə bağlı əsaslı tədbirlər görülmüşdür. Paytaxtımız dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş, şəhər və kəndlərimizin köhnə mənzərəsi tamamilə dəyişmişdir. Düşmənlərimizə gücümüzü göstərən hərbi potensialımız da lazımi həddə çatdırılmışdır. Ötən ilin aprelində cəbhədə düşmən təxribatını cavablandırarkən ordumuzun göstərdiyi rəşadət həm də iqtisadi tərəqqimizin üzərində mümkün olmuşdur.

Regional inkişafda yeni səviyyəyə çıxmaq üçün Prezident İlham Əliyev aqrar sahəni yüksək səviyyəyə qaldırmaqla bağlı qarşıya ciddi vəzifələr qoymuşdur. Sahibkarlığı daha da inkişaf etdirmək, emal müəssisələri yaratmaqla bağlı yeni üfüqlər açılır. Xaricdə yaşayan iş adamlarımız bu prosesdə də öz sözlərini deyə bilərlər. Dövlətimizin özəl bölməni dirçəltmək üçün son illərdə ayırdığı 2 milyard manatlıq kreditə əlavə olaraq, soydaşlarımızın öz ölkəsinə yatırımları artırmasına da bu gün daha böyük etiyac var.

Sonda demokratik şəraitdə ölkəmizdə azad mətbuatın inkişafı ilə bağlı əldə olunmuş uğurları da yada salmaq istəyirəm. Son illərdə müstəqil mətbuatın mövqeyinin möhkəmlənməsi söz azadlığının təmin olunmasında təsirli rol oynayır. Bütün bunlar xaricdə yaşayan azərbaycanlıların vətəndə baş verən hadisələri doğru-düzgün izləməsinə də imkan verir. Lakin bəzi səbatsız və səriştəsiz media qurumlarının söz azadlığı pərdəsi arxasında ölkmizin uğurlarını gözdən salmağa çalışması, şər, böhtan xarakterli yazılarla namuslu soydaşlarımızı hədəfə alması xaricdə yaşayan azərbaycanlılarda da ciddi narazılıq yaradır.

Belə bədnam yazarların ölkəmizə qarşı  beynəlxalq qalmaqallara dəstək verən çıxışlarını isə qəzəb və nifrətlə qarşılamamaq olmur. Ölkə ictimaiyyəti, eləcə də xaricdə yaşayan həmvətənlərimiz bu çirkin informasiya oyununda ayıq-sayıq olmalı, həqiqətin tərəfini saxlamaqla belələrinin sıradan çıxmasına kömək etməlidirlər.

Sonda ilk ayını yola saldığımız yeni ildə ölkəmizin iqtisadi qüdrətini artıracaq, müstəqilliyimizin dayaqlarını daha da möhkəmləndirəcək hədəflərinə çatmaqda xalqımıza güc-qüvvət, yaradıcılıq həvəsi və daha böyük uğurlar arzulayıram. Bu yolda xaricdə yaşayan iş adamlarımız da daim xalqımızla bir yerdə olacaq.