Paralel. - 2017.- 5 oktyabr. - ¹ 176. - S. 10.

 

İslam həmrəyliyi tolerantlığın rəhnidir

 

Azərbaycan ərazisi bütün dövrlərdə dini ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynayıb

 

Azərbaycan respublikası prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların qarşısının alınması və İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə öz töhfəsini verəcək.

Bu, həm də İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı müsəlman ölkələri arasındakı qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə yönələn bir təşəbbüsdür. Bu təşəbbusün həm də Avropada tolerantlığın və multikultural dəyərlərin iflasa doğru getdiyi bir zamanda irəli sürülməsi, təkcə islam dünyasına deyil, həm də dünyanın bir çox inkişaf etmiş ölkələrində böyük maraqla qarşılanıb.

Qədim İpək Yolunun üzərində yerləşən, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu məkan olub və burada ölkəmizin coğrafi mövqeyi, əhalisinin polietnikliyi kimi amillər böyük rol oynayıb. Bunu da yaddan çıxarmaq olmaz ki, tarixin ayrı-ayrı dönəmlərində bu torpaqlarda Bütpərəstlik, Zərdüştiliklə bərabər, Yəhudilik, Xristianlıq və İslam kimi səmavi dinlərin nümayəndələri bir-birinə təsir göstərmədən, birgə yanaşı yaşayıblar. Eyni zamanda, Azərbaycan ərazisi bütün dövrlərdə dini ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynayıb, ölkəmiz fərqli dinlərin mənsubları ilə yanaşı, İslam məzhəblərinin daşıyıcıları üçün də pənah yerinə çevrilib. Azərbaycanda eyni zamanda etnik və dini icmalar arasında möhkəm dözümlülük və dostluq əlaqələri mövcud olub. Ölkəmizdə milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik baş verməyib, hətta bu müxtəliflik xalqımızın tolerantlıq xüsusiyyətinin formalaşmasına mühüm töhfə olub.

Bu gün qloballaşma ilə bağlı çağırışların vüsət aldığı dövürdə ata-babalarımızdan miras qalan bu adət-ənənənin qorunub saxlanılması, bizdən xüsusi mənəvi məsuliyyət tələb edir. Nəzərə alsaq ki, din insanların şüuruna və cəmiyyətə təsir göstərmək baxımından olduqca güclü vasitədir, onun bu gücündən sui-istifadə edən məkrli qüvvələr tarix boyu öz maraqlarını, siyasi-iqtisadi hegemonluqlarını təmin etmək üçün dindən daha geniş şəkildə yararlanmağa çalışıblar və bu proses müasir dövrdə də davam edir. Nəticə isə ortadadır: insanları vəhdətə, qarşılıqlı hörmət şəraitində yaşamağa çağıran dinlərin əsl mahiyyəti təhrif olunur və din müxtəlif siyasi oyunların alətinə çevrilir. Söz yox ki, dünyanın bir sıra ölkələrində "sınaq"dan çıxarılan bu "siyasət"in ölkəmizə qarşı da həyata keçirilməsinə son illər çox cəhdlər göstərilib.

Onu da diqqətinizə çatdıraq ki, bu cəhdlər xalqımızın yetmiş illik Sovet rejimindən xilas olaraq yeni mərhələyə - milli-mənəvi dəyərlərə qayıdış dövrünə qədəm qoyduğu zaman daha intensiv xarakter almışdı. Bu da təbiidir, çünki bir siyasi formasiyadan digərinə keçid zamanı ortaya çıxan bir çox problemlərin həlli də xalqın və dövlətin üzərinə düşür. Bu da məlumdur ki, ölkəmizin coğrafi mövqeyi, təbii sərvətlərlə zənginliyi bəzi xarici dairələrin daim diqqət mərkəzində olub və onlar öz maraqlarını təmin etmək üçün iqtisadi-siyasi təzyiqlərlə yanaşı, din sahəsindəki boşluqlardan da yararlanmağa çalışıblar. Bu zaman xalqın və dövlətin vəhdəti çətinliklərin dəf olunmasında əsas rol oynayır. Müstəqilliyimizin bərpa edildiyi ilk dövrlərdə müharibə və siyasi xaos nəticəsində yaranan ağır sosial vəziyyətdən istifadə edən bəzi qüvvələr xeyriyyə təşkilatları adı altında ölkəmizə ayaq açdı, əhalinin böyük qisminin dini məlumatsızlığından, İslama dair biliklərinin yetərsizliyindən istifadə edərək, öz təlimlərini həqiqi dini dəyər maskası altında yaymağa, az da olsa, müvəffəq oldular. Həmin dövrdə ölkədə dini tədris müəssisələrinin və savadlı ilahiyyatçıların azlığı, sağlam dini ədəbiyyatın olmaması, insanlarımıza yad dini-ideoloji fikirlərin aşılanmasına gətirib çıxardı. Vəziyyətin həssaslığı qətiyyətli, balanslaşdırılmış və sağlam din siyasətinin həyata keçirilməsini tələb edirdi. Bu tələbi isə yalnız, ümummilli lider Heydər Əliyev həyata keçirə bilərdi. Belə bir zamanda ulu öndərin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışı, onun növbəti xilaskarlıq missiyasının başlanğıcı oldu. Məhz ulu öndərin uzaqgörən siyasəti sayəsində milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişdi, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlandı, bu dəyişikliyin fonunda ölkədə etiqad, inanc azadlığı bərqərar olundu. Vətəndaşların vicdan azadlığı Konstitutsiyanın 48-ci maddəsində öz əksini tapdı və Azərbaycan Respublikasının "Dini etiqad azadlığı haqqında" Qanununda geniş şəkildə təsbit olundu. Zaman keçdikcə cəmiyyətdəki inkişaf, qloballaşma nəticəsində sürətlə dəyişən və inkişaf edən dünyamızda insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, sosial rifahın daha da yüksəldilməsi, milli və ictimai təhlükəsizliyin daha etibarlı şəkildə təmin edilməsi istiqamətində qanunvericilik sistemində islahatların aparılması zərurətə çevrildi. Eyni zamanda, Yaxın Şərqdə dini zəmində baş verən faciəvi hadisələr də göstərdi ki, ölkəmizdə ideoloji sahələrdə pozuculuq fəaliyyəti aparmaq üçün müəyyən boşluqlar var və bu boşluqlardan müxtəlif formalarda istifadə etməyə cəhdlər olunur. Bu mənada zamanın tələbindən irəli gələrək "Dini etiqad azadlığı haqqında" Qanuna, eləcə də dinlə əlaqəli digər qanunvericilik aktlarına əlavə və dəyişikliklərin olunması, dövlət siyasətində din sahəsinə diqqətin təzahürü kimi qəbul olundu.

Onu da diqqətinizə çatdıraq ki, 2017-ci iilin "İslam Həmrəyiliy "ili" elan olunması və vicdan azadlığı sahəsində hüquqi bazanın möhkəmləndirilməsi, tolerantlıq mühitinin gücləndirilməsinə, milli-mənəvi dəyərlərə münasibətin dəyişməsinə, insanlarımızın tarixi keçmişindən uzaqlaşmamasına, əcdadlarımızın maddi-mənəvi miraslarına sahib çıxmasına xidmət edir. Respublikanın rayon, şəhər və kəndlərində məscidlərin tikilməsi, baxımsızlıqdan uçub dağılan müqəddəs ocaqların bərpa edilməsi və yenidən qurulması, minarələrdən azan səsinin eşidilməsi, dini və milli bayramlarımızın sərbəst şəkildə, özü də yüksək səviyyədə qeyd edilməsi, dövlətimizin milli-mənəvi dəyərlərimizə qayğısının bariz nümunəsidir. Bu proses "İslam Həmrəyliyi İlİ"ndə daha geniş şəkildə davam etdirilir ki, bu da istər islam dünyasının, istərsə də digər dövlətlərin Azərbaycana diqqətini artırır.

Bu diqqətin digər təzahürü də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə mütamadi olaraq keçirilən tədbirlərdir. Prezident İlham Əliyevin 2017-ci ili "İslam Həmrəyliyi ili" elan etməsi, bu qurumun da fəaliyyətini xeyli intensivləşdirib. Belə ki, oktyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Üçüncü Tala kənd məscidi dini icmasının "Azərbaycanda İslam ənənələri" layihəsi çərçivəsində Aşağı Tala 3 saylı tam orta məktəbində "Dini radikalizm ənənəvi dəyərlərimizə təhdiddir" mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin məsləhətçisi Abdulla Əfəndiyev bildirib ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Onun sözlərinə görə, milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. Natiq eyni zamanda bildirib ki, ölkəmizdə dini sahədə sabitlik hökm sürür və cəmiyyətimizin, xüsusilə də gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşür. Onu da vurğulamaq yerinə düşərdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən, Dövlət Komitəsinin dəstəyi ilə regionlarda bu cür tədbirlərin keçirilməsi mütamadi xarakter alıb.

Bu tədbirlər çərçivəsində növbəti tədbir isə oktyabrın 3-də Sabunçu rayonu Pirşağı qəsəbəsi "Cümə" məscidi dini icması tərəfindən "İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır" layihəsi çərçivəsində keçirilib. Dini icma sədri mövzu ilə bağlı məlumat verərək, bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları islam dininin sülh və həmrəylik dini olduğunu bildirərək ölkəmizdə tolerant mühitin mövcudluğunu, məzhəblər arasında ayrı-seçkiliyin olmamasını diqqətə çatdırıblar. Ənənəvi islami dəyərlərin təbliğ olunmasının dini radikalizmə qarşı mübarizədə önəmli rol oynadığını qeyd edən məruzəçilər Dövlət Komitəsinin bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirdiyini vurğulayıblar.

Elə həmin gün həm də Ağcabədi rayonu Muğanlı kəndi "Seyid İsmayıl Ağa" məscidi dini icması tərəfindən Köyük kənd tam orta məktəbində "İslam həmrəyliyi dövrün tələbidir" adlı layihə çərçivəsində dini tədbir keçirilib.

Yazının hazırlanmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) məlumatlarından istifadə olunub.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunub

 

 

“Paralel”in Araşdırma Qrupu