Xalq qəzeti.-2017.-4 oktyabr.-216.-S.9.

 

İslam həmrəyliyi sülh və əməkdaşlığa çağırışdır

 

Sentyabrın 29-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Xaçmaz Rayon İcra Hakimiyyətinin, Azərbaycan qəzetinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Xaçmaz şəhərində İslam Həmrəyliyi: sülh və əməkdaşlığa çağırış mövzusunda konfrans keçirilib.

 

KİVDF-dən verilən məlumatda bildirilir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Milli Məclisin deputatı, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Salman Musayev, Milli Məclisin deputatı Eldəniz Səlimov, eləcə də rayon ziyalıları, dini və milli icmaların nümayəndələri, yerli və respublika miqyaslı qəzetlərin baş redaktorları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev qonaqları salamlayaraq İslam Həmrəyliyi ilinə həsr olunmuş birgə konfransının əhəmiyyətindən söz açıb. Ş.Xanbabayev ötən ilin respublikamızda Multikulturalizm ili kimi qeyd olunduğunu xatırladaraq bunun davamı olaraq 2017-ci ilin İslam Həmrəyliyi ili elan edilməsinin mühüm siyasi əhəmiyyətə malik olduğunu bildirib.

Xaçmazda hər zaman tolerant mühitin hökm sürdüyünü deyən Ş.Xanbabayev burada 22 azsaylı xalqın nümayəndələrinin dinc şəraitdə yaşadıqlarını, rayonda etnik zəmində hər hansı insidentin baş vermədiyini diqqətə çatdırıb: Azərbaycanda və eyni zamanda, rayonumuz Xaçmazda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, bizim rayonumuzun böyük sərvətidir. Xaçmazda hazırda 88 məscid var. 2006-cı ildə rayonda fəaliyyət göstərmiş Təzə Şəhər Məscidinin köhnə binası sökülərək, ərazisi genişləndirilmiş və yerində müasir memarlıq üslubuna uyğun yeni binanın inşası həyata keçirilmişdir. Bu, xüsusi bir haldır ki, ölkədə mövcud olan pravoslav kilsələrindən biri məhz bizim rayonumuzda yerləşir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, hazırda İslam dünyasının üzləşdiyi problemlərin və gərginliklərin əsasında məhz həmrəyliyin olmaması dayanır. Komitə sədri müsəlman dövlətlərinin əhali sayına görə dünyada ikinci yerdə qərarlaşdıqlarını, planet sakinlərinin 25 faizinin İslam dininə sitayiş etdiklərini diqqətə çatdırıb. M.Qurbanlı dünyanın quru ərazisinin 19, neft-qaz ehtiyatlarının 60 faizinin müsəlman ölkələrinin payına düşdüyünü bildirib. Komitə sədri bu və digər təbii üstünlüklərə baxmayaraq, hazırda fəal münaqişə ocaqlarının 80, terror aktlarının isə 75 faizinin müsəlman ölkələrinin ərazisində baş verdiyini təəssüflə vurğulayıb.

Müsəlman ölkələrinin dünya iqtisadiyyatındakı xüsusi çəkisinin cəmi 5-6 faiz təşkil etdiyini vurğulayan M.Qurbanlı əlavə edib ki, yaranmış vəziyyətdə çıxış yolu yalnız elm və təhsilə dərindən yiyələnmək, yeni texnologiyaları mənimsəmək, məzhəbçiliyə yox deməkdir. M.Qurbanlı xüsusi vurğulayıb ki, bu yolla irəliləyən Azərbaycanın irəli sürdüyü İslam həmrəyliyi ideyası ümumən müxtəlif mədəniyyətlər, sivilizasiyalar və dinlər arasında həmrəyliyə çağırışdır.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Salman Musayev İslam həmrəyliyinin möhkəmlənməsinə sanballı töhfələr verən Azərbaycanın müsəlman dünyasında böyük nüfuza malik olduğunu bildirib. O, dövlət səviyyəsində həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə dini zəmində hər hansı qarşıdurma və ziddiyyətlərin olmadığını vurğulayıb.

Azərbaycan qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov son onillikdə İslam dünyasının ciddi problemlərlə üzləşdiyini, Yaxın Şərq regionunda və ərəb ölkələrində ciddi münaqişələrin baş qaldırdığını bildirib. İslamın terrorla əlaqələndirilməsinin yolverilməz olduğunu deyən B.Sadıqov əlavə edib ki, hazırda terrordan ən çox əziyyət çəkən müsəlman dövlətləridir. O həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ili İslam Həmrəyliyi ili elan etməklə həm də müxtəlif xalqların, o cümlədən müsəlmanların müharibələrdən əzildiyi, fəlakətlərə düçar edildiyi indiki dövrdə dünyaya mesaj verib: Azərbaycan dövləti öz addımları ilə nümayiş etdirir ki, İslam həmrəyliyi, aid olduğun dini dəyərlərin, mədəniyyətin işığında birləşməklə yanaşı, həm də başqa dinlərə, mədəniyyətlərə hörmət ruhu deməkdir, onlardan görüb-götürüb özünü inkişaf etdirməkdir.

B.Sadıqov, həmçinin qeyd edib ki, qlobal miqyasda sülh və əməkdaşlığa, sivilizasiyalararası dialoqa böyük töhfələr verən Azərbaycan bu sahədə yeni fəaliyyət mərhələsinə qədəm qoyub, respublikamız İslam həmrəyliyinin ideya mərkəzinə çevrilib. Milli Məclisin deputatı qeyd edib ki, bu gün Azərbaycanın gücü, nüfuzu və imkanları ona İslam həmrəyliyinə nail olunması kimi mühüm missiyanı üzərinə götürməyə imkan verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq, Xaçmazda multikultural və tolerant mühitin hər zaman yüksək səviyyədə olduğunu, burada müxtəlif azsaylı xalqların dinc şəraitdə yaşadıqlarını diqqətə çatdırıb.

V.Səfərli qeyd edib ki, dünyada milli və dini zəmində münaqişələrin gücləndiyi bir zamanda Azərbaycanın irəli sürdüyü İslam həmrəyliyi ideyası münaqişə ocaqlarının qarşısını almağa, bəşəriyyəti sülh və barışa çağıran mütərəqqi təşəbbüsdür. V.Səfərli bu ilin may ayında IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində yüksək səviyyədə təşkilini ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə növbəti sanballı töhfəsi kimi dəyərləndirib: Bu yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçmişdi. Azərbaycan mediası ilk Avropa Oyunlarında və Formula-1 yarışlarında olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarının da yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında əsl vətənpərvərlik nümayiş etdirdi və üzərinə düşən vəzifələrin öhdəsindən inamla gəldi.

V.Səfərli qeyd edib ki, 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi ili elan olunması respublikamızın multikulturalizm və tolerantlıq sahəsində əldə etdiyi tarixi uğurların geniş təbliğini zəruri edir. İcraçı direktor bu məqsədlə fondun təşkilatçılığı ilə 2017-ci ilin aprel ayında Lənkəran şəhərində İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu mövzusunda ilk regional konfransın keçirildiyini xatırladıb.

Çıxışını davam etdirən Vüqar Səfərli bildirib ki, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 əsas istiqamətdən biri də Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsidir. İcraçı direktor bildirib ki, 2016-cı il və 2017-ci ilin 9 ayında fondun maliyyə yardımı ilə 3 qəzet bu istiqamət üzrə layihə icra edib, həmin qəzetlərdə 400 səhifəyədək yazı dərc olunub. Fondun 2016-cı il və 2017-ci ilin birinci yarısında keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrində həmin istiqamət üzrə 50-dək yazı təqdim edilib, 30 nəfər jurnalist qalib olaraq mükafatlandırılıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib ki, multikulturalizmin Azərbaycan modelinin tətbiqi qlobal təhdidlərə rasional və səmərəli cavabdır. Milli Məclisin deputatı, həmçinin qeyd edib ki, Azərbaycanda dövlət siyasəti kimi elan olunan multikulturalizmin təbliği və bu istiqamətdə maarifləndirmə işlərinin aparılması xalqımızın yüzillər boyu formalaşmış mənəvi mədəniyyət xəzinəsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. E.Səlimov ötən illərdə ölkəmizdə dini münasibətlərin tənzimlənməsi məqsədilə mükəmməl qanunvericilk bazasının formalaşdırıldığını da xüsusi qeyd edib.

Tədbirdə çıxış edən Xaçmaz Rayon Rus İcmasının rəhbəri Navi Azər, Xudat şəhəri 3 saylı tam orta məktəbin direktoru Ofelya Sərkərova ölkəmizin İslam sivilizasiyasının mühüm mərkəzlərindən birinə çevrildiyini, milli və dini tolerantlıq sahəsində ciddi uğurlara imza atdığını vurğulayıblar. Çıxışlarda birgə konfransın əhəmiyyətindən söz açılıb, Azərbaycandakı mövcud dövlət-din münasibətlərinin, eləcə də məzhəblərarası əməkdaşlıq və etimad mühitinin İslam ölkələri üçün uğurlu nümunə olduğu qeyd edilib.

Tədbiri yekunlaşdıran Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev belə konfransların təşkilinin təbliğati və siyasi baxımdan əhəmiyyətini xüsusi vurğulayıb. Rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq, Azərbaycanın bundan sonra da dünyada sülh və həmrəylik təşəbbüskarlarından biri kimi çıxış edəcəyini vurğulayıb.