Xalq qəzeti.-2017.-3 oktyabr.-215.-S.9.

 

1993-cü il oktyabrın 3-də xalqımız öz gələcəyini ulu öndər Heydər Əliyevə etibar etmişdir

 

Müasir Azərbaycanın uğurları məhz həmin tarixi gündən başlanır

 

İttifaq Mirzəbəyli

 

Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram.

 

Ümummilli lider Heydər Əliyevin 1993-cü il oktyabrın 10-da
keçirilən andiçmə mərasimindəki nitqindən

 

Bəli, o, birinci növbədə öz xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənir, arxalanırdı. Çünki bu xalqı onun kimi tanıya biləcək başqa bir lider yox idi. Elə onun özünü də xalqımız çoxdan və dərindən tanıdığına görə öz taleyini, gələcəyini, məşəqqətlərdən qurtarmaq üçün yolların tapılmasını məhz ona etibar edir, ona güvənir, ona arxalanırdı. Bu qarşılıqlı inam və etimadın nəticəsi idi ki, Heydər Əliyev dühasına güvənən xalqımız 1969-82-ci illərdə heç zaman görünməyən siyasi, iqtisadi, elmi-texniki və mədəni yüksəlişlərə imza atmışdı. Məhz həmin inam və etimadın nəticəsi idi ki, Azərbaycanda baş qaldıran milli-azadlıq hərəkatını qan içində boğmaq istəyən sovet rəhbərləri Bakıya qoşun yeridib, günahsız insanları qıranda xalqa dəstək verən ilk siyasətçi Heydər Əliyev olmuşdu.

 

Azərbaycan xalqının sınaqlardan dəfələrlə çıxmış liderinə olan etimadının göstəricisi idi ki, Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına üz tutan soydaşlarımızın sayı nəinki günbəgün artmış və çox qısa müddətdə Qafqazın ən qüdrətli siyasi təşkilatına çevrilmişdi. Xalqın ona olan inam və ümidindən söz düşəndə dərhal göz önünə gələn faktlardan biri də vətəndaş müharibəsi, qardaş qırğını, milli dövlətçiliyin əldən getməsi kimi təhlükələrlə üz-üzə qaldığımız günlərdə xalq xilaskar kimi məhz onu seçmiş və Naxçıvandan Bakıya dəvət etmişdi. Xalq istəyirdi ki, düşmən mühasirəsində olan Naxçıvanı Türkiyədə, İranda və başqa ölkələrdə olan şəxsi nüfuzundan istifadə edərək çoxsaylı bəlalardan xilas etmiş Heydər Əliyev indi də bütövlükdə Azərbaycana nicat, qurtuluş gətirsin. Heydər Əliyev milli dövlətçiliyin qorunması və xalqın gələcəyinin təmin edilməsi məqsədi ilə ona müraciət edənləri cavabsız qoya bilməzdi və qoymadı.

O, Naxçıvandan Bakıya gəldi və Azərbaycan xalqı cəmi bir neçə gündən sonra həmin möhtəşəm qayıdışın nəticəsini gördü. Çünki iyunun 9-da Naxçıvandan Bakıya gələn ulu öndər ayın 13-də Bakıdan Gəncəyə -- siyasət naşılarının, diletant rəhbərlərin qardaş qırğınına rəvac verdiyi şəhərə getdi. Tarixçilərin fikrincə, ümumilli liderimizin həmin səfəri təkcə qardaş qırğınının qarşısını almadı, həm də möhtəşəm qurtuluşun ola biləcəyinə ümid, inam yaratdı. Məhz həmin inamın, ümidin təcəssümü olaraq Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Çox qısa müddətdən sonra şahidi olduğumuz həqiqətləri dəqiq qiymətləndirən parlamentarilər həmin günün Milli Qurtuluş Günü adlandırılması üçün müzakirələr açdılar və tarixi bir qərar qəbul etdilər.

Yəni, bu yazıda haqqında söz açmaq istədiyimiz 3 oktyabr 1993-cü il prezident seçkilərinə gedən yolumuzda Xalq Heydər, Heydər Xalq qarşılıqlı inam və etimadı dəfələrlə sınaqdan keçmişdi və ona görə də 3 oktyabr seçkilərində ulu öndərin böyük səs çoxluğu ilə qalib gəlməsi nəinki ölkəmizdə, hətta beynəlxalq aləmdə də hamı üçün gözlənilən idi.

Həmin tarixi günlərdə ölkəmizdə gedən ictimai-siyasi proseslər, yaşanan problemlər, diletant siyasətçilər tərəfindən xalqın başına gətirilən müsibətlər barədə çox yazılıb, çox danışılıb. Amma elə səhifələr var ki, insanlar onları bilavasitə ölkə rəhbərinin dilindən eşitmək istəyirlər. Məhz bu istəyi nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev ötən əsrin doxsanıncı illərinin əvvəlində yaşadığımız məhrumiyyətlər barədə dəfələrlə ən müxtəlif tribunalardan söz açıb. Məsələn, dövlət başçımız Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində həmin günləri belə xarakterizə edir: Təsadüfi deyildir ki, 1993-cü ilin yayında --Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. O ildən bu günə qədər Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir.

Ulu öndərin siyasi hakimiyyətə qayıdışının nəticələrini yada salan Prezident İlham Əliyev qeyd edir ki, həmin tarixdən sonra ölkəmizdə çox ciddi islahatlar aparıldı: Bütün xoşagəlməz halların qarşısı alındı, sabitlik bərpa edildi, vətəndaş müharibəsinə son qoyuldu. Azərbaycan dünya birliyinə inteqrasiya etməyə başladı. Bizim xarici siyasətimiz nəhayət ki, məqsədyönlü siyasətə çevrildi və bu gün bu siyasət davam etdirilir. O illərdə vacib olan islahatlar bu gün də ölkəmizin inkişafına xidmət göstərir. Həm demokratik, siyasi islahatların dərinləşməsi, eyni zamanda, iqtisadi sahədə islahatlar demək olar ki, bugünkü Azərbaycan reallıqlarını şərtləndirir. Eyni zamanda, onu da qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda əslində siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq.

Yeri gəlmişkən, ötən ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun rəsmi açılışında geniş nitq söyləyən Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilmişdir. Azərbaycan BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və bir sıra digər beynəlxalq qurumların üzvüdür. Biz güclü beynəlxalq dəstəyə malikik. 2011-ci ildə 155 dövlətin dəstəyi ilə Azərbaycanın ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi məhz bunun təzahürü oldu. Bu, ölkəmizin böyük qələbəsi və Azərbaycana böyük ehtiramın əlaməti oldu. Olduqca qısa zamanda, 25 il içərisində biz özümüzü etibarlı beynəlxalq tərəfdaş, müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə kimi təqdim etməyə müvəffəq olmuşuq , deyən Prezident əlavə etdi ki, müstəqillik illəri bizim siyasi sistemimizin transformasiyası, demokratik təsisatların yaradılması illəri olmuşdur. Biz buna nail olmuşuq, Azərbaycanda bütün azadlıqlar təmin edilir, o cümlədən media və internet azadlığı. Ölkə əhalisinin 70 faizdən çoxu internet istifadəçisidir. Toplaşma və din azadlığı, yəni, bütün azadlıqlar təmin edilir. Bu isə öz növbəsində sürətli iqtisadi inkişaf üçün yaxşı zəmin yaradır. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar siyasi islahatlarla paralel şəkildə aparılmışdır.

Ümumiyyətlə, Prezident İlham Əliyev Azərbaycanın istənilən sahədəki uğuru barədə danışarkən, mütləq ulu öndərin həmin sahədəki xidmətlərini, fəaliyyətini yada salır. Məsələn, ötən ayın 14-də Bakıda Azəri, Çıraq və Günəşli yataqları üzrə yeni sazişin imzalanması mərasimində nitq söyləyən Prezident İlham Əliyev müasir Azərbaycanın neft sahəsindəki uğurlarının təməlində bilavasitə ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin dayandığını yada salaraq demişdir ki, iyirmi üç il bundan əvvəl ölkəmizin tarixində çox əlamətdar hadisə baş vermişdir. Bakının Gülüstan sarayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Əsrin kontraktının imzalanması mərasimi keçirilmişdir və bununla da ölkəmizin uğurlu inkişafına təkan verildi. O günü mən çox yaxşı xatırlayıram, o gün mənim gözümün qabağındadır: Doğrudan da, Azərbaycan öz tarixində ən önəmli addımlarından birini atırdı. Əsrin kontraktının imzalanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda çox ağır problemlərlə üzləşmişdi. Xüsusilə 1992-ci ildə dövlət çevrilişindən sonra hakimiyyəti qanunsuz zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına qoyulmuşdu. İqtisadi tənəzzül, sənaye potensialının azalması, inflyasiya min faizlərlə ölçülürdü, ölkəmizdə iqtisadi perspektivlər, demək olar ki, yox idi, siyasi, hərbi, iqtisadi böhran, anarxiya, xaos yaşanırdı. Laxlayan hakimiyyəti saxlamaq üçün o vaxtkı hakimiyyəti qanunsuz zəbt etmiş hakimiyyət silaha əl atdı, Azərbaycanda vətəndaş müharibəsinə start verdi, qardaş qanı axıdıldı. Ölkəmizin ikinci böyük şəhəri Gəncə AXC-Müsavat hakimiyyəti tərəfindən bombalandı. Azərbaycan böyük faciə ilə üz-üzə idi.

Prezident xatırlatdı ki, Əsrin kontraktı ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür: Hesab edirəm ki, bugünkü mərasimin ulu öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra ulu öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də Azəri-Çıraq-Günəşli yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.