Azərbaycan.-2017.-1 oktyabr.-ą214.-S.5.

 

Sülh və əməkdaşlığa çağırış

 

Rəşad Baxşəliyev,

Elçin Cəfərov

 

Dövlət-din münasibətlərində özünün nümunəvi modelini yaradan respublikamız dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirməklə yanaşı, dünyada İslam həmrəyliyinin gücləndirilməsi üçün də beynəlxalq səviyyədə fəal iş aparır.

2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi ilə əlaqədar respublikamızda və onun hüdudlarından kənarda müxtəlif tədbirlərin keçirilməsi davam edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Azərbaycan” qəzeti, Qafqaz Müsəlmanları İdarəsi və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə sentyabrın 29-da Xaçmaz şəhərində keçirilən konfransın da mövzusu “İslam həmrəyliyi ili: sülh və əməkdaşlığa çağırış” idi. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərində ucaldılmış abidəsini ziyarət etdilər.

Konfransı açan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin XANBABAYEV bildirdi ki, Azərbaycanın müstəqilliyinin ilk dövründə ulu öndər Heydər Əliyev ölkənin gələcək uğurlu inkişafı üçün son dərəcə dəqiq ideoloji hədəf seçdi. Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni siyasi müstəviyə yüksəltdi. Bu siyasət müstəvisinin fəlsəfi məzmunu isə azərbaycançılıq məfkurəsi idi.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilmişdir. Bu, inkişafın ən yüksək mərhələsidir. Bu mərhələdə bəşəri dəyərlərin, mərhəmət, şəfqət, dözümlülük, dəyərvermə kimi hisslərin cəmiyyətdə yayılması xüsusi miqyas və məna kəsb edir. Bu isə öz növbəsində bugünkü tədbirin mövzusu olan çoxmədəniyyətliliyin bərqərar olmasına öz töhfəsini verir.

Azərbaycanda tarixən bütün etnoslar qardaş kimi yaşayıb, milli-dini zəmində qarşıdurma heç bir vaxt baş verməyib. İnsanlar bir vətən üçün çalışıb yaşayıblar. Bu birlik hazırkı gərgin beynəlxalq şəraitdə dünyaya qarşılıqlı anlaşma sahəsində münasibətlərə nümunə olacaq bir mesajdır. Bu birgəyaşayı ölkə Prezidenti

İlham Əliyev hər gün öz fəaliyyəti ilə daha da möhkəmləndirir: “Ötən il rayonumuzda ölkədə ilk dəfə olaraq, “Multikulturalizmin alternativi yox” devizi altında “Multikultural dəyərləri yaşadaq” adlı ilk Beynəlxalq Festival keçirildi. Bu tədbirin keçirilməsi üçün ünvan olaraq Xaçmazın seçilməsi heç də təsadüfi deyildi. Belə ki, əsrlər boyu bu rayonda 22 müxtəlif millətin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün mehriban şərait formalaşıb. Rayonumuzda heç zaman dini və etnik zəmində qarşıdurma olmayıb və bu gün də bu yaşam tərzinin davam etdirilməsi üçün artıq dərin tarixi baza var. Rayonun sosial tərkibini müəyyənləşdirən müxtəlif milli-etnik xalqların nümayəndələri bölgədə nadir tolerantlıq mühiti yaradıb ki, indi də bir nümunə kimi rayonumuz ölkəmizin yürütdüyü çoxmədəniyyətlilik siyasətinə öz müsbət təsirini göstərir”.

Azərbaycanda, o cümlədən Xaçmazda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, Xaçmazın böyük sərvətidir. Xaçmazda hal-hazırda 88 məscid var. 2006-cı ildə rayonda fəaliyyət göstərmiş Təzə Şəhər məscidinin köhnə binası sökülərək, ərazisi genişləndirilmiş və yerində müasir memarlıq üslubuna uyğun yeni binanın inşası həyata keçirilmişdir. Bu xüsusi bir haldır ki, ölkədə mövcud olan provaslav kilsələrindən biri məhz Xaçmazda yerləşir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QURBANLI isə bildirdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunması müasir dövrün çağırışlarını özündə ehtiva edir. Çünki Azərbaycan İslam mədəni irsinin yaranmasında və qorunub saxlanılmasında önəmli məkanlardan biri kimi

tanınır.

Mübariz Qurbanlı vurğuladı ki, bu gün müsəlman dünyasında din amilindən istifadə edərək yaradılan qarşıdurmaların qarşısını almaq üçün alternativ yollar tapmağa hər zamankından daha çox ehtiyac var. Bu yol isə dini tolerantlığın, birgəyaşayışın, multikultural dəyərlərin, eyni zamanda müsəlmanlar arasında həmrəylik ideyasının təbliğ və təşviq olunmasından keçir: “Bu gün İslam dünyası böyük coğrafiyanı əhatə edir. Bu gün dünya əhalisinin 25 faizi İslam dininə sitayiş edir. Bu, çox böyük rəqəmdir. Xristian dininə sitayiş edənlərin də sayı təxminən 26-27 faiz civarındadır. Bütün proqnozlar göstərir ki, gec-tez İslam dininə sitayiş edənlərin sayı daha çox olacaq. Çünki İslama gələnlərin sayı ilbəil artır”. Mübariz Qurbanlı əlavə etdi ki, bu gün 57 İslam ölkəsi İslam Əməkdaşlıq Təşkilatında birləşsələr də, İslam dünyasının çox böyük problemləri var. Bunu dünyada mövcud olan münaqişə ocaqları bir daha təsdiqləyir. Dünyada mövcud olan 160 münaqişə ocağında 2 milyon 500 min insan həlak olub. 30-a yaxın münaqişə ocağında hazırda qanlı toqquşmalar gedir. Bu toqquşmaların baş verdiyi ərazilərin 80 faizi müsəlman ölkələridir. Hər il terror hadisələrinin 75 faizi müsəlman ölkələrinin ərazisində baş verir.

Mübariz Qurbanlının sözlərinə görə, bu gün dünyanın 120-130 ölkəsində müsəlman icmaları mövcud olsa da, hələ məzhəb davası şüurlarda yaşayır. Bir müsəlman ölkəsinin məzhəbə görə digər müsəlman ölkəsini inkar etməsi, ona qarşı problemlər yaratması göz önündədir: “Bu qədər sərvət sahibləri olan İslam dövlətləri bəs, nədən bu vəziyyətdədir? Bəla ondadır ki, İslam dövlətləri arasında həmrəylik yoxdur. Zaman-zaman dini vəhdət, birlik çağırışları olub. Prezident İlham Əliyev də 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan etməsi ilə bir daha müsəlman dövlətlərinə çağırış etdi. Dövlət başçısının bu çağırışı İslam dünyasına bir mesaj verdi və Azərbaycan bununla bağlı təbliğata başladı. Bu, sülhə, əmin-amanlığa çağırışdır. Yaxın zamanlarda bir çox ölkələrdə beynəlxalq tədbirlər təşkil olunacaq və bir daha İslam ölkələri həmrəyliyə dəvət ediləcək”.

Mübariz Qurbanlı onu da qeyd etdi ki, dövlətimizin başçısının bu çağırışı yalnız İslam dünyasındakı siyasi, mənəvi, iqtisadi birliyə deyil, həm də müxtəlif mədəniyyətlər, dinlər arasındakı həmrəyliyə çağırışdır. Əgər İslam dünyası əmin-amanlıq içində yaşamaq istəyirsə, mütləq məzhəb savaşına son qoyulmalıdır. “İslamı parçala” devizi altında “xidmət” göstərən bəzi çirkin qüvvələrin niyyətləri puç olmalıdır. İslam dövlətlərinin həmrəyliyi, vahid birlik yalnız xoş gələcəyə aparar. M.Qurbanlı dedi: “Ona görə də hesab edirəm ki, Azərbaycan Prezidentinin elan etdiyi bu çağırışın mühüm ideoloji əhəmiyyəti var. Bu çağırış İslam dünyasında böyük əks-səda doğurub. Artıq bununla bağlı İslam ölkələrindən bizə çoxlu sayda müraciətlər var. Biz İslam ölkələri içərisində o qədər də böyük dövlət deyilik. Ancaq Azərbaycan Prezidentinin İslam dünyasının liderləri arasında çox öndə gedən mövqeyi var və bu mövqe hər kəs tərəfindən qəbul olunur”.

Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsi Sədrinin birinci müavini, müfti Hacı Salman MUSAYEV isə qeyd etdi ki, qlobal məkanda İslam həmrəyliyinin möhkəmlənməsinə böyük töhfə verən Azərbaycan bu sahədə də öz mükəmməl modelini yaradıb. Təsadüfi deyildir ki, ölkəmizdə yaranan məzhəblərarası səmərəli əməkdaşlıq və etimad mühiti İslam ölkələrinin həmrəyliyi üçün uğurlu nümunədir.

Bu gün dünyada gedən proseslər mənfi tendensiyalarla müşahidə edilir. Müharibələr nəticəsində müsəlmanların qanı tökülür. Qərbdən gələn islamofobiya meyilləri artmaqdadır. Məhz bunun üçün İslam dünyasında sülh olmalıdır: “Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Burada müxtəlif dinlərə və məzhəblərə mənsub insanlar sülh, mehribanlıq şəraitində yaşayırlar. Azərbaycan Prezidenti İlham Əliyev İslam dininə xüsusi əhəmiyyət verərək 2017-ci ili ölkədə “İslam həmrəyliyi ili” elan edib. Zəmanəmizin kabusuna çevrilmiş dini və milli zəmində ekstremizm, ksenofobiya, radikalizm, təkfirçilik, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı dönəmdə bəşəriyyətə nicat verəcək ideyalara ciddi ehtiyac duyulur. Belə bir məqamda Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın tarixi köklərinə və milli irsinə söykənərək qlobal səviyyədə ümumbəşəri ideyaların carçısı kimi çıxış edir”.

Hacı Salman Musayevin sözlərinə görə, İslam dünyasını bir məram ətrafında birləşdirmək çağırışı bəzi böyük müsəlman dövlətlərinin liderləri tərəfindən irəli sürülmür. Çünki onlar öz siyasətlərini xalqın maraqları, istəkləri üzərində qurmurlar. Azərbaycanda isə olan həmrəylik hər kəsə bəllidir: “Bunu ölkəmizə gələn qonaqların hərəkətlərindən də bilmək olur. Müxtəlif müsəlman ölkələrindən Azərbaycana qonaq gələn dindarlar burada təəccüblənirlər. Deyirlər ki, necə ola bilər sünni və şiə birlikdə namaz qılırlar? Gözlərinə inanmırlar və gedib ölkələrində bu barədə məruzələr edirlər”.

Hacı Salman Musayev bildirdi ki, 1990-cı illərin əvvəlində müxtəlif dinlərin nümayəndələrinin “din qardaşları” adı altında Azərbaycana səfərləri ölkəmizi poliqona çevirmişdi. Onlar İslam ölkəsi olan Azərbaycanda həmrəyliyi, birliyi məhv etməyə, ölkədə qarşıdurmalara rəvac verməklə xaos yaratmağa çalışırdılar. Ancaq ulu öndər Heydər Əliyev bu istiqamətdə çox mühüm tapşırıq verdi və xarici ölkələrdən Azərbaycana gələn hər hansısa bir şəxsin dini təbliğat aparması qanunla qadağan edildi. İndi isə Azərbaycandakı durum göz önündədir. Prezident İlham Əliyevin bütün məzhəblərin təmsilçiləri ilə birgə vəhdət namazı qılması İslam dünyasına xoş mesaj idi.

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar SADIQOV çıxışında vurğuladı ki, son onillikdə İslam dünyası narahat günlərini yaşayır. Bir sıra müsəlman dövlətlərində qarşıdurmalar güclənib, Yaxın Şərq regionunda və ərəb ölkələrində ciddi böhranlar yaşanır. Müharibələrin, hərbi-siyasi çəkişmələrin nəticəsi olaraq onların bir qisminin iqtisadiyyatı dağılıb, tənəzzülə uğrayıb. Qərb ölkələrində isə islamofobiya meyilləri artıb. Son günlərdə Myanmada müsəlman əhalinin məruz qaldığı qətliamlar hamımızın qəlbini göynətdi və bir daha göstərdi ki, hazırda islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik: “Digər tərəfdən, İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik. Belə vəziyyətdə İslam dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir. Bu mənada Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan etməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin müsəlman aləminin birliyi üçün nümayiş etdirdiyi mühüm siyasi iradənin göstəricisidir”.

Bəxtiyar Sadıqovun fikrincə, Prezident İlham Əliyev 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməklə həm də müxtəlif xalqların, o cümlədən müsəlmanların müharibələrdən əzildiyi, fəlakətlərə düçar edildiyi indiki dövrdə dünyaya önəmli bir mesaj verdi. Bütün dünyaya göstərildi ki, müsəlman həmrəyliyi Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Qlobal miqyasda sülh və əməkdaşlığa, sivilizasiyalararası dialoqa böyük töhfə verən Azərbaycan bu sahədə yeni fəaliyyət mərhələsinə qədəm qoyub. Respublikamız İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilib. Təbii ki, ölkəmiz qarşısına qoyduğu məqsədləri bu illə yekunlaşdırmayacaq və növbəti dövrdə də bu xətti davam etdirəcəkdir. Bu gün Azərbaycanın gücü, nüfuzu və imkanları, o cümlədən mövcud potensialı və beynəlxalq ictimaiyyətin ona olan etimadı müsəlman ölkələri arasında İslam həmrəyliyinə nail olunması kimi mühüm missiyanı üzərinə götürməyə imkan verir. Əminik ki, ölkəmiz bu missiyanı da layiqincə həyata keçirəcək, görüləcək işlər İslam dünyasının həmrəyliyinə böyük töhfələr verəcəkdir.

Milli Məclisin deputatı vurğuladı ki, Azərbaycan üçün mühüm cəhətlər həm də odur ki, bu ölkə bütün İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən birinin, həm də ən yüksək tolerant dəyərlərin daşıyıcısıdır. Ölkəmizdə tarixin heç bir dövründə dinlərarası qarşıdurma baş verməyib. İslam həmrəyliyinin Azərbaycan nümunəsi tolerantlığın və multikulturalizmin Azərbaycan modelinin məntiqi davamı və ideyaca inkişafıdır.

Azərbaycanın İslam dünyasına yönəlik siyasəti aydındır. Müsəlman ölkələri arasında birliyin gücləndirilməsini, əməkdaşlığın dərinləşdirilməsini özündə ehtiva edən bu siyasət dövlətimizin hər bir müsəlman ölkəsinə olan münasibətində özünü göstərir. Çünki Azərbaycanın çoxəsrlik tarixi, ictimai fikri, mədəniyyəti Yaxın və Orta Şərq ölkələrində, o cümlədən müsəlman dünyasında gedən proseslərlə sıx bağlı olub. Bu gün demokratik dünyaya inteqrasiya etmiş Azərbaycan yeni sistemə məhz tarixən formalaşmış bu cür mənəvi dəyərlərlə daxil olub.

Sonra Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar SƏFƏRLİ “İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu” mövzusunda çıxış etdi. Bildirdi ki, “İslam həmrəyliyi ili: sülh və əməkdaşlığa çağırış” mövzusunda konfransın Xaçmaz rayonunda keçirilməsi təsadüfi deyil. Respublikamızın şimal bölgəsinin ən abad və müasir rayonlarından olan Xaçmazda multikultural və tolerantlıq mühiti hər zaman yüksək səviyyədə olub. Rayonda müxtəlif azsaylı xalqlar tarixən dinc və mehriban qonşuluq şəraitində yaşayıb, bir-birlərinə qaynayıb-qarışıblar.

Bugünkü konfrans çox mühüm mövzuya həsr olunub. Təəssüflə qeyd etmək lazımdır ki, dünyada milli və dini zəmində münaqişələr getdikcə daha da şiddətlənir. İslam həmrəyliyi çağırışını aktual edən ən başlıca səbəblərdən biri Qərb dövlətlərində islamafobiya meyillərinin güclənməsidir.

Belə bir zamanda Azərbaycanın ciddi dəstək verdiyi İslam həmrəyliyi ideyası dünyada gərginliklərin, münaqişə ocaqlarının qarşısını almağa, bəşəriyyəti sülh və barışa, əməkdaşlığa çağıran mütərəqqi təşəbbüsdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi obyektiv reallıqlara söykənir.

2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunması respublikamızın multikulturalizm və tolerantlıq sahəsində əldə etdiyi tarixi uğurların geniş təbliğini də zəruri edir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ölkə mediasının potensialını bu istiqamətdə səfərbər etmək üçün sistemli və ardıcıl tədbirlər həyata keçirir. Fondun təşkilatçılığı ilə 2017-ci ilin aprel ayında Lənkəran şəhərində “İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu” mövzusunda ilk regional konfrans keçirilib.

V.Səfərli qeyd etdi ki, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda əksini tapmış 19 əsas istiqamətlərdən biri də “Dini-milli tolerantlığın, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”dir. 2016-cı il və 2017-ci ilin 9 ayında fondun maliyyə yardımı ilə 3 qəzet həmin istiqamət üzrə layihə icra etmiş, 400 səhifəyədək yazı dərc olunmuşdur. Fondun 2016-cı il və 2017-ci ilin birinci yarısında keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrində “Dini-milli tolerantlığın, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə 50-dək yazı təqdim edilmiş, 30 nəfər jurnalist qalib olaraq mükafatlandırılmışdır. Fond Azərbaycanda İslam həmrəyliyinə xidmət edən dövlət siyasətinin geniş təbliği və təşviqi məqsədilə bundan sonra da bütün zəruri tədbirləri həyata keçirəcəkdir.

Sonra konfransda çıxış edən Xudat şəhər 3 saylı tam orta məktəbin direktoru Ofelya SƏRKƏROVA bildirdi ki, müstəqil Azərbaycan Respublikası ümumbəşəri dəyərlərə ehtiram göstərən, eyni zamanda öz qədim tarixi milli-mənəvi, dini dəyərlərinə sahib çıxan ölkədir. Məhz bu baxımdan tolerantlıq və multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Ölkə Prezidenti cənab İlham Əliyev müdrik və məntiqli addım ataraq 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan etdi. “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” söyləyən cənab Prezident bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı olduğunu vurğulayıb.

O.Sərkərova qeyd etdi ki, multikultural ölkə kimi tanınan Azərbaycan bu torpaqda yaşayan çoxmillətli xalqların əzəli və əbədi vətənidir. Biz ziyalılar ölkə Prezidentinin dövlətçilik siyasəti ətrafında sıx birləşərək müxtəlif radikal dini qruplaşmaların İslamın öz istəklərinə uyğun təbliğinə yol verməməliyik. Terror olan yerdə sabitlik yoxdur. İslam dini sülh, əmin-amanlıq əməkdaşlığa çağırış dinidir. Ölkəmizdə bu sabitliyin qorunması məhz Prezident

İlham Əliyevin müdrik siyasətinin nəticəsidir və İslam həmrəyliyi zamanın çağırışıdır.

Tolerantlığın və multikulturalizmin ölkədə və xaricdə əsas təbliğatçısı olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Xaçmaz rayonunda da bir sıra uğurlu layihələri reallaşdırmışdır. Məhz Heydər Əliyev Fondunun dəstəyi ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Xaçmaz rayonunda Şimali, Palıdlı, Sayad, Qadaşoba, Maqsudkənd, Müşkür kənd məktəbləri müasir tələblər səviyyəsində tikilmiş, avadanlıq və əyani vəsaitlərlə təmin olunmuşdur. Həyata keçirilən mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi, təhsil səviyyələrinin yüksəldilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir: “Xudat şəhər 3 saylı tam orta məktəbin rəhbəriyəm. Mən ləzgi xalqının nümayəndəsiyəm. İşlədiyim kollektivin yarısı milli azlıqları təmsil edir. Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşib. Ölkəmizdə hər bir milli azlıqlara, onların adət-ənənələrinə hörmətlə yanaşılır. Multikulturalizm ənənələrinin möhkəmlənməsi üçün bütün zəruri şərait mövcuddur. Məktəbimizdə bütün sahələrdə bu ənənələrin qorunmasına və inkişafına çalışırıq”.

Xaçmaz rayonunun rus icmasının rəhbəri Navi AZƏR isə çıxışında vurğuladı ki, çoxmillətli, çoxkonfessiyalı məkan olan Azərbaycan mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevrilib və bu zəngin təcrübənin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruriləşdirib. Dövlət başçısı cənab İlham Əliyevin 2016-cı ili Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan etməsi də məhz bu zərurətdən irəli gəlirdi. 2017-ci ilin isə “İslam həmrəyliyi ili” elan edilməsi bu siyasətin davamlı olacağının göstəricisidir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasətidir və onun alternativi yoxdur. Bu anlayış multikulturalizmin hakim olduğu bütün dövlətlər üçün xarakterikdir. Hansısa qanunu və ya idarəetmə formasını istənilən vaxt yenisi ilə əvəzləmək mümkündür. Ancaq xalqın mədəniyyətini yüz illər keçsə belə, dəyişmək olmur.

N.Azərin fikrincə, bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim edir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədər böyükdür və qədim tarixə malikdir. Ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər: “Hazırda Azərbaycan dünyada bu dəyərlərin ən böyük ixracatçısına çevrilib. Cəmiyyətdə sağlam dini maarifçiliyə böyük ehtiyac duyulur. Odur ki, dini icmalar milli-mənəvi dəyərlərimizin təbliği, maarifçilik işinin mərkəzində dayanmalıdırlar. İnsanlar məscidə təkcə ibadət evi kimi deyil, həm də maarifləndirici məkan kimi baxmalıdırlar. Bu sahədə dini icmaların və din xadimlərinin üzərinə böyük məsuliyyət və missiya düşür”.

N.Azər qeyd etdi ki, bundan sonra da maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması istiqamətində müxtəlif tədbirlər həyata keçiriləcəkdir. Həmçinin rayonda fəaliyyət göstərən müxtəlif dini və etnik icmaların dəstəyi ilə birgəyaşayış normaları qorunub saxlanılacaqdır. Rus icması tərəfindən nəinki bu normalar qorunacaq, hətta inkişaf etdiriləcək.

Milli Məclisin deputatı Eldəniz SƏLIMOV isə dedi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq məfkurəsinə əsaslanan siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünya dövlətləri tərəfindən də çox yüksək qiymətləndirilən dini dözümlülük və tolerantlıq Azərbaycanda dinə münasibətdə düzgün mövqe kimi səciyyələndirilir. Azərbaycançılıq ideologiyasına əsaslanan və milliliklə beynəlmiləlçiliyi bir vəhdət halında birləşdirən Prezident

İlham Əliyevin xalqın milli dəyərlərinə yüksək münasibəti onun əməli fəaliyyətində də açıq görünür. Azərbaycan xalqı öz rəhbərinin milli dəyərlərə diqqət və qayğısını yüksək qiymətləndirir. Ölkəmizdə məscidlər, kilsələr, sinaqoqlar və digər ibadət evləri ardıcıl olaraq təmir-bərpa edilib insanların istifadəsinə verilir.

Bütövlükdə, Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqları ilə bağlı olan təcrübəsinə əsaslanaraq deyə bilərik ki, düşmən qüvvələr bu gün məhz xalqlarımız arasında tarixən formalaşmış milli birliyin pozulmasını, dini zəmində qarşıdurmalar yaradılmasını hədəf seçmişlər. Multikulturalizmin Azərbaycan modelinin tətbiqi və inkişaf etdirilməsi bu təhdidlərə ən rasional və səmərəli cavab, onların qarşısının alınmasına yönəldilən qabaqlayıcı tədbirlər sistemidir. Bu gün ölkə rəhbəri tərəfindən dövlət siyasəti kimi elan olunan və xalqımızın çoxəsrlik mədəni yaşam şərtlərindən doğan multikulturalizmin təbliği və onunla bağlı maarifləndirmə işlərinin aparılması bir tərəfdən dövlətin çağırışlarına adekvat cavabdırsa, digər tərəfdən xalqımızın yüz illər boyu formalaşmış mənəvi mədəniyyət xəzinəsinin, sərvətinin qorunması və gələcək nəsillərə çatdırılmasıdır. Azərbaycan bütün etnosların dövlət ideologiyası olan, tolerantlıq və multikulturalizm kimi dövlət səviyyəsində möhkəmləndirilən elementlərə sahib olan güclü - milli ideologiyaya malikdir.

Bu qeyd olunanların məntiqi nəticəsidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq birliyin nüfuzlu üzvünə çevrilib. Ölkəmizdəki sosial-iqtisadi inkişaf, sabitlik, təhlükəsizlik xaricdə Azərbaycana marağı ildən-ilə artırmaqdadır. Bunun əyani nümunəsi respublikamıza səfərə gələnlərin, burada yaşamaq, Azərbaycan vətəndaşı olmaq istəyənlərin sayındakı müsbət artımın yaranmasıdır.

Əminliklə demək olar ki, dünyanın heç bir yerində olmadığı qədər Azərbaycanda dini dözümlülük və tolerantlıq mühiti var və bu tam qorunub saxlanılır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi dövlət-din münasibətlərindəki Azərbaycan təcrübəsi dünyanın müxtəlif ölkələrində də öyrənilməkdədir.

Konfransda çıxış edənlər vurğuladılar ki, bu kimi tədbirlər Azərbaycanın müxtəlif bölgələrində cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması baxımından olduqca əhəmiyyətlidir. Xaçmazda keçirilən bu konfransın əks-sədası başqa bölgələrdə də özünü göstərəcək.