Respublika.-2017.-26 sentyabr.-208.-S.13.

 

İstanbulda İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında mövzusunda beynəlxalq konfrans keçirilib

 

Sentyabrın 25-də İstanbul şəhərində İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və Monteneqrodan görkəmli ilahiyyatçı alimlər və rəsmi şəxslər İslam həmrəyliyi mövzusunda müzakirələrdə iştirak ediblər.

Konfrans Türkiyə Diyanət İşləri Başqanlığı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İslam Əməkdaşlıq Təşkilatının İslam Tarix, İncəsənət və Mədəniyyət Tədqiqatları Mərkəzi (IRCICA) və Mərmərə Universiteti tərəfindən birgə təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən elan edilmiş İslam Həmrəyliyi İli çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda keçirilmiş beynəlxalq tədbirlərdən sonra İstanbulda təşkil olunan konfransda ölkəmizi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, elm və din xadimlərindən ibarət geniş nümayəndə heyəti təmsil edib.

Qurani-Kərimdən ayələr oxunduqdan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Müraciətdə bildirilir ki, yarandığı dövrdən etibarən sülh, ədalət, bərabərlik kimi humanist ideyaları təbliğ edən İslam dini yayıldığı böyük coğrafiyada elmin, təhsilin və mədəniyyətin inkişafına təkan vermiş, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanların qarşılıqlı hörmət və dostluq mühitində yaşamalarına zəmin yaratmışdır. Əsrlər boyu dünya mədəniyyətinə və elminə misilsiz töhfələr vermiş müsəlmanlar, təəssüf ki, bu gün məzhəb ayrı-seçkiliyi, dini radikalizm, ekstremizm və terror kimi ciddi problemlərlə qarşılaşırlar. Dünyanın müxtəlif yerlərində baş verən terror hadisələrinin İslam adı altında pərdələnən, dinimizlə heç bir əlaqəsi olmayan qruplar tərəfindən həyata keçirilməsi İslama və müsəlmanlara qarşı böyük haqsızlıq və ədalətsizlikdir. Bu gün dünyada törədilən terror aktlarının qurbanlarının əksəriyyəti də məhz müsəlmanlardır.

Müraciətdə qeyd edilir ki, Şərqlə Qərbin qovuşuğunda yerləşən qədim Azərbaycanda müxtəlif dinlərin, ayrı-ayrı mədəniyyətlərin nümayəndələri tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Azərbaycan xalqı bu gün də özünün zəngin tolerantlıq və multikulturalizm ənənələrini qoruyur, sivilizasiyalararası dialoqa, İslam həmrəyliyinə öz töhfələrini verir. 2016-cı ilin ölkəmizdə Multikulturalizm İli, 2017-ci ilin isə İslam Həmrəyliyi İli elan edilməsi bütün dünyada, xüsusilə İslam aləmində sülhə, dostluğa, qarşılıqlı hörmət və birgəyaşayışa mühüm çağırış və töhfədir.

Tarixin sınaqlarından çıxmış, Bir millət, iki dövlət prinsipi ilə gündən-günə güclənən Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı İslam həmrəyliyinə layiqli nümunə kimi qiymətləndirilir.

Sonra IRCICA-nın baş direktorunun müavini Sadik Ünay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın konfrans iştirakçılarına müraciətini oxuyub. Türkiyə Prezidenti müraciətdə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili İslam Həmrəyliyi İli elan etməsini və bu çərçivədə İstanbulda beynəlxalq konfrans təşkil olunmasını məmnunluqla qarşıladığını bildirir. Qeyd edir ki, Azərbaycan və Türkiyə öz qədim tarixlərindən və ortaq hədəflərindən aldıqları ilhamla mətinləşməyə nail ola biliblər. Bir millət, iki dövlət prinsipinə əsaslanan münasibətlərimiz illər keçdikcə daha da güclənir. Azərbaycan və Türkiyə üzv olduqları İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir sıra əhəmiyyətli işlər görüblər.

Müraciətdə İslam həmrəyliyi təşəbbüsünün bir çox məsələlərdə olduğu kimi, terrorizmə qarşı mübarizədə də böyük fayda verəcəyi diqqətə çatdırılır.

Azərbaycan-Türkiyə münasibətlərinin sürətli inkişafında İslam amilinin böyük rol oynadığını vurğulayan IRCICA-nın baş direktoru Halit Eren Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan olunmasını və bununla əlaqədar bir sıra ölkələrdə beynəlxalq konfransların təşkil edilməsini tarixi hadisə kimi dəyərləndirib. O qeyd edib ki, İslamın sülh və qardaşlıq dini olduğunu bütün dünyada təbliğ etmək, o cümlədən Azərbaycan Prezidentinin təşəbbüsü olan İslam həmrəyliyi fəlsəfəsinə hərtərəfli dəstək vermək çox önəmlidir.

Azərbaycanda dini etiqad azadlığının yüksək səviyyədə qorunduğunu bildirən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, hazırda yaşanan böhranlara baxmayaraq, dünyamızı məhvərindən çıxmağa qoymayan əbədi mənəvi dəyərlər mövcuddur. Fərəhli haldır ki, Azərbaycan ümumbəşəri önəm kəsb edən ideyaların bütün dünya ictimaiyyətinə xitabən ucaldığı ənənəvi məkan statusunu qorumağa davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər Multikulturalizm İli, istərsə də İslam Həmrəyliyi İli ümumi, bəşəri məramlara xidmət edir. Bu, Azərbaycan dövlətinin dünyada gedən proseslərə dəyərli töhfəsidir.

Şeyxülislam diqqətə çatdırıb ki, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təməlində və Bir millət, iki dövlət fəlsəfəsinin bünövrəsində dini-mənəvi dəyərlərə sadiqlik, İslam həmrəyliyi ideyaları böyük önəm kəsb edir. Bu gün Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı İslam həmrəyliyinin ən bariz nümunəsidir.

Tarixi təcrübə göstərir ki, zamanında beynəlxalq qınaqla qarşılanmayan, ədalətli hüquqi-siyasi qiymətini almayan soyqırımları bəşəri cinayətlərin təkrarlanmasına rəvac verir. İllərdir Türkiyə dövləti amansız terrordan əziyyət çəkir, lakin bunu törədənlər terrorçu kimi tanınmırlar. Əzəli torpaqları, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı cinayəti də ikili yanaşmalar səbəbindən zamanında hüquqi-siyasi qiymətini almamış cinayətlər sırasındadır. Axan günahsız insan qanları, yaşanan miqrant faciələri özünü demokratiya və insan hüquqlarının təəssübkeşi kimi təqdim edən Avropada miqrantların müsəlman və qeyri-müsəlman ayrı-seçkiliyi ilə qarşılanması bizi narahat etməyə bilməz, - deyə Allahşükür Paşazadə bildirib.

Türkiyədə davam etməkdə olan terror aktlarına qarşı kəskin etirazını ifadə edən şeyxülislam qeyd edib ki, FETÖ-nün 2016-cı ildə dövlət çevrilişinə cəhd hadisəsinə kəskin etiraz edən Azərbaycan xalqı bundan sonra da Türkiyə xalqının və dövlətinin yanında olacaq.

Azərbaycanda dini etiqad azadlığı, dinlər və təriqətlər arasındakı dostluq və qardaşlıq əlaqələrinin qorunması istiqamətində görülən tədbirlər barədə geniş məlumat verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı diqqətə çatdırıb ki, Sovet İttifaqı dağılan dövrdə ölkəmizdə 17 məscid var idi. Bu gün isə onların sayı 2200-dən çoxdur. Son on ildə ölkədə 140-a yaxın məscid inşa olunub, 80-dən çox məsciddə əsaslı təmir və yenidənqurma işləri görülüb. M.Qurbanlı bildirib ki, bu gün insanlığın ən qorxulu probleminə çevrilmiş radikalizm, ekstremizm, terrorizm minlərlə insanın ölümü, şəhərlərin dağıdılması, insanların öz vətənlərindən qovulması ilə nəticələnir. Terrorun, onu törədən terrorçunun dini və milli mənsubiyyəti olmur. Təəssüf ki, bütün bu antibəşəri aksiyanı sülh, sabitlik, sevgi dini olan İslam ilə eyniləşdirməyə çalışırlar.

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2017-ci ilin İslam Həmrəyliyi İli elan edilməsi bütün dünyada, xüsusilə İslam aləmində sülhə, dostluğa, sevgiyə və birgəyaşayışa mühüm çağırışdır. İslam Həmrəyliyi İlinin məram və məqsədlərini qeyd edən komitə sədri təəssüflə bildirib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılması barədə qəbul etdiyi qətnamələr icra edilmir. Buna etiraz edən Türkiyə təcavüzkar Ermənistanla sərhədlərini bağlayıb. Türkiyə dostluq və qardaşlıq münasibətlərini yüksək tutaraq Azərbaycanı müdafiə etməkdədir. 2016-cı ilin iyulunda FETÖ tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhd edilməsi Azərbaycanda böyük narahatlıqla qarşılandı, terrorçu qüvvələrə qarşı sərt reaksiya göstərildi. Bütün bunlar Azərbaycan-Türkiyə qardaşlığının göstəriciləri və həmrəylik nümunəsi kimi bütün dünyaya örnəkdir.

Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakının daşnak-bolşevik işğalından azad olunmasında göstərdiyi xilaskarlıq missiyasının Azərbaycanda və Türkiyədə hər zaman təqdirlə qarşılandığını qeyd edən Türkiyənin Diyanət İşləri başqanı Ali Erbaş XX əsrin sonunda bərpa edilən müstəqilliyimizin Türkiyədə böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. O qeyd edib ki, bir sıra müsəlman ölkələrində təlatümlər yaşandığı bir dövrdə Prezident İlham Əliyevin Sərəncamına əsasən 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan edilməsi və bu çərçivədə görülən işlər bütün dünya üçün sülhsevərlik örnəyidir. Türkiyə bütün məsələlərdə olduğu kimi, İslam həmrəyliyi təşəbbüsündə də Bir millət, iki dövlət prinsipinə öz sədaqətini nümayiş etdirməkdədir.

Azərbaycanda dini etiqad azadlığının əzmlə qorunduğunu qeyd edən Milli Məclisin səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov parlamentimizin bu məsələlərlə bağlı qəbul etdiyi qanunlar barədə iştirakçılara məlumat verib. O bildirib ki, dini fəaliyyətə dair vahid dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığının təmin olunması üçün müvafiq şəraitin yaradılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və inkişafının təmin edilməsi, müxtəlif dinlər arasında qarşılıqlı anlaşma və ehtiram və digər məqamlar qeyd olunan qanunvericiliyin tərkib hissəsidir. Azərbaycan parlamenti bu məsələlərdə həmişə Prezident İlham Əliyevlə həmrəy olub.

Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafından danışıb. O qeyd edib ki, İslam həmrəyliyi sülh və inkişaf çağırışıdır. Hazırda bütün dünya ictimaiyyəti bu təşəbbüsün ortaya çıxardığı birlik və həmrəyliyə ehtiyac duyur. N.Ünüvar əminliklə qeyd edib ki, 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan olunması və bu çərçivədə görülən işlər müsəlman xalqları arasında möhkəm əlaqələrin qurulmasına təsir göstərmək imkanında olan sülh və qardaşlıq çağırışıdır.

İslamın sülh və əmin-amanlıq, öldürən, yox yaşadan, məhv edən yox, qurub-yaradan, insanları və xalqları düşmən edən yox, qardaşlaşdıran din olduğunu söyləyən Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ hazırda dünyada İslam dini əleyhinə aparılan qərəzli təbliğatlara, İslamı terrorla eyniləşdirmək cəhdlərinə kəskin etirazını ifadə edib. O qeyd edib ki, əgər İslam dini düzgün təbliğ edilsə, Quranı-Kərim düzgün öyrənilsə, onun ayələrinin mənası insanlara doğru çatdırılsa dünya ictimaiyyəti asanlıqla terrorçu fəaliyyətlərin qarşısını ala bilər. Baş nazirin müavini bildirib ki, İslam dininin terrorla eyniləşdirilməsi dinimizə qarşı böyük bir məkrliliyin tərkib hissəsidir. Azərbaycan və Türkiyənin ortaq mədəniyyətdən, dəyərlərdən və ənənələrdən güc alaraq ortaya qoyduğu qardaşlıq və həmrəylik bütün müsəlman aləmi üçün nümunədir.

İslam həmrəyliyi təşəbbüsünün olduqca geniş məna kəsb etdiyini, bu təşəbbüsün bütün İslam dünyası üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran Milli Məclisin elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezıdenti İsa Həbibbəyli qeyd edib ki, müsəlman dünyasının qarşılaşdığı haqsızlığa qarşı birgə mübarizəyə ehtiyac var. Bu məsələdə İslam maarifləndirilməsi günün aktual tələbidir ki, İslam həmrəyliyi bu məsələni də özündə əks etdirir. O qeyd edib ki, İslam xalqlarının ortaq mədəniyyətlərinin bölüşdürülməsi, xalqlarımızın müasir həyatını əks etdirən əsərlərin yazılması kimi məsələlər də İslam həmrəyliyinin tərkib hissəsidir. Prezident İlham Əliyevin İslam həmrəyliyi istiqamətində göstərdiyi təşəbbüs, dövlətimizin başçısının qəbul etdiyi qərarlar müsəlman ölkələri arasında iqtisadi, mədəni və humanitar əlaqələrin də möhkəm təməl üzərində qalmasına əsasdır. Ümummilli lider Heydər Əliyevin İslam dünyasının həmrəyliyi naminə böyük işlər gördüyünü diqqətə çatdıran İ.Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin bu sahədə qəbul etdiyi qərarlar Ulu Öndərimizin sağlam ideyalarının davam etdirilməsidir.

Azərbaycan-Türkiyə münasibətlərinin İslam həmrəyliyinə böyük töhfə olduğunu diqqətə çatdıran Milli Məclisin deputatı, Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, müsəlman aləmində həmrəyliyə nail olmaq üçün böyük əsaslar var. Ümummilli lider Heydər Əliyevin İslam həmrəyliyi istiqamətində yürütdüyü siyasətin ayrı-ayrı məqamlarından danışan deputat əminliklə qeyd edib ki, Prezident İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi İli müsəlman dünyasının birliyinə nail olmağa, qarşılaşdığımız haqsızlıqların və ədalətsizliklərin aradan qaldırılmasına böyük töhfələr verəcək. O qeyd edib ki, İslam həmrəyliyinin möhkəm dayaqlarından biri də müsəlman xalqlarının ümumi maraqlarına aid informasiyaların dəqiq şəkildə bölüşdürülməsidir. Bunun üçün ilk növbədə KİV nümayəndələri müsəlman xalqlarının və ölkələrinin tarixi, mədəniyyəti və ənənələrini mükəmməl mənimsəməlidirlər. Buna nail olmaq üçün KİV-lər arasında möhkəm koordinasiya qurulmalı və media qurumları üçün də bu tipli konfranslar təşkil edilməlidir.

Bolqarıstanın Diyanət İşləri başqanı Mustafa Hacı, Rusiya Müsəlmanlarının Məclis başqanı, Moskva müftisi Albir Krqanov, Monteneqro Diyanət İşləri başqanı Rıfat Feyziç, Mərmərə Universitetinin ilahiyyat fakültəsinin dekanı Ali Köse, İstanbul müftisi Hasan Kamil Yılmaz, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, professorlar Azmi Özcan, İrfan Gündüz, Haluk Alkan və başqaları müzakirə olunan mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

Çıxış edənlər diqqətə çatdırıblar ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən 2017-ci ilin İslam Həmrəyliyi İli elan edilməsi və bu çərçivədə Azərbaycanda, Rusiyada, Finlandiyada, İranda və Türkiyədə beynəlxalq konfransların təşkili, bu mövzuda görülən digər işlər müsəlman dünyasının birliyinə nail olmaq istiqamətində tarixi missiya daşıyır. Bəzi müsəlman ölkələrinin və xalqlarının haqsız olaraq münaqişə və təcavüzlərlə üz-üzə qaldıqlarını ifadə edən çıxışçılar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini kəskin şəkildə pisləyiblər. Qeyd olunub ki, Azərbaycan torpaqlarının iyirmi faizinin işğal altında saxlanılmasına əsas səbəb dünyadakı ikili standartlardır və bu ikili standartlar aradan qaldırılmalıdır. Bunun üçün İslam dünyası möhkəm həmrəyliyini davam etdirərək Azərbaycanın haqq işini fəal şəkildə müdafiə etməlidir. Əminliklə qeyd olunub ki, İslam Həmrəyliyi İli müsəlman ölkələri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksəlişi üçün böyük töhfələr verəcək. Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı XX əsrin əvvəlində və sonunda çox ağır sınaqlardan üzüağ çıxıb. Ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin tarixlərə miras qalan xilaskarlıq missiyaları xalqlarımız tərəfindən böyük iftixarla yad olunur, onların əziz xatirələri həmişə ehtiramla anılır.

Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri, həmçinin dövlət başçılarının İslam həmrəyliyinə nail olmaq üçün göstərdikləri birgə səylər, eləcə də onların İstanbulda keçirilən İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında mövzusunda beynəlxalq konfransa dəstək vermələri yüksək qiymətləndirilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfrans çərçivəsində Baş nazirin müavini Bəkir Bozdağ və Diyanət İşləri başqanı Ali Erbaş ilə ayrı-ayrılıqda görüşlər keçiriblər. Görüşlərdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri yüksək qiymətləndirilib. Tərəflər əminliklə qeyd ediblər ki, dövlət başçılarımızın möhkəm siyasi iradələri və qardaşlıq münasibətləri əsasında Azərbaycan və Türkiyə daha böyük nailiyyətlər əldə edəcək.

Konfrans kommunikenin qəbul edilməsi ilə başa çatıb.

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev konfransda iştirak edib.