Bakı Xəbər.-2017.-23-25 sentyabr.-169.-S.12.

 

Cumhuriyyət liderlərinin xaricdəki məzarları üçün Azərbaycan haqq ödəyirmi?

 

İradə Sarıyeva

 

Asif Rüstəmli: Elə həmin dövrdə də siz dediyiniz faktla bağlı mətbuat yazmışdı

Nadir Məmmədli: Sen-Klu o qədər bahalı yerdir ki, yerli əhalinin dediyinə görə, 1 kvadratmetr yer 10 min avrodur

Azərbaycanın hüdudlarından kənarda mühacirət həyatı yaşayan və ömrü qürbət ellərdə sona yetən bir sıra görkəmli dövlət xadimlərimiz var. O şəxsiyyətlər dünyanın müxtəlif ölkələrində dəfn ediliblər. Hətta ölkə ziyalıları, tarixçiləri Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və digər Xalq Cumhuriyyəti qurucularının, liderlərinin nəşinin Azərbaycana gətirilərək burada dəfn edilməsinin vacibliyini qeyd ediblər.

Əlbəttə, bu başqa bir məsələ olduğu üçün, ayrıca müzakirə tələb edir. Mövzumuz tamam başqa məsələ ilə bağlıdır. Dəqiqləşməmiş məlumatlara görə, Azərbaycandan kənarda dəfn edilən siyasi xadimlərin dəfn edildikləri məzarlıqda onların məzarlarının saxlanılması üçün icarə haqqı, vəsait ödəməsi haqqında fikirlər var. Hətta illər əvvəl yerli mətbuatda gedən bir məqalədə Əlimərdan bəy Topçubaşovun məzarının Fransanın məşhur Sen-Klu məzarlığında saxlanılması üçün dövlət tərəfindən icarə haqqı ödənildiyi barədə məlumat yer almışdı. Əlbəttə, Azərbaycan dövlətinin öz böyük oğluna sahib çıxması, onun məzarüstü abidəsinin yenidən qurulması istiqamətində həyata keçirdiyi işlər təqdirəlayiqdir.

Fransanın paytaxtı Paris yaxınlığındakı müqəddəs Sen-Klu qəbiristanlığında uyuyan böyük Azərbaycan oğullarından biri olan Əlimərdan bəy Topçubaşov dövlətçilik tariximizin formalaşmasında müstəsna rol oynayıb. Tədqiqatçılar yazır ki, Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin sədri, Azərbaycan Cumhuriyyətinin II xarici işlər naziri, böyük dövlət xadimi Əlimərdan bəy Topçubaşov ömrünün son illərini maddi sıxıntı içində yaşayıb və 2 il ağır xəstəlikdən sonra 5 noyabr 1934-cü ildə vəfat edib. Onu da vurğulayaq ki, uzun illər yad edilməyən, məzarı az qala unudulan Ə.Topçubaşova ən böyük qiyməti Heydər Əliyev verib. Belə ki, 1993-cü ildə Heydər Əliyev Fransaya ilk səfərində onu müşayiət edən dövlət xadimləri və görkəmli ziyalılarla birgə Sen-Klu qəbiristanlığına baş çəkərək Ə.Topçubaşovun xatirəsinə ehtiramını ifadə etdi. Hətta bildirilənə görə, həmin tarixdə Heydər Əliyev Əliməran bəyin yubileyinin keçirilməsi ilə də bağlı sərəncam imzalayıb. Prezident İlham Əliyevin Ə.Topçubaşovun 150 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncam bu böyük şəxsiyyətə böyük hörmətin ifadəsidir.

Professor Nadir Məmmədli yazır ki, Parisdə Azərbaycanın rəmzi ünvanlarından olan həmin məzarı Prezident İlham Əliyev də 2006-cı ilin mayında ziyarət edib: Lakin artıq görkəmli dövlət xadimi Ə.Topçubaşovun məzarüstü kompleksi müsbət mənada xeyli dəyişikliyə uğramışdı. Köhnə məzar daşının üstündə "Quran"dan ayələr yazılmışdı və bu həmin qəbiristanlıqda üstündə ərəbcə yazılar olan yeganə məzar idi. Gündəlik çörəyə möhtac olan, təhsil haqqını ödəyə bilməyən tələbələr çox ağır şəraitdə həm oxumaq, həm də işləmək məcburiyyətində qalırlar. Bir yandan da yeni hökumət onlara səbatsızlıq göstərir. Böhranlı vəziyyətdə maddi sıxıntı içərisində yaşayan tələbələr ümid yeri kimi Əlimərdan bəyə baxırlar. Ancaq heç kəs Ə.Topçubaşovun özünün maddi durumunun pis olduğunu başa düşmür, başa düşmək istəmir. Sonsuz yardım müraciətlərinə artıq cavab verə bilmirdi. Məsələn, ona kömək məqsədilə müraciət edən Ceyhun bəy Hacıbəyliyə 30 iyul 1928-ci il tarixli məktubunda yazır: Sizin maddi yardım barədə məktubunuzu aldım. Nə şəxsən məndə, nə də nümayəndəliyin xəzinəsində pul var...

Ə.Topçubaşovun dəfnini professor V.Quliyev belə təsvir edir: Mərasim noyabrın 8-də keçirilmişdir. Cənazə Paris məscidinin imamı Seyid Əli Yəhyanın oxuduğu dualarla yerdən qaldırılmışdır. Mərhum Sen-Klu qəbiristanlığında çoxsaylı yaxınlarının və dostlarının iştirakı ilə torpağa tapşırılmışdır. Cənazə mərasiminin önündə mərhumun oğulları Əliəkbər bəy və Ənvər bəy Topçubaşov, dul qadını Pəri xanım Topçubaşova (Məlik-Zərdabi), qızları Sara xanım Sultanova və Sevər xanım Topçubaşova, onların ardınca isə Azərbaycan nümayəndə heyəti və Mlli Şurasının üzvləri gedirdilər. Əlimərdan bəyin nəşi Quran ayələri altında torpağa tapşırılmışdır. Onun həmvətənləri, doğmaları, dostları, məsələn, Gürcüstan dövləti adından A.Çxenkeli, Türküstan Milli İttifaqı adından M.Çokayoğlu, kalmıkların milli təşkilatı adından "Kalmık" komitəsinin sədri, "Kalmık" qəzetinin baş redaktoru Ş.Balinov, Qafqaz Dağlıları Xalq Partiyası adından T.Çakman çıxış etmişlər. Dəfn mərasiminə tanınmış dövlət və ictimai xadimlər də qatılmışlar: general Kvintadze, Gürcüstan - Paris ofisinin rəhbəri Asatiani, Ukrayna hökumətinin naziri Kuligin, Fransadakı Ukrayna Federasiyasının katibi Nikityuk, general Udovitçenko, Parisdəki Ukrayna icmasının rəhbəri Yeremeyev və "Azad kazaklar" qəzetinin baş redaktoru Bilgi və b. dəfndə iştirak etmişlər".

Məlum olduğu kimi, Ə.Topçubaşov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya getmişdilər. Lakin tale elə gətirdi ki, onun və silahdaşlarının taleyinə əbədi olaraq qürbətdə yaşamaq və orada da son mənzilə yola salınmaq yazıldı.

Qayıdaq Ə.Topçubaşovun Sen-Klu məzarlığında qəbrinin saxlanmasına, Azərbaycan dövlətinin icarə pulu verməsi ilə bağlı vaxtilə yayılan fikrə. Müraciət etdiyimiz alimlərin əksəriyyəti bildirdi ki, bu faktın nə dərəcədə dəqiq olması haqda məlumatsızdırlar, bu barədə onlar da mətbautdan oxuyublar. Alimlər bildirdi ki, Heydər Əliyev Topçubaşovun məzarını ziyarətə getdiyi zaman onun məzarı həqiqətən də bərbad və baxımsız vəziyyətdə imiş. Sonra H.Əliyevin göstərişi ilə Topçubaşovun məzarına qayğı-diqqət artırılıb.

Professor Asif Rüstəmli bizimlə söhbətində bildirdi ki, o bu barədə mətbuatdan oxuyub: Heydər Əliyev Parisə gedib Topçubaşovun məzarını ziyarət etmişdi. Elə həmin dövrdə də siz dediyiniz faktla bağlı mətbuat yazmışdı. Amma Xoyskinin, Rəsulzadənin, Həsən bəy Ağayevin məzarları ilə bağlı vurğuladığınız fakta rast gəlməmişəm. Əlimərdan bəy Topçubaşovun dəfn edildiyi qəbiristanlıqda məzar yeri icarəyə verilir. Müddət bitdikdən sonra müqavilə uzadılmırsa, yer başqasına satılır. Mən bildiyim qədər, uzunmüddətli icarə haqqı ödənilib. Ancaq bu informasiyanı dəqiqləşdirməyə ehtiyac var.

Filologiya elmləri doktoru Nadir Məmmədli vaxtilə Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib və bu barədə geniş şəkildə yazıb. N.Məmmədli bizimlə söhbətində bildirdi ki, Sen-Klu qəbiristanlığı dünyanın ən bahalı qəbiristanlıqlarından biridir. Onun sözlərinə görə, bura bahalı qəbiristanlıq olduğu üçün ,burada icarə haqqı da bahadır. Müqəddəs Sen-Klu məzarlığında qəbirlərin bir neçə mərtəbəli olduğunu deyən N.Məmmədli bildirdi ki, Ə.Topçubaçov beşmərtəbəli qəbirdə uyuyur: Sen-Klu qəbiristanlığı qətiyyən bizim qəbiristanlıqlara bənzəmir, ora tamamilə başqa cürdür. Sen-Klu o qədər bahalı yerdir ki, yerli əhalinin dediyinə görə, 1 kvadratmetr yer 10 min avrodur. Ona görə də burada qəbirlər çoxmərtəbəlidir. Topçubaşovun qəbri beşmərtəbəlidir. Bu qəbiristanlıqda dəfn olunmağın siyasi əhəmiyyəti var. O vaxt Parisdə olan türk mühacirləri ianə toplayaraq Topçubaşovun qəbrini saxlayırdılar. İş burasındadır ki, icarə haqqı ödənilmədikdə də onun qəbrini saxlayırdılar. Çünki bunun siyasi mahiyyəti vardı. 1993-cü ildə Heydər Əliyev Topçubaşovun məzarını ziyarət etdikdən sonra vəziyyət dəyişdi. Ora elə-belə adamlar basdırılmayıb. Təsəvvür edə bilməzsiniz ki, orada kimlər dəfn edilib? Orada dünyanın ən məşhur bəstəkarları, siyasi xadimləri, yazıçıları dəfn edilib. Bura adi qəbiristanlıq deyil. Sen-Klunun bahalı olmasının səbəbi odur ki, bura hər gün yuyulub-təmizlənir, qəbirlər gül-çiçəklə bəzənir. Bura o qədər abaddır, o qədər baxımlıdır ki. Buranı parka çeviriblər. Bu qəbiristanlıq sanki bir memarlıq abidəsidir. Topçubaşovun qəbirüstü abidəsi də olduqca möhtəşəmdir. Qəbirüstü abidəni heykəltəraş Akif Əsgərov hazırlayıb. Əlimərdan bəyin məzarı baxımlı vəziyyətdədir. Orada yaşayan azərbaycanlılar, xüsusən də Cənubi Azərbaycandan olan soydaşlarımız onun məzarını tez-tez ziyarət edirlər. Qəbiristanlığın önündə böyük gül mağazası var, onlarla müqavilə imzalayıb pulu ödənildikdən sonra onlar hər gün məzarların üstünə gül qoyurlar. Əlimərdan bəy Topçubaşovun məzarının orada saxlanması siyasi əhəmiyyət daşıyır. Onun məzarı burada Azərbaycanın bir simvoludur.

N.Məmmədli dedi ki, orada uyuyan istənilən şəxs haqqında məzarlığın önündə quraşdırılan elektron qurğuda ətraflı məlumat verilir. Həmin qurğuda Topçubaşov haqqında da ətraflı məlumat yerləşdirildiyini deyən N.Məmmədli qeyd etdi ki, onlar orada olanda Ceyhun Hacıbəylinin məzarını tapa bilmirmişlər: Ceyhun Hacıbəylinin məzarını tapa bilmirdik. O da çoxmərtəbəli qəbirdə dəfn edilib. Həmin elektron lövhəyə baxdıq və orada qəbrin nömrəsi, yeri göstərilirdi, oranın işçilərinin köməkliyi ilə gedib məzarı tapdıq. Bu qəbirlər bahalı mərmərdəndir və hər gün təmizlənir. Hansı ölkənin ki, burada vətəndaşı uyuyur, həmin ölkələrin səfirlikləri, dövlət nümayəndələri mütəmadi olaraq ora gedib-gəlirlər. Bu qəbiristanlıq siyasi mahiyyət daşıdığından, daha çox diqqətdədir. Ora gələn insanlar burada uyuyanların kimliyi ilə maraqlanırlar.