İki sahil.- 2017.- 16 sentyabr. - ¹ 167.- S. 18.

 

Ölkəmiz İslam dəyərlərinin qorunması və təbliği istiqamətində səylərini artırır

 

Xuraman İsmayılqızı

 

Qazaxıstanda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiyalar üzrə birinci Sammitində çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, İslam aləminin üzvü kimi müsəlman dövlətləri ilə əməkdaşlığa böyük önəm verən Azərbaycan dünyanın müxtəlif bölgələrində baş verən islamofobiyaya qarşı mübarizədə fəal iştirak edir.

İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlamış, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilmişdir. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı olmuşdur. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurmuş, bu çərçivədə həyata keçirilən bir çox layihələr qarşılıqlı münasibətlərin möhkəmlənməsinə yönəlmişdir. Ciddi çağırışlar, həllini gözləyən çoxsaylı problemlərlə qarşılaşan İslam aləmində narahatlıq doğuran hadisələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Fələstin və Kəşmir problemləri. Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmalar, qaçqın böhranının hər biri özlüyündə taleyüklü məsələ olmaqla islami dəyərlərə malik ölkələrin həmrəyliyinin vacibliyini də aktuallaşdırır.

İƏT-in Sammitində bu kimi münaqişələrin törətdiyi fəsadları, yaranan miqrant ordusunun üzləşdiyi çətinlikləri, ədalətsizliyi yolverilməz hesab edən dövlətimizin başçısı İlham Əliyev iştirakçıların diqqətini Xocalı soyqırımına, Qarabağ müharibəsi zamanı həlak olan dinc əhalinin sayına, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi terror hadisələrinə yönəltməklə erməni faşizminin bu gün də davam etməsinə göz yuman Avropa ölkələrinin, beynəlxalq təşkilatların müsəlman ölkələrinə ikili standartlarla yanaşmalarının beynəlxalq hüquq normalarına zidd olduğunu da bildirmişdir. “Ermənistanda islamofobiya pik həddinə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz” söyləyən cənab İlham Əliyev erməni faşistlərinin Azərbaycanın dinc vətəndaşlarına qarşı törətdikləri terrorları vəhşilik adlandırıb, qətiyyətlə pisləməklə ötən II İƏT-in Türkiyədə keçirilən Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar yaradılan Təmas Qrupunun təşkilini yüksək dəyərləndirmişdir.

Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan BMT və İƏT- in qətnamələri işğalçı dövlətlə münasibətdə olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır. Çünki Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın dini-mədəni sərvətlərinə qarşı deyil, həm də ümumilikdə İslamın tarixi-mədəni irsinə qarşı olan hücumdur. Ermənistanın işğal etdiyi ərazilərdə İslam mədəniyyətinə aid yüzlərlə abidə, məscid, ibadətgah, qəbiristanlıq və s. dağıdılmış, bütün bunlar ATƏT-ln fakta- araşdırıcı missiyaları tərəfindən təsdiq olunmuşdur. Pakistan və Səudiyyə Ərəbistanının Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə rəsmən tanımaqdan imtina etmələri, Türkiyənin bu ölkə ilə əlaqəsini dayandırması, beş müsəlman dövlətinin Xocalı soyqırımını rəsmən tanıması İslam həmrəyliyinin xəfif addımları olsa da qardaşlıq münasibətinin, real dəstəyin nümunəsidir.

Azərbaycan İslam dünyasında mövcud münaqişələrin həllinə öz töhfəsini verir, müsəlman dövlətlərində baş verən və maraqlı qüvvələrin təhriki ilə hələ də davam etdirilən problemlərin ədalətli həlli ilə bağlı müzakirələrdə birmənalı olaraq beynəlxalq hüquqa əsaslanır, prinsipial mövqeyini əməli ilə təsdiqləyir. Ölkəmiz 2013-cü ildə “Qüds şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor” konfransı”na, eləcə də “Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin aradılması” adlı konfransa ev sahibliyi etmiş və bu məqsədlər üçün ciddi məbləğdə ianə ayırmışdır. Bu kimi xeyirxah təşəbbüslərdə iştirak edən, multikulturalizm mərkəzi kimi tanınan Azərbaycan dini-mənəvi dəyərlə sıx bağlı olduğunu mədəni müxtəlifliyin, etnik və dini tolerantlıq mühitinin təmin olunmasına verdiyi töhfələrlə də sübut edir.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi Azərbaycan islamofobiyaya qarşı açıq şəkildə mübarizə aparır, İslami dəyərlərin təbliği, qorunması üçün səylərini artırır. Məşhur Luvr muzeyində İslam bölməsinin təşkilində fəal iştirak edən respublikamız Vatikanda öz sərgisini nümayiş etdirən ilk müsəlman ölkəsidir. Bakı şəhəri 2009-cu ildə ISESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan edilmiş, 2018-cl il üçün isə bu şərəfli ada Naxçıvan layiq görülmüşdür.

“Bədxahlara, antiazərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallıqlarımızdır. Gəlsinlər, öz gözləri ilə görsünlər. Deyə bilərəm ki, Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyəti ölkəmizdən ən xoş arzularla ayrılır. Çünki onlar qərəzsizdir, Azərbaycana xoş niyyətlə gəlirlər. Mən demişəm və bir daha demək istəyirəm ki, biz xoş niyyətlə ölkəmizə gələn bütün xarici qonaqlara qucaq açırıq. Azərbaycan multikulturalizm diyarıdır. Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur, heç vaxt olmayıb və olmayacaqdır. BİZ bir çox ölkələr üçün nümunəyik, xüsusilə, indiki dövrdə. Bu gün hamımızın gözü qarşısında müsəlman qaçqınlara işgəncələr verilir. Bu bizi hiddətləndirir. Onu da qeyd etməliyəm, Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz ədalətsizliyə dözə bilmirik. Biz ədalətin, insanlığın tərəfdarıyıq. Bütün vacib beynəlxalq məsələlərlə bağlı bizim öz mövqeyimiz var. Hesab edirəm ki, əgər bizim təcrübəmiz geniş şə­kildə öyrənilərsə, 0 zaman dünyada münaqişələrin və dini, milli zəmində qarşıdurmaların sayı da azalacaqdır” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün xalqlara , dinlərə qarşılıqlı hörmət Azərbaycan xalqının həyat tərzidir.