Palitra. - 2017.- 21 sentyabr. - ¹ 170. - S. 11.

 

İƏT dövlətləri Ermənistanla əlaqələri məhdudlaşdırmalıdır

 

“BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin əsas tələbləri Ermənistan tərəfindən hələ də yerinə yetirilmir”

 

Fuad Hüseynzadə

 

BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində keçirilən toplantılarda Dağlıq Qarabağ məsələsi də gündəmdə olub. Belə ki, Prezident İlham Əliyevin BMT Baş Məclisinin 72-ci sessiyasında iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupun iclası keçirilib. İclasda Azərbaycan Respublikası adından çıxış xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən təqdim olunub. Həmçinin, İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupa daxil olan digər üzv dövlətlərin nümayəndələri və İƏT-in Baş katibliyinin rəsmiləri çıxış ediblər.

 

Kontakt qrupun ikinci iclasının hesabatı nəzərə alınması və tədbirlər görülməsi üçün İƏT xarici işlər nazirlərinin koordinasiya iclasının gündəliyinə daxil ediləcək və üzv dövlətlərə təqdim olunacaq.

Kontakt qrupun ikinci iclasında Azərbaycan Respublikası tərəfindən təqdim olunan çıxışda Kontakt qrupunun sonuncu görüşündən sonra Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərində münaqişənin tənzimlənməsi istiqamətində vəziyyətin nəinki dəyişməz qaldığı, hətta cəbhə xəttində toqquşmaların intensivləşdiyi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin qəsdən öldürməsi hallarının daha da artdığı qeyd olunub.

Bu il Ermənistan qoşunları tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilən vəhşilik cinayətlərinin iyirmi beşinci ildönümünü olduğu xatırladılaraq, İƏT-in bütün üzv dövlətlərinə Abican şəhərində İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 44-cü sessiyasında qəbul edilmiş "1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik" başlıqlı qətnaməni dəstəklədikləri üçün minnətdarlıq ifadə olunub. Həmçinin, İƏT-ə üzv dövlətlərinə Xocalı şəhəri və digər işğal olunmuş Azərbaycan ərazilərində törədilmiş müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırım hallarının milli və beynəlxalq səviyyədə tanınması üçün səy göstərməyə çağırış edilib.

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin əsas tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyi qeyd olunaraq 20 ildən artıq müddət ərzində ATƏT-in Minsk Qrupu tərəfindən aparılan vasitəçilik səylərinin hələ nəticə vermədiyi vurğulanıb. Toplantı iştirakçılarına bu ilin iyul 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin hədəflənmiş şəkildə və qəsdən atəşə tutması nəticəsində biri uşaq olmaqla, iki mülki şəxsin həlak olması, bir nəfərin isə ağır yaralandığı barədə məlumat verilib.

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı İƏT-in müvafiq qətnamə və qərarlarının tələblərini rəhbər tutaraq, bütün üzv dövlətlərə münaqişəni gücləndirəcək və Ermənistanı Azərbaycan torpaqlarının işğalının davamına şərait yaradacaq hər hansı bir silah və hərbi avadanlıqla təchiz etməkdən çəkinməyə və bu cür avadanlıqların daşınması üçün öz ərazilərindən tranzit məqsədilə istifadə edilməsinə imkan verməməyə çağırış edilib.

Həmçinin, İƏT qətnamələrinin tələblərinə uyğun olaraq üzv dövlətlərin Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasına dəstək vermək üçün lazımi siyasi-iqtisadi tədbirlər həyata keçirilməli, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətlərdən kənar durmalı olduqları, Ermənistanla bütün növ əməkdaşlığı məhdudlaşdırmalı olduqları vurğulanıb.

Bildirilib ki, ölkəmiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən qanunsuz istifadə və Azərbaycan ərazilərinin işğalının qəti pislənilməsinə dair İƏT-in ədalətli və prinsipial mövqeyi əsasında İslam Ümmətinin davamlı həmrəyliyinə güvənir.

Nyu-Yorkda İƏT-ə üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclasında Dağlıq Qarabağ münaqişəsindən danışılıb

Yeri gəlmişkən, BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Nyu-Yorkda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclasında da Dağlıq Qarabağ münaqişəsindən danışılıb. İclasda çıxış edən nazir bildirib ki, qlobal iqtisadiyyat əmtəə qiymətləri tendensiyalarında əsaslı qeyri-müəyyənliklərlə xarakterizə olunan yeni dövrə keçid etdiyi üçün uzunmüddətli milli inkişaf planlaşdırması həm təchizatçılar, həm də alıcılar üçün çətinləşir. Bu qeyri-stabillik eləcə də maliyyə mənbələrinin mövcudluğuna təsir edir və bu mənbələr iqtisadiyyatımızın məqsədlərinə xidmət etmək üçün mərkəzləşdirilməlidir.

E. Məmmədyarov deyib: “Bu qlobal tendensiyalar bizim qarşılıqlı əlaqələrimizi əhəmiyyətli dərəcədə artırır və bizim regional əməkdaşlığımız daha çox əhəmiyyət kəsb etməyə başlayır. Biz qəbul etməliyik ki, regionun potensialını üzə çıxarmaq üçün çox işlər görülməlidir. Bizim qlobal ÜDM-də, ticarət və ixracatda payımız regionun potensialından xeyli aşağıdır”.

Bildirilib ki, ötən onilliklər ərzində Azərbaycan İƏT-in aktiv üzvlərindən olub. İki sammitə, nazirlərin toplantıları kimi müxtəlif səviyyəli tədbirlərə ev sahibliyi etməklə təşkilatın dəstəkçisi olub. Həmçinin Azərbaycan vacib layihələrin təşəbbüskarı və iştirakçısıdır.

Elmar Məmmədyarov bildirib ki, Azərbaycan, həmçinin malların Şimali Avropa və Rusiyadan İran Körfəzi, Hindistan və digər ölkələrə nəqlini təmin edəcək Şimal-Cənub Beynəlxalq dəhlizinin aktiv təşəbbüskarlarındandır. “Bizim ölkələrimizin əksəriyyəti üçün turizm demək olar ki, istifadə edilməmiş resursları özündə əks etdirir. Bizim region bir çox sivilizasiyaların beşiyidir və əsrlərboyu dünyanın mədəni və elmi fəaliyyətində mərkəzi rol oynamışdır. Biz regionumuzda turizmi ticarət predmeti halına gətirməli və cəlbedici və istifadəyə yararlı məhsul kimi həm öz xalqımız, həm də dünyaya təqdim etməliyik. Son görüşümüzdən etibarən Azərbaycan bu istiqamətdə mühüm addımlar atıb”- deyə nazir vurğulayıb.

Qeyd edib ki, regional enerji əməkdaşlığı məsələsi artıq İƏT regionunda ön plana çıxıb. Bu sahədə indiyədək İƏT Regional Elektrik Bazarının yaradılması kimi, bir sıra müsbət nailiyyətlər əldə edilib.

Davamlı enerji layihələrinin təşəbbüsü və həyata keçirilməsi vasitəsilə Azərbaycan özünü etibarlı enerji təchizatçısı kimi tanıdıb, Asiya və Avropa arasında mühüm körpüyə çevrilib. Bu gün Azərbaycan Avropada ən böyük infrastruktur və enerji layihələrindən biri olan Cənubi Qaz Dəhlizi (CQD) və onun Xəzər hövzəsindən Avropaya karbohidrogen nəqlini nəzərdə tutan digər iki əsas hissəsinin - Trans-Anadolu (TANAP) və Trans-Adriatik boru kəmərlərinin (TAP) təşəbbüskarıdır. Bu enerji layihələrinin reallaşdırılması enerji mənbələrinin şaxələndirilməsini, eyni zamanda, regionda və kənarda nəqliyyat və enerji təchizatının təhlükəsizliyini artıracaq.

“Ermənistan Azərbaycan ərazilərinin 20 faizinin işğalını davam etdirməklə regional təhlükəsizlik və sabitliyi təhlükə altına atır”

Nazir bildirib ki, Azərbaycan İƏT-in gələcək inkişafı naminə fəaliyyətin təkmilləşdirilməsinə imkan yarada biləcək islahat prosesini birgə səylərlə dəstəkləyir. Yeni “İƏT-2025” fəaliyyət proqramı bütün üzv dövlətlərin maraqlarını əks etdirməlidir. Bu islahat prosesi İƏT daxilində fəaliyyətlərin və mövcud qurumların səmərəliliyini artıracaq.

Təhlükəsizlik və sabitliyin qorunub saxlanılması regional əməkdaşlıq və uğurlu cəmiyyət qurmaq üçün əsas komponentdir. Təəssüf ki, son görüşümüzdən etibarən regionumuzda sabitlik və təhlükəsizlik daha da zəifləyib, yeni münaqişə ocaqları meydana gəlib və regionun inkişaf perspektivləri ciddi şəkildə risk altına düşüb.

“Təəssüf ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalını davam etdirməklə regional təhlükəsizlik və sabitliyi təhlükə altına atır, həmçinin tamhüquqlu regional əməkdaşlığa maneə yaradır. Ermənistan öz aqressiv siyasətində daha da irəliləyərək işğal altında olan ərazilərə biznes, ticarət və investisiyaların cəlb edilməsi yolu ilə digər ölkələri qanunsuz işğal ilə əlaqələndirməyə çalışır.

Bütün ölkələrin Ermənistanın bu niyyətindən xəbərdar olması və Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı sosial, iqtisadi və mədəni fəaliyyətdən imtina etmələri bizim əməkdaşlığımız üçün mühümdür. Mən bütün İƏT-in üzv dövlətlərini Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki qanunsuz rejim və həmin ərazilərdə ticarət, iqtisadi və sərmayə fəaliyyətinə cəlb olunma cəhdlərinin qarşısını almağa çağırıram. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan hərbi qüvvələrinin çıxarılması və qaçqınların və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasının təmin olunması yalnız Cənubi Qafqaz daxilində sülh və təhlükəsizliyi deyil, həm də tamhüquqlu regional əməkdaşlığı gücləndirəcək”,-deyə Elmar Məmmədyarov vurğulayıb.