525-ci qəzet. - 2017.- 20 sentyabr. - ╣ 166/2. - S. 4.

 

İslam möhürlü, Osmanlı mirası daşıyan Balkan diyarı

 

Şərqin çıxış, Qərbin giriş qapısı sayılan Bosniya-Herseqovina ilə bağlı təəssüratlarım

 

Pərvanə Məmmədli

 

Keçmiş Yuqoslaviya dağıldıqdan sonra yerində bir neçə bağımsız ölkə yarandı. Serbiya, Xorvatiya, Makedoniya, Sloveniya, Qaradağ (Monteneqro)... Bunlardan biri olan Bosniya-Hersoqovinaya bir beynəlxalq konfransa qatılmaq üçün getmişdim. Ölkədə ilk dəfə olurdum, ona görə də burada gördüklərim mənə çox maraqlı idi.

Bir çox dillərdə etnik şəxsiyyət göz önünə alınmadan bütün Bosniya-Hersoqovina xalqına bosniyalı deyilir. Ancaq türkcədə tarixdən gələn yaxınlıqdan bosniyalı deyildiyi anda boşnaklar, yəni bosniyalı müsəlmanlar nəzərdə tutulur.

Bu ölkədə hər addımında Osmanlı mirasına, İslam möhürünə rast gəlirsən. XV yüzillikdə Osmanlı idarəsi altına keçən boşnaklar eyni zamanda müsəlmanlığı də mənimsədilər. Bu boşnakların ənənələri ilə mədəniyyətinə də öz təsirini göstərdi. Çox keçməkeşli tarixi və bu tarixin də qara səhifələri az olmayıb Bosniyanın. Özəlliklədə son yüz ildə.

1986-1993-cü illər arasında yaşanan qanlı vətəndaş müharibələrinin sonunda Yuqoslaviya parçalananda, boşnaklar başda Slobodan Miloşeviç olmaqla, serb milliyyətçiləri tərəfindən sistematik bir soyqırım yaşadılar. Bu etnik təmizləmədə minlərlə boşnak həyatını itirdi, öz yerlərindən, yuvalarından ayrı düşdü.

Soyuq müharibələr zamanı, özəlliklə Sovet müdaxiləsi riski altına düşərkən Amerika və Avropa keçmiş Yuqoslaviyaya dəstək olmuşdu. Amma serblərin başda Saraybosna olmaqla ölkəni bombalamasına, günahsız vətəndaşlarını öldürməsinə, başda ziyalılar olmaqla bir qrup seçilmiş insanların kütləvi düşərgələrdə qətlə yetirilməsi ilə reallaşdırılan etnik təmizliyə Qərb ölkələr uzun müddət lazım olan reaksiyanı göstərmədi, soyqırıma tamaşaçı qaldı.

Onu da eşitmişdim ki, bosniyalılar bu barədə danışmağı sevmirlər. Bəlkə də o illərin ağrısını hələ unutmadıqlarındandır. Bu savaşda itirdiklərini bir az fərqli xatırlayırlar onlar.

Minimum məvacib çox aşağı olduğu qədər də, yaşamaq üçün nə lazımsa, hamısı çox bahalıdır. Yaxın keçmişdən qalan rüşvət, qumar və başqa xoş olmayan hallar işlək sektora çevrilib. Amma gözəlliyi ilə cənnəti xatırladan bu ölkədə yarımuçuq binalar, hər məscidə əks olan kilsə inşası və səlib yürüşü siyasəti gələcəyin konturlarının aydın olmadığına işarədir.

Bosniyada 2 milyon boşnak varsa, bir o qədəri də Almaniyada, qürbətdədir, qalan əksəriyyət döyüşən, şəhid olan və əvəz ödəyən ailələridir. Ölkənin iqtisadiyyatı Türkiyənin və Ərəb ölkələrinin maddi yardım və yatırımı ilə dirçəlməkdədir.

Sarayevo şəhərinin mərkəzində müasir tikililərlə yanaşı, 90-cı illərin savaş izlərini daşıyan yarıuçuq və divarları güllə qurşunlarından dəlik-dəlik olmuş binalar gördüm. Müharibə illərinin acı xatirəsini daşıyan bu binalar açıq havada birmuzey idi. Bələdçiyə ehtiyac olmadan özü danışan bir muzey. Eynən 90-cı illərdə mənim doğma Bakımdak ıbinaların divarlarını da Qırmızı Ordunun əsgərləri dəlmə-deşik etmişdilər. Amma onları indi gənc nəsil ancaq qəzet və kitablarda, filmlərdə görə bilər.

Millət sadəcə şanlı, muzəffər tarixini, ədəbivə mənəvi abidələrini deyil, tarixdə yaşadığı acıları, faciələrini də unutmamalıdır. Lazım gələrsə, öz milli kinini canlı tutmalıdır.

Bir haşiyəyə çıxmaq istərdim. 2000-ci ildə ölkəmizdən Quzey Kipr Türk Cümhuriyyətinə yollanan nümayəndə heyətinin tərkibində jurnalist kimi mən də var idim. 1963-cü ildə adada gedən savaşda yunan yaraqlı dəstələri Quzey Kiprdə yarbay Nihat İlhanın üç azyaşlı uşağını və həyat yoldaşını evlərinin içində qətlə yetirmişdi. Otaqların divarındakı qan ləkələri, mərmi izləri olduğu kimi saxlanılıb qorunurdu, kiprli türklər yaşanmış qorxunc günlərin izləri qalan evi muzeyə çevirmişdilər. Oranı ziyarət edən zaman dəhşətləri o biri seyrçilər kimi mən də yaşadım.

Sarayevoda mərkəzi küçələrdən birindəki kiçik parkda əski məzar daşları gördüm. Yaşıllıqlar içində üstü qədim yazılarla (ərəb əlifbası ilə) haşiyələnmiş, antik əsərləri xatırladan əyilmişqəbir daşlarının belə dekorativ və pozitiv şəkildə şəhərin mərkəzində qorunduğunu ilk dəfə görürdüm.

Bir az aralıda isə Aliya İzzetbeqoviçin məqbərə-mavzoleyini əhatəyə alan ağ rəngli başdaşılardan ibarət kütləvi məzarlıq vardı.

Bosniya-Herseqovina Cumhuriyətinin ilk prezidenti Aliya İzzetqegoviç çox böyüká əsgəri gücə və imkana sahib olan serblərə güclü təpki göstərib, sinə gərməyi bacaran təmkinli bir siyasətçi kimi xalqının qəlbində bu gün də yaşayır. "Din əxlaqdır; onu həyata geçirmək isə tərbiyədir" düşüncəsində olan Aliya İzzetbeqoviç çağdaş dövrdə əsl islam dəyərlərinə sadiq qalmaqla, etnik kimlik və milli dəyərləri qorumağa yönlənmiş bir düşüncəni, xalqa örnək əməlləri həyata keçirə bildi.

Bosniya Şərqin çıxış qapısı, Qərbin isə girişi sayılır. Orada yaşayan əhali slavyan dillərinə yaxın olan dildə danışsalar da, etiqad baxımından əksəriyyəti islama tapınır. Müsəlmanlar 51 faiz, pravoslavlar 30, katoliklər və protestantlar 19 faiz təşkil edirlər.

XV yüzillikdə Osmanlıların əlinə keçdikdən sonra Bosniyanın yerli xalqı olan boşnakların müsəlmanlığı seçməsində Nəqşibəndilik böyük rol oynadı. O dövrdə bölgədə Blagay (coğrafiyer) Təkkəsi - bir Bektaşi təkkəsi qurulub və islamın yayılmasına təkan verib. Osmanlılar xüsusilə Balkanlara (yeniçərilər də Bektaşi dərgahına bağlı idi) göndərdikləri Bektaşi dərvişləri sayəsində çox qısa müddətdə yüz minlərlə adamın müsəlmanlaşmasının təməlini qoydu. Bektaşi dərvişlərinin xoşgörülü olması və özəlliklə də doğru-dürüst rəftarları tarix boyunca qarışıqlıq və savaş içində yaşamış bölgə xalqının müsəlmanlığa böyük rəğbət bəsləməsinə səbəb oldu. Səfər zamanı belə təkkələrdən birini ziyarət etmək bizə də qismət oldu.

Bosniyanın daha bir füsunkar guşəsi Mostara gedərkən yol boyu cənnəti xatırladan gözəlliyi ilə adamı valeh edən zümrüd rəngli yamyaşıl ormanlar və əzəmətli dağlar, bol sulu gümüşü çaylar diyarından doymaq olmurdu.

Mostar şəhərində Neretva çayı üzərində salınmış eyniadlı qədim körpü şəhəri tam iki yerə ayırır. Körpü XVI əsrdə Memar Sinanın yetirmələrindən olan Memar Xeyrəddin tərəfindən inşa olunub. Mostar körpüsü dəyərli qədim abidə sayıldığından YUNESKO tərəfindən siyahıya alınıb qorunur. Onun özəlliyi tək tarixi əhəmiyyətli və ya bir arxitektura möcüzəsi olması deyil. Yüzillərdir ki, bu əzəmətli memarlıq abidəsi öz üzərindən müxtəlif dinlərə və millətlərə mənsub saysız-hesabsız insan ötürməklə misilsiz fiziki və mənəvi körpü missiyası daşıyır.