Xalq qəzeti.-2017.-14 sentyabr.-199.-S.1-2.

 

Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Qazaxıstan münasibətləri
yüksələn xətlə inkişaf edir

 

Vaqif Bayramov

 

Sürətlə dəyişən qlobal proseslər mərhələsində Azərbaycan-Qazaxıstan əməkdaşlığı getdikcə möhkəmlənir. Bu iki dövləti etnik-tarixi köklərlə yanaşı, son onilliklərin siyasi münasibətlər sistemini müəyyənləşdirən əhəmiyyətli amillər geostrateji mövqe, zəngin enerji resursları, Şərq-Qərb, Şimal-Cənub enerji və kommunikasiya dəhlizlərinin üzərində yerləşmələri kimi mühüm cəhətlər də yaxınlaşdırır.

Xatırladaq ki, Azərbaycan və Qazaxıstan əlaqələrinin genişlənməsinə əlverişli şərait yaradan sadalanan üstünlüklər, eyni zamanda, düşünülmüş siyasət regionun inkişafına təkan verən bir sıra layihələrin reallaşdırılmasını şərtləndirib.

İstər Azərbaycan, istərsə də  Qazaxıstan hazırda enerji daşıyıcılarının hasilatına xarici investisiyaların cəlbində və bu daşıyıcıların dünya bazarlarına çıxarılmasında,  həmçinin   Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində ümumi mövqedən çıxış edir, dünyada enerji təhlükəsizliyinin təminatında etibarlı alternativ tərəfdaş rolu oynayır.

Son illər iki ölkə arasında siyasi- iqtisadi münasibətlərin möhkəmlənməsində hər iki ölkə prezidentinin qarşılıqlı səfərləri, müxtəlif sahələri əhatə edən çoxsaylı dövlətlərarası və hökumətlərarası sazişlər mühüm rol oynayıb. Belə ki,  1996-cı il  sentyabrın 16-da Nursultan Nazarbayevin müstəqil Azərbaycana, 1997-ci il iyunun 10-da isə ulu öndər Heydər Əliyevin müstəqil Qazaxıstana başlayan səfərləri sonrakı vaxtlarda ardıcıl xarakter alıb, Prezident İlham Əliyevin hakimiyyəti dövründə daha da intensivləşərək, iki dövlət  arasında münasibətlərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşməsində baza rolunu oynayıb. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan-Qazaxıstan münasibətləri bir sıra sahələrdə dinamik şəkildə inkişaf etməkdədir.

Ümumiyyətlə, Azərbaycan üçün həlledici, prioritet önəm daşıyan məsələlərdə rəsmi Astana rəsmi Bakı ilə həmişə həmrəylik nümayiş etdirib. Bu, istər Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində, istərsə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində öz bariz ifadəsini tapıb.

Yeri gəlmişkən, ötən illər ərzində ortaq dil, din, mədəniyyətə məxsus hər iki ölkə türkdilli xalqların inteqrasiyası yolunda da bərabər addımlayıb. Azərbaycanla Qazaxıstan, Qırğızıstan və Türkiyə ilə birgə 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsisçi üzvləri, habelə TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyət Təşkilatı), TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası kimi əlaqəli orqan və təşkilatların fəal iştirakçılarıdır.

Bakı ilə Astana TRASEKA layihəsi çərçivəsində Asiya-Qafqaz-Avropa nəqliyyat dəhlizi və Böyük İpək yolunun bərpası layihələrində də yaxından əməkdaşlıq edirlər. Hər iki ölkənin İpək yolu üzərində yerləşməsi nəqliyyat sahəsində əməkdaşlıq imkanlarının getdikcə genişlənməsinə, ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə yol açır. Qazaxıstan Azərbaycan üzərindən qurulan nəqliyyat xətləri vasitəsilə Şərq ölkələri və dünya bazarına çıxış qapıları əldə edir. Yeni Bakı Beynəlxalq Dəniz Limanı, yaxın vaxtlarda isə istismara verilməsi planlaşdırılan Bakı-Tbilisi-Qars dəmiryolu xətti, eləcə də Qazaxıstanda həyata keçirilən  dəmiryolu layihələri və limanların genişləndirilməsi istiqamətində görülən işlər nəqliyyat sahəsində əlaqələrin güclənməsinə təkan verməklə, hər iki ölkənin beynəlxalq nəqliyyat dəhlizi kimi əhəmiyyətini artıracaqdır.

Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci sammitində iştirak etmək üçün sentyabrın 9-da Qazaxıstan Respublikasına işgüzar səfəri də iki ölkə arasında siyasi- iqtisadi münasibətlərin genişlənməsinə mühüm töhfə verib. Səfər çərçivəsində dövlətimizin başçısı EXPO 2017 Astana beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub.

Prezident İlham Əliyevə sərgi barədə, o cümlədən, Azərbaycan - Enerji Yurdu (Azerbaijan Land of Energy) milli pavilyonu ilə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, EXPO 2017 Astana sərgisində öz iştirakını təsdiq edən ilk ölkələrdən olan Azərbaycanın pavilyonu ən çox ziyarət edilənlər arasındadır. Sərgi müddətində Azərbaycan milli pavilyonunu ziyarət edənlərin sayı bir milyonu ötüb.

Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilən Azərbaycan pavilyonu Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji konsepsiyası əsasında hazırlanıb. Milli pavilyonun konsepsiyası Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji devizinə əsaslanır. Burada Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını, ölkəmizin evsahibliyi etdiyi mötəbər beynəlxalq idman yarışlarını əks etdirən film nümayiş olunur. Pavilyonda ziyarətçilərə Azərbaycanın tarixi-mədəni irsi, zəngin enerji potensialı, gələcək enerji mənzərəsi və dövlətimizin enerji siyasəti yüksək texnologiyalar vasitəsilə təqdim edilir.

Milli pavilyonda, həmçinin Azərbaycanın ənənəvi enerjidən alternativ enerjiyə qədər keçdiyi inkişaf prosesi, neft, neft məhsulları, qaz, elektrik, külək, günəş enerjisi ilə bağlı təqdimatlar nümayiş etdirilir. Külək enerjisinə həsr olunan eksponatlar və gələcəkdə Xəzər dənizinin Çilov və Pirallahı adaları arasında qurulması nəzərdə tutulan külək elektrik stansiyasının xəritəsi isə ölkəmizin gələcəyində külək enerjisinin əhəmiyyətini diqqətə çatdırır.

Pavilyonun ekspozisiyasında palçıq vulkanları, bioloji tullantıların təkrar emalının müasir texnologiyaları, yeni enerji mənbəyi kimi qaz hidratları sahəsində Azərbaycanda aparılan araşdırma əsasında qurulan eksponat, karbohidrogen hasilatının ən uyğun ekoloji yolu kimi üfüqi qazma işləri və Azərbaycandan gətirilən real neft nümunələri təqdim olunur.

Xüsusilə də üç model Çıraq 1 platformasının modeli və onu tamamlayan Xəzər dənizində neft çıxarılmasında istifadə olunan orijinal qazma baltası, Azərbaycan istehsalı olan üçhissəli külək pəri və rotor qanadı ekspozisiyanın incisi sayılır.

Azərbaycan Prezidenti İlham Əliyev EXPO 2017 Astana beynəlxalq sərgisində Qazaxıstanın milli pavilyonu - Nur Alem ilə də tanış olub.

İştirakçılarda bu ölkənin tarixi, mədəniyyəti, adət-ənənələri və turizm potensialını əks etdirən stendlər, tematik görüntülər, Gələcəyin muzeyi sərgisi böyük maraq oyadıb. Ziyarətçilər Nur Alem kompleksində, ümumiyyətlə, rəqəmsal, interaktiv və multimedia texnologiyaları vasitəsilə ölkənin perspektiv planları ilə də maraqlanıblar.

Azərbaycan Prezidenti İlham Əliyev Astanada İƏT-in elm və texnologiya üzrə birinci sammitində də iştirak edib. Sammitin XXI əsrdə elmin cəmiyyətə artan təsiri mövzusunda sessiyasında çıxış edən dövlətimizin başçısı deyib ki, Azərbaycan İƏT-in fəal üzvüdür. Son bir neçə ildə respublikamızda bu quruma üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü keçirilib. Azərbaycan təşkilata üzv ölkələrlə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir. Respublikamız üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. İƏT də öz növbəsində Azərbaycana böyük dəstək göstərir və ölkəmizin apardığı siyasətə yüksək qiymət verir. İƏT daim ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyən ədalətli mövqe nümayiş etdirib və Azərbaycanın ədalətli mövqeyini əks etdirən bir çox qətnamələr qəbul edib.

Dövlətimizin başçısı daha sonra deyib: Keçən il İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilmiş zirvə görüşündə Ermənistanın Azərbaycana qarsı təcavüzü ilə əlaqədar təmas qrupu yaradılmışdır. Biz bu qərarı çox yüksək qiymətləndiririk və bu ədalətli mövqeyə görə İƏT-ə və onun üzvlərinə təşəkkürümüzü bildiririk.

BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ermənistan bu qətnamələri icra etmir və buna görə onlara qarşı sanksiyalar tətbiq olunmur. Bu, ikili standartlardır. Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın əzəli, tarixi torpağı olan Dağlıq Qarabağı və digər yeddi rayonumuzu işğal edib. Bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. Ermənilər xalqımıza qarşı etnik təmizləmə siyasəti aparmışlar, Ermənistan hərbi cinayətlər törətmişdir.

Prezident İlham Əliyev sessiyada Ermənistanın Azərbaycanda törətdiyi vəhşiliklər barədə danışarkən, düşmən ölkədə islamofobiyanın pik həddə çatdığını, bununla belə erməni tərəfinin müxtəlif müsəlman ölkələri ilə əlaqələri genişləndirməyə çalışdığını diqqətə çatdırıb. Cənab İlham Əliyev xatırladıb ki, ermənilərin riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.

Dövlətimizin başçısı çıxışında, həmçinin Azərbaycanın sürətlə inkişaf edən respublika olduğunu, son 14 il ərzində ölkəmizin ümumi daxili məhsulunun üç dəfədən çox artdığını, 1 milyon 600 min iş yeri yaradıldığını, yoxsulluğun 5 faiz səviyyəsinə düşdüyünü, savadlılılığın isə 100 faizə yaxın olduğunu, bütün bunlarla yanaşı, elm və müasir texnologiyaların uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev səfər çərçivəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə də görüşüb. Dövlət başçıları söhbət zamanı ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyini, ölkələrimiz arasında uğurlu layihələrin həyata keçirildiyini xatırladıblar.

Azərbaycan Prezidenti Astanada Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç ilə də görüşüb. Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin getdikcə möhkəmləndiyi vurğulanıb, ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların indiki vəziyyəti və perspektivləri müzakirə olunub.