Yeni Azərbaycan. - 2017.- 6 sentyabr. - ¹ 159. - S. 6.

 

İlahiyyatçı alim və ya İslam alimi

 

Səyavuş Heydərov,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

 

Günümüzdə dini mövzular və proseslər ən çox müzakirə olunan məsələlərdəndir. Maraqlısı da odur ki, səthi dini biliklərə malik bəzi şəxslər alim, mütəxəssis kimi təqdim olunurlar. Bəs dini mövzuda fikir bildirən, öz kasad bilgilərinə əsaslanaraq hətta fətva verən, din adından çıxış edən belə şəxslərə İslam alimi və ya ilahiyyatçı alim demək nə dərəcədə doğrudur?!

“İlahiyyatçı” - ilahiyyat elmi ilə məşğul olan, mədrəsə və ya dini kursları, ilahiyyat fakültəsini bitirməklə kifayətlənməyərək bu sahədə fəaliyyət göstərən və davamlı olaraq dini mövzulardakı problemlər üzərində obyektiv tədqiqatlar aparan, elmi işlər ərsəyə gətirən mütəxəssisdir.

İlahiyyatçı bütün məsələlərə mənəvi-əxlaqi baxımdan yanaşaraq, əsasən humanist, tərbiyəvi fikirlər yürütməlidir. O, mənsub olduğu din, qəbul etdiyi məzhəblə yanaşı, digər dinlərin, məzhəb və cərəyanların da nəzəriyyələrini bilməlidir. Dünyəvi dövlətdə fəaliyyət göstərən İslam alimləri dünyəvi dünyagörüşünə də malik olmalı, dünyəvi dövlətdəki fəaliyyətini və fikirlərini buna görə tənzimləməlidir.

Tarix boyu Azərbaycanda xalq və dövlət tərəfindən İslam dininə olduğu kimi, din adamlarına və İslam alimlərinə də dəyər verilmiş, onlara sahib çıxılmışdır. Azərbaycan Respublikasında istər Ümummilli lider Heydər Əliyev, istərsə də Prezident cənab İlham Əliyev hər zaman İslam dininə, onun dəyərlərinin qorunub-yaşadılmasına diqqət etmişlər. O cümlədən də din adamlarına, İslam alimlərinə hər zaman qayğı ilə yanaşılmış, dövlət səviyyəsində onların məqamı daim uca tutulmuşdur. Çünki onlara hər zaman İslam dəyərlərini qoruyub-yaşadan şəxsiyyətlər kimi baxılmışdır. Bu missiya bu gün də öz aktuallığını saxlamaqdadır.

Buna baxmayaraq, din adından qanunsuz şəkildə “partiyalar”, “ictimai təşkilatlar” yaradaraq ölkəmizdəki uğurlu dövlət-din siyasətinə, dini etiqad azadlığına, tolerantlıq mühitinə kölgə salmaq istəyən qüvvələr də mövcuddur. Sayları az olsa da, təəssüflər olsun ki, fəaliyyətdədirlər.

Ölkəmizdə məzhəb ayrı-seçkiliyi yaratmağa, əmin-amanlığı, sabitliyi pozmağa, digər ölkələrin milli xüsusiyyətlərini, dini ideologiyalarını İslam adı altında ölkəmizdə təbliğ etməyə çalışan bəzi qruplar mövcuddur. Onlar sözügedən məkrli planlarını həyata keçirmək məqsədilə geniş dünyagörüşünə malik olmayan və dünyada cərəyan edən qlobal siyasi-iqtisadi proseslərdən və oyunlardan bixəbər insanlara təsir göstərərək öz ətraflarına toplayır, dindarlar arasında müəyyən qədər “populyarlıq” qazanmış, “İslam alimləri” adlandırdıqları həmin şəxsləri özlərinə lider kimi qəbul edirlər. Həmin “İslam alimləri” də populist şüarlarla ölkədəki bəzi sosial prob­lemləri qabardaraq, dünyəvi dövlətə qarşı düşmənçilik hissi aşılayır, yad dini-siyasi ideologiyaların cəlbedici cəhətlərini şüar edir, dini siyasiləşdirməyə çalışır, öz planlarına zidd addımlar gördükdə hakimiyyəti “vətənə xəyanətdə” ittiham edir. Budur onların fəaliyyəti...

Diqqət çəkən digər məqam isə ondan ibarətdir ki, həmin “İslam alimləri” siyasi proseslərə qarışaraq məscidlərin minbərindən siyasi tribunalar kimi istifadə etməyə, siyasi çağırışlar edərək dini siyasiləşdirməyə, ölkədə sabitliyi, əmin-amanlığı pozmağa cəhd göstərmişlər, islam dinini siyasətə alət etmək nə qədər doğrudur?

Hələ bu az imiş kimi qanunlarımızı heçə sayaraq, cinayət törətmələrinin də şahidi oluruq.

Cinayət əməllərini pərdələyərək, söz və dini etiqad azadlıqlarına görə həbs olunduqlarını dünyaya bəyan etməyə çalışırlar. Əslində, həmin insanlar bu əməlləri ilə İslam dininin, eləcə də dini etiqad azadlığı və tolerantlıq mühitinə görə dünyaya örnək olan ölkəmizi nüfuzdan salmağa çalışan bəzi dairələrə xidmət etmiş olurlar.

Belə şəxslər İslam alimi ola bilərlərmi?!

Torpaqlarımızın bir hissəsinin düşmən işğalında olduğu, hərbi və mülki vətəndaşlarımızın şəhid edildiyi bir dövrdə dövlətimizə, xalqımıza mənəvi dəstək olmaq əvəzinə, onu daxildən sarsıtmaq, əmin-amanlığı pozmaq özlərini dindar, ilahiyyatçı, İslam alimi adlandıran şəxslərə yaraşırmı?

Hazırda bütün müsəlman dünyasında aktuallıq kəsb edən məsələlərdən biri də “İslam alimləri”nin məzhəb təəssübkeşliyi məsələsidir. Belə ki, bəzi şəxslər bütöv İslam dini mövqeyindən deyil, hər hansı məzhəbin, cərəyanın mövqeyindən çıxış edərək, müsəlmanlar arasında ayrı-seçkilik yaradır, hökmlər verir, dinimizin nüfuzunu aşağı salırlar. Məgər İslam məzhəb dinidir?

Əslində isə əsl İslam alimi məzhəbindən asılı olmayaraq məsələlərə obyektiv mövqedən yanaşmalı, həmrəylik mövqeyindən çıxış etməlidir. Əgər belə olarsa, məzhəblər, cərəyanlar arasındakı mövcud qarşıdurmalar, kin, nifrət aradan qalxar.

Doğru olardı ki, istər xaricdə, istərsə də ölkəmizdə dini təhsil almış ilahiyyatçılar, İslam alimləri xarici ölkələrin siyasətinin, məzhəblərin, təriqətlərin təbliğatçısı mövqeyindən çıxış etməyərək, xalqın birliyinə və əmin-amanlığa xidmət etsinlər. Siyasətə qarışmaq əvəzinə, mübahisəli dini mövzuları aydınlaşdırmaq üçün obyektiv tədqiqatlar aparsınlar. Xeyirxah əməlləri, məsləhətləri ilə insanlara nümunə olsunlar.

Bu baxımdan tariximizdə öz savadları, zəka və xeyirxahlıqları ilə iz qoymuş İslam alimlərimizdən örnək götürülməlidir. Belə ki, axund Əbdüssəlam Axundzadə həyatı boyunca müsəlman birliyinə çalışmış, bu istiqamətdə dəyərli əsərlər yazmışdır. Görkəmli İslam alimlərimizdən olan Mirzə Əbu Turab Axundzadə isə daim dünyəvi elmin və maarifin tərəfdarı olmuş, hətta müsəlman qızlarının savadlı, ziyalı olması üçün 1901-ci ildə öz qızını H.Z. Tağıyevin qızlar məktəbinə qoymuş, bir çox müsəlman ailəsinə bu istiqamətdə yol açmışdır. Şeyxülislam Axund Şeyx Möhsüm Həkimzadə həyatı boyunca sülhsevərliyi, əməksevərliyi, dindarların öz vətəndaşlıq borclarını namusla yerinə yetirməsini təbliğ etmişdir.

Gəlin İsiam dəyərlərindən ülvi məqsədlər-yaxşılıq, xeyirxahlıq, birlik, həmrəylik, vətənpərvərlik və digər nəcib əməllər, o cümlədən vicdanlı şəxs, vicdanlı mütəxəssis olmaq üçün istifadə edək!