Səs. - 2017. - 1 sentyabr. - ¹ 158. - S. 15.

 

Azərbaycan Xalq Cümhuriyyətinin mədəni siyasəti

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Azərbaycan Xalq Cümhuriyyətinin mədəni siyasətinin əsasında aşağıdakı sahələrə qayğı dururdu:

1.       Mədəniyyətin bütün sahələrinin və xalqın mədəni səviyyəsinin yüksəldilməsi;

2.       Xalq maarifinin, ali təhsilinin dünya standartları səviyyəsinə çatdırılması;

3.       Dövlət dilinin qəbul edilməsi və ictimai həyatın bütün sahələrinə tətbiq edilməsi.

AXC 1918-ci il İyunun 27-də türk dilini (Azərbaycan) dövlət dili elan etdi. Tədqiqatçı Tofiq Mustafazadə yazır: “Bütün ibtidai məktəblərdə təhsil şagirdlərə ana dilində aparılır, türk (Azərbaycan) dili dövlət dili olduğu üçün məcburi surətdə tədris edilirdi.

1919-cu ilin əvvəllərində Azərbaycanda artıq 23 orta ixtisas, 637 ibtidai məktəb fəaliyyət göstərirdi. 1919-1920-ci tədris ilində, müəllimlər seminariyasında oxuyanlar istisna olmaqla, orta məktəblərdə 9611 şagird təhsil alırdı.

Xalq təhsilini milli zəmin üzərində qurmaq üçün ixtisaslı müəllim kadrlarına olan böyük ehtiyacı ödəmək məqsədilə Türkiyədən müəllim kadrları dəvət etmək və dərs vəsaiti gətirmək barədə qərar qəbul edilmiş, Bakı, Gəncə və Şəkidə kişi və qadın, Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada isə kişi qısamüddətli pedaqoji kursları açılmışdı. Dərsliklər hazırlanır və nəşr edilirdi”.

ABŞ tədqiqatçısı T. Svyatoxovski türk dilinin dövlət dili elan olunmasını, hətta “pantürkizmin yenidən qiymətləndirilməsi” kimi səciyyələndirir: “Ziyalıların ölkəni idarə etməsi ilə çoxdan arzulanan milli təhsil reallaşırdı. Dildə ruslaşdırma prosesi dayandırılsa da, yerli ədəbi dilin nəyə əsaslanacağı haqqında hələ də ümumi razılıq yox idi. Azəriçilərlə osmançılar arasındakı mübahisələr hələ də əks-səda doğururdu və qəribə də olsa, sonuncu qrupun fikirləri rəğbət qazandı: “Osmanlı dialekti”nin öyrədilməsi Azərbaycanın orta məktəblərində icbari olmalıdır. Bu işə, öz növbəsində, pantürkizmin yenidən qiymətləndirilməsini əks etdirirdi: siyasi ayrılıq, lakin mədəni yaxınlıq”.

T. Svyatoxovski mədəni siyasətin əhatə dairəsinin genişləndiyini qeyd edir: “Türk dili, bütün məktəblərdə siniflərin hamısını əhatə etməklə, tədris edilməyə başlandı və türk xalqlarının tarixi Rusiya tarixi fənnini əvəz etdi. Bir çox ibtidai məktəblərdə rus dili tədris dili kimi ləğv olundu, lakin kadr çatışmazlığı orta təhsildə türkləşdirmənin inkişafını ləngitdi. Xüsusi bir dəstə dərsliklərin, ən çoxu da, tərcümə yolu ilə hazırlanması İşinə cavabdeh idi. Türkiyədən dəvət olunanlar isə, müəllim çatışmazlığının qarşısını qismən aldı. Eyni zamanda, yeni yaradılmış müəllim seminariyaları azərbaycanlıları hazırlayırdı. Hökumət yüzdən çox gənci təhsil almaq üçün Türkiyə və Avropaya göndərdi. Respublikanın ikinci ilində 1919-cu il sentyabrın 1-də Bakı Universitəsinin açılması ilə Azərbaycan özünün ilk ali təhsil mərkəzinə yiyələndi. Rus alimi V.A. Razumovskinin başçılıq etdiyi bu tədris müəssisəsi Tiflisdə Zaqafqaziya Universitəsi kimi tanınmışdı və oradan köçürülmüşdü. Burada tədris rus dilində aparılırdı və universitə iki fakültədən - tibbi və tarixi-filoloji fakültələrdən təşkil olunmuşdu. Tədris islahatları arasında latın əlifbasına keçilməsi layihələri işlənməkdə idi”.

Bundan başqa, AXC aşağıdakı sahələrə diqqət yetirdi:

·         Savadsızlığı ləğv etmə kursları;

·         Qeyri-azərbaycanlılar üçün Azərbaycan (türk) dili kurslarının təşkil olunması;

·         Əlifba islahatına hazırlıq;

·         Mədəni-maarif cəmiyyətlərinin cəmiyyətin mədəni həyatında rolunun artması;

·         “Nəşri-maarif”in fəxri sədri xeyriyyəçi H.Z. Tağıyevin fəaliyyətinin genişlənməsi;

·         Yeni milli cəmiyyətlərin (“Türk ocağı”) yaradılması.

T. Mustafazadə AXC-nin mədəni-maarif müəssisələri, qəzet və jurnalların, teatr və ədəbiyyat, kinematoqrafiya, rəssamlıq, heykəltəraşlıq, memarlıq sahələrində qazandığı uğurlardan bəhs edərək yazır: “Kitabxanalar şəbəkəsi genişləndirilirdi. “Xəzərsahili Kooperasiya ittifaqı” 1919-cu ilin martında Azərbaycan dilində ilk böyük kitabxana açdı.

1919-cu ilin dekabrında milli muzeyin - “istiqlal” Muzeyinin açılması mühüm mədəni tarixi hadisə idi.

Azərbaycan Cümhuriyyətinin varlığı dövründə milli ruhun və milli idealların qüvvətlənməsilə əlaqədar tarixi ənənələrə, milli irsin tədqiqinə və təbliğinə maraq daha da artmışdı. Azərbaycanın tarixi, ədəbiyyatı, iqtisadiyyatı və təbiəti ilə bağlı bir sıra əsərlər meydana çıxmışdı. Azərbaycanın tarixi yerləri, qəsəbə və şəhər adları bərpa olunurdu. Hökumətin 1918-ci il 30 iyul tarixli qərarı ilə Yelizavetpol yenidən Gəncə, Qaryagin qəzası isə Cəbrayıl adlandırıldı. Şəhərlərin küçələrinə Azərbaycanın görkəmli şəxslərinin, şair və yazıçılarının adı verildi.

Azərbaycan tarixi və mədəniyyətinin öyrənilməsində Bakı Universitetində yaradılmış “Müsəlman Şərqini öyrənən cəmiyyət” böyük iş görürdü.

Cümhuriyyət illərində Bakıda və respublikanın digər şəhərlərində onlarla qəzet və jurnal nəşr olunmuşdur. “Azərbaycan” (türkcəsinin redaktoru Ceyhun Hacıbəyov qardaşları, ruscasının redaktoru Səfi bəy Rüstəmbəyli idi) qəzeti hökumətin rəsmi orqanı idi.

1920-ci ilin martında Azərbaycan Teleqraf Agentliyi yaradıldı. Azərbaycan haqqında həqiqəti dünyaya yaymaq üçün 1919-cü ilin payızında Versalda olan Azərbaycan nümayəndə heyətinin “Azərbaycan haqqında informasiya bülleteni” buraxması ilk uğurlu addım idi. 1920-ci ilin aprelinədək bülletenin 11 nömrəsi çıxmışdı. Fransa teleqraf və telefon kompaniyası Azərbaycanın poçt-teleqraf işlərini ümumdünya standartlarına uyğunlaşdırmaq və Gəncə radiostansiyasını Eyfel qülləsindəki Avropa radiostansiyasına qoşmaq üçün yeni qurğular qurmuşdu. 1919-cu ilin noyabrında Ə. M. Topçubaşovun Eyfel radiostansiyası ilə çıxışı Azərbaycanda eşidildi.

Bu dövrün ədəbi prosesi dərin yaradıcılıq coşqunluğu, milli ruhun və vətənpərvərliyin güclənməsi ilə səciyyələnir, istiqlal uğrunda mübarizə başlıca mövzu idi. Hüseyn Cavid, Məhəmməd Hadi, Cəlil Məmmədquluzadə, Əhməd Cavad, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Salman Mümtaz və başqaları milli ruhun təmsilçiləri idilər. Bu dövrdə nəşr edilmiş Hüseyn Cavidin “Şeyx Sənan”, Məhəmməd Hadinin “Eşq ilahəsi”, Əhməd Cavadın “Qoşma”, Cəlil Məmmədquluzadənin “Kamança”, “Anamın kitabı”. Cəfər Cabbarlının “Qız qalası” əsərləri milli ədəbiyyatımızın gözəl nümunələridir. Milli istiqlal hərəkatının nəğməkarı hesab edilən Əhməd Cavad 28 May münasibətilə yazdığı “Nədən yarandın” şeirində xalqın milli ruhunu dərin həssaslıqla tərənnüm etmişdir.

Milli teatr da tərəqqi edirdi. 1918-ci ilin oktyabrında Hacıbəyli qardaşdan Bakıda H. Ərəblinski, H. Sarabski, Q. Şərifzadə, M. Əliyev, Ü. Hacıbəyli kimi böyük sənətkarların daxil olduğu yeni teatr truppası təşkil etdilər. Bu truppa əsasında 1919-cu ilin noyabrında Türk Opera-Dram Teatrı təşkil edildi. 1919-cu ildə H. Ərəblinskinin öldürülməsi Azərbaycan teatr sənəti üçün ağır itki oldu.

1919-cu ilin martında Bakıda 16 kinematoqraf fəaliyyət göstərirdi.

Rəssamlıq, heykəltəraşlıq və memarlıqda da müəyyən irəliləyişlər var idi. Bəhruz Kəngərli öz tablolarında, əsasən, qaçqınların, qadın və uşaqların acınacaqlı vəziyyətini əks etdirmiş, qaçqınlıq mövzusuna dair bütöv bir rəsm qalereyası yaratmışdı.

AXC-nin görkəmli ideoloqlarından olan Mirzə Bala Məmmədzadə 1938-ci ildə Berlində yazdığı “Milli Azərbaycan Hərəkatı” əsərində göstərir ki, işğalçı Rusiya bizi sadə əsgərlikdən deyil, fənn və ixtisas öyrənməkdən də məhrum etmişdi. Cümhuriyyət üçün ikinci mühüm vəzifə bilik və ixtisas sahibi savadlı kadrlar hazırlamaq idi. Bu sahədə cümhuriyyət müxtəlif tədbirlər görürdü: “Q, bir tərəfdən, daxildə maarifin genişlənməsinə, ali məktəb və ixtisas institutlarının təsisinə əhəmiyyət vermiş, digər tərəfdən də, Avropanın müxtəlif mərkəzlərinə tələbə göndərmişdi”.

Ulu Öndər Heydər Əliyev XX əsrin əvvələrində qazandığı müstəqilliyin XX əsrin sonlarında yenidən əldə etdiyini Azərbaycan xalqının ən böyük nailiyyəti hesab edirdi: “1991-ci ildə dünyada, keçmiş SSRİ-də gedən obyektiv ictimai-siyasi proseslərin nəticəsində Sovet İttifaqı dağıldı. Bu, zərurətdən doğan bir hadisə idi. Bu, belə də olmalı idi. Bunun nəticəsində Azərbaycan xalqı əsrlərdən-əsrlərə keçib gələn arzusuna çatdı. 1918-ci ildə dadını duyduğu milli azadlıq, dövlət müstəqilliyi əldə edə bildi.

1991-ci ilin sonunda Azərbaycan Respublikası öz dövlət müstəqilliyini elan etdi. Artıq beşinci ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq. Bu, Azərbaycan xalqının ən böyük nailiyyətidir.

Əgər XX əsrin əvvəlində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük bir addım atıbsa, XX əsrin sonunda milli azadlığa və dövlət müstəqilliyinə tam nail olubdur.

Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir. Eyni zamanda, bu, XX əsrin əvvəlindən sonunadək xalqımızın qəlbində yaşayan hissiyyatların, xalqımızın içində gedən proseslərin məntiqi nəticəsidir.

Dövlət müstəqilliyi bizim əziz nemətimizdir. Bu gün biz 28 May Gününü qeyd edərkən, Azərbaycanın müstəqillik və istiqlaliyyət bayramını qeyd edirik. Xalqımız bu müstəqilliyi qəbul edib, bundan sonra başqa bir quruluş və dövlət qəbul edə bilməz. Nəhayət, biz öz taleyimizin, ərazimizin, torpaqlarımızın sahibiyik və özümüz-özümüzə hakimik. Bu gün, Azərbaycanın milli bayramı günü, mən bəyan edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qoruyub-saxlamaqdan, əbədi etməkdən ibarətdir. Bir prezident kimi, bu gün bəyan edirəm ki, bu vəzifəyə, bu məqsədlərə mən daim sadiq olacağam”.