Respublika. - 2017.- 1 sentyabr. - ¹ 191. - S. 3.

 

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan qadınlarının taleyində

 

Sabir Gəncəli,

tarix elmləri doktoru, yazıçı-jurnalist.

 

Xalqımızın dövlətçilik ənənələri qədim əsrlərdən soraq verir. Ulu ozanımız Dədə Qorqudun, dahi şair babamız Nizami Gəncəvinin yaratdıqları sənət incilərini, tarixi mənbələri vərəqlədikcə, xalqımızın müdrikliyi, ürək genişliyi, azadlıqsevərliyi, əqidə saflığı, humanistliyi, cəngavər Bayandur xanın, Tomris, Nüşabə, Məhinbanu nənələrimizin, qüdrətli Atabəy Eldənizin, cahan Pəhləvanın, qılınc və qələmli Şah İsmayıl Xətainin və neçə-neçə hökmdar dədələrimizin qurduqları Azərbaycan dövlətlərinin tarixləri bir-bir gözlərimiz önündən keçir. Xalqımız əsrlər boyu azadlıq, tərəqqi uğrunda mübarizə aparmış, öz vətənini yadelli işğalçılardan igidliklə qorumuş, müstəqil olmağa can atmışdır. Lakin bu çoxəsrlik tarix boyunda onun başına müsibətlər də az gəlməmişdir. İmperiyalar, dağıdıcı qara qüvvələr gözəl yurdumuzu, alicənab xalqımızı əsarətdə saxlamağa çalışmışlar.

Tariximizin son iki yüz illiyində ikiyə bölünmüş ana yurdumuz rus imperiyasının əsarətində olmuşdur. Lakin azadlıq sevən xalqımız müstəmləkə itaətində olmasına baxmayaraq, tərəqqi etmiş, maariflənmiş, demokratik ruhunu yaşatmış, milli mədəniyyətimizi, mənəviyyatımızı dünya səviyyəsinə qaldırmışdır.

XX əsrin təlatümləri Romanovlar sülaləsinə son qoyanda Dədə Qorqud oylaqları qoca Qafqazda xalqlar Azadlıq! - deyə ayağa qalxdılar. 1918-ci il may ayının 28-də Azərbaycanın mütəfəkkir və mübariz oğulları Şərqdə ilk dəfə parlament sistemli Azərbaycan Demokratik Cümhuriyyətinin qurulduğunu elan etdilər. Yaz günəşinin qızılı şüaları işığında yurdumuza azadlıq baharı gəldi.

Lakin qara qüvvələr işıqdan qorxan yarasalar kimi xalqımızın azadlıq və müstəqillik istəyini öz qanlı caynaqları ilə boğmağa qalxdılar. N. Nərimanov demiş, Qafqaz od içində alovlandı, milli ədavət toxumları baş qaldırdı, günahsız insanların qanı töküldü, kəndlər, şəhərlər xarabazara çevrildi. Bu çaxnaşmaların baisləri yenə ermənilər oldular. Uydurma “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər yenə fitnə-fəsadlarını işə saldılar. Onlar elə o zaman da, Azərbaycanın müstəqil dövlət olmasına mane olmaq istəyirdilər. Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, diplomatı Əlimərdan bəy Topçubaşov o zaman yazırdı: “... Biz qonşularımızla birgə işə can atırıq. Lakin qorxuruq ki, sonsuz iştaha malik, öz muradına başqaları, yəni bizim hesabımıza çatmaq istəyən ermənilərlə dil tapa bilməyək. Onlar bütün ölkələrin paytaxtlarında bizim əleyhimizə iş aparır, bizi yaşamağa qadir olmayan millət kimi qələmə verirlər”.

Tökülən qanların, milli qırğınların qarşısını almaq üçün Azərbaycanın demokratik qüvvələri, ziyalılar ayağa qalxdılar. Bu işdə Azərbaycanın maarifpərvər qadınları da fəallıq göstərir, bu faciələrə son qoyulmasına çağırırdılar. Zadəgan nəslindən olan Ziba xanım Qayıbova və Sara xanım Vəkilovanın Azərbaycan qadınları adından 1919-cu il 14 yanvar tarixli “Azərbaycan” qəzetində dərc etdirdikləri “Erməni xanımlarına” müraciətdə deyilirdi: “İrəvan, Qarabağ və Lənkəranda olan təqsirsiz qurbanlar barəsində hər gün nalə və fəqanlar eşidirik. Minlərlə qadın, uşaq öldürülür, aclıqdan, soyuqdan müsəlman əhalisi əzab-əziyyət çəkir, həlak olur. Kəndlər yanır, camaatın müqəddəratı, təhqir edilir, varı-dövləti talan olunur. Fəqət dəhşət bununla qurtarmır. Belə getsə bu halların ucu-bucağı olmayacaqdır. Axıdılan qanlarla ədavət toxumu səpilir. Bunun da bəhəri çox yaman olacaqdır. Bir dəstə qulduru saxlamaq olmur. Halbuki, çoxdan bu qanların qabağı alınmalı idi...

Neçə vaxt bundan əvvəl müqəddəs iş üçün sülh əldə etmək niyyəti ilə bizi dəvət edən erməni xanımları, indi harada qalmısınız! Hərgah sizin o zamankı dəvətiniz dəqiq xanımlar qəlbindən çıxan səmimi bir dəvət idisə, onu isbat etdiniz!.. Yetər bu qədər qanlar!

Belə müdhiş zamanda bizim səsimizin eşidilməməsi cinayətdir. Elə isə səsinizi qaldırınız, çəkilmiş qılıncları saxlayınız!..”

Bu günün qanlı hadisələrində olduğu kimi, o zaman da erməni qadınları əlləri qana bulaşmış ərlərini, oğullarını saxlaya bilməmiş, hətta törədilən cinayətlərdə özləri də iştirak etmişdilər.

Azərbaycan qadınları o ağır illərdə yeni demokratik cümhuriyyətin bəxş etdiyi azadlıqdan bəhrələnmək, ictimai-mədəni həyatda fəal iştirak etmək, xalqı maarifləndirmək arzusu ilə yaşayır, öz gələcək işıqlı taleyini düşünürdülər. Erməni qadınları isə şovinist hisslərlə nəfəs alırdılar.

Azərbaycan Demokratik Cümhuriyyəti İstiqlal Bəyannaməsinin 4-cü maddəsində elan edərək millət, din, sinif və cins ayrılığı gözləmədən öz ərazisində yaşayan bütün vətəndaşlara hüquq bərabərliyi, azadlıq, dinc həyat bəxş etdiyi halda, erməni daşnakları Şimaldan gələn qırmızı kabusun qanadları arasına sığınıb azərbaycanlıları öz dədə-baba yurdlarından vəhşicəsinə qovur, Qafqaz xalqlarına fəlakət, səfalət gətirirdilər. Qarabağda, Zəngəzurda, Naxçıvanda, Şamaxıda, Qubada, Lənkəranda əhali müsibətlərə düçar olur, öz evindən, yurdundan didərgin düşürdü. Aclıq, yoxsulluq, xəstəlik xalqı taqətdən salırdı. Hərc-mərclik, qaçaq-quldur talanları, kəndli qiyamları, fəhlə iğtişaşları da bir tərəfdən vəziyyəti ağırlaşdırırdı. Belə bir dəhşətli dövrdə yeni arzu və amalla qurulan gənc dövləti idarə etmək heç də asan iş deyildir. Lakin ürəyi xalq məhəbbətilə döyünən ziyalılardan təşkil olunmuş Azərbaycan Demokratik Cümhuriyyəti az vaxtda böyük işlər gördü. Məmməd Əmin Rəsulzadə demiş, ilk növbədə xalq azadlığın, milli müstəqilliyin şirinliyini dada bildi.

Xain, bədxah erməni əsilli Delyanovun çar Rusiyasının maarif naziri təyin edilməsi, müsəlman əyalətlərində milli dünyəvi məktəblərin yaradılmasının qarşısının alınması, uzun illər müstəmləkəçi siyasətin ən çox Qafqazda Azərbaycan əhalisi üzərində aparılması təhsil və maarif işinə böyük ziyan vurmuşdu.

Azərbaycanın milli məktəblərini birdən-birə yaratmaq qeyri-mümkün idi. Çünki nə mükəmməl dərslik, nə əyani vəsait, nə də istənilən qədər pedaqoji kadr vardı. Ona görə də Azərbaycan Demokratik Cümhuriyyətinin Maarif Nazirliyi respublikada yaşayan hər bir millətin öz ana dilində təhsil alması üçün şərait yaradılmasına ilk növbədə səy göstərirdi. Təcili olaraq Bakıda, Gəncədə qısamüddətli pedaqoji kurslar təşkil edildi. Onların arasında qadın pedaqoji kursları da vardı. 1919-cu ildə Bakıda açılmış pedaqoji kursda Azərbaycanda olan tək-tük qız məktəblərində işləyən bütün müəllimlərin iştirak etməsi üçün Maarif Nazirliyi xüsusi sərəncam verdi. Həmin il Bakıda Müfti Əfəndinin qızı Gövhər xanım Qayıbova öz mənzilində pedaqoji kurs təşkil etdi. Burada 80 nəfərdən çox dinləyici toplandı. O dövrün tanınmış maarifpərvər ziyalıları Hüseyn Cavid, Abdulla Şaiq, Camo Cəbrayilbəyli, Xudaverdi Kələntərli, Səriyyə xanım Əhmədova, Nəimə xanım Qazıyeva burada məşğələlər aparırdılar.

Azərbaycanın ilk maarifpərvər qadınlarından Mədinə xanım Qiyasbəyli Bakıda, Xədicə xanım Ağayeva isə Gəncədə qısamüddətli pedaqoji kurslar təşkil etdilər.

Qadın müəllimlərə olan ehtiyacları qismən ödəmək üçün əvvəllər rus qız gimnaziyalarını, Tiflis Nucabə Qızlar İnstitutunu və hətta H. Z. Tağıyevin rus-müsəlman qız məktəbini və iki illik pedaqoji kursları bitirən bir çox bacarıqlı müəllimlər gimnaziyalarda dərs deməyə cəlb olundular. Bu dövrdə Azərbaycanın maarifpərvər qadınları Məryəm xanım, Bayraməlibəyova Lənkəranda, Gövhər xanım Şövqiyyə Şamaxıda, Bülbül Kazımova Gədəbəydə, Firuzə Ağayeva, Yaqut Ağayeva, Fəramuş Paşayeva Gəncədə, Səidə Şeyxzadə, Rəhilə Hacıbababəyova, Sara xanım Vəzirova, Hənifə xanım Məlikova, Qərib Soltan, Zərri xanım Şahtaxtinskaya, Şəfiqə xanım Əfəndizadə və başqaları Bakıda Azərbaycan xalq maarifinin inkişafına çalışırdılar.

Çar Rusiyası zamanı Bakıda bir neçə dövlət və şəxsi qız gimnaziyası fəaliyyət göstərirdi. Həmin nümunəvi təhsil ocaqlarından birini Azərbaycan Demokratik Cümhuriyyəti milli qız gimnaziyasına çevirdi ki, azərbaycanlı qızları öz ana dilində təhsil ala bilsinlər. Hazırlıq sinifləri də olan bu təhsil ocağı səkkiz illik idi. Sonuncu sinif pedaqoji təhsil hüquqi verirdi.

1919-cu ildə bu milli gimnaziyanın müdiri Peterburqda Bestuyev adına Ali Pedaqoji kurs bitirmiş Səlimə xanım Yaqubova təyin edilmişdi. Azərbaycanın təcrübəli pedaqoqları - Xədicə xanım Ağayeva, Reyhan xanım Axundova, Cənnət xanım Muğranskaya, Mina xanım Minasazova, Eynülhəyat xanım Usubbəyova burada gələcək müəllimlərin təlim-tərbiyəsi ilə məşğul olurdular...

Bax, beləcə maarif və mədəniyyətin inkişafı üçün özül qoyuldu. Ümumi təhsilin tətbiqi əsas tutularaq yeni məktəblər, pedaqoji kurslar və təhsil ocaqları açıldı.

Azərbaycan gəncliyinin ali təhsil alması üçün 1919-cu ildə Bakıda Universitet yaradıldı. Bundan başqa, yüzə yaxın gənc texnikanın müxtəlif sahələrində təhsil almaq üçün dövlət hesabına Avropa universitetlərinə və digər ali məktəblərə göndərildi. Azərbaycan tarixində ilk ali təhsil ocağı olan Bakı Universitetində oxuyan tələbələrin 25,3 faizini azərbaycanlılar təşkil edirdi ki, bunun da 8,3 faizi qızlar idi. Bu ali təhsil ocağının ilk rektoru professor B.İ. Razumovski Bakı Universitetini “Avropa və Asiyanın sərhədində yeni məşəl” adlandırırdı.

Azərbaycan Demokratik Cümhuriyyəti qadın azadlığı məsələsinə də xüsusi fikir verirdi. Azərbaycan Cümhuriyyəti Parlamentinin qəbul etdiyi Əsasnaməyə görə, qadınlara kişilərlə bərabər hüquqlar verilirdi. Bu, hələ ABŞ kimi sivil bir ölkədən əvvəl edilmiş demokratik bir addım idi. 4 fəsildən, 116 bənddən ibarət olan bu Əsasnaməyə görə, müəssislər məclisinə seçkilərdə cinsindən, dilindən, milliyətindən asılı olmayaraq 20 yaşına çatmış respublikanın bütün vətəndaşları iştirak edə bilərdilər.

Azərbaycanın ziyalı qadınları dövlətin verdiyi hüquqlardan, maarif və mədəniyyəti inkişaf etdirilməsi üçün yaratdığı şəraitindən, imkanlardan istifadə edərək mədəni tədbirlərdə fəal iştirak edir, qadın azadlığı hərəkatını genişləndirir, milli azadlıq hərəkatına və respublikanın müstəqilliyinə maneçilik törədən qüvvələrə qarşı mübarizə aparırdılar. Maarifpərvər qadınlar ziyalı həyat yoldaşlarının köməyi ilə milli məktəblərin yaradılmasında xüsusilə fəal çalışırdılar. Bu vətənpərvər ailələr bir sözlə öz evlərini mədəniyyət ocağına çevirmişdilər.

Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri Nəsibbəy Usubbəyovun həyat yoldaşı Eynülhəyat xanım ilk milli qız gimnaziyasında dərs deyir, cümhuriyyətin Maarif Nazirliyinin inspektoru işləyirdi. Mədinə xanım Qiyasbəyli 1918-ci ildə Qazax qəzası Xalq Məktəblərinin inspektoru təyin olunmuşdur.

Gəncədə ziyalı qadınlar xeyriyyə cəmiyyəti yaratmışdılar. Bu işdə Xədicə xanım Ağayeva, Cavahir xanım Rəfibəyli, Həcər xanım Şeyxzamanova, Bilqeyis xanım Qazıyeva böyük səy göstərir, qadınlar üçün teatr tamaşaları təşkil edir, daşnakların törətdikləri qırğınlar nəticəsində kimsəsiz, yetim qalmış, qaçqın düşmüş uşaqları öz himayələrinə almışdılar.

Azərbaycan Demokratik Cümhuriyyəti beləcə Azərbaycan qadınlarının taleyinə nur çiləyirdi.

1920-ci ilin baharında hadisələr dəyişsə də, çevriliş oldusa da, milli hökumət fəaliyyətini dayandırdısa da, Azərbaycan Demokratik Cümhuriyyətinin ürəklərdə yaratdığı ideyalar, azadlıq duyğuları yaşadı. Doğrudur, onun ideya istiqamətində müəyyən dəyişikliklər oldu. Amma məqsəd, amal bir idi. Bu, Azərbaycan qadınlarını cəhalət məngənəsindən qurtarıb, onların ictimai-siyasi, sosial azadlığına, maarif-mədəniyyət tərəqqisinə nail olub, azad, müstəqil dövlətdə yaşamaq arzusu idi.

Bir sıra ziddiyyətləri, qadağaları olan 70 illik tarixi məkanda qadın təhsili ocaqlarının geniş şəbəkəsinin yaradılması, qadın azadlığı, qadın hüquqlarının qorunması, elm və mədəniyyət sahəsində görülən işlər bunu bir daha göstərdi. Elm, mədəniyyət, incəsənət, səhiyyə, maarif və başqa sahələrdə çalışan qadınların sayı getdikcə artmağa başladı. Qadınların mədəni səviyyəsi xeyli yüksəldi.

Amma 1918-1920-ci illərdə olduğu kimi, XX əsrin 90-cı illərində tarix təkrar olundu. Xalqımız şər, dağıdıcı qüvvələrlə, xain xislətli düşmənlə–erməni daşnakların bəd əməlləri ilə üz-üzə dayandı. Azadlıq sevən xalqımız öz müstəqilliyini yenidən əldə etmək üçün mübarizə meydanlarına axışdı. 20 Yanvar qırğınlarını törədib, Qarabağ məsələsini ortaya atıb müharibə alovlarını qızışdırdılar. Bizi haqq yolumuzdan uzaqlaşdırmaq, azadlıq duyğularımızı sındırmaq istədilər. Xalqımızın başına müsibətlər gətirdilər.

Lakin mübariz xalqımız ayağa qalxıb, başda ulu öndər Heydər Əliyevin və onun yolunu uğurla davam etdirən sevimli Prezident İlham Əliyevin ətrafında birləşib mürəkkəb hadisələrin burulğanından inamla çıxdı. 1991-ci ildə xalqımız ikinci dəfə öz müstəqilliyini əldə etdi. Böyük inkişaf yoluna çıxdı. Ötən 25 il ərzində odlar yurdumuz dünyanı heyran edən, parlaq gələcəyi olan dövlətini və güclü ordusunu yaratdı. Xalqımız indi işğal altında olan torpaqlarını və gözəl Qarabağını azad edib ölkəmizi daha işıqlı gələcəyə aparacaqdır. Ulu qüdrətin dünyamıza bəxş etdiyi münəvvər qadınlarımızın taleyində böyük rol oynamış müstəqil dövlətimiz bu gün bu işıqlı yolla gələcəyə inamla addımlayır.