Respublika.-2017.-29 avqust.- ¹ 188.-S.1.

 

İslam aləminin birlik və həmrəyliyinə verilən böyük önəm

 

Müşfiq MİRZƏ

 

Müstəqil Azərbaycan - Həmrəylik, Birlik, Əməkdaşlıq hərəkatının əsas hərəkətverici qüvvəsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi təkcə İslam aləmində deyil, bütün dünyada məhz həmrəyliyin xilaskarlıq missiyasını yerinə yetirə biləcəyinə diqqət yönəltməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu sərəncam Azərbaycan dövlətinin dünyaya, xüsusən də İslam ölkələrinə mütərəqqi, xoşniyyətli yeni mesajıdır. Xüsusən İslam aləminin bu gün çox böyük həmrəyliyə, birliyə, sabitliyə ehtiyacı olduğu bir vaxtda belə bir bəşəri ideyanın irəli sürülməsi göstərir ki, Azərbaycan İslam dünyasının favorit ölkələrindədir. Ölkəmiz İslami dəyərlərə və hər bir məzhəb sahibinin dini inanclarına böyük sayğı göstərməklə, eyni zamanda, beynəlxalq aləmə dünyəvi dövlətçiliyin inkişaf tendensiyasını da nümayiş etdirir.

 

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud humanist dəyərlərin inkişafına yüksək stimul verib. Bu da, şübhəsiz, Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqlar və dinlərin nümayəndələrinin yanaşı yaşadığı ideal və arzuedilən məmləkətə çevirib. Müsəlman ailəsinin bir üzvü olan Azərbaycan xalqının milli, mədəni dəyərlərinin formalaşmasında İslam dəyərlərinin, digər müsəlman cəmiyyətləri ilə tarixi-mədəni əlaqələrin rolu böyükdür. Şərq və Qərb sivilizasiyalarının harmonik şəkildə qovuşduğu Azərbaycandakı müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur. O da qeyd edilməlidir ki, həyata keçirilən rasional xarici siyasət kursu Azərbaycanın müsəlman ölkələri arasında - İslam aləmində nüfuzlu, mötəbər dövlət kimi tanınmasını şərtləndirib. Məhz bunun qanunauyğun nəticəsidir ki, Azərbaycan müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli praqmatik əlaqələrə malikdir və münasibətlərin inkişafı, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət edir. Digər tərəfdən, Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) təmsil olunur və ikitərəfli, eləcə də çoxtərəfli formatda mövcud olan qarşılıqlı faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. Azərbaycanla müsəlman ölkələri daim beynəlxalq arenada qarşılıqlı surətdə bir-birlərinin mənafe və mövqelərini müdafiə edirlər.

2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının mahiyyətində İslamın da buyurduğu kimi, həmrəyliyə çağırış prinsipləri var. Bu gün İslam həmrəyliyi günün ən vacib məsələsidir. Ona görə ki, indi bəzi İslam ölkələrində müsəlman müsəlmana qarşı hərbi savaş açıb, insanlar saxta məzhəblərin mübarizəsinin qurbanlarına çevriliblər. Məhz bir neçə ildir ki, Suriyada, İraqda, Əfqanıstanda, Yəməndə və digər İslam ölkələrində müsəlmanların bir-birinə qarşı başladığı məzhəb müharibələri yüzminlərlə insanın həlak olmasına, 10 milyonlarla insanın məcburi köçkünə çevrilməsinə, onlarla şəhərin viran qalmasına səbəb olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirməklə yanaşı, bütün dünyada İslam həmrəyliyinin gücləndirilməsi, beynəlxalq səviyyədə İslam dəyərlərinin müdafiəsi üçün fəal iş aparır. Həmçinin Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESCO kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir.

Bu Sərəncam Prezident İlham Əliyevin İslam dünyasının həmrəyliyinə böyük önəm verdiyini göstərir. Bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirildi. Bu, çox önəmli beynəlxalq tədbirə Azərbaycan ev sahibliyi etdi. Xatırladaq ki, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını da uğurla keçirdi. Yəni bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları, həm də İslam Həmrəyliyi Oyunları keçirildi. Bu, təkcə idman tədbiri deyil, həm də siyasi, mədəni tədbirdir və böyük ictimai hadisədir. Bunun önəminə diqqət çəkən cənab İlham Əliyev bildirib ki, bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq: “Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz inamları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamafobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri “Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb... Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar”.
Bu gün multikulturalizm müasir və müstəqil Azərbaycan dövlətinin bütün dünyada təlqin etdiyi əsas dəyərlərdən biridir. Azərbaycan təşkilatçısı olduğu tədbirlərlə dialoq təşəbbüslərini təşviq etməklə bəşəriyyətdə ən ali dəyərlərin möhkəmlənməsinə layiqli töhfələr verir. Bu mənada IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin ilk növbədə böyük rəmzi mənası var. I Avropa Oyunlarından sonra IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə təşkili Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi töhfələri özündə simvolizə edir. 

Dünyanın İslam ölkələrində baş verən hadisələr, onların qarşısında duran çağırışlar bu ölkələrin həmrəyliyini aktual məsələyə çevirir. Dövlətimizin başçısı cənab İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi zamanın bu çağırışlarına cavab verən çox əhəmiyyətli və mühüm addımdır. Bu, cənab İlham Əliyevin İslam dininə, müsəlman dünyasının həmrəyliyinə verdiyi yüksək dəyərdir, böyük töhfədir. “İslam Həmrəyliyi İli” beynəlxalq ictimaiyyətin diqqətini müsəlman dünyasının mənəvi zənginliyinə, İslam sivilizasiyasına doğru yönəldəcəkdir. 2017-ci il dünya dövlətlərinin İslam ölkələri ilə dialoquna və həmrəyliyinə layiqli töhfələr verir. “İslam Həmrəyliyi” çağırışı geniş mənada beynəlxalq aləmdə dialoq və həmrəylik anlayışlarını real hərəkata çevirəcəkdir.