Azərbaycan. - 2017.- 27 avqust. - ¹ 187. - S. 5.

 

Naxçıvan İslam dünyasının qədim şəhərlərindəndir

 

Bunu onun tarixi və mədəniyyət abidələri bir daha sübut edir

 

Rəhman Salmanlı

 

Hər bir xalqı dünyaya tanıdan amillərdən biri onun mədəniyyətidir. İslam ölkələrinə səfərləri zamanı dövlət başçıları və din xadimləri ilə görüşlərində respublikamızda mədəni əlaqələrin genişləndirilməsi üçün böyük imkanların və hər cür şəraitin olduğunu xatırladan Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Biz çalışırıq ki, bütün ölkələr kimi, müsəlman dövlətləri ilə də münasibətlərimizi yüksək səviyyədə quraq”. Bu ölkələrlə mədəni münasibətlərimizi qurmaq üçün hələ ulu öndərin hakimiyyətdə olduğu illərdə hər cür şərait yaradılmışdı.

Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına göstərdiyi qayğı müstəqil respublikamızın mədəni həyatında əsaslı yüksəlişə səbəb olmuşdur. Ölkəmizi yeni inkişaf yoluna çıxarmış bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, Azərbaycan hazırda dünyada öz iqtisadi göstəriciləri ilə yanaşı, həm də mədəniyyət sahəsindəki nailiyyətləri ilə də tanınır. Bu nailiyyətlərin bariz nümunəsi kimi ölkəmizdə uzun illər qorunub saxlanmış İslam mədəniyyəti ənənələri bu gün dövlət səviyyəsində inkişaf etdirilir, gələcək nəsillərə çatdırılır.

Qloballaşma dövründə ölkədə mədəniyyət siyasətində milli-mənəvi dəyərlərin qorunub saxlanması üçün əhəmiyyətli tədbirlər həyata keçirilir. O cümlədən bəşər mədəniyyətinə mühüm töhfələr bəxş edən İslam mədəniyyətinin inkişafına xüsusi diqqət yetirilir. ISESCO üzvü olan İslam dövlətləri bu gün öz mədəniyyətlərinin bir-birinə yaxınlaşması, inkişafı üçün əhəmiyyətli layihələr reallaşdırır. Bu inkişafı sürətləndirmək məqsədilə hər il İslam ölkələrindən birinin “İslam mədəniyyətinin paytaxtı” elan olunması da bu zərurətdən irəli gəlmişdir. 2009-cu ilin oktyabr ayında Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunmasına dair qərar qəbul edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam həmrəyliyi ili” elan etməsi, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi dünya müsəlmanlarının həmrəyliyinə, milli birliyə, sülhün və əmin-amanlığın bərpasına zəmin yaradır. Bütün bunlar İslam dünyasında mədəniyyətlərarası əlaqəni genişləndirmək üçün möhkəm özüldür. Bu gün Prezident İlham Əliyev xalqımızın tarixi köklərinə və milli irsə söykənərək bütün dünyada qlobal səviyyədə ümumbəşəri ideyaların carçısı kimi çıxış edir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) islam həmrəyliyi ili ilə əlaqədar xarici ölkələrdə keçirdiyi tədbirlər buna bariz nümunədir. Bu qəbildən ilk beynəlxalq tədbir avqustun 6-da İranda Tehran şəhərində keçirilmişdir.

Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” kimi diyardakı zəngin mədəni-mənəvi irsə varisliyi ilə fərqlənir. Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən olan Naxçıvanın böyük tarixi keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rolu olmuşdur. Burada müxtəlif dinlərə və məzhəblərə mənsub insanlar mehribanlıq şəraitində yaşayırlar. Naxçıvan Azərbaycanın ən tolerant şəhərlərindən biridir.

Naxçıvan şəhərinin qədimliyini onun tarixi və mədəniyyət abidələri bir daha sübut edir. Burada keçirilən tədbirlərin iştirakçıları, xarici ölkələrin nümayəndələri, mədəniyyət xadimləri həmin abidələrə heyranlıqla tamaşa edir, mədəni həyatdakı yeniliklərlə maraqlanırlar.

Qazanılan nailiyyətlər muxtar respublikanın bugünkü simasını və gələcək inkişaf perspektivlərini müəyyənləşdirir. Ölkə rəhbəri cənab İlham Əliyev 11 yanvar 2017-ci ildə muxtar respublikaya növbəti tarixi səfərində görülən işləri yüksək qiymətləndirmiş, Naxçıvanı dünya miqyasında öz gözəlliyi ilə seçilən şəhər adlandıraraq demişdir: “Çox şadam ki, respublikada uğurlu inkişaf təmin olunur. Bu münasibətlə respublikanın rəhbərliyini və sakinlərini təbrik etmək istəyirəm. Doğrudan da, son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşdırılması onu göstərir ki, respublika möhkəm ayaqda dayanır”.

Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 12 yanvar 2017-ci il tarixli sərəncamı da qədim diyarın müasir inkişafına verilən ən yüksək qiymət və bu inkişafın davamlılığının təmin olunmasına dəstəkdir. Naxçıvanın sürətli inkişafı müstəqillik illərinə təsadüf edir. Bu gün Naxçıvan beynəlxalq tədbirlərə, elmi simpozium və festivallara yüksək səviyyədə evsahibliyi edir. Təhlükəsiz və abad şəhər olması bölgənin turizm baxımından cəlbediciliyini daha da artırır.

5 min illik şəhər mədəniyyəti tarixinə malik bu qədim oğuz yurdu inkişafının elə bir mərhələsinə qədəm qoyub ki, 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilib. Bu, eyni zamanda, Naxçıvanın İslam dünyasındakı yerinin və nüfuzunun göstəricisidir. Naxçıvan İslam dünyasının mədəniyyət zənginliyinin rəmzi olan bir şəhərdir.

Milli dəyərlərin hifz olunduğu və yaşadıldığı muxtar respublikada bəşər mədəniyyətinin əvəzsiz inciləri olan Əlincə qalası, Mömünə Xatın, Gülüstan türbələri, Xanəgah Abidələr Kompleksi kimi onlarca abidəyə həyat verilib. Ən böyük dini inanc və turizm obyekti olan Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, imamzadələr, məscidlər bərpa olunub.

Bu gün muxtar respublikada 209 məscid fəaliyyət göstərir. Bu məscidlərdən 72-si yeni tikilib, 95 məscid və 23 pir isə yenidən qurulub və ya bərpa olunub. Nuh peyğəmbərin məzarüstü türbəsinin yaxınlığında inşa olunan məscid kompleksi isə muxtar respublikanın ən böyük və memarlıq quruluşu ilə fərqlənən ibadət ocağı olacaqdır. Nuh peyğəmbərin məzarüstü türbəsinin burada olması, “Qurani-Kərim”də adıkeçən Əshabi-Kəhf ziyarətgahı, imam övladlarının dəfn olunduğu imamzadələr, pirlər, məscidlər Naxçıvanda islami dəyərlərin illərlə qorunaraq günümüzədək gəlib çatmasından xəbər verir.

Muxtar respublika ərazisində İslam mədəniyyətinin qiymətli abidələri sırasına imamzadələr də daxildir. Naxçıvanın müxtəlif bölgələrində yerləşən hər 3 imamzadə bərpa olunaraq əhalinin istifadəsinə verilib. Müqəddəslərin ayaq basdığı bu torpaq İslam sivilizasiyasına dəyərli töhfələr bəxş edib.

Milli ornamentləri və yüksək memarlıq xüsusiyyətləri ilə Naxçıvan abidələri bu gün nəinki İslam ölkələrindən, dünyanın dörd bir yanından gələn turistləri heyran etməkdədir. 1200-dən artıq tarixi abidəyə malik olan Naxçıvan özündə dünya əhəmiyyətli 57 abidəni hifz etməklə bəşər mədəniyyətini zənginləşdirir.

Bəşər sivilizasiyaları arasında İslam sivilizasiyasının xüsusi yeri olub. Ümumiyyətlə, İslamın geniş yayılmasını təkcə dini etiqad baxımından izah etmək düzgün olmazdı. İslamın yayılması həm də mədəni ənənə və elmlə bağlıdır. Bütün bunlar göstərir ki, İslamda elmə, maarifə böyük əhəmiyyət verilir. Bu dinin ən gözəl göstəricilərindən biri də kitab mədəniyyətidir. Heç bir din haqqında bu qədər kitab yazılmayıb. Naxçıvanın adı İslam mədəniyyəti tarixində əbədilik qalacaqdır.