Azərbaycan. - 2017.- 27 avqust. - 187. - S. 5.

 

Azərbaycan-Əfqanıstan əlaqələri dinamik inkişaf edir

 

Atamoğlan Məmmədli,

BDU-nun dosenti

 

Bu gün Əfqanıstan dünyanın ən ağrılı problemlərini yaşayan ölkələrindən biridir. 1979-cu ildə sovet işğalına məruz qalandan bəri ölkədə güllə səsləri kəsilmək bilmir. Hərbi əməliyyatların və vətəndaş müharibəsinin gedişində bir çox müəssisə və idarələr dağıdılmış, ölkənin ayrı-ayrı hissələri arasında və digər dövlətlərlə nəqliyyat və ticarət əlaqələri pozulmuşdur. Ölkə iqtisadiyyatı tənəzzülə uğramışdır. Bütün bunların ağır yükü və əzab-əziyyəti isə sadə əfqan xalqının üzərinə düşmüşdür. Ölkə əhalisinin üçdəbiri baş götürüb qonşu ölkələrə qaçmış, qalanları isə məşəqqətli həyat sürməli olmuşlar.

Lakin Taliban hakimiyyətinin devrilməsi xoş gələcəyə bəslənən ümidləri artırmışdı. Yeni hakimiyyətin yaradılması və ölkənin yenidən bərpası prosesinin start götürməsi təsərrüfatın və sosial həyatın dirçəldilməsi üçün əlverişli şərait yaratmışdı. Nəticədə çox keçməmiş müsbət dəyişikliklər hiss olunmağa başlamışdı.

Əfqanıstan problemi qonşu dövlətlərin də regional siyasətlərində mərkəzi yerlərdən birini tutur. Hökumət donor ölkələrin və beynəlxalq maliyyə təsisatlarının maliyyə və texniki yardımı ilə milli iqtisadiyyatın bərpasına böyük ümidlər bəsləyirdi.

Sevindirici haldır ki, ötən illər ərzində köhnə avtomobil yolları yenidən qurulmuş və təzələri salınmış, ölkəni Özbəkistanla birləşdirən ilk dəmir yolu açılmışdır. Müharibənin gedişində dağılmış elektrik stansiyaları bərpa olunmuş, müasir telekommunikasiya sistemləri yaradılmış, mobil rabitə, internet texnologiyaları meydana çıxmış, bank sistemi bərpa olunmuş, xarici ticarət dövriyyəsinin həcmi artmışdır. Təsadüfi deyil ki, ilk xarici investisiyalar ən sürətli inkişaf bölmələrindən biri olan mobil rabitə sahəsinə qoyulmuşdur.

Son illər ölkə ÜDM-in strukturunda dəyişiklik baş vermişdir. Əfqanıstan iqtisadiyyatının əsas bölməsi olan kənd təsərrüfatının payı nəzərəçarpacaq dərəcədə azalmış, sənaye təxminən sabit qalmış, xidmət sahəsində xeyli artım baş vermişdir. Qeyd etmək lazımdır ki, ölkə əhalisinin 80 faizindən çoxunun yaşadığı və məşğul olduğu aqrar bölmə kifayət dərəcədə inkişaf etməmişdir.

Ölkədə bərqərar olmuş siyasi nisbi sabitlik əkin sahələrinin genişləndirilməsinə və məhsul istehsalının həcminin artırılmasına kömək etmişdir. Bununla belə, əkinçilik, əvvəlki kimi, hava şəraitindən asılı olaraq qalmaqdadır.

Xarici donor ölkələr 2024-cü ilədək Əfqanıstan iqtisadiyyatını dəstəkləməyi öhdələrinə götürmüşlər. Plana görə, ölkə həmin vaxtadək xarici maliyyə asılılığından azad olmalıdır. Hazırda maliyyə çətinliyinin əsas səbəbi ölkə daxilində təhlükəsizliyin təmin olunması məsələsi ilə bağlıdır. Büdcə ehtiyatlarının xeyli hissəsi bu məqsədə sərf olunur.

Ümumiyyətlə, vəziyyət sabitləşməyə doğru getsə də, son illər iqtisadiyyata neqativ təsir göstərən amillər sırasında korrupsiyanı, narkotik maddələrin qaçaqmalçılığını qeyd etmək olar. İnam var ki, əfqan xalqı terrora qalib gəldiyi kimi, sosial-iqtisadi problemlərə, korrupsiyaya da qalib gələcəkdir. Bu da gələcəkdə ölkənin sürətli inkişafını təmin edəcəkdir.

Azərbaycanla Əfqanıstan arasında əlaqələr tarixin dərinliklərinə gedib çıxır. Hər iki xalqı tarix, din, mənəvi dəyərlər birləşdirir. Onların tarixi İpək yolunun üzərində yerləşməsi qarşılıqlı əlaqələrinin genişlənməsinə təkan vermişdir.

Əfqanıstan İslam Respublikası Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 21-də tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər isə 1994-cü il noyabrın 16-da qurulmuşdur. O vaxtdan bəri ikitərəfli siyasi, iqtisadi-ticarət və mədəni sahələrdə əlaqələr inkişaf etməyə başlamışdır.

Əlamətdar haldır ki, hər iki ölkənin rəsmiləri, o cümlədən xarici siyasət idarələrinin başçıları fürsətdən istifadə edərək beynəlxalq təşkilatlarda və forumlarda görüşüb iki tərəfi maraqlandıran məsələlər ətrafında müzakirələr aparırlar. Bu məsələlər sırasında beynəlxalq terrorizmlə mübarizə, təhlükəsizlik, narkotik maddələr qaçaqmalçılığına qarşı mübarizə mühüm yer tutur.

Hazırda iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. 2015-ci ildə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana səfəri qarşılıqlı münasibətlərdə mühüm mərhələnin başlanğıcını qoydu. Əfqanıstanı Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə ilə birləşdirəcək tranzit dəhlizin fəaliyyəti isə iki ölkənin əlaqələrini daha da sıxlaşdıracaqdır.

Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Əfqanıstana göstərdiyi dəstək Kabil tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Müdafiə sahəsində əməkdaşlıq da inkişaf edir. Azərbaycan sülhməramlıları 2002-ci ildən etibarən NATO-nun Əfqanıstandakı missiyasının bir hissəsini təşkil edir. Azərbaycanlı hərbçilər özlərini yad yerdə hiss etmirlər. Yerli əhali onlara rəğbət və hörmətlə yanaşır.

Azərbaycanda fəaliyyət göstərən ASAN xidmət ilə Əfqanıstan Maliyyə Nazirliyi arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. İlk dəfə Azərbaycanda yayılan bu təcrübə Əfqanıstan hakimiyyət strukturlarının ciddi marağına səbəb olub və yaxın vaxtlarda belə bir uğurlu təcrübənin dost ölkədə də tətbiqi nəzərdə tutulmuşdur.

Təhsil sahəsində də münasibətlər normal məcrada inkişaf edir. Hələ sovet dönəmində SSRİ-yə gələn əfqan tələbələrin əksəriyyəti Bakıdakı ali məktəblərdə oxumağa üstünlük verirmişlər. Ötən illər ərzində bir çox əfqan tələbələri BDU, ADA, Azərbaycan Dövlət və Sənaye Universiteti, Xəzər universiteti kimi nüfuzlu ali təhsil müəssisələrini bitirib vətənə qayıtmışlar.

Azərbaycanla Əfqanıstanın turizm sahəsində əməkdaşlığının geniş perspektivləri var. Məlumdur ki, hər iki ölkə tarixi abidələrlə zəngindir. Təbii gözəlliyə malik mənzərəli yerlər turistlərin bu ölkələrə marağını durmadan artırır. Hər iki ölkədə idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün təbii şərait də mövcuddur. Nəzərə almaq lazımdır ki, Azərbaycan qısa zaman ərzində turizmin inkişafı istiqamətində xeyli təcrübə toplamışdır. O, bu təcrübəni əfqanıstanlı həmkarları ilə bölüşə bilər. Digər tərəfdən, Əfqanıstanda Məzari-Şərif, Qəndəhar, Herat, Kabil kimi tarixi abidələrlə zəngin şəhərlər və yerlər çoxdur.

İki ölkənin mədəniyyət nazirlikləri arasında imzalanmış sazişlər turizm, idman, incəsənət sahələrində əlaqələri də əhatə edir. Azərbaycanda keçirilən beynəlxalq muğam müsabiqəsinə əfqanıstanlı ifaçıların qatılması artıq müntəzəm hal almışdır.

Göründüyü kimi, Əfqanıstanın müstəqilliyinin möhkəmləndirilməsi və onun təhlükəsizliyinin artırılması qarşılıqlı əlaqələrə müsbət təsir edir. Ümidvarıq ki, bu əlaqələr daha yüksək səviyyəyə qalxacaq və iki dövlətin qüdrətinin artmasına gətirib çıxaracaqdır.