Paralel. - 2017.- 25 avqust. - 148. - S. 10.

 

Azərbaycan bütün İslam aləmində dünyəvi dövlətçiliyin nadir modelidir

 

Əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycanda digər etnik və dini qruplar, o cümlədən xristian və yəhudi icmaları dinc yanaşı yaşayırlar

 

Tolerantlıq və multikulturalizm sahəsində ölkəmizin qazandığı mükəmməl təcrübə, artıq dünyanın bir çox ölkələrində nümunə kimi öyrənildiyi modeldir.

Azərbaycan Respublikasının Konstitusiyasına görə dinindən, irqindən, eləcə də dilindən asılı olmayaraq, ölkəmizin ərazisində yaşayan hər bir vətəndaşın hüquqları və azadlıqları qorunur. Eləcə də, ölkəmizin ərazisində yaşayan hər bir etnik azlığın və hər bir xalqın təmsilçilərinin mədəniyyəti, mənəvi dəyərləri müxtəlif qanunlar və normativ-hüquqi aktlarla tənzimlənir. Bu da onu deməyə əsas verir ki, ölkəmizdə dini etiqad azadlığı tam şəkildə təmin edilib. Ayrı-ayrı etnosların, millətlərin və xalqların, dinlərin və konfessiyaların, mədəniyyətlərin nümayəndələri burada mehriban, dostluq, qardaşlıq mühitində yaşayırlar və onlara qarşı hər hansı bir dözülməzlik halı müşahidə olunmur.

Ölkəmizi digər dövlətlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri də odur ki, Azərbaycan bütün İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biridir. Multikultural cəmiyyətin formalaşmasında və multikultural mühitin dəstəklənməsində də heç şübhəsiz ki, aparıcı rol dövlətə məxsusdur. Buna görə də, ölkəmizdə xristian pravoslav kilsəsinin fəaliyyətinin bərpasını, Bakıda katolik kilsəsinin inşa olunmasını, eyni zamanda 2011-ci ildə yeni sinaqoqun tikilib istifadəyə verilməsini Azərbaycandakı dini müxtəlifliyin və bu müxtəlifliyə insanların tolerant münasibətinin bariz nümunəsi saymaq olar. Onu da qeyd edək ki, 2002-ci ildə Roma Papası II İohan Pavel respublikamıza tarixi səfərində ölkəmizdə dini tolerantlıq ənənələrinin çox güclü olduğunu, Azərbaycanın müxtəlif xalqların və dinlərin mənəvi dəyərlərini özündə bir araya gətirdiyini söyləyərək xristian dininə sitayiş edənlərin burada digər dinlərin təmsilçiləri ilə sülh şəraitində, dinc, yanaşı yaşadıqlarını, bunun isə ancaq tolerantlıq və qarşılıqlı hörmət nəticəsində mümkün olduğunu xüsusi qeyd etmişdi.

2016-cı ildə ölkəmizə səfər edən Roma Papası Fransisk də ölkəmizdəki multikultural və tolerant mühiti yüksək qiymətlədirib və Prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycanın bu günə qədər keçdiyi yolun dövlətin iqtisadi və vətəndaş cəmiyyətinin inkişafına şərait yaratmaq və təsisatları gücləndirmək üçün göstərilən mühüm səyləri aydın şəkildə vurğulayıb və bu yolun multikulturalizmin və mədəniyyətlərin bir-birini lazımi qaydada tamamlanmasının müsbət cəhətlərini tanıyan cəmiyyət sayəsində mümkünlüyünü qeyd edib.

Azərbaycan cəmiyyətində mövcud olan tolerantlıq və multikultural dəyərlərə verilən qiymət zaman-zaman dünya mediasının, televiziyi və radio kanallarının da müzakirə mövzüsu olub. Bu baxımdan Fransanın nüfuzlu RDL 68 103.5 FM radiosunun efirində Azərbaycana həsr olunmuş verilişin yayımlanması, verilişin qonağının isə tanınmış fransız yazıçısı, "Beynəlxalq Reyn Dərnəyi"nin prezidenti Jerar Kardon olması da çox diqqətçəkən məsələdir. Çünki, Fransa cəmiyyətində xüsusi nüfuza malik olan Jerar Kardonun Azərbaycan barədə dedikləri, ölkəmizin bu ermənipərəst dövlətdə təbliği baxımından da mühüm əhəmiyyət daşıyır. Jerar Kardon radiodakı çıxışında Azərbaycanın uğurlu inkişaf yolundan, nümunəvi tolerantlıq mühitindən bəhs edib. Sovetlər birliyinin dağılmasından sonra Azərbaycanın əldə etdiyi müstəqillik tarixindən, sürətli inkişaf yolundan danışan yazıçı Azərbaycana səfəri zamanı, onun keçmişin və müasirliyin harmoniyasından ibarət ölkə olduğuna şahidlik etdiyini vurğulayıb. Ölkəmizdə mövcud olan multikultural və tolerant mühitə diqqət çəkən yazıçı Azərbaycanın 96 faiz əhalisinin müsəlman olmasına baxmayaraq, dünyəvi dövlət olduğunu, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinə qarşı ideal münasibətin mövcudluğunu xüsusi vurğulayıb.

Əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycanda digər etnik və dini qrupların, o cümlədən xristian və yəhudi icmalarının dinc yanaşı yaşaması, milli azlıqlara hörmət və dözüm-lülük prinsiplərinin Böyük İpək yolu dövründən bu günümüzə qədər formalaşaraq qorunduğunu və inkişaf etdirildiyini öyrənən yazıçı, bunu öz çıxışında da qeyd edərək yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycanda Avropa dövlətlərindən daha əvvəl, hələ XX əsrin əvvəlində, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüquqları verilib. Həmin dövrdə və sonrakı illərdə Azərbaycan hökumətində milli azlıqların nümayəndələri, o cümlədən yəhudilər də təmsil olunublar. Fransalı yazıçını təəccübləndirən həm də Azərbaycanlıların yəhudilərə heç vaxt əcnəbi kimi baxmamaları olub.

Azərbaycandakı tolerantlıqdan və multikultural dəyərlərdən söz açan digər bir Fransalı yazıçı isə mətbuata açıqlamasında bildirib: "1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan müsəlman Şərqində qadınlara səsvermə hüququ verən ilk respublikadır. Bu ölkə Fransadan daha dünyəvi dövlətdir". Fransa Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının (CRIF) icra bürosunun və Azərbaycanın Dostları Assosiasiyası inzibati şurasının üzvü olan yazıçı Jan-Pyer Allali açıqlamasında həm də Bakının Qərb şəhərlərindən də modern bir şəhər olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət şəraitində yaşayır. Xristian ölkəsi olan Ermənistanda yəhudilərin ölkəni tərk etməsi, amma müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərin hələ də yaşaması məsələsinə toxunan yazıçı bunun Azərbaycanda hökm sürən tolerantlıq mühiti ilə bağlı olduğunu xüsusi qeyd edib. Yazıçı onu da diqqətə çatdırıb ki, ölkəmizdən fərqli olaraq, işğalçı Ermənistanın vəziyyəti çox acınacaqlıdır. O qeyd edib ki, həyat şəraitinin ağır olması səbəbindən hər il minlərlə sakin Ermənistanı tərk edir.

Həqiqətəndə ölkəmizdə yaşayan yəhudilər bu məkanda məskunlaşdıqlar gündən heç bir təhdidə, təzyiqə və ayrı-seçkiliyə məruz qalmadan, bu ölkənin tamhüquqlu vətəndaşları kimi qəbul olunublar. Bunu istər Azərbaycanda, istərsə də Azərbaycandan çox-çox uzaqlarda yaşayan yəhudilər də etiraf edirlər. Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda "Heydər Əliyev şəxsiyyəti və Azərbaycanda dinlərarası harmoniya" mövzusunda panel sessiyasındakı çıxışında da Azərbaycanda yaşayan yəhudilər məsələsinə toxunub, eyni zamanda Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ məsələsində yəhudilərin mövqeyində söz açıb.

Arye Qut qeyd edib ki, qonşu Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən genişmiqyaslı müharibəyə və təcavüzə baxmayaraq, dinc yanaşı yaşama prinsipi Azərbaycan siyasətinin həlledici amili kimi qalmaqda davam edir. O həmçinin qeyd edib ki, hətta 25 il bundan əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlananda da Azərbaycan cəmiyyəti konfessional və etnik qruplar arasında sülhü və harmoniyanı qoruyub saxlayıb. Bu gün Azərbaycan güclü müstəqil dövlət, Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideridir. Azərbaycan çoxvektorlu müstəqil xarici siyasət yürüdür və bu da ona imkan verir ki, ölkədəki tolerant mühiti qoruyub saxlaya bilsin.

Bu da məlumdur ki, İsrail və yəhudi xalqı Azərbaycana və Prezident İlham Əliyevə böyük hörmət və ehtiram bəsləyir, həmçinin Prezident İlham Əliyevin beynəlxalq arenada mühüm, güclü və müstəqil faktora çevrilən Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməyə yönəlik səyləri İsraildə yüksək qiymətləndirilir. İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanın təcavüzkar hərəkətlərini pisləyir. İsrail Ermənistan tərəfindən işğal altında olan Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun qaytarılması məsələsində real və həqiqi tərəfdaş kimi Azərbaycanı dəstəklədiyini hər zaman nümayiş etdirib.

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən israilli ekspert Arye Qut xatırladıb ki, bir neçə il bundan əvvəl bütün dünya Osventsimin azad olunmasının 70 iliyini qeyd edib. O deyib: "Mən ailəsi Ukraynada nasistlər tərəfindən məhv edilmiş Sovet Ordusu zabitinin nəvəsiyəm. Beynəlxalq Holokost qurbanlarının xatirəsi günündə Bakıda keçirilən konfransda Akko şəhərinin meri Şimon Lankri ilə birlikdə mən də iştirak edirdim. Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycanda bu konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin dəstəyi ilə təşkil edilmişdi. Konfransda mənim azərbaycanlı dostlarım və həmkarların faşist rejimi tərəfindən 6 milyon yəhudiyə qarşı törədilmiş qəddarlıqları və soyqırımını pislədiklərini bildirdilər. Həmin konfransda hiss etdim ki, azərbaycanlılar yəhudi xalqının ağrısını və iztirablarını öz ağrı və iztirabları kimi qəbul edirlər. İsrail dövlətinin vətəndaşı kimi deyə bilərəm ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, Azərbaycan rəhbərliyi multikulturalizmi və tolerantlığı ölkədə həyat tərzi hesab edir. Azərbaycanda yəhudilər və müsəlmanlar həmişə qardaşlar kimi sülh şəraitində yaşayıblar, ortaq tarixi tale ilə bağlı olublar".

İsrailli ekspert qeyd edir ki, Prezident İlham Əliyev dünyəvi dövlətin, tolerantlığın tərəfdarı olduğuna görə, ölkədə yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə hörmətli münasibətinə görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının hörmətini və ehtiramını qazanıb.

"Bir çox sahələrdə Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər yenilik, yeni dinamika, yeni yanaşma gətirir. Biz bəzi stereotipləri qıraraq bir çox sahələr üzrə, o cümlədən dini məsələlərin həlli işində yeni davranış formatını təqdim edirik. Təsadüfi deyil ki, Azərbaycanda bu sahədə görülən işlər, əldə edilmiş nailiyyətlər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir". Bu sözləri Prezident İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, Azərbaycanın təşəbbüsü ilə başlanan və inkişaf edən müxtəlif tədbirlər, forumlar sonrakı mərhələdə beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. "Mən buna misal olaraq ölkəmizdə keçirilən IV Mədəniyyətlərarası Dialoq Forumunu qeyd edə bilərəm. Biz bu Forumu bir təşəbbüs kimi irəli sürdük. Amma bu gün dünyanın aparıcı beynəlxalq təşkilatları- UNESCO, ISESCO, Avropa Şurası, Ümumdünya Turizm Təşkilatı və digər qurumlar bu Forumun təşkilatçılarıdır. Belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi həm bizim siyasətimizi, niyyətimizi göstərir və eyni zamanda, bütün dünyaya göstərir ki, bu gün dünyada multikulturalizmin mərkəzi olan ölkə var, bu ölkənin adı Azərbaycandır", - deyə Prezident İlham Əliyev qeyd edib.