İki sahil. - 2017.- 22 avqust. - ¹ 150. - S. 19.

 

Qlobal çağırışlara davamlı inkişafı ilə cavab verən qüdrətli ölkə

 

Milli dövlətçilik ənənələri yaşayır, qorunur, gələcəyə ərməğan edilir

 

Xuraman İsmayılqızı

 

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə imzaladığı sərəncamda qeyd olunduğu kimi, XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması, görkəmli, tarixi şəxsiyyətlərin milli məfkurənin formalaşması istiqamətində göstərdikləri fədakarlıq, Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Həmin dövrdə neft maqnatlarının toplaşdığı Bakı, eyni zamanda milli ruhlu ziyalılar nəslinin fikir mərkəzinə çevrilmişdi.

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi. Çünki müsəlman aləmində ilk demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi,  dövlət quruculuğu prosesi o illərdə başlamışdı: “Demokratik institutlar təsis edilmişdi. Siyasi islahatlar aparılmağa başlamışdı. Bizim dövlət atributlarımız qəbul edilmişdi - dövlət himnimiz, milli bayrağımız təsdiq edilmişdi. Qadınlara səsvermə hüququ verilmişdi. Onu da qeyd etməliyəm ki, Azərbaycan Xalq Cümhuriyyəti bunu bəzi Avropa ölkələrindən daha da əvvəl etmişdi. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti çox müsbət, uğurlu idi. Baxmayaraq ki, Xalq Cümhuriyyəti bunu çox ağır geosiyasi şəraitdə edirdi.”

Sərəncamda qeyd olunduğu kimi, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bildirən İstiqlal Bəyannaməsinin qəbulu ilə qurulan AXC rəsmilərinin iştirakı ilə dövlətçiliyin əsası olan Parlament, Hökumət təşkil olundu, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarif və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. İnsanların bərabərliyi prinsiplərinə əsaslanan AXC bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.

Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti ərzində qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərildi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

İmperiya tərəfindən işğal olunduğu üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq olmadan süquta uğrayan AXC-nin şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı, milli dövlətçilik atributları qorunub saxlanıldı. Hakimiyyətə qayıdışı ilə AXC-dən miras qalan milli məfkurəni, dövlətçilik ənənələrini, xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirən ümummilli lider Heydər Əliyevin respublikada apardığı siyasət Azərbaycan xalqının müstəqillik arzularını gerçəkləşdirdi.

 

Azərbaycan dünyaya günəş kimi doğdu

 

“Müstəqillik yolu qədər çətin yol yoxdur... Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” söyləyən ulu öndər Heydər Əliyev vurğulayırdı ki, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində öz təbii sərvətlərinin sahibi olmaq arzusu əsas məqsədlərdən biridir. Sovetlər dövründə respublikaya rəhbərliyinin birinci mərhələsində bu gün də Azərbaycana xidmət göstərən önəmli layihələrin icrasına nail olan Ulu Öndərin səyi ilə  müstəqilliyimizin ilk illərində tənəzzülə uğrayan neft sənayesi vüsət aldı. Ordu quruculuğu təmin olundu. Ulu Öndərin xalqı qarşısında göstərdiyi tarixi xidmətlərin bəhrəsi olan “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan xalqı uzun illər başqalarının istifadə etdiyi sərvətlərinin, neftinin sahibi oldu. 1994-cü ildə yeni neft strategiyasının həyata keçirilməsi ilə təbii sərvətlərindən Azərbaycan xalqının rifahı, ölkənin qüdrətlənməsi naminə istifadə ölkəmizi dünyada qüdrətli, davamlı inkişafda olan respublika kimi tanıtdırdı. Varlığımızı təsdiqləyən milli-mənəvi dəyərlərimizi qorumaqla, bəşəri ideyaların ölkəmizdə tətbiqi ilə demokratik yolla, bütün prosesləri insanların istəklərinə uyğunlaşdırmaqla dünyaya inteqrasiya Azərbaycanı dünyada tanıtdırdı.

“Keçdiyimiz yola nəzər salarkən aydın olur ki, biz nadir bir irsin varisləriyik. Bu irsə layiq olmağa çalışaraq böyük tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşılmalıdır” söyləyən Ulu Öndər bildirirdi ki, vətəndaşlıq məsuliyyəti, varisliyə sədaqət hər bir azərbaycanlının borcudur. Müstəqilliyimizin əbədiliyini qətiyyəti, siyasi hazırlığı, dövlətçilik təcrübəsi ilə qoruyan layiqli varis olduğunu davam etdirdiyi, bu gün hamını heyrətə salan siyasəti ilə bildirən Prezident İlham Əliyev Ulu Öndərin “Azərbaycan dünyaya günəş kimi doğacaq” arzusunu gerçəkləşdirdi.

 

Qeyri-neft sektorunun inkişafı prioritet istiqamətdir

 

Milli müstəqilliklə eyni dərəcədə əhəmiyyətli olan enerji təhlükəsizliyi məsələsində ölkəmizin artan rolunu diqqətə çatdıran Prezident İlham Əliyevin layihələrin şaxələndirilməsi istiqamətində davam etdirdiyi siyasət region ölkələrinin siyasi, iqtisadi, demokratik inkişafını sürətləndirməklə xalqlararası əməkdaşlığın gücləndirilməsinə də töhfələr verir. Azərbaycanın qısa müddətdə böyük inkişaf yolu keçdiyini heyrətlə bildirənlər ölkədə geniş miqyasda davam etdirilən islahatların tətbiqi ilə yaranan titanik inkişafın Azərbaycan modelinin öyrənilməsinə də maraq göstərirlər. Prezident İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi tövsiyəsinə uyğun olaraq ölkədə davam etdirilən quruculuq işləri enerji layihələrindən heç də az əhəmiyyətə malik deyildir. Ölkəni inkişafa aparan hədəflərin reallaşması naminə qəbul olunan qanun və sərəncamların hər biri özlüyündə Azərbaycanın qüdrətlənməsinə yönəldilmiş siyasətin icra mexanizminin reallıqda təsdiqini tapmasıdır. “Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişaf edir və daha da sürətlə inkişaf etməlidir” sözləri ilə qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin daha da artırılmasını başlıca vəzifə hesab edən Prezident İlham Əliyev dünyada cərəyan edən yeni proseslərin yaratdığı çağırışlara uyğun strateji islahatların tətbiqini diqqətdə saxlayır, sosial-iqtisadi, cari, orta və uzunmüddətli inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasının önəmini fəaliyyəti ilə gerçəkləşdirir. Qeyri-neft sektorunun, qeyri-neft sənayesinin, aqrar sahənin inkişafına yönəlmiş islahatlar daxili potensialdan səmərəli istifadəni sürətləndirməklə, Azərbaycan məhsullarının dünya bazarlarında tanınması imkanlarını artıracaq, ölkədə işsizliyin aradan qaldırılmasına təkan verəcək. Aparılan islahatların məntiqi nəticəsi isə Davos Ümumdünya İqtisadi Forumunu hesabatında ölkə iqtisadiyyatının rəqəbətqabiliyyətliliyinə görə 37-ci yeri tutmasıdır. Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business-2017” hesabatında isə Azərbaycan 65-ci pillədə yer alıb. Hesabatda qeyd olunduğu kimi, Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biridir.

Təbii ki, islahatların əksəriyyəti insanların sosial müdafiəsinin yaxşılaşdırılmasına, sahibkarlığın inkişafına yönəldilir. Dövlət-sahibkar münasibətlərinin, biznesin inkişafına xidmət edən islahatların məqsədyönlü tətbiqinin nəticəsidir ki, ölkə iqtisadiyyatının 80 faizdən çoxu, məşğul əhalinin isə 70 faizi bu sektorda birləşir. Son aylarda Sabirabadda, Yevlaxda, Qaxda keçirilən müşavirələrdə aqrar sahənin, fermer təsərrüfatlarının möhkəmlənməsinə yönəldilən vəzifələr barədə ətraflı söz açan cənab İlham Əliyev kənd təsərrüfatının daha gəlirli sahələrindən olan pambıqçılığın, tütünçülüyün, fındıqçılığın, baramaçılığın inkişafını Azərbaycan məhsullarının ixracı üçün daha önəmli adlandırmışdır.  Sahibkarlara cari ilin 6 ayında güzəştli şərtlərlə 63 milyon manat kredit verilmiş, investisiya təşviqi mexanizminin işə düşməsi ilə ölkə iqtisadiyyatına 1,6 milyard dəyərində investisiya qoyulmuşdur. Hədəf isə dünya iqtisadiyyatının uyğun çağırışlarının Azərbaycanda tətbiqinə nail olmaqdır.

 

Ölkəmizə gələn xarici qonaqların ümumi rəyi: Azərbaycan qitələri birləşdirən sivilizasiyalararası körpüdür

 

Çoxmillətli, çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Tolerantlıq, mültikulturalizm Azərbaycanın milli mənəvi sərvəti, dövlət siyasəti, həyat tərzidir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq bu sərvəti qoruyub saxlamışdır.

Azərbaycanın iki ildən bir Mədəniyyətlərarası Dialoq Forumuna Bakı Beynəlxalq Humanitar Forumuna, Dünya Dini Liderlərinin zirvə toplantısına, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməsi ölkəmizdə daim qorunan siyasi sabitliyin nəticəsidir. Təhlükəli meyillərdən olan etnik, dini zəmində baş verən qarşıdurma və toqquşmaların gərginləşdiyi bir zamanda Davos İqtisadi Forumunun, NATO sammitinin respublikamızda keçirilməsi, dünyanın gündəliyində duran ən mühüm məsələlərin müzakirə olunduğu mərkəz kimi maraq doğurması xarici siyasətimizin məntiqi nəticəsi olan diplomatik uğurlarımızdandır. Birinci Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında, Dünya Şahmat Olimpiadasında, Formula-1 yarışlarında iştirak edən idmançı və qonaqların ölkəmizlə bağlı söylədikləri xoş sözlər Cənubi Qafqazda liderliyini illərdən bəridir qoruyan respublikamızda əldə olunan davamlı inkişafın göstəricisidir. Bu günlərdə işi başa çatan 41-ci Dünya Skaut Konfrasının, Qlobal Gənc Liderlər Forumunun keçirilməsi göstərir ki, Azərbaycan dünya siyasətində rolu artan yeni nəslin də maraq göstərdiyi diyardır.

Siması gündən-günə dəyişən Bakının meqopolislər sırasına daxil olması, bölgələrdə baş verən yeniliklər, müasirləşən rayon və qəsəbələr qısa müddətdə həyata keçirilən siyasətin uğurlu təzahürüdür. Bütünlükdə Azərbaycanın dünya siyasətində rolunun artması, söz sahibi olması, iqtisadi inkişafı baxımından qüdrətli ölkələrlə eyni sırada addımlaması Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə töhfədir.