Səs.- 2017.- 18 avqust.- ¹ 148.- S. 15.

 

Azərbaycan dövlətçilik tarixində xalq cümhuriyyətinin yeri

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Azərbaycan dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yerini və rolunu aşağıdakı kimi müəyyən etmək olar:

1.       Şərqdə ilk demokratik, hüquqi və milli türk-müsəlman respublikası - Avropa milli respublikası yaradıldı;

2.       Azərbaycanlıların ilk müstəqil dövlətçilik ənənələri davam etdirildi.

Məhz bu cəhətləri yüksək qiymətləndirərək, Ulu Öndər Heydər Əliyev demişdir; “Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik. 1991-ci ildə Azərbaycanda müstəqillik elan edilərkən yazılıbdır ki, 1920-ci ildə itirilmiş müstəqillik bərpa olunur. Mən bu gün qürurla deyirəm ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisləriyik”.

Millət və dövlət tarixi kateqoriya olub, biri digərilə daimi əlaqədə olan iki fenomendir. Dövlətin mövcudluğu millətin siyasi birliyini yüksəldir, onun millət kimi inkişafına şərait yaradır. Dövləti təşkil edən əsas millətə, digər xırda etnoslar da qoşulur, millətin etniklərarası konsolidasiyası baş verir. Millət özü də etnik cəhətcə təkmilləşir, onun dil və mədəniyyətinin inkişafı üçün dövlət tərəfindən lazımi şərait yaradılır. Bu yolla da millət-dövlət yaranır. Bu proses müxtəlif ölkələrdə və müxtəlif xalqların həyatında müxtəlif şəkildə baş verir. Universal olan cəhət isə, ondan ibarətdir ki, dövlət milləti formalaşdırır, millət də, öz növbəsində, dövləti inkişaf etdirir. Dövlətin formalaşmasında adət-ənənə və mövcud qaydaların rolu böyükdür. Millət-vətəndaş anlayışı millətin etnik millətdən siyasi millətə doğru inkişafını göstərən bir amildir.

Azərbaycan dövlətçiliyinin qədim bir tarixi vardır. Bu dövlətçilik müxtəlif tarixi inkişaf formalarını yaşamış və müəyyən mərhələlərdən keçmişdir. XX əsrin əvvəllərində dünyada gedən yeniləşmə hərəkatı Azərbaycana da gəlmiş və burada milli azadlıq hərəkatı ideyalarına təkan vermişdir. Nəticədə, Azərbaycanda milli cümhuriyyət yaranmış və nisbətən qısa bir tarixi dövr ərzində burada demokratik qayda-qanunlar fəaliyyət göstərmişdir. Haqqında danışılan cümhuriyyət İslam Şərqində və Türk Dünyasında yaranmış ilk milli dövlət idi. Azərbaycan dövləti özünün sonrakı tarixi inkişafında bu milli cümhuriyyətin təcrübəsindən əsaslı şəkildə faydalanmışdır. Hazırkı müstəqil respublikamız, bilavasitə bu cümhuriyyətin varisidir. Dövlət məsələsi milli həyatımızın ayrılmaz tərkib hissələrindən birini təşkil edir. İdeya düşmənlərimiz olan erməni daşnak ideoloqları, illərdən bəri belə bir fikir irəli sürməyə cəhd göstərirlər ki, guya bizim heç bir dövlətimiz və dövlətçilik tariximiz olmamışdır və ona görə də, guya Azərbaycan Respublikasının sərhədləri daimi ola bilməz. Erməni ideoloqlarının bu kimi fikirlərini puça çıxarmaq üçün tədqiqatçılarımız daim dövlətçilik tariximizə müraciət etməli və mövcud tarixi həqiqətləri olduğu kimi tədqiq etməlidirlər. Bu baxımdan, Azərbaycan dövlətçiliyi tarixində mövcud olmuş demokratizm ənənələrini üzə çıxarmaq həm siyasi, həm də elmi əhəmiyyət kəsb edir, müəyyən maraq doğurur və onun öyrənilməsi vacibdir. islam Şərqində yaranmış ilk milli-demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti müasir demokratik respublikanın sələfidir. Ona görə də, AXC dövründə mövcud olmuş sosial-siya­si şəraitin, AXC parlamentinin və onun tərkibinin, bu parlamentdə qoyulub həllini tapan və tapmayan məsələlərin öyrənilməsi vacibdir. Hələ o zamanlar Azərbaycan parlamentində iki fraksiya ilə təmsil olunan ermənilər Ermənistan Ararat Respublikasının yaradılması və sərhədlərinin genişləndirilməsi üçün bütün vasitələrlə Azərbaycana qarşı təxribatlarla məşğul olmuşlar. Sosialistlər, hümmətçilər və eserlər isə bolşevik təbliğatı aparmış, müstəqil respublikanın süqutuna və onun Sovet Rusiyasına birləşdirilməsinə çalışmışlar. AXC dövründə konstitusiya yaratmaq mümkün olmamışdı, amma əvəzində müstəqillik haqqında AKT qəbul olunmuşdu. AXC parlamenti təxminən 3 milyonluq əhaliyə malik respublika üçün 120 nəfər deputatdan ibarət idi. Burada respubli­kanın çoxmillətli əhalisi təmsil olunurdu. Bundan başqa, parlamentdə sinfindən, irqindən və dinindən asılı olmadan bütün ölkə əhalisi təmsil olunurdu. Məsələlər tam demokratik yolla müzakirə edilib qəbul olunurdu. AXC parlamenti bir sıra problemlərin (məsələn, universitetin açılmasını, xarici ölkələrə tələbə göndərilməsi, müqavilələr bağlanması və s.) həlli üçün əsl mübarizə meydanına çevrilirdi. Parlament bir sıra məsələləri (məsələn, torpaq məsələsini) vaxtın azlığına görə həll edə bilməmişdi.

O dövrdə mövcud olan daxili və xarici siyasət məsələləri, milli və sinfi qarşıdurma problemləri, habelə, o dövrün parlamentarizmilə bugünkü parlament ənənələrinin varisliyi məsələsi də bu gün ciddi təhlil olunmalıdır. Etnopolitoloji fikir tarixində belə ifadələr var: dövlət millət üçün, millət dövlət üçündür.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli və dünya səviyyəsində yeni hadisə baş verdi:

Ümumbəşəri dövlətçilik təfəkkürünə yeni töhfə bəxş edildi;

Azərbaycanda milli burjuaziyanın yeni istedadlı nümayəndələri yetişdi;

Siyasi qüvvələr sosial-demokratiyadan milli-demokratik hərəkata doğru keçdilər;

Bakıda neft sənayesinin inkişafı və Qərbi Avropa həyat tərzilə tanışlıq müasirləşmə və sosial ədalət uğrunda mübarizəni gücləndirdi;

1918-ci ildə siyasi qüvvələrin müstəqil, demokratik respublika uğrunda mübarizəsi qələbə ilə nəticələndi.

1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə yeni mərhələ olan Respublika Günü elan olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti müstəqillik haqqında Bəyannaməsində aşağıdakıları elan etdi:

1.       “Azərbaycan Zaqafqaziyanın Azərbaycan xalqının ixtiyarında olan cənub və şərq hissələrindən ibarət tam suveren dövlətdir.

2.       Müstəqil Azərbaycan dövlətinin idarə formasının demokratik respublika olduğu bəyan edilir.

3.       Azərbaycan Demokratik Respublikası hamı ilə, xüsusilə, qonşu xalqlar və dövlətlərlə dostluq əlaqələri yaratmağı qərara alır.

4.       Azərbaycan Demokratik Respublikası etnik tərkibindən, dinindən, sinfi mənsubiyyətindən, sənətindən, cinsindən asılı olmayaraq, öz sərhədləri hüdudunda bütün vətəndaşlarına tam mülki və siyasi hüquqlar vəd edir.

5.       Azərbaycan Demokratik Respublikası öz ərazisində yaşayan bütün millətlərin sərbəst inkişafını dəstəkləyir.

6.       Məclisi - Müəssisən çağırılanadək Azərbaycanda ali hakimiyyət hamılıqla seçilmiş Milli Məclisə və Milli Məclis qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumətə verilir”.

Ulu Öndər Heydər Əliyev milli bayram - Respublika Günü münasibətilə təntənəli yığıncaqda etdiyi çıxışda Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə oynadığı rolu belə qiymətləndirmişdir:

1918-ci il mayın 28-də ilk Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması dünyaya bəyan edildi. Azərbaycan xalqının tarixində böyük və əlamətdar bir hadisə baş verdi. Azərbaycan xalqı öz milli azadlığını və müstəqilliyini əldə etməyə başladı.

İlk demokratik cümhuriyyətin elan edilməsi o zaman Azərbaycana qarşı xaricdən və daxili düşmənlər tərəfindən olan təcavüzlər və o dövrdəki qarmaqarışıqlar, xalqımızın həyatının gərgin bir şəraitində olmuşdur. Buna görə də, ilk Azərbaycan Demokratik Cümhuriyyətinin, onun hökumətinin fəaliyyəti ağır və çətin bir şəraitdə keçmişdir. 1918-ci ilin sentyabr ayında ilk Azərbaycan Demokratik Cümhuriyyətinin hökuməti Gəncədən paytaxtımız Bakıya gəlməyə nail olmuş və öz fəaliyyətini davam etdirmişdir.

Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin, məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhvali-ruhiyyəsini yaymış və bunların hamısı, məntiqi olaraq, Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.

Dünyada o zaman gedən proseslər - Birinci Dünya müharibəsində Rusiyanın məğlubiyyəti və Avropada, ümumiyyətlə, dünyada baş vermiş dəyişikliklər - bunların hamısı Azərbaycanın dövlət müstəqilliyi əldə etməsinə və demokratik cümhuriyyət qurmasına şərait yaratmışdır.

Azərbaycan Demokratik Cümhuriyyətinin və onun hökumətinin ömrü qısa olmuşdur. Bu cümhuriyyət və hökumət 23 ay ömür sürmüşdür. Ancaq bu qısa zamanda çox böyük işlər görülmüşdür. Ən böyük nailiyyət, tari­ximizə yazılmış qızıl səhifə ondan ibarətdir kı, çoxəsrlik tariximizdə ilk dəfə Azərbaycan xalqı dövlət müstəqilliyini əldə edə bilmişdir, müstəqillik əhvali-ruhiyyəsini hiss edə, dərk edə bilmişdir, müstəqil yaşamaq və öz taleyinin sahibi olmaq duyğularını dərk edə bilmişdir.

Qeyd etdiyim kimi, ilk demokratik cümhuriyyətin hökuməti çox işlər görmüşdür. Azərbaycan torpağında demokratik cümhuriyyətin yaranması dünyaya bəyan edilmiş, dünyanın bir çox dövlətləri ilə əlaqələr qurulmuş, milli müstəqillik prinsipləri əsasında Azərbaycanda dövlət quruculuğu tədbirləri həyata keçirilmiş, ilk Azərbaycan universiteti yaradılmışdır. Bu hökumət Azərbaycanı dünyaya müstəqil dövlət kimi tanıtmışdır.

Azərbaycan Demokratik Cümhuriyyətinin yaşadığı dövr çox çətin, ziddiyyətli və mürəkkəb dövr olmuşdur. Belə bir ağır şəraitdə görülən işlər və sonrakı nəsillərə, bizə çatan irs ilk Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi əhəmiyyətini çox əks etdirir. Məhz bu demokratiya milli azadlıq, müstəqillik əhval-ruhiyyəsi sonrakı dövrlərdə xalqımızın qəlbində yaşamış və nəhayət, bu əsrin sonunda xalqımızı dövlət müstəqilliyinə gətirib çıxara bilmişdir.

Biz bu gün 28 May Gününü böyük iftixar hissi ilə bayram edirik. Bu, Azərbaycan xalqının milli bayramıdır. Məhz ona görə ki, ilk dəfə müstəqil Azərbaycan dövləti və demokratik cümhuriyyəti dünyaya elan olunubdur. Azərbaycanın dövlət müstəqilliyinin, milli azadlığının gələcəyi üçün böyük əsas və təməl qoyulubdur. Biz bu gün, bu bayram günü o illərdə, ağır və çətin şəraitdə Azərbaycan xalqının qabaqcıl və mütəfəkkir insanlarının xidmətlərini böyük minnətdarlıq hissi ilə qeyd edirik. İlk Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında, yaşamasında, onun böyük milli irs kimi yaranmasında iştirak edənləri biz bu gün minnətdarlıq hissi ilə yad edirik. Onların xidmətləri Azərbaycanın tarixinə həkk olunub və bu xidmətlər heç vaxt unudulmayacaqdır.