Xalq qəzeti. - 2017.- 18 avqust. - ¹ 179. - S. 5.

 

Azərbaycanlıların soyqırımı Nəriman Nərimanovun siyasi irsində

 

Vaqif Abışov

 

Birinci dünya müharibəsinin davam etdiyi, beynəlxalq münasibətlərin gərgin olduğu və ermənilərin azərbaycanlılara qarşı təcavüzkar siyasətinin genişləndiyi bir dövrdə müstəqil dövlət qurmaq və onu yaşatmaq olduqca çətin idi. Buna baxmayaraq,  Azərbaycan xalqı Şərqdə ilk demokratik respublika quraraq, onu dünya dövlətlərinə tanıtdırmış və öz sərhədləri daxilində xalqların azad, sərbəst, bərabər yaşamağına hüquqi şərait yaratmışdı. Bununla belə, ermənilər xalqımıza qarşı təcavüzkar siyasətindən əl çəkməmiş və on minlərlə dinc insanı amansızcasına qətlə yetirmiş, onların əmlaklarını qarət etmiş və evlərini yandırmışdılar. Onların bu cinayətkar əməllərini dövlət səviyyəsində araşdırmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən Fövqəladə Təhqiqat Komissiyası yaradılmışdı. Həmin komissiyanın, çoxsaylı şahid ifadələri əsasında, topladığı sənədlər bu gün də ermənilərin cinayətkar əməllərinin dünya xalqlarına açıb göstərilməsində mühüm mənbə kimi öz əhəmiyyətini itirməmişdir.

 

1918-ci ildə ermənilərin cinayətkar əməlləri haqqında ilkin və dəqiq məlumatları həmin dövrdə yaşamış və hadisələrə yaxından bələd olan və ya həmin hadisələrdə bilavasitə, yaxından iştirak etmiş şəxslərin yazmış olduqları məqalə və xatirələrdən də almaq mümkündür. Həmin məqalə və xatirələri, 1918-ci ilin mart hadisələrinə ilkin qiymət vermək baxımından, olduqca əhəmiyyətli hesab etmək olar.

İlk olaraq, 1918-ci il mart soyqırımı haqqında düzgün və obyektiv məlumatlar əldə etmək üçün, 1918-1920-ci illərin siyasi burulğanında rəqiblərinə qarşı, xalqına arxalanaraq, təkbaşına mübarizə aparan və bu mübarizədə də canını qurban verən Nəriman Nərimanovun siyasi irsinə müraciət etməyi qərara aldıq.

N. Nərimanov 1918-ci ildə baş vermiş hər bir siyasi hadisəyə olduqca həssas və obyektiv yanaşmış, bolşevik ideyalarına bağlı olmasına baxmayaraq, bu ideyanı özünə bayraq edərək, bilərəkdən və yaxud bilməyərəkdən səhv addım atanları açıq tənqid etməkdən çəkinməmişdir.

O, bütün ömrü boyu haqsızlığa qarşı mübarizə aparmışdır. Tənqid etdiyi şəxsin tutduğu vəzifəsindən asılı olmayaraq, həmişə həqiqəti söyləmişdir. Həm ədəbi yaradıcılığında, həm də siyasi mübarizəsində daim düzgünlüyün, həqiqətin tərəfində olmuş  və bunu öz ətrafında olan siyasi əqidədaşlarından da tələb etmişdir. O, həqiqətləri açıq söylədiyinə görə dəfələrlə təzyiqlərə məruz qalmış, lakin heç bir təzyiqdən qorxmayaraq, ömrünün sonunadək bu mübarizəni davam etdirmişdir.

N. Nərimanov “Ucqarlarda inqilabımızın tarixinə dair” əsərində yazırdı: “Qorxaq odur ki, vəzifəsindən ötrü alçaqcasına yalan danışır”.

O, “Hümmət” qəzetinin səhifələrində məqalələr çap etdirmiş və dövrün ən mühüm siyasi hadisələrini təhlil etmiş, 1918-ci ilin yazında Azərbaycanın müxtəlif bölgələrində – Bakıda, Şamaxıda, Qubada və başqa bölgələrdə Şaumyanın başçılıq etdiyi Bakı Soveti tərəfindən, bolşevik bayrağı altında, azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətini kəskin tənqid etmişdir.

N. Nərimanov bolşevik siyasətinin onun düşündüyü kimi deyil, başqa yöndə həllini tapdığını, yəni zora əsaslanaraq, həyata keçirildiyini gördükdə ona qarşı çıxmışdır. Lakin tarixi təcrübədən məlumdur ki, Leninin rəhbərlik etdiyi bolşeviklər partiyası meydana gəldiyi ilk gündən zorakılığı, sinfi mübarizəni əsas mübarizə forması kimi qəbul etmiş və buna uyğun da yerlərdə öz siyasətini qurmuşdur.

Azərbaycanın bəzi siyasi xadimləri bolşevizmin nə kimi fitnə-fəsadlara gətirib çıxaracağını qabaqcadan görmüş və vaxtında onun qiymətini vermişdilər. Belə siyasi xadimlərdən biri Yusif Vəzir Çəmənzəminli olmuşdur. O, “Müstəqilliyimizi istəyiriksə…” adlı əsərində yazırdı: Bolşevizm  heç bir millət üçün, xüsusən  bizim kimi, əsarətdən yenicə xilas olmuş millətlər üçün heç bir səadət gətirməz. Bolşevizmin sonu hərc-mərclikdir. Biz gərək bolşevizmin öz Vətənimizə gəlməsinə bütün ciddiyyətimizlə mane olaq. Bunun qarşısını almaq üçün bolşevizmi doğura biləcək ədalətsizliyi məmləkətimizdən rəf və dəf etməliyiz. Bolşevizm aclıqdan və səfalətdən çıxır. Bunun üçün millətimizin əksəriyyətini təşkil edən fəhlə və kəndli sinfinin iqtisadi həyatını yoluna qoymalı, torpaq məsələsi onlara əlverişli bir sərfdə həll edilməlidir... Bolşeviklikdə tikicilikdən çox yıxıcılığa əhəmiyyət verilir. “Yıxmaq, yıxmaq və öldürmək!” şüarı hər yerdə hökmü-fərmadır.

İnsanların etimadını qazanaraq, seçki yolu ilə hakimiyyətə gəlmək bolşeviklərin siyasi xəttinə zidd idi. Bunu Bakı Sovetinə keçirilən seçkilərin nəticəsində də görmək mümkündür. 1917-ci il oktyabrın 22-də Bakı Sovetinə keçirilən seçkilərdə Cənubi Azərbaycandan olan 1500 nəfər fəhlənin səsvermədə iştirak etməsinin qadağan olunmasına baxmayaraq, Müsavat 8147 səs, bolşeviklər 3883 səs, menşeviklər isə 687 səs almışlar. Bu nəticələr Azərbaycan xalqının, Bakı əhalisinin və fəhlə sinfinin hansı partiyanın arxasınca getdiyini açıqca göstərirdi. Bolşevik və menşeviklərə isə, əsasən ermənilərlə ruslar səs vermişdilər. S. Şaumyan seçkilərin nəticələri ilə razılaşmayaraq, hakimiyyəti zorla ələ keçirmək yolunu tutmuşdur.

S. Şaumyan rus və ermənilərə arxalanaraq menşevik, eser, daşnak və müsavatçıların çoxluq təşkil etdikləri Bakı Soveti və Bələdiyyə Məclisini zorla yeniləşdirdi və bolşeviklərin çoxluğunu təmin etdi. Sonra Bakı şəhərinin idarələrində çalışan türkləri öz vəzifələrindən uzaqlaşdırdı. Bakıda özünün rəhbərliyi altında sovet hakimiyyətini quran Şaumyan türk-müsəlmanlara “sizə Azərbaycan istiqlaliyyəti yerinə bir məzarlıq bəxşiş edəcəyəm” – deyə açıqcasına söyləyirdi. S. Şaumyanın Bakıda  təşkil etdiyi sovet hakimiyyəti də məhz silah gücünə və azərbaycanlıların qanı üzərində qurulmuşdu.

N. Nərimanov da sinfi mübarizənin tərəfdarı olmuş, lakin insanlara bədbəxtlik gətirən hər cür zorakılığın əleyhinə çıxmışdır. N. Nərimanov “Bakı, 1 aprel” məqaləsində yazırdı ki, rus inqilabının xarakteri hər yerdə sinfi mübarizənin başlanmasını tələb edir.

N. Nərimanov baş verə biləcək faciələrin qarşısını almaq üçün Bakıda, S. Şaumyanın başçılıq etdiyi sovet hakimiyyətini silaha əl atmaqdan çəkindirməyə çalışmış, lakin, bu, mümkün olmamışdı. O, baş verə biləcək böyük fəlakətin qarşısını almaq üçün çox çalışmışdı. Bakıda siyasi qarşıdurmanın gərginləşdiyi bir vaxtda N.Nərimanov toqquşmanın qarşısını almaq üçün öz mənzilində təcili yığıncaq keçirmişdi. O, 1919-cu ilin fevralında yazmış olduğu “Biz Qafqaza hansı şüarlarla gedirik” məqaləsində qeyd edirdi ki, general Talışinski həbs ediləndə Suxarsev mənə dedi ki, nə üçün siz, kommunist ola-ola əksinqilabçı generalın azad edilməsini tələb edirsiniz? Mən ona cavab verdim: Mən generalı azad etmək istəmirəm, mən fəlakətdən xilas olmaq istəyirəm”.

1917-1918-ci illərin inqilabi hadisələrində iştirak etmiş Qədirlinin xatirəsində … mart hadisələrindən 4 gün əvvəl Nərimanovun Şaumyana müraciət edərək silahlı toqquşmaya yol verməməyi ondan xahiş etdiyini göstərmişdi.

N. Nərimanov bilirdi ki, əgər general Talışinskini azad etməsələr, vətəndaş müharibəsi başlanacaqdır. Yenə həmin məqalədə o, yazırdı ki, birinci atışmaya beş saat qalmış bizim mənzildə bir neçə kəndli partiya nümayəndələri və “Hümmət” Partiyasının fəal üzvləri ilə birgə yığıncaq keçirmişdik. Həmin yığıncağa Şaumyan da dəvət olunmuşdu. N. Nərimanov həmin yığıncaqda S. Şaumyana xəbərdarlıq edirdi ki, mümkünsə, silahlı mübarizəyə başlamasınlar, çünki o, milli xarakter alacaqdır. N. Nərimanov “Dikaya diviziya”dan alınmış silahların “Hümmət” Partiyasının nəzarəti altına verilməsini təklif etmişdi. S. Şaumyan da bununla razılaşmalarına baxmayaraq, erməni silahlı dəstələrinə azərbaycanlılara qarşı atəş açmaq əmrini vermişdi. Bununla belə, A.Caparidze və S. Şaumyan siyasi müharibənin başlanmasının günahını müsəlmanların üzərinə atmışdılar.

N. Nərimanov yeni yaranmaqda olan sovet hakimiyyətinin ilk acı zərbəsini məhz Bakıda, 1918-ci il mart qırğını zamanı almışdır. Belə ki, mart hadisələri zamanı S. Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin müdafiəçiləri olan erməni silahlı dəstələri az qala N. Nərimanovu və onun ailə üzvlərini də qətlə yetirəcəkdilər.

Daşnak silahlı dəstələri N. Nərimanovun evinə də basqın edərək qardaşını həbs etmiş, özü isə qaçmaqla canını qurtarmışdı. Ermənilər müsəlmanları qrup şəklində əsir edib öz qərargahlarına apararkən, yolda kütləvi surətdə güllələyirdilər. İş o yerə çatmışdır ki, hətta müsəlmanların bolşevik olması da onları xilas etmirdi.

Daşnaklar deyirdilər: Biz heç bir bolşevik tanımırıq, sən müsəlmansansa, bu, kifayətdir. Onlar kimi istəyirdilər, onu da öldürürdülər, kimi istəyirdilər qarət edir, soyundurur, evini soyub-talayırdılar.

Bolşevizmin bayrağı altında daşnaklar müsəlmanlar üzərində hər cür vəhşilik və özbaşınalıqlar törətmişdilər. Onlar nəinki kişilərə, hətta uşaqlı qadınlara da rəhm etmirdilər.

N. Nərimanov yazır ki, rus, erməni burjuaziyası, guya bu müharibəyə qarışmırdılar və özlərini bitərəf elan etmişdilər. Lakin müharibə vaxtı ermənilər daşnaklarla birgə müsəlmanlar üzərinə hücuma keçdilər.

N. Nərimanov və başqa “hümmət”çilər uzun müddət öz məqalə və çıxışlarında, müraciətlərində mart hadisələrini milli qırğın kimi səciyyələndirmişdilər. Bolşevik mövqeyindən çıxış etməsinə baxmayaraq,  “Hümmət” partiyası da mart qırğınlarına laqeyd qala bilməmişdi.

Partiyanın mətbuat orqanı olan “Hümmət” qəzeti mart hadisələri ilə bağlı öz səhifəsində bir məktub dərc etdirmişdi. Məktubda deyilirdi ki, əvvəlcə siyasi xarakter daşıyan mübarizə sonradan milli xarakter aldı… Biz bolşevik kimi, eyni ­zamanda, imkan vermərik ki, müsəlman yoxsullarının günahsız axan qanları nəticəsiz qalsın. Biz var qüvvəmizlə çalışacağıq ki, müsəlmanlara qarşı törədilən bütün bu nanəcibliyi aşkar edək (“Hümmət” qəzeti , ¹ 37, 1918-ci il).

N. Nərimanov mart qırğınlarından sonra yazırdı: “… Mən sübut etməyə çalışırdım ki, vətəndaş müharibəsini indiki vaxtda başlamaq təhlükəlidir, belə ki, o milli qırğına çevrilə bilər. Mən bunu ona görə deyirdim ki, o zaman Bakıda ancaq daşnaklardan ibarət olan çoxsaylı erməni hərbi hissəsi yerləşirdi. Bakı şəhəri üzrə üç gün vəhşiləşmiş daşnakların dəhşətli azğınlığı baş verir. Nəticədə, daşnaklar, yəni “Sovet hakimiyyətinin müdafiəçiləri” əliuşaqlı müsəlman qadınlarını əsir edirlər … Burada bizim müdafiəçilərimiz haqqında susmaq lazım gəlir”.

1918-ci il aprelin 1-də Bakı Xalq Komissarları Sovetinin Zaqafqaziya kəndli və fəhlələrini mübarizəyə çağıran müraciətində göstərilirdi ki, düzdür Bakıda müsəlman yoxsullarından ölənlər var idi, lakin onlar bəy və xanlar tərəfindən aldadılaraq, sovet hakimiyyətinə qarşı çıxış edən qara kütlələr idi. S. Şaumyan öz cinayətkar əməllərini ört-basdır etmək üçün günahı dinc insanların üzərinə atırdı. 1918-ci ilin martında Bakı şəhərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlarda ölən 12 mindən çox insanı S. Şaumyan “qara kütlə” adlandırırdı.

N. Nərimanov 1918-ci il mart qırğınları zamanı Bakıdakı sovet hakimiyyətinin yürütdüyü siyasəti, 1918-ci il aprelin 3-də Şaumyana və Caparidzeyə göndərdiyi məktubunda da kəskin tənqid etmişdir. O,  məktubda “mart qırğınlarının sovet hakimiyyətinə böyük bir ləkə olduğunu və tezliklə bu qara pərdəni götürmək mümkün olmasa, onda bolşevik şüarı ilə sovet hakimiyyətini burada saxlamaq mümkün olmayacağını” qeyd etmişdir.

N. Nərimanov Bakı qırğınından sonra Azərbaycanın başqa qəzalarında buna bənzər qırğınlara imkan verməmək üçün yazırdı: “Sovet hakimiyyəti üçün müsəlman əhalisi tərəfindən heç bir təhlükə yoxdur. Müsəlmanlar hakimiyyəti səmimi qəlbdən qəbul ediblər, onlar sülh tərəfdarıdırlar”. S. Şaumyan və A. Caparidze isə sovet hakimiyyətini səmimi qəbul etmiş müsəlmanların üzərinə  qaniçən Lalayevin, Əmirovun və Hamazaspın başçılığı ilə cəza dəstələri göndərmişdilər. Bakıda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə görə cəzasız qalan Lalayev, Əmirov və Hamazasp yaranmış fürsətdən istifadə edərək Şamaxı, Quba və Azərbaycanın başqa yaşayış bölgələrində də dinc azərbaycanlılara qarşı kütləvi qətliamlar törətməkdən  çəkinməmişdilər.

Bakıda azərbaycanlıların soyqırımı hələ başa çatmamış, bu qanlı qırğınları qəzalarda da həyata keçirməyə başlamışdılar. Bununla əlaqədar olaraq N. Nərimanov yazırdı: “Lakin belə bir dəhşətli hadisədən sonra, onun qəzalar üzrə həyata keçirilməsini davam etdirmək nəyə lazım idi? Bax, suala 1918-ci ildə Bakıdakı Sovet hakimiyyəti cavab verməlidir”.

Nəriman Nərimanov “1918-ci ildə Bakıdakı Sovet hakimiyyəti cavab verməlidir” yazanda şübhəsiz, onun tərkibindəki erməni çoxluğunun olmasına işarə edirdi. O,  “Qafqazın işğalına baxış” adlı məqaləsində yazırdı: “Tutaq ki, Bakıdakı mart hadisələrini vətəndaş müharibəsi kimi təsəvvür edək. Onda daşnak Əmirov və Stopa Lalayevin Şamaxıda törətdikləri əməlləri necə adlandırmaq olar? Vicdansız, mənfur Lalayevin Şamaxıdakı hərəkətlərini vətəndaş müharibəsi hesab etmək olarmı? O, müsəlman qadın və uşaqları məscidə yığıb … sonra isə məscidi yandırmışdı”.

“Qafqazın işğalına baxış” məqaləsində N. Nərimanov ermənilərin Şamaxı qəzasında azərbaycanlılara qarşı həyata keçirdikləri dəhşətli qırğınla bağlı yazırdı: “Şamaxıdan qayıdan Məşədi Əzizbəyov gözlərindən yaş axa-axa şahidi olduğu faciə haqqında danışanda mənim üçün aydın oldu ki, Bakıda Sovet hakimiyyəti daşnakların əlindədir. Bizim cəza dəstələrimizin adı altında erməni soyğunçu dəstələri müsəlman əhalisinə qarşı o cür qəddarlıqlardan sonra, təbiidir ki, müsəlman proletariatı Sovet hakimiyyətindən üz döndərməkdə tamamilə haqlı idilər”.

Əmirovun və Lalayevin erməni silahlı dəstələri 1918-ci ilin mart – aprel aylarında Şamaxıya hücumları zamanı 58 kənddə təxminən 7 min nəfər öldürmüşdü ki, onlardan 1653 qadın və 965 uşaq idi.    

1918-ci il mayın 1-də Bakı Xalq Komissarları Sovetinin bəyannaməsində deyilirdi: “Vətəndaş müharibəsi indi də davam edir. Qırmızı ordu və Qırmızı qvardiyadan olan yoldaşlarımızın qabaqcıl dəstələri Petrovskidə, Şamaxıda döyüşürlər, Lənkəranda, Dərbənddə, Qubada, Salyanda və başqa yerlərdə sovet hakimiyyətini qururlar”. S. Şaumyanın yerlərdə “Sovet hakimiyyəti”ni qurmağa göndərdiyi silahdaşları Lalayev, Əmirov və Hamazaspın başçılığı altında Qırmızı ordu və Qırmızı qvardiya isə Azərbaycanın şəhər və kəndlərində dinc azərbaycanlılara qarşı kütləvi qırğınlar törətməklə, evləri qarət etməklə  məşğul idilər. Bununla bağlı AXC-nin Fövqəladə Təhqiqat Komissiyasının topladığı sənədlərə müraciət edək: 1918-ci il mayın 1-də Bakı XKS Qubaya azərbaycanlıların qatı düşməni, daşnak Hamazaspı və onun köməkçisi Nikolayın komandanlığı altında, tərkibi ermənilərdən ibarət, təxminən iki min nəfərlik dəstə göndərmişdi. Bu dəstə azərbaycanlılara qarşı özünün amansızlığına görə “Cəza dəstəsi” adını almışdı.  Mayın 1-də şəhərə daxil olan erməni silahlı dəstələri həmin günü şəhərin aşağı hissəsində 715 müsəlmanı qətlə yetirmişdilər. Onların çoxu qadın və uşaqlar idi. Ermənilərin özbaşınalıqları 2-ci gün də davam etmişdir. Bu dəfə onlar 1012 adamı öldürmüşdülər.

Quba şəhər sakini Hacı İsmayıl Orucov isə öz izahatında yazırdı ki, ölüləri dəfn edən mollanın dediyinə görə, o, 2800 nəfərin cənazəsinin torpağa tapşırıldığını saymışdır.

Hamazaspın erməni cəza dəstələri tərəfindən dağıdılana qədər Quba qəzasında təxminən 10 minə yaxın ev olmuşdur. Quba şəhəri üzərinə 1918-ci il mayın 1-də hücum edilərək müsəlmanlara məxsus iki yüzə yaxın ev və başqa tikili dağıdılmış və yandırılmışdı. Həmin evlər və tikililər Bazar, Komendant, Bakıxanov, Bulvar küçələrində yerləşirdi.

N. Nərimanovun “Ucqarlarda inqilabımızın tarixinə dair” əsərində 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba və başqa yerlərdə ermənilər tərəfindən törədilən kütləvi qırğınların Bakıdakı Sovet hakimiyyəti tərəfindən müdafiə edilməsi kəskin tənqid olunmuşdur. Lakin real güc və hakimiyyət S. Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin əlində  idi. N. Nərimanovun bolşevik hakimiyyətində təmsil olunmasına baxmayaraq, onun imkanları olduqca məhdud idi. O, ancaq öz qələmi ilə mübarizə apara bilirdi. Onun başqa qüvvəsi yox idi ki, bolşevik S. Şaumyanı təcavüzkar siyasətdən çəkindirə və azərbaycanlıları kütləvi qırğından xilas edə bilsin.

Sovet hakimiyyətinin “vətəndaş müharibəsi” şüarına (pərdəsinə) bürünmüş erməni rəhbərliyi, Bakıda, sonra isə Azərbaycanın başqa qəzalarında özlərinin tək hakimiyyətliyini qurmaq üçün, bu şüardan məharətlə istifadə  etmişdilər.

Nəriman Nərimanov “vətəndaş müharibəsi” ifadəsini qəbul etməsinə baxmayaraq, vaxtı çatmayan məsələ olduğunu vurğulayırdı. Və bu fikri təsdiq etmək üçün əsas kimi Bakıda, ancaq ermənilərdən ibarət olan çoxsaylı hərbi hissələrin yerləşdiyini göstərirdi.

N. Nərimanov 1918-ci il aprelin 1-də “Hümmət” qəzetinin səhifəsində “Bakı, 1 aprel” sərlövhəli məqaləsində 1918-ci il mart qırğınının kimin günahı ucbatından baş verməsindən bəhs etmişdi. Bu məqalədə o, müsəlmanların arasında apardığı təbliğatın heç bir əhəmiyyəti olmadığını, onları rus inqilabına inandıra bilmədiyini önə çəkmişdir. O, müsəlmanları rus inqilabının odunda yanmamaq üçün fəhlə və kəndli sovetinin bayrağı altında toplaşmağa çağırırdı. Bununla, o, xalqını kütləvi qırğınlardan xilas etmək istəyirdi.

N. Nərimanov həqiqi sosial-demokrat – bolşevik ideyalarına bağlı idi. O, sinfi mübarizəni inkar etmirdi. O, əsl beynəlmiləlçi idi. Onun üçün inqilab xalqların yaxşı yaşaması demək idi. Lakin dinc, günahsız insanların qətlə yetirilməsini heç cür qəbul etmək istəmirdi.

N. Nərimanov 1918-ci il aprelin 20-də “İnqilab və əksinqilab, inqilabçı və əksinqilabçılar” adlı məqaləsində əksinqilab və əksinqilabçının olmadığı kənd və şəhərlərə ordunun göndərilməsini məqsədəuyğun saymamışdır. Lakin o, bundan artığını edə bilməzdi. O, qaniçən erməni quldur dəstələrinin Azərbaycanın qəzalarına göndərilməsinin qarşısını almaq gücünə malik deyildi.

O, 1918-ci il mayın 23-də yazmış olduğu “Necə etmək lazımdır ki, vətəndaş müharibəsi milli xarakter almasın?” adlı məqaləsində, eləcə də başqa məqalələrində “vətəndaş müharibəsindən” bəhs etmişdi. O, bu məqaləsində də S. Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin apardığı “vətəndaş müharibəsini” kəskin tənqid etmişdir. N. Nərimanovun həmin  məqaləsində əyalətlərdə öldürülənlərin yalnız bir millətin nümayəndəsi (azərbaycanlıların – A.V.) olmaları xüsusi olaraq vurğulanır.

S. Şaumyan deyirdi ki, əgər “vətəndaş müharibəsi” bəzi yerlərdə milli xarakter alacaqsa, əsl sosialistlər bundan ötrü həyəcanlanmamalı, ruhdan düşməməlidir. N. Nərimanov isə “vətəndaş müharibəsində ölənlərin 99 faizi müəyyən millətin (azərbaycanlıların) nümayəndəsidir” -- deməklə, S. Şaumyanın düşündüyü və həyata keçirdiyi “vətəndaş müharibəsi” siyasətinə qarşı çıxmış və onu ifşa etmişdir.

N. Nərimanov yazırdı: “...Vətəndaş müharibəsində iştirak etməmiş və hətta, ola bilsin Sovet hakimiyyəti əleyhinə getməyən müəyyən millətdən olan dinc, kasıb və zəif kəndlilərin və yaxud fəhlələrin öldürülməsi, qarət və viran edilməsini ... təsdiq etmək üçün Şamaxı qəzası ilə bağlı “Hümmət”in bürosunda Bakı quberniya komissarı Məşədi Əzizbəyovun tarixi mühazirəsindən, onun alovlu, qəlbi ağrıdan, səbəbkarlara qarşı nifrət və qəzəb dolu çıxışını misal gətirə bilərəm”.

Yelizavetpol Müsəlman Milli Şurasının sədri Xasməmmədov martın 28-də Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə göndərdiyi teleqramında yazırdı ki, Şamaxıda minlərlə müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdi. Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmışdır. Təcili hökumətin köməyi lazımdır.

N. Nərimanov S. Şaumyana və A. Caparidzeyə yazdığı məktubunda onların hər ikisini, onların simasında isə Bakıda Sovet hakimiyyətini ciddi ittiham edirdi: “Siz müsəlman əhalisinə sübut etməlisiniz ki, mart qırğınları sizin Sovet hakimiyyəti istəyinin əleyhinə olaraq baş vermişdir. Bu işi satqınlar və sovet quruluşunun düşmənləri təşkil etmişdir. Bununla Qafqaz və Bakının müsəlmanlarına sübut etmiş olarsınız ki, Sovet hakimiyyəti qaniçən daşnakların əlində deyil. Əks-təqdirdə Bakıda və Qafqazda Sovet hakimiyyətinə dərin quyu qazmış olacaqdır”.

Nəriman Nərimanov 1919-cu ilin fevralında yazmış olduğu “Qafqazın işğalına baxış” məqaləsində qeyd edirdi: “Biz dərk etməliyik ki, bizim Qafqaziyadan getməyimiz yerli əhali arasında xüsusi bir təəssüf doğurmadı. (Söhbət, 1918-ci ildə Şaumyanın başçılığı ilə yaradılan Sovet hakimiyyətindən gedir – A.V.) Çünki onların adət-ənənələrini, milli-tarixi düşüncələrini, sosial-məişət həyat tərzini, mənəvi tələbatlarını, psixoloji cəhətlərini nəzərə almadan onlara qarşı tamamilə yad, düşmən siyasət tətbiq etdik. Biz hakimiyyətdə olanda adi, quru sosialist proqramına əsaslanaraq fəaliyyət göstərirdik. Biz əsl sosialist ideologiyasını həyata keçirmədik. Biz Rusiyada olduğu kimi, Qafqazda da eyni ilə həmin metodu tətbiq etmək istəyirdik. Halbuki, burada bir-birinə mane olan, spesifik məişət şəraiti olan millətlər yaşayırdı”. Nərimanov bunu birinci səhv kimi qeyd etmişdir. Sonra N. Nərimanov yazırdı: “Bizim ikinci partiya səhvimiz ondan ibarət idi ki, biz ancaq fabrik və zavodların divarları arxasında işimizi qururduq. Həmin divarlardan kənara çıxmaq istəmirdik. Zaqafqaziyada bu cür işləmək səhv idi, çünki, burada zəhmətkeşlərin böyük bir hissəsi kəndlilərdən və yarımproletariatdan ibarət idi”.

Üstündən iki il keçəndən sonra, yəni 1920-ci ildə N. Nərimanov eyni ilə Mərkəzin Azərbaycanda, eləcə də Cənubi Qafqazda qurmaq istədiyi və zora əsaslanan diktatura siyasətini tənqid etmişdir.

N. Nərimanov, eyni zamanda, daşnakların məkrli siyasətini özünün “Qafqazın işğalına baxış” adlı məqaləsində açıb göstərmişdir. O yazırdı: “…Daşnaklar özlərinin otuzillik siyasi həyatları ərzində göstərdilər ki, onlar ”Böyük Ermənistan” haqqındakı arzularını həyata keçirmək üçün istənilən halda sifətlərini dəyişə bilərlər. Daşnaklar Qolitsinin dövründə (Rusiya imperiyasında Nazirlər Sovetinin sədri olmuşdur) inqilabi partiya hesab olunurdular, Vorontsov-Daşkovun dövründə onun ayaqlarını öpürdülər və ən qatı əksinqilabçı idilər. Bunun səbəbi onda ki, Vorontsov müharibədən sonra “Böyük Ermənistan” yaratmağa söz vermişdi. Əgər indi Qafqazda Sovet hakimiyyəti qurularsa, onda daşnaklar o saat sifətlərini dəyişib, bu dəfə kommunist olacaqlar. Yenidən Azərbaycanda və Gürcüstanda iş başında duracaqlar… Daşnaklar əllərində “Böyük Ermənistan” xəritəsi və dəqiq proqramla Peterburqda oturmuşdular. Onlar “Böyük Ermənistan” yaratmaqla məşğul idilər. Hətta, gürcü millətçiləri daşnakların bu həyasız və utanmaz hərəkətlərindən həyəcanlanmışdılar. Tam əminliklə elan edirəm ki, o vaxtlar Rusiyada mövcud olan heç bir milli partiya daşnaklar kimi bu qədər xəyanət və satqınlıq etməmişdir”.

Vaxtilə N. Nərimanovun dedikləri zaman-zaman özünü doğrultmuş və sonrakı illərdə ermənilər dünya dövlətlərini, xüsusən xristian dünyasını özlərinin yalan üzərində qurulmuş planlarına inandıra bilmiş və nəticədə, Azərbaycan torpaqlarının bir hissəsini ələ keçirərək orada yaşayan minlərlə azərbaycanlını qətlə yetirmiş və sağ qalanları deportasıya etmiş, onların əmlakını qarət etmiş, həmin yerlərin tarixi abidələrini məhv etmişdir.