Xalq qəzeti. - 2017.- 11 avqust. - ¹ 173. - S. 1.

 

Azərbaycan və Türkmənistan əlaqələri ən yüksək səviyyədədir

 

Əliqismət Bədəlov

 

Bu gün apardığımız danışıqlar və imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan –Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamışlar, əməkdaşlıq, dostluq etmişlər. Dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində qurulub.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan bizim mühüm və etibarlı tərəfdaşımızdır. Biz Mərkəzi Asiya, Xəzər hövzəsi zonasında sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, burada səmərəli əməkdaşlıq mexanizmlərinin qurulması üçün müvafiq şəraitlərin yaradılması məqsədilə fəal şəkildə birgə çalışırıq.

 

Qurbanqulu BERDİMƏHƏMMƏDOV

Türkmənistan Respublikasının Prezidenti

 

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri, iki ölkə prezidentlərinin təkbətək, geniş tərkibdə görüşləri, mətbuata bəyanatlarla çıxışları və müxtəlif sahələr üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə sənədlərin imzalanması Azərbaycan – Türkmənistan tərəfdaşlığının yeni mərhələyə qədəm qoymasından xəbər verir. Söz yox ki, əsrlər boyu xalqlarımız dostluq və  mehriban qonşuluq şəraitində yaşamışlar. Bütün bunlara baxmayaraq, Türkmənistan  Prezidentinin ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər və Birgə Bəyannamə ikitərəfli əlaqələrimizin inkişafına töhfə olmuşdur.

Azərbaycanla Türkmənistanın dostluq münasibətləri qədim tarixə malikdir. Bu, ilk növbədə, azərbaycanlılar və türkmənlərin eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik olmasından irəli gəlir. Digər əsas cəhətlərdən biri də azəri və türkmən xalqlarının dil və din eyniliyidir.  Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından Azərbaycan xalqına ən yaxın olan xalqlardan biri məhz türkmənlərdir.

Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olduğu dövrdə də  iki ölkə arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ-nin süqutundan sonra  postsovet məkanında müstəqil dövlətlər yarananda Azərbaycan və Türkmənistan artıq müstəqil, suveren dövlət kimi ikitərəfli  münasibətləri daha da inkişaf etdirməyə başlamışdır. 1992-ci il iyun ayının 9-da iki ölkə arasında diplomatik əlaqələr  qurulmuş, səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmış və bu gün də yüksək səviyyədə davam etdirlir. İki ölkə arasındakı əməkdaşlıq 2008-ci ildən sonra daha da yaxşılaşmışdır.  Həmin ilin may ayında ilk dəfə olaraq, Türkmənistan Prezidenti Azərbaycana səfər etmişdir və ondan bir neçə ay sonra – 2008-ci ilin noyabr ayında Prezident İlham Əliyev Türkmənistana səfər etmişdir. O səfərlər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın yeni mərhələyə qədəm qoymasında  dönüş nöqtəsi idi. Həmin səfərlərdən sonra Azərbaycanla Türkmənistan arasında geniş əməkdaşlıq formatı yaradıldı və biz bu gün onun gözəl bəhrəsini görürük.

Azərbaycan ilə Türkmənistan arasında  parlamentlərarası əlaqələr, iqtisadi sahədə əməkdaşlıq, həmçinin beynəlxalq səviyyədə bir-birini müdafiə etməsi diqqət mərkəzində olmuşdur.  Xüsusilə, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində əlaqələr daha sıx olmuşdur.

Hazırda Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan–Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 1997-ci il martın 7-də  "Azərbaycan–Qırğızıstan, Türkmənistan, Tacikistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılsa da, 2000-ci il dekabrın 5-dən artıq Azərbaycan–Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu kimi fəaliyyət göstərir.

Ötən dövr ərzində Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında 40-dan çox sənədin imzalanması iki ölkə arasında əməkdaşlığın yeni müstəviyə qədəm qoymasından xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidentinin səfərini yüksək qiymətləndirmiş və bunun iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayacağına əminliyini ifadə etmişdir. İki ölkə arasında  bütün sahələr üzrə uğurlu əməkdaşlığın mövcud olduğu, siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə çox yaxşı nəticələrin qeydə alındığı da diqqətə çatdırılmışdır. Dövlətimizin başçısı bildirmişdir ki, təkbətək görüşdə müzakirə olunan məsələlər bir daha onu göstərir ki, bizim mövqelərimizdə eyni yanaşma var: “Biz istəyirik ki, Türkmənistan ilə Azərbaycan həmişə olduğu kimi öz əlaqələrini yüksək səviyyədə saxlasınlar, bu əlaqələr daha da inkişaf etsin. Biz istəyirik ki, bölgədə sabitlik, sülh daim bərqərar olsun. İstəyirik ki, xalqlarımız yaxşı yaşasın, rifah içində yaşasın. Əlbəttə ki, ikitərəfli əlaqələrimizin inkişafı xalqlarımızın maraqlarına tam cavab verir və həm beynəlxalq arenada, həm regionda, həm ikitərəfli formatda Türkmənistan və Azərbaycan nümunəvi münasibətlər göstərir. Sizin bugünkü səfəriniz bunun növbəti təsdiqidir”.

Prezident İlham Əliyev Türkmənistanın əldə etdiyi nailiyyətlərdən, xüsusilə Prezident  Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi dövründə ölkənin qazandığı uğurlardan da söhbət açmışdır: “Türkmənistanın əldə etdiyi uğurlar haqqında danışmaq istərdim. Sizin rəhbərliyinizlə ölkəniz sürətlə inkişaf edir, sosial, iqtisadi məsələlər uğurla həll olunur, vətəndaşların rifah halı yaxşılaşır, Türkmənistan beynəlxalq aləmdə böyük rol oynayır. Sizin neytrallıq siyasətiniz dünya ictimaiyyəti tərəfindən dəstəklənir və Birləşmiş Millətlər Təşkilatı Türkmənistanın neytrallığı ilə bağlı iki il əvvəl qətnamə qəbul etmişdir. Azərbaycan da o qətnamənin həmmüəllifi olmuşdur”.

Hazırda iki ölkə arasında bütün sahələr üzrə əlaqələr uğurla inkişaf edir və bir çox istiqamətlərdə ikitərəfli fəaliyyət getdikcə gücləndirilir. Bunu Türkmənistan Prezidenti həm təkbətək, həm geniş tərkibdə, həm də mətbuata bəyanatında təsdiqləmişdir.  Dost ölkənin başçısı öncə səmimi qəbula, yüksək qonaqpərvərliyə və  səmərəli birgə iş üçün çox gözəl şərait yaradıldığına görə minnətdarlığını bildirmişdir. Rəsmi səfərin əsas məqsədinə toxunan Türkmənistan Prezidenti  bunu dövlətlərimiz və xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinə yönəldilməsi ilə əlaqələndirmişdir: “ Bu gün əlaqələrimizin və əməkdaşlığımızın iqtisadiyyat, ticarət və humanitar sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Siyasi istiqamətə gəldikdə, bildirmək istərdim ki, dövlətlərimiz əsasən məhz beynəlxalq və regional təhlükəsizliyin qorunub saxlanılmasının tərəfdarıdır. Biz arzu edirik ki, ölkələrimizin sabit inkişafı davam etsin. Bu, öz növbəsində Mərkəzi Asiyada və Xəzər dənizi hövzəsi regionunda siyasi proseslərin cərəyan etməsinə müsbət təsir göstərən bir amildir”.

Türkmənistan Prezidenti  səfər çərçivəsində ulu öndər Heydər Əliyevin məzarını  və Şəhidlər xiyabanını ziyarət etmişdir. O, keçirdiyi görüşlərin əhəmiyyətindən söhbət açaraq demişdir ki, Türkmənistan ilə Azərbaycan arasında ən yüksək səviyyədə danışıqlar aparıldı. Həmin görüşlər zamanı ikitərəfli münasibətlərin durumu və perspektivləri, regional və beynəlxalq siyasət məsələlərinin müzakirə olunduğunu, gələcək qarşılıqlı fəaliyyətimizin konkret istiqamətlərinin təyin edildiyini diqqətə çatdıran dost ölkənin rəhbəri  iki ölkə arasında ənənəvi olan qarşılıqlı inam və açıqlıq mühitində keçən danışıqların konstruktiv və məzmunlu xarakterini xüsusilə qeyd etmişdir. Görüşlər zamanı bütün istiqamətlərdə – siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə aparılan ikitərəfli dialoqun indiki səviyyəsi yüksək dəyərləndirilmişdir. Türkmənistan Prezidenti bütün bunlardan məmnunluq ifadə edərək, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulamışdır : “Azərbaycan ilə əlaqələrimiz qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik və yüksələn xətlə inkişaf edir”.

Prezident qeyd etmişdir ki, Türkmənistan ilə Azərbaycan arasında əməkdaşlıq bütün istiqamətlər üzrə durmadan inkişaf edəcək. Bu, iki ölkənin və xalqın uzunmüddətli maraqlarına cavab verir, beynəlxalq proseslərin müsbət inkişafının güclü amilidir. Bu əlaqələrin davamlı və intensiv olmasında  və Türkmənistanla əməkdaşlıq məsələlərinə daimi diqqətin göstərilməsində Azərbaycan Prezidentinin böyük şəxsi xidmətlərini xüsusi qeyd edən Qurbanqulu Berdiməhəmmədov Azərbaycan ilə Türkmənistan arasında qardaşlıq əlaqələrinin inkişafına göstərdiyi yüksək diqqətə görə Prezident İlham Əliyevə  dərin minnətdarlığını bildirmişdir.

Qardaş ölkənin Prezidenti müstəqillik illərində Azərbaycan xalqının əldə etdiyi nailiyyətlərdən və gələcək uğurlardan sevindiklərini də bəyan etmişdir. O, bu sahədə Prezident İlham Əliyevin böyük və xüsusi xidmətlərinin olduğunu diqqətə çatdırmış, dövlətimizin başçısının fəaliyyətinin təkcə regionda deyil, həm də dünya miqyasında bəhrələr verdiyini vurğulamışdır: “İlham Heydər oğlu ölkəsinə inamla rəhbərlik etməklə haqlı olaraq regionda və dünyada layiqli hörmət qazanıb. Bu, həqiqətən də belədir. Mən ölkələrimiz arasında münasibətlərin inkişafında və möhkəmlənməsində onun şəxsi xidmətlərini xüsusilə qeyd edirəm”.

Prezident Qurbanqulu Berdiməhəmmədov  hazırkı şəraitdə hər iki ölkənin  nüfuzlu beynəlxalq təşkilatlar – BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirməyin vacib olduğunu bildirmişdir. O, bundan sonra da Türkmənistan ilə Azərbaycan arasında əməkdaşlığın bütün istiqamətlər üzrə durmadan inkişaf edəcəyini bəyan etmiş, bunun iki ölkənin və xalqın uzunmüddətli maraqlarına cavab verəcəyini, beynəlxalq proseslərin müsbət inkişafında güclü amil olacağını bildirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə siyasi, iqtisadi, energetika, nəqliyyat, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın  daha da inkişafı üçün sənədlərin imzalanması mərasimi olmuşdur. İki ölkə arasında strateji tərəfdaşlıq haqqında  Birgə Bəyannamə imzalanmışdır.