Bakı Xəbər. - 2017.- 9 avqust. - 140. - S. 13

 

Tarixdə iz buraxanlar: Əli bəy Hüseynzadə

 

Fazil Qaraoğlu,

professor

 

Əli bəy Hüseynzadə 24 fevral 1864-cü ildə anadan olub. Atası Molla Hüseyn Hüseynzadə, anası Xədicə xanımdır. Kiçik yaşlarında ikən ailəsi ilə Tiflisə köçüb. Atasını erkən itirən Əli bəy o zaman Qafqaz şeyxülislamı olan babası Şeyx Əhməd Səlyaninin himayəsində böyüyüb. Əli bəy Hüseynzadə Tiflis gimnaziyasında təhsil alıb. Uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb və rus dillərini öyrənib.

Əli bəy babası Şeyx Əhmədlə onun dostu, Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundovun söhbətlərindən faydalanıb və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanıyıb. Yəni Əli bəy Hüseynzadədə gimnaziyada təhsil aldığı dövrdən etibarən türkçülük fikrinin yaranmasında və türkçülüklə bağlı fikirlərin formalaşmasında babası Şeyx Əhməd Səlyaninin və Mirzə Fətəli Axundovun böyük təsiri olub.

Görkəmli ictimai xadim Ziya Gökalp Əli bəy Hüseynzadədən bəhs edərkən onun Rusiyadakı millətçilik cərəyanlarının təsirilə bir türkçü kimi yetişdiyini, kollecdə ikən gürcü gənclərindən son dərəcə millətsevər olan bir dostunun ona millət sevgisini aşıladığını yazıb. Yəni Əli bəydə millət sevgisi uşaqlıqdan formalaşıb.

Əli bəy Hüseynzadə 1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olub. Burada o, həm də Şərqşünaslıq fakültəsində görkəmli professorların mühazirələrini dinləyib. Dövrün məşhur elm xadimləri - Dmitriy Mendeleyev, Yeqor Vaqner, Nikolay Menşutkin, Nikolay Beketov, Valentin Jukovski və başqalarından dərs alan Əli bəy Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olub, "xaçlılar" hərəkatına rəğbət bəsləyib. O zaman Sankt-Peterburqda yaranmış vəziyyətə görə, bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalıb. Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Türkiyəyə, İstanbula gedib və orada əsgəri-zibbiyyə fakültəsində tədris almaqla dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssis ixtisası və yüzbaşı hərbi rütbəsi qazanıb. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedib. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünununda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilib. O, burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğuna və İttihad Tərəqqi partiyasının ilk özəyini yaradanlardan biri olduğuna görə təqib olunub.

Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Əli bəy Hüseynzadə "Kaspi" qəzeti ilə əməkdaşlığa başlayıb, publisistik yazılarını dərc etdirib və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayıb, islahatçı-reformist ideya adamı kimi tanınıb. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayıb. Bu qəzet Əli bəy Hüseynzadəni Azərbaycana "ağır başlı" filosof, "ağla qida verən sözlər" söyləyən mütəfəkkir kimi tanıdıb. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirib, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışıb. Əli bəy Hüseynzadənin fəlsəfi mühakimələri bu mənada çox maraqlıdır. Məsələn, o deyirdi: "Türklər ya ölər, ya hicrət edərlər, fəqət qul olmazlar," "Hər kəsə uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı ola bilməz," "Qalib olmaq haqqı o camaatındır ki, həyata açıq gözlə nəzər salar, zəmanənin ruhunu, icabatını anlar, dərk edər..."

Dövrün ziddiyyətli, mədəniyyət, dil və türkçülüyün problemli olduğu bir tarixi şəraitdə, "türk" kəlməsinin dilə gətirilmədiyi tarixi bir məqamda Əli bəy Hüseynzadə "Həyat" qəzetinin səhifələrində çap etdirdiyi "Türklər kimdir və kimlərdən ibarətdir?" adlı əsəri ilə türk xalqlarına, o cümlədən Azərbaycan türklərinə üz tutaraq "Biz ki, türk oğlu türkük, biz ki, millətlərin ən qədimi və ulusuyuq," deyə hayqırır, bəzi mətbuat orqanlarında Çingiz xanın və Əmir Teymurun monqol kimi göstərilməsini tənqid edir, onların türk olduqlarını və nəsillərindən olan şəxsiyyətlərin də adlarını çəkərək onların hər zaman türkcə danışdıqlarını və türkcə yazdıqlarını bildirirdi. Məşhur Amerika tarixçisi Tadeus Svyatoxovski Azərbaycan tarixi ilə bağlı araşdırmalarında xüsusi olaraq qeyd edir ki, "XX əsrin əvvəllərində türk xalqlarına kimliyini bildirən bir nəfər var idi, o da Əli Bəy Hüseynzadə idi.

Çətinliklər çox idi. Bir yandan da ermənilərin "Həyat" qəzeti barədə xəyanətləri bitib-tükənmirdi. Onların tələbi ilə Qafqaz canişini təcili olaraq "Həyat"ın sərlövhəsində "türk" sözünün "tatar" sözü ilə əvəzlənməsini tələb edirdi. Təzyiqlərə dözməyən "Həyat"ı bağlamaqdan başqa bir yol qalmadı... Çox keçmədi ki, böyük maarifçi, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə "Füyuzat" jurnalı nəşrə başladı. Nəticədə, Əli bəy "Həyat"da başladığı türkçülük ideyalarını "Füyuzat"da da davam etdirərək türkçülüyün siyasi proqramı olan "türkləşmək, islamlaşmaq, avropalaşmaq" formulunu bitkin bir sistem halına gətirdi. "Füyuzat" jurnalı eyni zamanda Azərbaycan ədəbiyyatında yeni bir istiqamətin - ədəbi məktəbin yaranmasına səbəb oldu.

XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, Füyuzat jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.

Əli bəy Hüseynzadə "Füyuzat" jurnalında nəşr olunan məqalələrinin birində yazırdı: "Bizə fədai lazımdır! Türk hissiyyatlı, İslam etiqadlı, müasir qiyafəli fədai!" Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və "Tazə həyat," "İrşad," "Tərəqqi," "İqbal," "Açıq söz," "Qurtuluş," "Azərbaycan" və digər mətbuat orqanları tərəfindən "Türkləşmək, islamlaşmaq, müasirləşmək" - azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu.

Publisistik fəaliyyətlə yanaşı, Əli bəy Hüseynzadə pedaqoji sahəyə də xüsusi diqqət yetirirdi. 1907-ci ilin avqust ayında Bakıda keçirilən Azərbaycan müəllimlərinin II qurultayının təşkili və keçirilməsində onun da müstəsna rolu vardı. "Füyuzat" məcmuəsi bağlandıqdan sonra Əli bəy 1908-1910-cu illərdə "Səadət" Ruhani Xeyriyyə Cəmiyyətinin Bakıda təsis etdiyi "Səadət" məktəbində əvvəlcə türk dili və ədəbiyyatı müəllimi, sonra həmin məktəbin müdiri oldu. Bu məktəbdə çalışanlardan biri də məşhur Üzeyir bəy Hacıbəyov idi. Əli bəyin Üzeyir bəylə əməkdaşlığı və dostluğu təkcə məktəb həyatı və mətbuatla məhdudlaşmırdı. Türk-islam dünyasında ilk opera sayılan Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının Hacı Zeynalabdin Tağıyevin teatrında baş tutan ilk tamaşasının bədii tərtibatçısı, rəssamı da Əli bəy Hüseynzadə idi.

Keçmiş inqilabçı dostlarının dəvətilə Əli bəy Hüseynzadə 1910-cu ilin sonunda Türkiyəyə köçmək qərarına gəlir. Ə. Quliyev qeyd edir ki, dövrün tanınmış ziyalılarından Əlabbas Muznib Əli bəyi "bir bölük maarif yetimi olan Qafqaz müsəlmanlarının atası" hesab edir, onun gedişilə "Qafqaz əhalisinin başsız, böyüksüz" qalacağını ürək ağrısı ilə dilə gətirirdi... Əli bəy Hüseynzadə Bakı-İstanbul marşrutu ilə səfəri zamanı Tiflisdə dəmiryol vağzalında böyük ədib Cəlil Məmmədquluzadə ilə görüşür. Sovet ədəbiyyatşünaslığında molla nəsrəddinçilərlə füyuzatçılar həmişə üz-üzə qoyulsa da, C. Məmmədquluzadə Əli bəyin ictimai-siyasi fəaliyyətini yüksək qiymətləndirirdi. Türkiyəyə dönən Əli bəy Hüseynzadə İstanbul Universitetinin professoru kimi Universitet bağlanana qədər pedaqoji fəaliyyətlə məşğul olub. Onun vaxtilə Avropa dəyərləri ilə bağlı söylədiyi fikirlər indi də aktuallığını itirməyib: "Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik, özlərinə deyil! Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istəyirik ki, ölkəmiz onların beyinlərini həzm etsin, mədələrində həzm olunmasın..."

Əli bəy Hüseynzadə İslam-Türk millətinin yüksəlməsi və müasirləşməsində üç düstura görə hərəkət edilməsini və bu düsturun türkləşmək, islamlaşmaq və avropalaşmaq olduğunu bildirirdi. Bu üçlü görüş daha əvvəl bir az qeyri-müəyyən, sistemsiz şəkildə Əli Suavi tərəfindən irəli sürülmüş və müdafiə edilmişdi. Fəqət Əli Suavi hələ Türkçülüyün oyanmadığı və Namiq Kamalın Osmanlı-İslam görüşünün hakim olduğu bir dövrdə yaşadığına görə onun fikirləri unudulmuşdu. Əli bəy Hüseynzadənin təklifi tam zamanındaydı.

Əli bəy Hüseynzadənin Türkçülüyə dair baxışlarının Ziya Gökalpa təsiri ilə əlaqədar məsələlər Hilmi Ziya Ülkənin yaradıcılığında parlaq şəkildə öz əksini tapıb: 1905-ci ildə Tiflisdə Əli bəy Hüseynzadə tərəfindən irəli sürülən türkləşmək, islamlaşmaq və avropalaşmaq fikri 1911-ci ildə hərarətli tərəfdarlar tapdı. Ziya Gökalp "Türkləşmək, islamlaşmaq, müasirləşmək" adlı məqalələr yazdı və 1918-ci ildə bu məqalələrdən ibarət kitabını nəşr etdirdi. Ziya Gökalp Əli bəy Hüseynzadənin dəyərini anlamışdı və bu kitabında onu "Yalavac" adlandırmışdı. "Yalavac" sözü isə gələcəkdən xəbər verən, müjdəçi və s. kimi mənaları daşıyır.

Əli bəy Hüseynzadə Azərbaycan xalqının milli oyanışında, əsası Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabi tərəfindən qoyulan milli maarifçilik hərəkatının islamçılıq və qərbçilik ideyalarının inkişafında müstəsna rol oynayan tarixi şəxsiyyətlərimizdən biridir. O, "türkləşmək, islamlaşmaq, avropalaşmaq" milli dirçəliş və milli istiqlal formulu ilə türkçülüyün siyasi məramnaməsini, elmi-nəzəri əsaslarını və milli istiqlal mücadiləsini hazırlayan və tariximizə türkçülüyün atası kimi daxil olub. Türkçülüyün böyük ideoloqu Ziya Gökalp Əli Bəy Hüseynzadəni özünün ustadı sayıb.

Azərbaycan Xalq Cumhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin "Türkləşmək, islamlaşmaq, müasirləşmək" tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadəni gənclərin qayğısına qalan, onlara yol göstərən bir insan kimi xarakterizə edib və: "Məhz Əli bəy Hüseynzadə türkçülərin rəhbərlərindən və bizə yol göstərən bir insan oldu"- deyib.

Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib. O, bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edib, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışıb.

Allah rəhmət eləsin.