Xalq qəzeti.-2017.-31 yanvar.-21.-S.8.

 

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyi Gəncədə qeyd olunub

 

Hamlet QASIMOV

 

Gəncə Şəhər Səhiyyə İdarəsində Əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin 120 illik yubileyi münasibətilə Görkəmli ictimai və elm xadimi Əziz Əliyev: həyat və fəaliyyəti mövzusunda elmi konfrans keçirilib. Konfransda Gəncə Şəhər Səhiyyə İdarəsinin işçiləri və  şəhərdəki tibb müəssisələrinin baş həkimləri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları iştirak ediblər.

 

Şəhər səhiyyə idarəsinin rəisi, professor Əlikram Məmmədov çıxış edərək bildirib ki, Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2016-cı il tarixli sərəncamı alimin respublikada səhiyyə sisteminin inkişafı istiqamətindəki fəaliyyətinə verilən yüksək qiymətdir.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov Azərbaycan təbabəti tarixində xüsusi yeri olan Əziz Əliyevin həyat və fəaliyyəti barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, Əziz Əliyev 1897-ci il yanvarın 1-də İrəvan quberniyasının Hamamlı kəndində Məmmədkərim Kərbəlayi Qurbanəli oğlunun ailəsində anadan olub. Anası Zəhra xanım İbrahim bəy Süleymanbəyovun qızı idi. O, 1908-ci ildə İrəvandakı gimnaziyaya daxil olub, 1917-ci ildə buranı bütün fənlər üzrə əla qiymətlərlə bitirib. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə Hərbi Tibb Akademiyasına daxil olsa da, təhsili yarımçıq qalıbdır. Onun Bakı həyatı 1923-cü ildən başlayıb. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarları Şurasının katibi vəzifəsini icra edib. Bu çətin və məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, o 1927-ci ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirib və universitetin daxili xəstəliklər kafedrasında saxlanılıb.

Qeyd olunub ki, Əziz Əliyev İkinci Dünya müharibəsi illərində Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib. Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, xalq səhiyyə komissarının müavini, xalq səhiyyə komissarı vəzifələrində çalışarkən səhiyyə sahəsində problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb.

Əziz Əliyev 1934-cü il martın 30-da paytaxtda səhiyyə işlərini yaxşılaşdırmaq məqsədilə Bakı şəhər səhiyyə şöbəsinin müdiri, 1935-ci il yanvarın 14-də Azərbaycanda yüksək ixtisaslı milli tibb kadrlarının hazırlığını gücləndirmək məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru təyin edilib. O, 19411942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilib. 19491950-ci illərdə Moskvada ÜK (b) P MK-nın inspektoru, 19501951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləyib.

Diqqətə çatdırılıb ki, Əziz Əliyev həm də gözəl ailə başçısı olub. Qızı Zərifə xanım Əliyeva görkəmli oftalmoloq-alim kimi ad-san qazanıb, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Qızı Gülarə xanım Əliyeva görkəmli musiqiçi, mahir piano ifaçısı olub. Oğlu Tamerlan Əliyev tibb elmləri doktoru, professor elmi dərəcələrinə yüksəlib. Əziz Əliyevin digər oğlu, akademik Cəmil Əliyev hazırda Milli Onkologiya Mərkəzinin direktorudur.

Rektor qeyd edib ki, professor Əziz Əliyevin həyat yolu hər bir mərhələdə elmi, pedaqoji, ictimai və dövlət fəaliyyəti sahələri ilə zəngin olub. Ölkəmizdə ali tibb təhsilinin, ixtisasartırma və kadrların yenidən hazırlanması sisteminin, səhiyyə təşkilatları və müəssisələri şəbəkəsinin əsasını qoyanlardan biri kimi onun nəsillərə saxladığı irs öz dəyərini hələ də itirməyibdir.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inkişafında və beynəlxalq aləmdə tanıdılmasında, milli tibb kadrlarının, səhiyyə işçilərinin hazırlanmasında Əziz Əliyevin fəaliyyəti xüsusi vurğulanıb.

Konfransda İnstitutun dosentləri Elmira Qədimova və Zenfira Quliyeva görkəmli ictimai və elm xadimi Əziz Əliyevin zəngin ömür yolundan və fəaliyyətindən söhbət açıblar.