Xalq qəzeti.-2017.-16 iyul.-151.-S.2.

 

Azərbaycan Türkiyə qardaşlığı tarixin ağır sınaqlarından çıxıb

 

Qardaş ölkədə bir il əvvəl baş vermiş 15 iyul hadisələrinin dəhşəti Azərbaycan xalqına yaxşı tanış idi

 

İttifaq Mirzəbəyli

 

O gecə yaşanan qanlı hadisələr, ölkənin Konstitusiya quruluşunu fədakarlıqla qoruyan   türk xalqının mətinliyi və insanların öz canını qurban verməsi Azərbaycanda əsl qəhrəmanlıq nümunəsi kimi böyük ehtiramla xatırlanır. Həmin gün demokratiya və qanunçuluğun müdafiəsinə qalxmış milyonlarla  vətəndaş bir daha sübut etdi ki, xalqın iradəsinə heç kim qalib gələ bilməz və dövlətçiliyə qarşı yönəlmiş  istənilən cəhd  iflasa məhkumdur.

 

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana
14 iyul 2017-ci il tarixli məktubundan.

 

Azərbaycanın, qardaşım İlham Əliyevin göstərdiyi dəstəyi, yardımı başqa heç bir dövlət Türkiyəyə etmədi.

 

Rəcəb Tayyib Ərdoğan 
Türkiyə Cümhuriyyətinin Prezidenti

 

Zaman dünyanın bütün ölkələrində xalqın və dövlətin əleyhinə fəaliyyət göstərən qurum, zümrə və ayrı-ayrı fərdlərə dəfələrlə sübut edib ki, xalqın iradəsi qarşısında duruş gətirmək mümkün deyil. Tarix göstərib ki, xalqın iradəsinə qalib gəlmək heç bir qüvvəyə nəsib olmayıb. Çox təəssüf ki,  min dəfələrlə öz təsdiqini tapmış həmin həqiqət bəzi insanların və onları idarə edən dairələrin yadından çıxır. Ötən il iyulun bu günlərində qardaş Türkiyədə dövlət çevrilişi etmək istəyənlərin bədbəxtliyi də məhz  unutqanlıqları idi. Tarixin ibrət dərslərini unutmasaydılar, böyük Mustafa Kamal Atatürkün yaratdığı,  dünyanın ən ədalətli qanunverici orqanlarından olan Türkiyə Böyük Millət Məclisini atəşlərə məruz qoymazdılar.

 

Həmin unutqanlıqdan  yaxa qurtarsaydılar, çoxsaylı xarici qüvvələrin birləşmiş orduları tərəfindən dağıdılmış Osmanlı dövlətinin xarabalıqları arasından qüdrətli Türkiyə Cümhuriyyətini ucaldan insanların ruhuna bu qədər hörmətsizlik etməzdilər. Bu  hörmətsizliyi edənlər məhz öz səhvləri üzündən türk xalqının əbədi nifrət ünvanına çevrildilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin qanlı hadisələrin ildönümü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda qeyd edilir ki, Azərbaycan rəhbərliyi hadisə haqqında xəbər tutan kimi dərhal Türkiyənin legitim hakimiyyətinə öz dəstəyini ifadə edərək,  ölkənin Konstitusiya quruluşuna qəsd edən Vətən xainlərini  birmənalı şəkildə  pislənilib  və bununla bağlı Azərbaycanın hökumət üzvlərinə  dövlət başçısı tərəfindən müvafiq tapşırıqlar verilib. Odur ki, Prezident İlham Əliyev qardaş ölkənin sabahı ilə bağlı böyük əminliklə söz açır: Əminəm ki, dövlətçiliyi, demokratik dəyərləri və Sizin rəhbərliyinizlə cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş uğurları yaşatmaq üçün sarsılmaz iradə nümayiş etdirən  vətəndaşların rəşadəti və şəhidlərin  unudulmaz xatirəsi  hamımızın qəlbində daim yaşayacaqdır. Sizin liderliyiniz, türk xalqının həmrəyliyi və qətiyyəti sayəsində xain niyyətlərin qarşısına keçilməz sipər çəkildi, Türkiyə dövləti böyük təhlükələrdən xilas oldu.  Ötən  dövrdə Siz  əhalini səfərbər etməklə, ölkənizin inkişafı və dünya dövlətləri sırasında nüfuzunun güclənməsi istiqamətində böyük işlər gördünüz,  şəxsi məqsədlərini xalqın iradəsindən üstün tutan antimilli qüvvələrə qalib gəldiniz. Bütün bunlar, qardaş Türkiyə vətəndaşları kimi, bizi də ürəkdən  sevindirir. 

İyulun 14-də  Bakıda -- Akademik Milli Dram Teatrının binasında 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş tədbirdə də bu qəbildən olan qanlı hadisələrin xalqda yaratdığı ikrah və nifrət hissləri barədə söz açılıb.  Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi -- şöbə müdiri Əli Həsənov bildirib ki, kim də bilməsə, Azərbaycan xalqı bu hadisələrin nə olduğunu yaxşı bilir: Çünki biz özümüz də 1993-cü ildə belə hadisələrin şahidi olmuşuq. 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlər oldu. Hər iki halda Azərbaycanda da xain qüvvələr şəxsi ambisiyalarını xalqın iradəsindən üstün tutaraq dövlətə, dövlətçiliyə əl qaldırdılar, silah işlətdilər, Azərbaycanda qanuni hakimiyyəti devirməyə cəhd etdilər. Ancaq onların nəyə nail olduqlarını burada oturanlar çox yaxşı bilir.

Qeyd edilib ki, bu gün  Türkiyədə də, Azərbaycanda da  həm Azərbaycanın yaşadığı olayların, həm də Türkiyədə 1 il əvvəl yaşanan hadisələrin  əsas mahiyyəti hamıya gün kimi aydındır. Həmin hadisələr sübut etdi ki, heç kim xalqın iradəsinə qalib gələ bilməz.

Azərbaycanda olduğu kimi, Türkiyədə də xain qüvvələr xalqın iradəsinə qalib gələ bilmədilər. Çünki həqiqətin harada olduğunu yaxşı bilən  xalq öz canını qurban verərək, bu çevrilişin qarşısını alıb.

Dövlət rəsmisi qeyd edib ki, 15 iyul hadisələrinin ağrısını təkcə Türkiyə əhalisi yaşamadı. Biz də o dəhşətli gecənin sarsıntılarını türk qardaşlarımızla birlikdə yaşadıq :

 Hər kəs bilir ki, 15 iyulda -- o müdhiş gecədə Azərbaycanda, demək olar,  heç kim səhərə qədər yatmadı. Azərbaycan Prezidentinin köməkçisi kimi mən şahidəm ki, səhərə qədər cənab Prezident İlham Əliyev o gecənin, belə deyək, ciddi sarsıntılarını yaşadı və səhərə qədər hadisələrin necə cərəyan edəcəyini, Azərbaycanın Türkiyənin qanuni seçilmiş, konstitusiya quruluşunu təmsil edən hakimiyyətinə necə yardım edəcəyini fikirləşdi, düşündü və müvafiq tapşırıqlarını verib, nə mümkündürsə onu həyata keçirtdi. Azərbaycan dövləti birinci olaraq bu məsələyə münasibətini bildirdi və birmənalı şəkildə Türkiyənin konstitusion rejimini, Türkiyə hakimiyyətini dəstəklədi.

Əslində, burada qeyri-adi heç nə yoxdur. Söhbət ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət  adlandırdığı  dövlətlərin qardaşlıq münasibətlərindən gedirsə, türklərin Azərbaycanda, azərbaycanlıların isə Türkiyədə yaşanan problemlərə şərik olması tamamilə təbiidir.  Məgər Azərbaycan xalqı ötən əsrin əvvəllərində Bakının erməni daşnaklarından  təmizlənilməsində iştirak etmiş Türk Ordusunun qəhrəmanlıqlarını unuda bilər?  Yaxud, həmin dövrlərdə --  Türkiyənin ən ağır günlərində Azərbaycandan qardaş ölkəyə göndərilən maddi yardımları dövri olaraq yada salan türk tarixçilərinin və siyasətçilərinin qardaş səmimiyyəti hansı azərbaycanlının nəzərindən yayına bilər? Dövlət başçılarının şəxsi münasibətlərinin ən yüksək səviyyədə olduğu indiki zamanda isə  həmin qarşılıqlı dəstəyin ən ali nümunələri formalaşır.

Bu da bir faktdır ki, ulu öndər Heydər Əliyevin  ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra, lap elə, onun Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi illərdə də, Türkiyə Cümhuriyyəti ilə əməkdaşlığın genişləndirilməsi daim diqqət mərkəzində olub. Heç kəsin yadından çıxmayıb. Azərbaycan neftinin ixracı ilə bağlı yeni kəmərin inşası ideyası yarananda bir neçə variant var idi. Amma ulu öndər Heydər Əliyev kəmərin Türkiyədən keçməsi variantını seçdi. Bu gün ölkəmizə qazanc gətirən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri həm də Türkiyə dövlətinə dividendlər verir.  Həmin ənənələri uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü ilə  icra olunan TANAP kəmərinin Türkiyə ərazisindən çəkilməsi ilə də qardaş ölkəni iqtisadi baxımdan dəstəkləyir. Türkiyə iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələrdən biri olan Azərbaycan həm də təbii qazı bu dövlətə bazar qiymətlərindən ucuz satır.

Bir jurnalist kimi dəfələrlə qələmə aldığım tarixi faktı yenə də, üstəlik, fəxrlə yada salmaq istəyirəm.  Belə ki, 2014-cü ildə  Praqada dövlət və hökumət başçılarının iştirakı ilə Şərq tərəfdaşlığı Proqramının 5 illiyinə həsr olunmuş sammitdə  Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin təmsil olunmamasından istifadə edərək, bu ölkəni qondarma soyqırımı ilə bağlı konstruktiv mövqe tutmamaqda, Ermənistanla sərhədlərini açmamaqda ittiham etmişdi.  Heç kəsin yadından çıxmayıb. Tədbirdə iştirak edən Azərbaycan Prezidenti  İlham Əliyev erməni prezidentinin cavabını layiqincə verərək onu öz yerində oturtmuşdu: Türkiyə burada yoxdur, amma mən buradayam!

Bundan başqa, keçən  ilin əvvəllərində  Türkiyədə törədilən terror aktları səbəbindən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak etmək üçün ölkəmizə səfəri baş tutmamışdı. O zaman Prezident İlham Əliyev nəinki Ankaranın, hətta bütün Türkiyənin sevincinə səbəb olan bir addım atmış, həmin tədbirin keçirilməsi üçün özü Türkiyəyə getmişdi. Azərbaycan və Türkiyənin   beynəlxalq aləmdəki  bədxahlarının başında ildırım kimi çaxan həmin jestdən sonra  region mətbuatının manşetini Türkiyə siyasətçilərinin məşhur  ifadələri zəbt edirdi: Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır, əbədidir, təmənnasızdır!