Azərbaycan.-2017.-28 yanvar.-19.-S.1,5.

 

Birlik və inkişaf naminə sülhməramlı missiya

 

İslami dəyərlərin böyük təəssübkeşi Prezident İlham Əliyevin bu təşəbbüsü
uzaqgörən ictimai-siyasi qərardır

 

Gövhər BAXŞƏLİYEVA,

Milli Məclisin deputatı, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

 

XX əsrin axırları - XXI əsrin əvvəllərində islam dünyagörüşü sistemi, həyat və davranış tərzi kimi dünyada baş verən mürəkkəb və ziddiyyətli siyasi, iqtisadi və mədəni proseslərdə mühüm rol oynamaqda davam edir. Bu gün islam amilini nəzərə almadan dünya xalqlarının ictimai inkişaf yönümlərini dəqiq izləmək mümkün deyil. Bir sıra beynəlxalq və regional münaqişələrdə islamın adından getdikcə daha çox istifadə edilir.

Müsəlman dünyasında baş verən hadisələrin arxasında digər amillərlə yanaşı, qeyri-bərabər inkişaf, ənənəvi sosial-mədəni və siyasi strukturların dağılmasına reaksiya ilə bağlı meydana çıxan problemlər durur. Dini hərəkatlar dövlət hüdudlarını aşır, beynəlxalq xarakter kəsb edir, bəzən dünya siyasətinin subyektinə çevrilir. Cərəyan edən proseslər bir daha göstərir ki, islam hələ uzun müddət real siyasi amil rolunu oynayacaq, dünya siyasətinə güclü təsir göstərə biləcəkdir.

Eyni zamanda bəzi ifrat radikal qruplaşmalarının öz ekstremist, terrorçu fəaliyyətini islam prinsipləri ilə əlaqələndirmək səyləri ciddi narahatlıq doğurur. Narahatlığı artıran həm də odur ki, bu səylər Qərbin bəzi kütləvi informasiya vasitələri tərəfindən islama, bu dinin mahiyyətcə insanpərvər dəyərlərinə qara yaxmaq məqsədilə istifadə olunur. Son vaxtlar beynəlxalq aləmdə baş verən hadisələr açıq-aydın göstərir ki, bu gün ixtilaf və münaqişələri hərbi yolla həll etmək mümkün deyil. Siyasi yollar, sülh və danışıq, qarşılıqlı anlaşma yolları araşdırılıb aşkar edilməlidir.

İslam din və dünyagörüşü sistemi kimi insanlara, cəmiyyətə, dünyaya münasibət kimi, davranış və təfəkkür tərzi kimi elə bir sivilizasiya yarada bilmişdir ki, mədəni inkişaf səviyyələrinin, dillərinin, talelərinin, mentalitetlərinin müxtəlifliyinə baxmayaraq, fərqli coğrafi mövqelərdə yaşayan insanları birləşdirmiş, aralarında bir dinə mənsubluq əsasında həmrəylik yarada bilmişdir. İslamın orbitinə cəm edilmiş xalqların mədəniyyətlərinin sintezi nəticəsində vahid, bütün müsəlman xalqları üçün ümumi islam sivilizasiyası təşəkkül tapmışdır.

Azərbaycan xalqı islam aləminin ayrılmaz hissəsi olaraq islam sivilizasiyasının yaradıcılarından biri olub, bu sivilizasiyanın inkişafına və təkamülünə əvəzsiz incilər bəxş edib. VII əsrin birinci yarısında Mərkəzi Ərəbistanda meydana gələn İslam tezliklə böyük bir ərazidə, o cümlədən Azərbaycanda da yayıldı. Tarixçilər bu prosesin başlanğıcını 642-ci ilə aid edirlər. O vaxt islam Dərbəndə qədər gedib çıxa bilmişdi. Vətənimizin çoxəsrlik tarixi, ictimai fikri, mədəniyyəti, ədəbiyyatı məhz Yaxın və Orta Şərq ölkələrində gedən proseslərlə üzvi sintezdə inkişaf edərək təşəkkül tapmışdır. Böyük alim və mütəfəkkirlərimiz öz qiymətli əsərləri ilə daim Şərq xalqlarının elm və mədəniyyətini zənginləşdirmiş, həmin xəzinəyə qiymətli töhfələr vermişlər.

Böyük Azərbaycan mütəfəkkir və alimləri, şair və ədibləri - Bəhmənyar, Xətib Təbrizi, Şəhabəddin Sührəvərdi, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Mahmud Şəbüstəri, Məhəmməd ibn Hinduşah Naxçıvani, Seyid Yəhya Bakuvi, Həsən bəy Rumlu, Hacı Zeynalabdin Şirvani və yüzlərlə digərləri qiymətli əsərləri ilə ecazkar islam mədəniyyətinə bənzərsiz incilər bəxş etmişlər. Bu gün dünyaya inteqrasiya olunan ölkəmiz yeni sistemə məhz tarixən formalaşmış həmin milli-mənəvi dəyərlərlə daxil olur.

Xalqımızın tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, müsəlman Şərqinə qırılmaz tellərlə bağlıdır, cəmiyyətimizdəki bir sıra mental xüsusiyyətlər, sosial-psixoloji faktlar İslam dinindən qaynaqlanır. Belə bir vəziyyətdə, yəni, çoxəsrlik mədəniyyətinin təməlində İslam faktoru aparıcı yer tutan müstəqil dövlətimizin müsəlman aləminə diqqətinin artması çox təbiidir. Bunu Prezident İlham Əliyevin müsəlman dövlətlərinə ardıcıl səfərləri, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər bu kimi universal və regional beynəlxalq təşkilatlarda Azərbaycanın fəal iştirakı da təsdiqləyir. Etiraf olunmalıdır ki, bir çox hallarda məhz Azərbaycanın təklifləri bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində başlıca rol oynayır.

Ötən illər mütləq bir həqiqəti ortaya qoyub: Müstəqil Azərbaycan Respublikasının Şərq siyasəti daim yüksələn xətlə inkişaf edir, ümummüsəlman mənafelərinə xidmət edərək xalqımızın haqq səsinin ucaldılmasında və mənafeyinin qorunmasında daha da böyük rol oynayır. Bu gün müstəqil Azərbaycan Prezident

İlham Əliyevin rəhbərliyi ilə əksər Şərq ölkələri ilə qarşılıqlı siyasi, iqtisadi, mədəni və digər əlaqələrini inamla inkişaf etdirir.

İslam aləmi ilə qurulan əlaqələr, hərtərəfli əməkdaşlıq Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm bir hissəsi kimi daim təkmilləşdirilməkdədir. İslam ölkələrinin dövlət başçıları ilə görüşlər, imzalanan bəyannamələr, bağlanan siyasi, iqtisadi, mədəni, hərbi, hüquqi müqavilələr forma və məzmun baxımından mükəmməl və genişdir. Son iki ildə ölkə Prezidenti cənab İlham Əliyev onlarca islam ölkəsinə, o cümlədən Türkiyəyə, Qırğızıstana, İrana, Birləşmiş Ərəb Əmirliklərinə, Qazaxıstana rəsmi və işgüzar səfərlər edib. Artıq Azərbaycanın 38 Asiya və 23 Afrika ölkəsi ilə diplomatik əlaqələri var və onların əksəriyyəti müsəlman ölkələridir.

Azərbaycanın əksər ərəb dövlətləri ilə (Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Suriya, Qətər, İordaniya və s.) gözəl dostluq və əməkdaşlıq münasibətləri var. Ölkəmizdə bir çox ərəb ölkələrinin səfirlikləri fəaliyyət göstərir. Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı, Misir, BƏƏ, Suriya, İordaniya, Liviya, Sudan və s. ərəb ölkələrində səfirlikləri fəaliyyət göstərir. Azərbaycan ilə ərəb ölkələri arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair sazişlər imzalanmışdır.

Bu gün müsəlman aləmi dünyanın ən gərgin və böhranlı regionlarından birinə çevrilmişdir. Burada mövcud olan zəngin neft ehtiyatları və digər təbii sərvətlər böyük dövlətlərin və beynəlxalq güc mərkəzlərinin diqqətini durmadan bölgəyə cəlb edir. Hazırda regionda gərginliyin kəskin artması, hərbi qarşıdurmanın yaranması, davam edən İsrail-Fələstin qarşıdurması, İraq və Suriya ətrafındakı hadisələrə bir sıra ölkələrin cəlb edilməsi, müxtəlif etnik münaqişələr, dini-fundamentalist cərəyanlar, beynəlxalq terrorizm təhlükəsi, əhalinin müharibə zonalarından kütləvi miqrasiyası və s. problemlər bütün dünyanın nəzər-diqqətini bu regiona yönəldib.

Regionda bir çox ölkələrin maraqlarının toqquşması yaxın gələcəkdə bu regionda əmin-amanlığın hələ bərqərar olmamasından xəbər verir.

Belə şəraitdə müsəlman ölkələrinin birləşməsi, islami dəyər və prinsipləri rəhbər tutaraq həmrəylik nümayiş etməsi, bir-birinə əməkdaşlıq əlini uzatması həyati əhəmiyyət kəsb edir. Odur ki, Azərbaycanda 2017-ci ilin İslam həmrəyliyi ili elan edilməsi dünyada və regionda baş verən hadisələrə adekvat və uzaqgörən reaksiyadır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına, sosial-iqtisadi inkişafın nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir çox məsələlər müzakirə edildi, yeni vəzifələr müəyyənləşdirildi. 2017-ci il ölkə Prezidenti tərəfindən İslam həmrəyliyi ili elan edildi. Prezident iclasa yekun vuraraq dedi: Kimsə düşünürsə ki, bu, yalnız idman tədbiridir, səhv edir, bunun böyük ictimai-siyasi əhəmiyyəti var. Bu, həqiqətən belədir. Ölkəmizdə keçiriləcək mühüm bir hadisəyə - IV İslam Həmrəyliyi Oyunlarına sayılı günlər qalır. Hazırlıq işləri artıq yekunlaşmaqdadır. İnanırıq ki, ölkəmiz bir daha İslam ölkələrini təmsil edən idmançıları, azarkeşləri, həvəskarları bir araya gətirəcək və idman bayramı ən yüksək səviyyədə keçəcək. İslamiada təkcə idman yarışları yox, həmrəylik, sülh, əmin-amanlıq, tolerantlıq bayramı olacaq. Hələ qədim zamanlarda olimpiya idman oyunları keçiriləndə müharibələr, qarşıdurmalar dayandırılırdı, insanlar bir araya gəlib idman yarışları keçirirdi. Bu baxımdan IV İslam Həmrəyliyi Oyunları bir daha insanları birliyə, barışa, əməkdaşlığa dəvət edəcək. Bu kontekstdə 2017-ci ilin İslam həmrəyliyi ili elan edilməsi həm Prezident İlham Əliyevin dövlət başçısı kimi mövqeyini, İslam aləminin birlik və həmrəyliyinə verdiyi böyük önəmi, həm də bu aləmin problemlərini yaxından yaşamasının göstəricisidir. Bu gün həmrəylik İslam aləminə hava və su kimi lazımdır. Tarixən İslam aləminin yaşadığı bir çox problemlər məhz müsəlmanların arasında təfriqə və nifaq salan ayrı-seçkilik, birlik və həmrəyliyin pozulmasıdır. Bunun nəticəsidir ki, yarandığı elə ilk əsrdə İslam dininə sitayiş edənlər arasında parçalanma baş verdi, müsəlmanlar sünnilərə və şiələrə bölündülər, daha sonra isə bir-biri ilə yola getməyən onlarca məzhəblərə ayrıldılar. Halbuki İslam dinini yaradan Peyğəmbərimiz bütün müsəlmanları milli və irqi ayrı-seçkilikdən uzaq vahid ümmətdə birləşdirmişdir (ər-Rə`d, 30; Ali-İmran, 110).

Bu gün Suriyanın, İraqın, digər ərəb ölkələrinin yaşadığı fəlakəti təkcə Qərbin təcavüzkar siyasəti ilə izah etmək düzgün olmazdı. Nə qədər acı olsa da, etiraf edilməlidir ki, ərəb aləminin yaşadığı faciələr eyni zamanda İslam ölkələri arasında birlik və həmrəyliyin əməldə yox, yalnız sözdə qalması ilə bağlıdır, bəzi ərəb liderlərinin qonşu qardaş dövlətlərdə onları qane etməyən rejimləri dəyişdirmək siyasətidir. Bu zaman özlərini həqiqi islamın carçıları hesab edənlər hansısa bir mifik ideya yaxud merkantil mənfəət naminə on minlərlə, yüz minlərlə günahsız insanların - uşaqların, qocaların, qadınların ölümünə bais olur.

Bu yerdə bir haşiyə çıxmaq istərdik. Azərbaycanın da üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) müasir dövrdə müsəlman ölkələrini birləşdirən ən nüfuzlu beynəlxalq qurumdur. Dini birlik əsasında yaradılan bu təşkilatın əsas məqsədi üzv dövlətlər arasında İslam həmrəyliyini möhkəmləndirmək, elm, mədəniyyət, sosial-iqtisadi və digər mühüm sahələrdə əməkdaşlığa tərəfdar çıxmaq, irqi ayrı-seçkiliyin və dözümsüzlüyün bütün formalarının ləğv olunmasına səy göstərmək, müsəlman xalqlarının inkişafına yardım etmək, üzv dövlətlərin digər ölkələrlə əməkdaşlığı üçün hər cür şərait yaratmaqdan ibarətdir.

Əsas fəaliyyət prinsipi İslam həmrəyliyi olan İslam Əməkdaşlıq Təşkilatı, onun Parlament İttifaqı (İƏT Pİ) hər il keçirdiyi sessiya və konfranslarda çoxsaylı qərar, qətnamə və bəyannamə qəbul edir. Lakin təəssüf ki, onların əksəriyyəti kağız üzərində qalır, elə bəzi müsəlman ölkələri tərəfindən kobud pozulur.

Məsələn, İƏT Pİ Bağdadda yekdilliklə qəbul etdiyi Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair adlı qətnaməyə nəzər salaq:

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 24-25 yanvar 2016-cı ildə İraq Respublikasının Bağdad şəhərində keçirilmiş on birinci sessiyası

İslam Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin prinsipləri və məqsədlərindən çıxış edərək;

Azərbaycanın ərazisinin 20 faizindən artıq bir hissəsinin işğalı ilə nəticələnən Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzündən dərin narahatlıq hissi keçirdiyini ifadə edərək;

Erməni təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün durumu və bu humanitar problemlərin miqyası və ciddilik dərəcəsindən olduqca mütəəssir olaraq,

Ermənistan Silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasının nəticəsi olaraq Azərbaycanın cəbhə xəttində məskunlaşmış mülki əhalisi arasında uşaq və qadınlar da daxil olmaqla insan itkiləri və yaralanma hallarından narahatlığını bildirərək;

Müvafiq keçmiş qətnamələri bir daha təsdiq edərək;

BMT Nizamnaməsinə ciddi şəkildə riayət olunması və Təhlükəsizlik Şurasının bütün müvafıq qətnamələrinin bütünlüklə yerinə yetirilməsində israrlı olaraq;

Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə yönələn bütün diplomatik və digər səyləri alqışlayaraq;

Bütün üzv dövlətlərin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət etmək öhdəliyini bir daha təsdiqləyərək;

Həmçinin Ermənistan Respublikasının təcavüz siyasətinin ATƏT çərçivəsindəki sülh proseslərinə dağıdıcı təsirini qeyd edərək:

1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü qəti pisləyir;

2. İşğal olunmuş Azərbaycan ərazilərində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş əməlləri insanlıq əleyhinə cinayət kimi dəyərləndirir;

3. İşğal olunmuş Azərbaycan ərazilərində arxeoloji, mədəni və dini abidələrin talanını və dağıdılmasını qəti pisləyir;

4. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icra edilməsini və Dağlıq Qarabağ ərazisi də daxil olmaqla Azərbaycan ərazilərindən erməni qüvvələrinin dərhal, qeyd şərtsiz və tamamilə çıxarılmasını tələb edir və Ermənistanın Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət etməsində israr edir;

5. Yuxarıda qeyd edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrində nəzərdə tutulan tələblərin Ermənistan tərəfındən hələ də icra olunmamasından narahat olduğunu bildirir;

6. Təcavüzkarı münaqişənin gələcək eskalasiyası imkanından və Azərbaycan ərazilərini işğal altında saxlamağa davam etməkdən məhrum etmək üçün bütün dövlətləri Ermənistanı hər hansı silah və hərbi sursatla təmin etməkdən çəkinməyə çağırır. Üzv dövlətlərin ərazisi bu cür təchizatın tranziti üçün istifadə edilməməlidir;

7. Üzv dövlətləri, həmçinin beynəlxalq ictimaiyyətin digər üzvlərini erməni təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoymaq məqsədilə tələb olunan belə effektiv siyasi və iqtisadi vasitələrdən istifadə etməyə, bununla əlaqədar olaraq Ermənistan Respublikası ərazisində iqtisadi fəaliyyətdən, Ermənistan Respublikasında iqtisadi, sənaye, maliyyə və digər sahələrə investisiya qoyuluşundan çəkinməyə və Ermənistan Respublikası ilə ümumi əməkdaşlığı məhdudlaşdırmağa çağırır;

8. İƏT-ə üzv dövlətlərdən öz milli və hüquqi qurumlarından Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində iqtisadi, turistik və digər fəaliyyətlərə cəlb olunmamağı xahiş edir;

9. Erməni millətindən olan əhalinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülmələrinin qarşısını almağı və dayandırmağı tələb edir, belə ki, bu köçürmələr beynəlxalq humanitar hüququn ciddi pozuntusu kimi qəbul edilir və bu münaqişənin sülh yolu ilə həll olunması prosesinə zərər vura biləcək təsirə malikdir və üzv dövlətləri Azərbaycan tərəfındən bu məqsədlə həyata keçirilən səyləri, habelə BMT-nin Baş Assambleyasında və o cümlədən BMT-nin Nyu Yorkdakı daimi nümayəndəliyi vasitəsilə həyata keçirilən fəaliyyəti dəstəkləməyə çağırır.

Bu kimi sənədlərin İƏT Pİ bütün sessiya və konfranslarında qəbul edilməsinə və üzv dövlətlərin onlara yekdilliklə səs verməsinə baxmayaraq, təşkilatın elə üzvü tapılır ki, sözdə Azərbaycanın haqq işini dəstəklədiyini desə də, əməldə İslam həmrəyliyi prinsipini kobud şəkildə pozaraq təcavüzkar Ermənistanla hərtərəfli əməkdaşlıq edir. Buna nə ad verəsən? Özünü müsəlman adlandıran bir ölkə 1 milyon dindaşlarının əzab-əziyyətin görməzliyə vuraraq, xristian ermənilərlə nəinki iqtisadi, hətta hərbi sahədə əməkdaşlıq edir. Çox təəssüf!

Azərbaycanın dövlət siyasəti və xalqı isə daim İslam həmrəyliyi prinsipinə sədaqətli olub. Bunu müstəqil Azərbaycanın ardıcıl Şərq siyasəti, o cümlədən Fələstin xalqının mübarizəsinə daim verdiyi dəstək bir daha təsdiq edir.

Məlumdur ki, Yaxın və Orta Şərq regionundakı bütün ictimai-siyasi ab-havanı müəyyənləşdirən əsas məsələ - 60 ildən çox davam edən ərəb-İsrail qarşıdurmasıdır. Ərəb dünyası və İsrail arasındakı gərginliyin hələ də qalması, Fələstin probleminin bu günədək həll olunmaması hər iki tərəfə münasibətdə Azərbaycan Respublikasının həyati maraqlarına cavab verən bir siyasətin aparılmasının vacibliyini göstərir. Bu siyasi xətt konstruktiv olaraq birtərəfli xarakter daşımır. Bir tərəfdən İsraillə əlaqələrimizdə ölkəmizdə böyük bir yəhudi icmasının yaşayaraq fəaliyyət göstərdiyini, iqtisadi, mədəni, elmi və hərbi sahələrdə bu ölkə ilə əməkdaşlıq etməyin bizim strateji maraqlarımıza cavab verdiyi nəzərə alınır, digər tərəfdən güclü potensiala malik olan ərəb dünyası ilə İslam aləminə məxsus olmamız, ənənəvi iqtisadi və mədəni əlaqələrimizin mövcudluğu daim nəzərə alınır.

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasət xətti bütün bunları incəlikləri ilə nəzərə alır. Düzgün ölçülmüş və tarazlaşdırılmış siyasi xəttin nəticəsidir ki, ölkəmiz həm İƏT çərçivəsində böyük müvəffəqiyyətlər qazanmış, həm də İsraillə sabit və konstruktiv əməkdaşlıq edir.

Sirr deyil ki, müsəlman ölkələrinin əksəriyyəti öz inkişaflarında geri qalırlar. Bir sıra problemlərlə üz-üzədirlər: yoxsulluq, səfalət, qeyri-stabillik, düzgün olmayan idarəçilik metodları və sair. Artıq qısa zaman kəsiyində öz sosial-iqtisadi, siyasi-ictimai və mədəni inkişafında böyük nailiyyətlərə imza atmış müstəqil Azərbaycan Respublikası bir çox müsəlman ölkəsinə nümunədir.

Hazırda Avropa mədəniyyətinin praqmatik nailiyyətləri Azərbaycan cəmiyyətində başqa müsəlman cəmiyyətlərinə nisbətən qat-qat çoxdur. Bu amillər modernləşmənin tələblərinə cavab verən dəyərlərin və həyat oriyentasiyalarının Azərbaycan cəmiyyətində yayımlanmasına və möhkəmlənməsinə geniş şərait yaradır. Bununla yanaşı, Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyi və əməkdaşlığı möhkəmlətməyi, sülh şəraitini təmin etməyi, İslam mənəvi dəyərlərini, mədəniyyətini, ənənələrini qoruyub saxlamaq və inkişaf etdirməyi əldə rəhbər tutur.

Bu gün dünyada baş verən iqtisadi, hərbi-siyasi, mədəni proseslər, demoqrafiya və dinlə bağlı dəyişikliklər açıq-aşkar göstərir ki, din mövzusu hələ uzun müddət əhəmiyyətini qoruyub saxlayacaqdır. Odur ki, müsəlman aləmində alovlanan tonqalı söndürmək, regionun çoxsaylı problemlərini həll etmək istiqamətində Azərbaycan əlindən gələni edir. Bu baxımdan 2017-ci ilin İslam həmrəyliyi ili elan edilməsi islami dəyərlərin və bütövlükdə müsəlman aləminin böyük təəssübkeşi Prezident İlham Əliyev tərəfindən zamanında verilmiş çox gərəkli, uzaqgörən ictimai-siyasi qərar kimi qiymətləndirilməlidir.