Xalq qəzeti.-2017.-9 iyul.-145.-S.5.

 

1905 və 1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı soyqırımı aktları

 

Anar Turan

 

Bu gün Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. 30 ilə yaxındır ki, dünya birliyi Ermənistanın torpaqlarımızı hissə-hissə ekspansiyasının düzgün təhlilini vermir və ermənilərin Cənubi Qafqazda özbaşınlıqlarını tarixi cəhətdən əsaslandırmaqdan yayınır.

 

Bunun səbəbi ondadır ki, erməni məsələsi vaxtılə Osmanlı imperiyasına qarşı Qərb ölkələrinin birgə olaraq ortaya atdığı Şərq məsələsinin tərkib hissəsi idi və həmin tendensiya bu gün də davam edir. Ermənilərin bir sıra havadar dövlətləri hər mənada Cənubi Qafqazda Ermənistanın etdiyi bütün şıltaqlıqları gözardına vurmaqla, əslində, regionda böyük perspektivləri olan və əksər məsələlərdə eyni siyasəti yürüdən Türkiyə və Azərbaycanı neytrallaşdırmaq məqsədi güdürlər. Bu baxımdan ermənilərin dünyanın gözü qarşısında baş verən işğalçılıq və soyqırımı siyasəti öz ədalətli hüquqi həllini tapmır. Ermənilərin Azərbaycana təcavüzü barədə danışarkən mütləq olaraq son 25 ildə baş verən hadisələr deyil, son 100 ildə bu bölgənin başının üstünü alan bəla incələnməli və bugünkü Dağlıq Qarabağ məsələsinə ədalətli və qəti hüquqi qiymət verilməlidir. Bu baxımdan ermənilərin 1905-ci ildən başlayan, 1918-ci ildə özünün ən vəhşi və dəhşətli zirvəsinə çatan talançılıq, soyqırımı siyasəti, 1920-ci ildən sonra davam edən torpaqlarımızın ardıcıl ekspansiya, xalqımızın deportasiya siyasəti və ən nəhayət, 1988-ci ildən başlayan etnik təmizləmə, işğalçılıq və terror siyasəti kompleks şəkildə götürülməli, bu gün dondurulmuş münaqişə elan edilən, əslində isə hər gün atəş və qanın dayanmadığı Qarabağ probleminə sistemli baxış bucağından nəzər yetirilməli və prinsipial addımlar atılmalıdır.

 

1905-ci ilin ağır toqquşmaları faktların dili ilə

 

Tanınmış rus tədqiqatçıları N.N. Şavrov və V.Veliçko ermənilərin ruslar tərəfindən XIXXX əsrin əvvəllərində Qafqaza, o cümlədən Qarabağa gətirilib yerləşdirildiyi barədə çox  yazıblar.

Çar Rusiyasının bu bölgəyə erməniləri yerləşdirməsi sonradan erməni terrorunun başlanmasına səbəb oldu. Məşhur rus səfiri, yazıçı Qriboyedovun 1829-cu ildə onminlərlə erməni ailəsini Azərbaycan torpaqlarına köçürməsi sonradan böyük fəsadlara səbəb oldu. Yerli əhalinin say tərkibində ciddi dəyişikliklər oldu. Azərbaycan türkləri İrəvan və Qarabağ ərazilərində ermənilərlə demək olar ki, bərabər duruma düşdülər. Bundan ilhamlanan, ideoloqları əsasən Qərb ölkələrində yetişən və təşkilatlanan  ermənilər öz çirkin niyyətlərinini həyata keçirmək üçün terrora əl atdılar.  Bu qarşıdurmalar ilk dəfə 1905-1906-cı illərdə açıq şəkildə büruzə verməyə başladı. Çar Rusiyası Türkiyədən, İrandan və digər ölkələrdən Qafqaza köçürdüyü erməniləri silahlandırıb azərbaycanlı əhaliyə qarşı müharibəyə qaldırdı.

19051906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər.

Tanınmış ədibimiz M. S. Ordubadi  Qanlı illər əsərində Şuşada baş verən hadisələrlə bağlı yazır ki, 1905-ci il avqust ayının 8-də gecə saat iki radələrində ermənilər küçədə şəhər fanarlarını yandıran Kərbəlayı Məmmədhüseyin adlı müsəlmanı xəncərlə doğrayıb vəhşicəsinə öldürməklə ermənilərlə müsəlmanlar arasında yeni münaqişə toxumları səpdilər. 

Tədqiqatçı Mir Möhsün Nəvvab 19051906-cı illərdə erməni-müsəlman davası əsərində qeyd edir ki, ermənilər təpədən-dırnağa qədər silahlandırılırdı. Erməni daşnaklar müsəlmanlarda olan silahı ələ keçirmək üçün belə bir hiylə işlətmişlər. Tüfəng bazarda 20 manata satılırdısa, onlar 100 manata, tapança 6 manata satılırdısa, 30 manata alırdılar. Nəticədə müsəlmanlarda olan silahların ermənilər  tərəfindən belə baha qiymətə alınması, müsəlmanların evlərində nə qədər silah- sursat var idisə, tamamən ermənilərəin əlinə keçməsinə səbəb oldu.

16 avqust 1905-ci ildə ermənilər Şuşada yenidən hücuma başlayırlar. M.M.Nəvvab yazır: Erməni qımdatları dəstə-dəstə olub bir dəstə Köçərli məhəlləsinə, bir dəstə Yuxarı Xəlifəli qapısına, başqa bir dəstə isə meydana tərəf getdilər. Qalan ermənilər isə səngərlərə doldular...  Köçərli məhəlləsinə gedən dəstənin içərisində bu məhəllədən olan Çopur bəyin oğlu və Kolya adlı iki erməni 90 yaşlı Abbas bəyi, onun yeganə oğlunu, qardaşı oğlunu dilə tutaraq siz bizim qonşumuzsunuz, sizinlə işimiz yoxdur   deyib eşiyə çağıraraq güllələmiş, evlərinə  və meyitlərə neft töküb yandırmışlar.

Tanınmış türkiyəli tarixçi İsmail Özçelik Karabağ tarihi ve Karabağda ermeni olayları əsərində ermənilər tərəfindən Şuşada 1620 avqust tarixində qanlı toqquşmaların davam etdiyini, rus kazaklarının və rus piyada birliyinin erməni daşnakları ilə birlikdə azərbaycanlı evlərinə basqın etdiklərini, ancaq azərbaycanlıların müdafiəsi qarşısında geri çəkilməyə məcbur olduqlarını yazır.  Ümumiyyətlə, ermənilərin qanlı qırğınları təkcə Yuxarı Qarabağda deyil, 69 fevralda Bakıda, 10 mayda Naxçıvanda, 23 mayda İrəvan quberniyasında, 25 avqustda yenə Bakıda, 26 avqustda Cavanşir qəzasında, 18 noyabrda Gəncədə, 23 noyabrda Tiflisdə, Qazaxda və digər yerlərdə də minlərlə azəri türkünün faciəli surətdə öldürülməsi ilə baş vermişdir. Bu barədə daha bir tanınmış türk tarixçisi Taha Akyol Azerbaycan Sovyetlər ve ötesi əsərində  erməni keşişlərinin 1906-cı ildə Şuşada olan erməni kilsələrini azərbaycanlılara qarşı əsl cəbbəxanalara çevirərək, kilsələrin zirzəmilərində küllü miqdarda silah-sursat gizlətmələri barədə məlumatlar verir. Allah evindən öz çirkin niyyətləri üçün istifadə etdiklərinə görə o zamankı şəhər üsul-idarəsi tərəfindən Ter-Arsen Vartapetov, Ter-Karapet Vartapetov, Ter Ovanesyan, Mirzəbekov, Asatur Vartapetov kimi keşişlər cəzalandırılaraq Şuşadan qovulmuşdular. Bu da müsəlmanları arxayın salmaq üçün  bir oyun idi. Çünki Çar Rusiyasının  himayəsində olan imkanlı ermənilər 19051906-cı illərdə Türkiyə və İrandan muzdlu erməni döyüşçüləri gətirib Azərbaycan türklərinə qarşı vuruşdururdular.

1905-1906-cı illərdə törədilmiş qırğınlara aid erməni müəlliflərinin də bir neçə əsəri mövcuddur. Hovannes Ter-Martirosyanın (A-do) 1907-ci ildə İrəvanda çap edilən Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla əsərində, S. Zavaryanın 1907-ci ildə Sankt-Peterburqda rus dilində çap edilən Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı, İ. Alibekovun 1906-cı ildə Tiflisdə rus dilində çap olunan Yelizavetpolun qanlı günləri cəmiyyətin mühakiməsi qarşısında əsərlərində 19051906-cı illər qırğınlarının mahiyyəti təhrif edilsə də, bu əsərlər faktoloji baxımdan tədqiqatçılara xeyli material verir.

Tanınmış tədqiqatçı Nazim Mustafa yazır ki, A-do Qafqazda erməni-türk toqquşmaları əsərində 1905-1906-cı illərdə Cənubi Qafqazın 12 qəzasında (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı) və 7 şəhərində ( Bakı, İrəvan, Naxçıvan, Şuşa, Gəncə, Qazax, Tiflis) baş verən qırğınlar barəsində xronoloji ardıcıllıqla məlumat verir. A-donun bu əsərinin üstün cəhəti odur ki, o, baş verən hadisələrin şərhindən öncə hər bir qəza və yaxud şəhər haqqında topoqrafik təsvir və həmin dövrün siyahıyaalmalarının nəticələrinə istinadən statistik məlumatlar verir. Bundan əlavə, A-do yazır ki, bəzi erməni ziyalıları erməni-türk toqquşmalarının səbəbini tarixin ötən əsrlərində axtararaq irqi düşmənçilikdə görsələr də, əslində, belə toqquşmalar keçmiş zamanlarda olmayıb. Başqa bir erməni müəllif S.Zavaryanın 1905-1907 . əsərində verdiyi məlumatına görə, həmin dövrdə  Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında  5, Zəngəzur qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılmışdır.

Əlbəttə, 1905-1906-cı il erməni-azərbaycanlı münaqişəsinin nəticəsi çox ağır oldu. Minlərlə azərbaycanlı qətlə yetirildi, lakin müdafiəsiz və beynəlxalq dəstəyi, arxasında heç bir havadarı olmayan azərbaycanlıları yenmək ermənilərə nəsib olmadı. Amma münaqişənin təməli artıq çox ağır şəkildə atılmışdı. Hətta bu barədə Qafqaz canişini Vorontsov Daşkovla görüşə gedən azərbaycanlı ziyalıların ermənilərə və çar üsul-idarəsinə etdikləri xəbərdarlıqlar da əhəmiyyətli olmamışdı. O zaman millətsevər ziyalılarımız Əhməd bəy Ağaoğlu, Ələkbər bəy Rəfibəyli, Molla Məhəmməd Pişnamazzadə və digərləri toplaşaraq ermənilərin Armenakan, Qnçak, Daşnaksütyun kimi terrorçu partiyalarına qarşı Difai adlı özünümüdafiə təşkilatı yaratmışdılar. Elə təkcə bu Difai və onun üzvlərinin sayəsində erməni silahlıları Azərbaycan torpaqlarında çox da əl qol aça bilmədi və ermənilərə bilavasitə dəstək verən rus məmurları fərdi terrora uğrayacaqlarından ehtiyat edərək, bu işlərdə məsafəli davranmağa  başladılar. Lakin Azərbaycan ərazilərində süni şəkildə sayları artırılan ermənilərin böyük dövlətlərin ərazilərin də fəaliyyət göstərən ideya və güc mərkəzlərinin təbliğatı nəticəsində ekspansiyanın əsası praktiki cəhətdən qoyulmuş oldu.

 

1918-ci ilin dəhşətli mart planı

 

Rusiyada baş verən bolşevik inqilabı və Romanovlar sülaləsinin devrilməsi Rusiyada böyük qarışıqlıq yaratdı. Eser, menşevik və bolşeviklərə bölünən Rusiyada vətəndaş müharibəsi başlandı. Həmin vaxt öz müstəqilliyini elan edən və Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan təcili şəkildə ermənilərlə münasibətləri yoluna qoymaq və problemli məsələləri aradan qaldırmaq üçün xeyli təşəbbüslərlə çıxış etdi. Dünyanın böyük dövlətlərinin tələbi ilə İrəvan şəhəri bir daha ermənilərin iddialarının baş qaldırmaması şərtilə onlara güzəştə gedildi. Lakin çox keçməmiş İrəvanda yerləşən Ararat respublikası, Türkiyə ərazisində minlərlə türkü soyqırıma məruz qoymuş və Osmanlı ordusuna yenilmiş Andronik, Dro, Njde kimi cəlladlarla birgə hərəkət edərək, böyük Ermənistan yaratmaq üçün növbəti dəfə fəallaşdılar. Bu dəhşətli planı həyata keçirmək üçün prosesə Bakı Sovetini elan etmiş və Bakı və ətraf rayonlardan dəstək alan S. Şaumyan və əlaltıları olan  Hamazasp və Lalayan da qoşuldu. Özünü səmimi bolşevik kimi qələmə verən Şaumyan və əlaltılarının isə Bakı, Şamaxı, Quba, Salyan, Lənkəran ərazilərində etdikləri vəhşiliklər onu göstərdi ki, siyasi firqələşmə baxımından Şaumyan və Androniki, yəni daşnak və bolşevikləri elə də ciddi, prinsipial fərqlər ayırmır. Onların hamısının ümumi arzusu  dənizdən-dənizə, türksüz Ermənistan dövlətinin qurulması idi.   Ermənilərə amansız fikirlər aşılayan Daşnaksütyunun ideoloqlarından biri Şahan Natali yazır: Əgər ermənilər türklərin öz şeytani fikirlərini həyata keçirməsinin qarşısını almaq istəyirlərsə, onlara müvəffəqiyyətlə müqavimət göstərmək üçün mütləq amansız və rəhmsiz olmalıdırlar.

Akademik Yaqub Mahmudov daşnaklara haqlı xarakteristika verərək yazır: Daşnaksütyun partiyası, faktiki olaraq, hər biri 10 nəfər döyüşçüdən    terrorçudan  təşkil  olunmuş silahlı dəstələrdən ibarət idi. Başqa sözlə, Daşnaksütyun siyasi partiya deyil, silahlı terror təşkilatı idi. Hnçaq və Daşnaksütyun terrorçuları Şərqi Anadolu və Azərbaycan kəndlərini çapıb-talamaqda bir-biri  ilə rəqabət aparır, yarışırdılar. Rəsmi proqramlarında  terroru qarşılarına vəzifə qoyan bu partiya və cəmiyyətlər türkə ölüm! çağırışı ilə tarixin ən qanlı cinayətlərinə başladılar.

Bu baxımdan proqramında silahlı mübarizəyə nisbətən yer ayırsa da, ümumilikdə, irqçilik baxışlarından uzaq bir firqə təsiri bağışlayan sosialistlər daşnaklarla heç cürə yaxın ola bilməzdi. Ümumiyyətlə, sosialistlərlə daşnakların yaxınlaşmasını Yelizavetpol qubernatoru A. Kaçalov Qafqaz canişininə etdiyi məruzələrində belə  səciyyələndirirdi: Millətçilik  ruhu  ermənilərə məxsus elə başlıca xasiyyətdir ki, ən qısa bir vaxt üçün belə ermənilərin ondan imtina edə biləcəyini təsəvvürə belə gətirmək mümkün deyil. Sosialistlər partiyasına qoşulmaqla Daşnaksütyun rəhbərləri, şübhəsiz ki, möhkəm əqidəli sosialistlər qarşısında vicdansızlıq etmişlər. Çünki erməni xalqı heç vaxt sosializm ideyalarını dərindən dərk edə bilməz. Ermənini inandırmaq olmaz ki, tatar (azərbaycanlı) millətindən olan proletar sənə  erməni millətindən olan  istismarçı burjua nümayəndəsindən daha yaxındır, sadəcə olaraq ağlasığmazdır.

İlk olaraq Bakıda başlayan qırğınlar təqribən 12 min insanın həyatına son qoydu. Belə ki, Bakı Sovetində keçirilən seçkilərdə Müsavat Partiyasının qələbə qazanması daşnak-bolşevik qüvvələrin daha da radikallaşmasına səbəb oldu. İndi Azərbaycanda ən güclü siyasi partiya Müsavat hesab olunurdu. Bu partiyanın əsas hədəfləri Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyəti idi. S.Şaumyanın rəhbərlik etdiyi bolşevik qüvvələri, Erməni Milli Şurası və Daşnaksütyun partiyasının rəhbərləri Müsavata qarşı müharibəyə başladılar. Əslində, bu, partiyalararası mübarizə yox, xalqlararası qarşıdurmaya və daha doğrusu, yerli azərbaycanlı əhaliyə qarşı əsl genosidə çevrildi. Belə bir vaxtda Azərbaycan milli qüvvələri həm sayca az, həm də olduqca pis silahlanmış vəziyyətdə idi. Şaumyan yaxşı bilirdi ki, çarizm dövründə azərbaycanlı əhali əskərliyə aparılmırdı. Bunun nəticəsində isə bu xalq silahla necə davranmaq lazım olduğunu unutmuşdu. Buna görə də yerli əhaliyə dərs vermək üçün ömrü boyu arzuladığı şərait yetişmişdi. Mart ayının 29-da müsəlmanlardan ibarət olan Evelina gəmisinin şəxsi heyyətinin Bakıda  bolşevik  qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. 

1918-ci il martın 17-də H.Z.Tağıyevin həlak olmuş oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya  gətirən müsəlman  diviziyasının  48  nəfərdən ibarət  dəstəsi mərhumu dəfn etdikdən sonra Evelina gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Paroxodun körpüdən aralanmasına az qalmış bolşeviklər müsəlman dəstəsinə heç bir əsas olmadan silahı yerə qoymağı tələb etdi. Dəstənin rədd cavabı gəldikdən sonra onlara tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu. 

Mart soyqırımı ilə bağlı tədqiqatlar aparmış professor Anar İskəndərov yazır Bakı Soveti qüvvələrinə rəhbərlik edən S. Şaumyanın erməni hərbi hissələrindən istifadə etməsi bu qırğını daha da dərinləşdirmişdir. Bolşevikləri müdafiə  etmək bəhanəsi ilə  erməni hərbi hissələri  türk-müsəlman əhalisinə qəddarcasına divan  tuturdular. Qeyd etmək  lazımdır ki, Bakı Soveti də, onun yaratdığı ordu da əsas etibarı ilə  ermənilərdən ibarət idi. Sovetdə  olan  daşnaklar  Sako  Saakyan,  Arakelyan  və  başqaları  bolşevik dəstələrinə müsəlman fəhlələrinin qəbul edilməsinə hər vasitə ilə əngəl törədirdilər. Daşnaklar azərbaycanlılara milli ordu yaratmaqda mane olur, Sovetin adından istifadə  edərək millətçi-şovinist  siyasətini canfəşanlıqla həyata keçirir, Bakı, Şamaxı və  Azərbaycanın digər  bölgələrində  türk-müsəlman  əhalisinə  qarşı  qırğınlar hazırlayırdılar. Şaumyanın başçılıq etdiyi ordunun bolşeviklərdən daha çox ermənilərdən təşkil edilməsini erməni alimi Q. Avetisyan da təsdiqləyir. O qeyd edir ki, Bakıda 25 alay, 18 min döyüşçüdən ibarət Qızıl ordunun dörd briqadası var idi. Qızıl ordu döyüşçülərinin də 70 faizi erməni idi.

Bu minvalla Bakı qəzasında baş verən qırğınlar öz dəhşətli mənzərəsini tez bir zamanda ortaya qoydu. Küçələr minlərlə günahsız insanların meyitləri ilə dolu idi. Ermənilər bu qırğınlarda heç kəsə, hətta, körpələrə də rəhm etmirdilər. Şaumyanın  rəhbərlik etdiyi Bakı Soveti antimüsavat kampaniyası adı altında bütün qəza əhalisinə divan tutmuşdu. Bu barədə Fövqəladə  Təhqiqat  Komissiyasının  üzvü  A.Y. Kluge təmsil edilən komissiyanın  sədrinə  Bakı şəhərinin müsəlman  əhalisinə  qarşı törədilmiş  zorakılıqlara  dair  iş  haqqında  məruzəsində  yazırdı:  Yaxşı silahlanmış, təlim keçmiş erməni  əskərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə  hücum  edirdilər. Ermənilər müsəlmanların evlərinə  soxulur, bu evlərin sakinlərini  qırır,  onları  qılınc  və  xəncərlərlə  doğram -doğram və  süngülərlə  deşik-deşik edir, uşaqları yanan evin alovları  içərisinə  atır,  üç-dörd  günlük  çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin  südəmər  körpələrinə  rəhm  etmir,  hamısını  öldürürdülər.

Bu vəhşiliklər, təbii ki, tək Bakıda deyil, Azərbaycanın əksər bölgələrində həyata keçirilir və yerli müsəlman türk əhalisi vəhşicəsinə qətlə yetirilirdi. Təkcə Şamaxı hadisələri bir millətin soyqırımına məruz qalmasını sübut etmək üçün ən bariz nümunədir.

Yelizavetpol (Gəncə) Müsəlman Milli Şurasının  sədri Xasməmmədov 1918-ci il martın  28-də Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə  göndərdiyi teleqramında yazırdı ki: martın 18-də bolşeviklər tərəfindən Bakıdan 2 min yaxşı silahlanmış top və pulemyota malik olan əsgər dəstəsi Şamaxı qəzası istiqamətində yola salınmışdır. Dəstə yol boyu 15-dən  çox müsəlman  kəndini məhv edərək, Şamaxı şəhərini darmadağın  etmişdir. Minlərlə  müsəlman,  o cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdir. Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmışdır. Təcili hökumətin köməyi lazımdır.

Bakı, Şamaxı ilə yanaşı, Quba şəhərinin əhalisinə qarşı da amansız divan tutulmuşdur. Belə ki, Ərzurum ermənisi olan və Türkiyədə saysız-hesabsız türkün qanına əli bulaşmış başkəsən Hamazasp Quba qırğınlarına rəhbərlik edirdi. Onun qəddarlığı arxiv materiallarında öz təsdiqini tapan çıxışından da bizlərə bəlli olur. Qubaya gələn Hamazasp şəhərdəki məscidin  yanındakı  meydana  gələrək orada toplaşmış müsəlmanlara müraciətlə bildirmişdi: Mən, əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni mənafelərinin müdafiəçisiyəm. Mən Sovet hökuməti tərəfindən cəza dəstəsi ilə buraya göndərilmişəm ki, sizdən iki həftə bundan əvvəl burada öldürülmüş ermənilərin qisasını alım. Əlbəttə Hamazasp bu çıxışında özünü sığortalamaq üçün işlətdiyi burada öldürülmüş ermənilərin qisasını alım fikri barədə onu deyə bilərik ki, həmin hadisə ermənilərin Bakıdan Qubaya hücumu nəticəsində baş vermişdi və qusarlı Möhübəli Əfəndi Kuzunvi, qubalı Əli bəy Zizikski və Qaçaq Mayılın dəstələri tərəfindən hücumun qarşısı alınmış və ermənilər xeyli itki verərək geri çəkilmişdilər. Şaumyan və  Korqanovun təşkilatçılığı  ilə  daşnak  Hamazasp  dəstələri  Quba  şəhərində  və  qəzanın  122  kəndində vəhşiliklər törətmiş, qətliamın birinci günü şəhərdə 713 nəfəri, ikinci günü 1012 nəfər azərbaycanlını qətlə  yetirmişdilər. Quba şəhərində  3 minədək dinc sakin qətlə  yetirilmiş,  105  ev  və  digər tikililər tamamilə yandırılmışdır. Hamazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş  ayı  ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir.

Daşnaklar Azərbaycanın şimal-qərb regionları ilə yanaşı, qərb hissəsini də hədəf götürmüş və etnik təmizləmə siyasətini orada da xüsusi amansızlıqla həyata keçirirdi. Türk ordusunun zərbələrindən qaçan ermənilər, başda generalları quldur Andronik olmaqla İrəvan quberniyasının ərazisinə soxulmuş və Zəngəzur, Dərələyəz, Naxçıvan və Qarabağ mahallarında müsəlmanlara qarşı qəddar aktlar törətmişdilər. Zəngəzur qəzasında baş verən qırğınlar mart soyqırımlarının ən dəhşətli ssenarilərindən biri idi. Fövqəladə  Təhqiqat Komissiyasının məruzəsində  Zəngəzur qəzasında  115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq talan edildiyi, əhalinin xeyli hissəsinin qətlə yetirildiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları sadalanır. 1918-ci ildə baş verən mart hadisələri nəticəsində təqribən 50 mindən çox azərbaycanlı qətlə yetirilmiş, talançılıq nəticəsində yerli müsəlman əhaliyə dəyəri milyadrlarla ölçülən ziyan dəymişdir.

Beləliklə, hadisələrlə bağlı faktların incələnməsindən görünür ki, heç də Ermənistanın Azərbaycan torpaqlarında yaranması və möhkəmlənməsi birdən-birə başa gəlməyib. Bunun üçün onlar Azərbaycan türklərini, yerli müsəlmanları dəhşətli soyqırımına, talana, terrora məruz qoymuş, yüzminlərlə insan öz ata-baba torpaqlarından qaçqın düşmüş və əhalinin kifayət qədər əhəmiyyətli hissəsi hücumlar nəticəsində öldürülmüşdür.

Bu, açıq-aşkar erməni etnik ekspansiyasının sürətli-taktiki gedişi və praktiki olaraq reallaşdırılması idi. Çünki Azərbaycan ərazilərində erməni dövlətini yaratmaq və dənizdən-dənizə böyük Ermənistan qurmaq planları onların terrora haqq qazandıran ideoloqlarının uzun illərdən bəri hazırlaşdıqları plan idi. Bunun üçün etnik təmizləmə vacib idi.  Lakin Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dövlət xadimlərimizin fəaliyyəti, Osmanlı ordusunun Nuru paşanın başçılığı altında xalqımıza etdikləri qardaş köməyi erməniləri soyqırımı siyasətinin tam həyata keçirməsinin qarşısını aldı.