İki sahil.-2017.-17 iyun.-¹ 107.-S.13.

 

XXI əsrə qızıl hərflərlə yazılacaq möhtəşəm tarix

 

Günel Əsgərova,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

 

“Biz tarixi keçmişimizə nəzər salarkən ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə,

heykəllərlə - yaradılan hər şeylə fəxr edir və bunları yaradanları daim xatırlayırıq”.

 

Ümummilli lider Heydər Əliyev

 

Bu gün dünya xalqları mədəniyyətlərinin bir-birinə tanıdılması, inkişafı, ölkələrarası mədəniyyət əlaqələrinin daha da gücləndirilməsi yönündə olduqca əhəmiyyətli layihələr hazırlanır və həyata keçirilir. Məhz belə dəyərli layihələrdən biri də İslam mədəniyyətinin dünyada təbliği və təşviqi məqsədilə İslam Konfransı Təşkilatına üzv olan müsəlman ölkələrinin mədəniyyət nazirlərinin 2001-ci ildə Doha şəhərində baş tutan III konfransında “İslam Mədəniyyətinin Paytaxtları” proqramının təsdiq olunması haqqında qəbul edilmiş qətnamədir.

İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının təklifi ilə qəbul edilmiş bu qətnaməyə müvafiq olaraq “İslam Mədəniyyətinin Paytaxtları” statusunu hər il Ərəb, Asiya və Afrika regionlarını təmsil edən üç müsəlman şəhəri daşımalıdır. Bildiyimiz kimi, bu fəxri missiyaya layiq görülən və ilk İslam mədəniyyətinin paytaxtı dünya müsəlmanlarının ziyarətgahı olan müqəddəs Kəbənin yerləşdiyi Məkkə şəhəri olmuşdur.

“İslam Mədəniyyətinin Paytaxtları” statusuna namizəd seçilən müsəlman şəhəri ilk növbədə öz ölkəsi və İslam dünyası səviyyəsində zəngin və qədim tarixə malik olmalı, elmin, ədəbiyyatın, incəsənətin inkişafına xüsusi töhfə verməlidir. Eyni zamanda mədəni-kütləvi tədbirləri təşkil edən xüsusi təsisatlara, elmi mərkəzlərə, müvafiq institutlara malik olmalı, İslam mədəniyyətinə və ümumilikdə dünya mədəniyyətinə töhfələri ilə seçilməlidir ki, bu göstəricilər də qətnamənin ilkin şərtlərindəndir.

Azərbaycan dövlətinin yüksək islami-əxlaqi dəyərlərə sahib bir ölkə olması və “İslam Mədəniyyətinin Paytaxtları” Proqramının bütün meyarlarına müvafiqliyi baxımından 2009-cu ildə paytaxt şəhərimiz Bakı “İslam mədəniyyətinin paytaxtı” seçilmiş, bu fəxri missiyanı şərəflə daşımış və uğurla başa çatdırmışdır.

Bildiyimiz kimi 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilmiş və 12-22 may tarixlərində möhtəşəm açılış mərasimi ilə IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Azərbaycanın ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlara ev sahibliyi etməsi dövlətimizin tolerant və multikultural dövlət olduğunun daha bir bariz nümunəsidir.

Bakı şəhəri “İslam mədəniyyətinin paytaxtı” missiyasını layiqincə təmsil etdikdən sonra, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilən VI konfransında qədimliyin və müasirliyin vəhdətini özündə yaşadan Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunmasına dair qərar qəbul edildi. Biz naxçıvanlılar üçün sevindirici və qürurverici haldır ki, antik tarixi-dini abidələrilə İslam dünyasında tanınan, beş min ildən çox yaşı olan Naxçıvan diyarı 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” statusunu təhvil alacaqdır.

Qədim yurdumuz islami dəyərləri özündə qoruyub yaşadan türk-islam mədəniyyət nümunələri, tarixi-dini abidələrilə zəngin diyardır. Müsəmanların müqəddəs torpaları olan Məkkə və Qüds şəhərlərindən sonra, ilk dəfə Təkallahlığın yayıldığı Naxçıvan torpağı da dünyada üçüncü müqəddəs torpaq olaraq qəbul edilmişdir.

Hər iki şəhərimizin İslam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycan xalqının tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymətin təzahürüdür. Azərbaycan dövləti vahid ölkədir ki, İslam dünyasının iki qədim tarixi şəhəri İslam mədəniyyətinin paytaxtı ehtiramına layiq görülmüşdür.

Naxçıvan-Naxçıvanşahlığın və Azərbaycan Atabəylər dövləti kimi qüdrətli dövlətlərin, bir sıra inzibati ərazi vahidlərinin (Naxçıvan tüməni, Naxçıvan sancağı və s.) paytaxtı olmuş, çoxəsrlik tarixə və mədəniyyətə malik olan, ölkəmizin dövlətçilik tarixində önəmli rol oynayan, Azərbaycan tarixinə silinməz iz salan ulu diyarımızdır. Hər bir xalqın qədimliyini sübut edən onun elmi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti və tarixi abidələridir. Azərbaycan xalqının da qədim mədəni sərvətləri içərisində tarix və memarlıq abidələri xüsusi olaraq fərqlənir.

Keçmişimizi bu günə daşıyan, tarixi yaddaşımız olan-bədii memarlıq sənətinin gözəl nümunəsi, Naxçıvanın Tac-Mahalı adlandırılan, şəhərimizin əzəmətini əks etdirən, Memar Əcəmi Naxçıvaninin şah əsəri olan Mömünə Xatun türbəsini, 8 əsrdən çox yaşı olan Yusif Küseyroğlu türbəsini, Azərbaycan xatirə memarlığının mütərrəqi ənənələrini özündə yaşadan, memar Əhməd Naxçıvaninin yaradıcılıq nümunələrindən olan Qarabağlar türbəsini, yerli əhalinin tək Tanrıya olan inancını əks etdirən, müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”in 18-ci “Əl-Kəhf” surəsində adı çəkilən “Əshabi-Kəhf” ziyarətgahının, qədim Naxçıvanın rəmzlərindən biri olan Duzdağ mağarasının (Naxçıvanın məşhur duz mağarası 1979-cu ildən Duzdağ Fizioterapiya Mərkəzi kimi fəaliyyətə başlamışdır), Azərbaycanın milli dövlətçilik ənənələrini özündə yaşadan, 2 min illik qədim tarixə malik qətiyyətin, əzəmətin və mübarizliyin rəmzi-Əlincəqalasının, Naxçıvan memarlıq məktəbinin XII-XIV əsrlərinə aid edilən Naxçıvan və Ordubad buzxanalarının, bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verən, qədim insanların dini, mifoloji, ideoloji, siyasi görüşlərini əks etdirən qayaüstü rəsmlər toplusunun təşkil olunduğu Gəmiqaya muzeyinin, VIII əsrdə inşa edilmiş XII əsrdə yenidən bərpa edilən Nuh peyğəmbərin məzarüstü memarlıq abidəsinin və s. yüzlərlə tarixi-dini mədəniyyət abidələrinin adlarını iftixarla çəkə bilərik.

Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini özündə yaşadan təbiət, tarixi, arxeoloji, memarlıq, monumental sənət abidələri, ziyarətgahları ilə zəngin olan qədim Naxçıvan torpağını “Abidələr muzeyi” adlandırsaq heç də yanılmarıq. Naxçıvanqala, Oğlanqala, Govurqala, Batabat, Qızlar bulağı, Darıdağ, Haçadağ, Quyulu dağ, Qazma mağarası, Ərməmməd mağarası, Kilit mağarası, Fərhad evi, Xan Sarayı, Naxçıvan Came Məscidi, Şərq hamamı, Zaviyə Mədrəsə binası, İmamzadə kompleksi və s. adlarını çəkdiyim bu və bu kimi 1200-dən artıq heyrətamiz tarixi memarlıq abidələri ilə zənginolan ulu diyarın çox uzaq keçmişə, qədim tarixi köklərə malik olduğunun daha bir isbatı, sübutudur. Beş minillik qədim tarixə malik abidələr soykökümüzlə, şəhərsalma mədəniyyətimizin tarixi, qədim ailə, məişət və dəfn adətlərimizlə bağlı bir çox ciddi mətləbin üzərinə işıq salmaqla elmimizin qarşısında duran mühüm problemlərin öyrənilməsi baxımından da həlledici əhəmiyyətə malikdir.

Naxçıvan torpağı nəinki tarixi-dini abidələri ilə tanınan bir diyardır, eləcə də Azərbaycan xalqına və bəşər mədəniyyətinə görkəmli elm, ədəbiyyat və mədəniyyət xadimləri, o cümlədən Əcəmi Naxçıvani, Nəsrəddin Tusi, Lütfəli Əsgərzadə, Hinduşah Naxçıvani, Məmməd Səid Ordubadi, Əziz Şərif, Əziz Əliyev, Yusif Məmmədəliyev, Əbdürrəhman Fətəlibəyli, Behbud ağa Şahtaxtinski, Məhəmməd ağa Şahtaxtinski, Cəmşid Naxçıvanski, Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Hüseyn Cavid, Heydər Əliyev, Zərifə xanım Əliyeva, Bəhruz Kəngərli və s. kimi dahi şəxsiyyətlər verdiyi də hər birimizə məlumdur.

Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanda, eləcə də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında xalqımızın tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadan tarixi, dini, memarlıq abidələrimizin mühafizəsi və bərpası, bu abidələrin yenidən və əsaslı şəkildə tədqiqi və təbliği işlərinə xüsusi diqqət yetirilmiş, tarixi və mədəni irsimizin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması işləri ilə bağlı xeyli təqdirəlayiq işlər görülmüşdür. Tarixi abidələrin qorunması və mühafizəsinə dair “Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edilməsi, Naxçıvan tarixinin və maddi-mədəniyyət nümunələrinin daha dərindən araşdırılıb, öyrənilməsi nəticəsində ilk “Naxçıvan ensiklopediyası” işıq üzü görmüşdür.

Naxçıvan tarixinin sistemli, ardıcıl və milli mövqedən öyrənilməsi işinin davamı olaraq da “Naxçıvan ensiklopediyası” təkmilləşdirilmiş, yenidən işlənərək iki cilddə ikinci dəfə 2005-ci ildə, “Naxçıvan abidələri ensiklopediyası” isə 2008-ci ildə nəşr olunaraq ictimaiyyətə təqdim edilmişdir. Bütün bunlar dövlətimizin milli sərvətlərimiz olan tarix və mədəniyyət abidələrimizə, milli mənəvi dəyərlərimizə, tariximizə, bütövlükdə mədəniyyətimizə göstərilən diqqət və qayğısının əyani nəticəsidir. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək demişdir: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən, abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.

Naxçıvan MR-nın XXI əsrə aid tərəqqisi və yüksəlişində öz xidmətlərini əsirgəməyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov antik şəhərimizdə mövcud olan tarixi və mədəniyət abidələrimizin qorunması və bərpası işlərinə hər zaman xüsusi önəm vermişdir. Çoxsaylı abidələrin bərpası, müxtəlif ərazilərdə arxeoloji tədqiqatların aparılması, regionun tarixi, mədəniyyəti, milli dəyərləri ilə bağlı müxtəlif ədəbiyyatların nəşr edilməsi və s. Naxçıvan torpağı haqqında daha çox məlumatların öyrənilməsi işində mühüm rol oynamışdır.

Bu qayğı və diqqətin nəticəsidir ki, Naxçıvanın tarixi və mədəniyyət abidələrinin öyrənilməsi yönündə beynəlxalq simpoizumlar, konfranslar keçirilmiş (“Uluslararası qaynaqlarda Naxçıvan”, “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ”), elmi məqalələr, kitablar, monoqrafiyalar, ensiklopediyalar dərc edilmiş (“Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan”, “Naxçıvanın tarixi abidələri”), Naxçıvanın dünya əhəmiyyətli nadir təbiət və sənət abidələrinin (“Mömünə Xatun” məqbərəsi, “Qarabağlar” və “Gülüstan” türbələri, “Zaviyə mədrəsəsi”, “Came Məscidi”, “ Şərq hamamı”, “Əlincəqala”, “Yusif Küseyiroğlu türbəsi”, “Nuh peyğəmbərin məzarüstü türbəsi”) obyektiv şəkildə araşdırılması, elmi əsaslarla tədqiqi, pasportlaşdırılması, qorunması, bərpası işləri həyata keçirilmişdir. Naxçıvanda müxtəlif dövrlərə aid qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlardan və qəbirüstü sənduqələrdən ibarət 450 maddi mədəniyyət nümunəsinin mühafizə və nümayiş olunduğu yerdə “Dədə Qorqud” meydanının salınması, “Açıq Səma Altında Muzeyin yaradılması”, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında”, “Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında”, “Əlincəqala” Tarixi abidəsinin bərpa edilməsi haqqında”, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin bərpa edilməsi haqqında, həmçinin “Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” və digər məsələlərlə bağlı fərman və sərəncamlar imzalanmışdır.

Bütün bunlarla yanaşı, son illərdə muxtar respublikamızda milli mənəvi dəyərlərimizin, tarixi-dini abidələrimizin, mədəniyyətimizin, incəsənətimizin təbliği yönündə maraqlı festivallara da yer verilmişdir. “Naxçıvan -bəşəriyyətin beşiyi” III Beynəlxalq rəsm festivalı, “Naxçıvan-2016” və “Naxçıvan -2017” Beynəlxalq Şahmat festivalları, “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi-2016”, muğam məclisləri və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində həyata keçirilən xalq yaradıcılığı günləri belə maraqlı festivallardandır.

26 illik blokada şəraitində olmasına baxmayaraq, bütün sahələrdə uğurla və sürətlə inkişaf edərək öz layiqli yerini tutan qədim tarixi diyarımız bu gün mədəniyyətlərarası dialoq mühitinin formalaşmasında və beynəlxalq səviyyəli festivalların keçirildiyi ideal məkan kimi öz şöhrətini qazanmışdır.

Yuxarıda qeyd etdiyim kimi Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı” elan edilmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanda Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalamışdır.

Təşkilat Komitəsinin 25 noyabr 2016-ci il tarixdə keçirilən ilk iclasında Təşkilat Komitəsinin sədri Vasif Talıbov Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunmasına dair qəbul olunan qərar haqqında demişdir: “Bu qərar əsaslıdır. Ona görə ki, Azərbaycanın 5 min illik tarixə mailk qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir”. Daha sonra Təşkilat Komitəsinin sədri Vasif Talıbov çıxışında “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanmasının vacibliyini irəli sürmüş və Naxçıvanın həm türk, həm də İslam mədəniyyətinin daşıyıcısı olması, qədim və müasir tarixi rəmzlərlə daha dolğun ifadə olunan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” ən uyğun loqotipi hazırlanaraq qəbul edilmişdir. Həmçinin rəsmi internet səhifəsinin yaradılması, İslam mədəniyyətinin dini abidələrini özündə yaşadan bəzi nümunələrin İSESKO-nun siyahısına salınması, muxtar respublikanın dini abidələri, məscid və ziyarətgahları haqqında Azərbaycan və ingilis dillərində kitabların, həmçinin “İslamda müdrik kəlamlar” haqqında kitab hazırlanması və s. digər məsələlərin vacibliyi vurğulanmışdır.

İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin qorunub yaşadılmasında özünəməxsus rol oynamış bu qədim diyarda Azərbaycan xalqının adət-ənənələri, dini, elmi və mədəni irsi formalaşmışdır. Biz də ulu babalarımızdan bizə yadigar qalan, soykökümüzdən xəbər verən bu irsi qorumalı və gələcək nəsillərə ərmağan etməyin və dünyaya tanıtmağın hər birimizin vətəndaşlıq borcu olduğunu unutmamalıyıq.

Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi çoxəsrlik  tariximizin, mədəniyyətimizin təbliği, təşviqi və Naxçıvan torpağı haqqında əsassız iddialara, məkrli niyyətlərə gərəkli sözünün deyilməsi baxımından əlverişli məqamdır. Muxtariyyətinin 94-cü ildönümünü yaşayan Şərqin qədim şəhəri Naxçıvan 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı”na ev sahibliyi edərək, üzərinə götürdüyü bu öhdəlikdən layiqincə, fəxarətlə gələcək, uğurlu yüksəlişlə adını XXI əsrə qızıl hərflərlə yazacaq, tarixə silinməz bir iz salacaqdır.