Respublika.-2017.-17 iyun.-129.-S.10.; 18 iyun.-130.-S.5.

 

İslam dünyasının parçalanma təhlükəsi İslam həmrəyliyini zəruri edir

 

Zahiddin Abbasov,

Azərbaycan Respublikası Veteranlar Təşkilatının beynəlxalq əlaqələr

və xalqlar arasında dostluq daimi komissiyasının sədri,

silahlı qüvvələr veteranı.

 

XX əsrin sonlarından başlayaraq Qərb ölkələrinin əksəriyyətində, xüsusilə, Avropada, özlərini digər dinlərdən və millətlərdən üstün tutan şəxslər və qruplar, müxtəlif radikal meyilli partiyalar islamafobiya, irqçilik, ayrı-seçkilik və s. bu kimi təhlükəli amillərin, millətçilik və nasist ideyalarının daha məqsədyönlü şəkildə yayılmasına və təbliğinə yaşıl işıq yandırdılar. Onlar, eyni zamanda, dünyanı yenidən bölüşdürmək məqsədilə, demokratiyanı bərqərar etmək pərdəsi altında, maraqlarına cavab verməyən ölkələrin, əsasən də İslam ölkələrinin daxili işlərinə qarışaraq qarşıdurmalar və xaos yaratdılar. Beləliklə də dünya nizamının pozulması prosesinə start verildi: Qərbin əlaqədar xüsusi xidmət orqanlarının əli ilə baş tutan Ərəb baharı və rəngli inqilablar vasitəsilə bir sıra ölkələr - İraq, Misir, Liviya, Yəmən, Suriya və s. - müharibə ocaqlarına çevrildilər. Eyni zamanda Qərbin törətdiyi bu avantüralar Əl-Qaidə, İşid və Cəbhət ən Nusra kimi terror təşkilatlarının da əmələ gəlməsinə səbəb oldu.

Bir tərəfdən müharibə və münaqişələr, digər tərəfdən müntəzəm olaraq həyata keçirilən terror aktları uzun illərdir ki, yuxarıda adları çəkilən və çəkilməyən bir sıra müsəlman ölkələrində sabitliyi pozmaqda, dinc əhalini məhv etməkdə davam edir, insanlar bu günə kimi səngimək bilməyən bu qırğınlardan, xaosdan nəinki can qurtara bilmir, hətta getdikcə daha çox fəlakətlərlə üzləşirlər: məhv edilən və qaçqın düşən dinc əhalinin sayı durmadan artır. Təsadüfi deyildir ki, son 15 ildə dünyada qaçqınların sayı 75 milyona qədər çoxalıbdır. Təkcə Suriyadan olan qaçqınların sayı 5 milyonu haqlayıb, buradakı müharibədə öldürülən insanların sayı isə 500 minə çatıbdır. Bu ölkədə adamlar acından ölməmək üçün it, pişik əti yeyirlər. Burada bir kiloqram düyünün (o da əgər tapılsa) qiyməti 250 ABŞ dollarıdır.

Bu gün baş verən fəlakətli hadisələrin nəticəsində artıq dünya əhalisinin 20 faizi, yəni bir milyarddan çoxu aclıq çəkir.

Görünür, dünyanın bugünkü durumu hələlik öz axarı ilə davam edəcəkdir. Çünki dünya nizamının tənzimlənməsinə cavabdeh olan, beynəlxalq qurumlar içərisində ən nüfuzlu qurum sayılan, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri qlobal nüfuz birincilik uğrunda mübarizə aparmaqla məşğul olduqlarından yer üzündə baş verən faciələrə son qoyulması çətin məsələdir.

Əslində, dünyanın aparıcı dövlətlərinin bu qarşıdurmalara, müharibə və münaqişə ocaqlarına son qoyacaqlarına ümid etmək sadəlövhlük olardı. Çünki bu dövlətlərin bəziləri dünyanın müxtəlif nöqtələrində müharibə ocaqlarının alovlanmasında maraqlıdırlar. Daha doğrusu, dünyada baş verən qarşıdurmalar, müharibələr onların müdaxiləsi nəticəsində, həm də düşünülmüş şəkildə və əsasən, yeraltı sərvətləri, karbohidrogen resursları bol olan müsəlman ölkələrində törədilir. Məqsəd, dünyadakı neft və təbii qaz ehtiyatlarının 2/3 hissəsinə malik olan bu ölkələrin sərvətlərini ələ keçirtmək, onları iqtisadi, siyasi və hərbi cəhətdən özlərindən asılı vəziyyətdə salmaqdır. Onlar söz azadlığı, demokratiyanın bərqərarı şüarları altında islam ölkələrinə, müsəlmanlara, İslam dininə qarşı daha radikal basqılar həyata keçirirlər, islamı terrorçularla əlaqələndirən bu qüvvələr müsəlmanları təhqir etməklə, alçaltmaqla, onları provakasiyalara çəkməklə qeyri-müsəlmanlarla toqquşdurmağa və beləliklə, sivilizasiyalar arasında qarşıdurmalar yaratmağa çalışırlar. Təəssüf ki, dini konfessiyaları biri-birilə toqquşdurmaq məqsədilə müsəlmanları təhqir hədəfinə çevirən bu qüvvələrin nümayəndələri Qərb dünyasının rəsmi strukturları tərəfindən qorunur, əzizlənir və təqdir edilir. Məsələn, Danimarkada nəşr edilən Jyilands- Posten qəzetində 2005-ci ildə Məhəmməd (s.v.s) Peyğəmbərin karikaturasını dərc etdirən qəzet redaktoru Fleminq Rouz təmtəraqlı şəkildə həmin il Nobel mükafatına təqdim olunmuşdur. İslamı təhqir edən şeirləri ilə bir çox İslam ölkələrinin qəzəbinə səbəb olmuş britaniyalı şair, hind əsilli Salman Ruşdi də Qərbin rəğbətini qazanmışdır.

Həm Fleminq Rouzun, həm də Salman Ruşdinin hərəkətlərini, nə qədər ağır olsa da, bir növ başa düşmək olar. Çünki onlar İslama düşmən qüvvələrin təbliğatçıları kimi çıxış edərək öz ideoloqlarının göstərişlərini yerinə yetiriblər.

Lakin Osmanlı imperiyasında 1915- ci ildə baş vermiş hadisələri öz yazılarında erməni soyqırımı kimi sübut etməyə çalışan və bununla da, təkcə Türkiyəni deyil, bütün İslamı təhqir edən Türkiyə yazıçısı Orxan Pamuk bir neçə il bundan öncə təbii ki, antiislam qüvvələrin dəstəyi ilə Nobel mükafatına layiq görülmüşdür.

Ermənilərin saxta iddiasına görə, 1915-ci ildə erməni soyqırımını törədən və 1922-ci ildə daşnaklar tərəfindən öldürülən Camal Paşanın yazıçı nəvəsi Həsən Paşa da Orxan Pamuk kimi yüksək mükafat qazanmaq məqsədilə satqınlıq yolunu seçmişdir. O, yazdığı 1915-ci il erməni soyqırımı kitabının ermənilər tərəfindən təşkil edilmiş təqdimatında iştirak etmək üçün 2014-cü ildə Yerevana gəlir. Ermənilərin yüksək səviyyədə qarşıladıqları Həsən Paşanın bu kitabı tezliklə erməni dilində nəşr edilərək erməni soyqırımının 100 illiyi ərəfəsində bütün dünyaya yayılır və bu günədək bu uydurma mifin təbliğində ermənilərin əlində tutarlı bir fakt kimi təqdim edilir.

Qeyd etmək lazımdır ki, əgər əvvəllər islama qarşı basqılar ayrı-ayrı şəxslər, təşkilatlar və dairələr tərəfindən reallaşdırılırdısa, son illər bu basqılar artıq dövlətlər, beynəlxalq təşkilatlar səviyyəsində həyata keçirilir.

Son 1-2 ildə Avropada müsəlmanlara qarşı təhdidlərin, təhqiramiz və alçaldıcı hərəkətlərin nəzərəçarpacaq dərəcədə çoxaldığı da danılmaz bir faktdır. Fikrimcə, bunun əsas səbəblərindən biri, bəlkə də birincisi, 2016-cı ilin fevralında Kubada xristian dünyasının iki böyük din xadiminin Roma Papası ilə Rusiya Patriarxının-mövcud müharibə ocaqlarında xristianların öldürülməsinin qarşısının alınması ilə bağlı tədbirləri müzakirə etmək məqsədilə baş tutan görüşləridir. Bu görüşlə əlaqədar kütləvi informasiya vasitələrinin verdikləri açıqlamalardan aydın oldu ki, xristian dininin rəhbərlərini, ümumiyyətlə, müharibə ocaqlarındakı insanların taleləri deyil, yalnız onların dininə mənsub olanların taleləri maraqlandırır. Elə bu görüşdən az sonra-2016-cı ilin mart ayında ABŞ Konqresi Yaxın Şərqdə və Şimali Afrikada xristianların öldürülməsinin Xristian əhalisinə qarşı soyqırım kimi tanınması barədə qərar qəbul edir. Əlbəttə, xristianların iki böyük din xadiminin və ABŞ Konqresinin müsəlmanların taleyinə qarşı nümayiş etdirdikləri biganəlik, laqeydlik nə qədər müsəlmanlara təhqiredici, alçaldıcı təsir göstərdisə, bir o qədər də radikalyönlü xristianların sevincinə səbəb oldu, müsəlmanlara qarşı daha sərt mövqedən çıxış etməyə onlara stimul verdi.

Bu il martın 25-də, ermənilərin keçirtdikləri hərbi təlimə yekun vurarkən, Ermənistan prezidenti Serj Sərkisyan mövcud Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dini zəmində baş vermiş münaqişə kimi qələmə verməyə səy etməsi heç də təsadüfi deyildir. Hətta o, verdiyi bəyanatda Ermənistanın hərbi qüvvələrini Xristianlığın keşikçiləri adlandırdı. Çox təəssüf ki, S.Sarkisyanın bu sərsəm bəyanatına, Azərbaycandan başqa, reaksiya verən bir ölkə tapılmadı. Axı, bu bəyanat yalnız Azərbaycanı təhdid etmək məqsədilə deyil, həm də müsəlmanlarla xristianlar arasında qarşıdurmalar yaratmaq məqsədilə verilən bir bəyanat idi! Ermənistan dövləti rəhbərinin bu bəyanatından dərhal sonra Azərbaycan ATƏT-ə məktub göndərərək, onun Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə təhdidlə dolu bəyanat olduğunu, Sarkisyanın mövcud münaqişəyə dini rəng verməyə çalışdığını vurğuladı.

Dövlət başçımız İlham Əliyev bu il aprelin əvvəllərində istanbulda keçirilən XX Avrasiya iqtisadi Sammitinə göndərdiyi məktubda da Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə bir daha toxunaraq Sarkisyanın bu bəyanatının hansı məqsəd güddüyünü açıqladı: BMT-nin Təhlükəsizlik Şurasının mövcud qətnamələrinə baxmayaraq, işğalçı ölkə işğal etdiyi torpaqları tərk etmək istəmir, müxtəlif üsullarla Status-kvonu uzatmağa cəhd edir. Ən başlıca təhlükə ondan ibarətdir ki, erməni dövlətinin rəhbərliyi onların ərazi ilə bağlı olan münaqişəsini xristianlarla müsəlmanlar arasında qarşıdurma kimi təqdim edir. Bununla da qarşıdurma yaratmağa çalışır.

Qardaş Türkiyə dövləti ilə bağlı bu ilin mart-aprel aylarında Avropada baş vermiş siyasi oyunlar isə son illər müsəlman dünyasına qarşı təşkil olunmuş qara kampaniyaların, basqıların ən pik səviyyəsi kimi səciyyələndirilməlidir. Türkiyə Konstitusiyasına düzəlişlər edilməsi ilə əlaqədar aprelin 16-da keçirilmiş referendum ərəfəsində, ölkələrində yaşayan türklərlə Türkiyə nazirlərinin təbliğat kampaniyası aparmalarına icazə verməyən Almaniya, Hollandiya və Avstriya dövlətləri, özlərinin daim bəyan etdikləri demokratiyanın əsas dəyərlərinə məhəl qoymayaraq, insanların söz və sərbəst toplaşmaq azadlığı hüquqlarını kobud şəkildə pozdular. Hətta, Niderlandın baş naziri bu il martın əvvəllərində bəyanat verdi ki, Bizim ölkə digər dövlətlərin seçkiqabağı yığıncaq keçirmək yeri deyildir.

Avropa dövlətlərinin Türkiyəyə qarşı nümayiş etdirdikləri bu xoşagəlməz, kobud hərəkətləri Türkiyənin demokratik institutlarının fəaliyyəti ilə bağlı məsələ AŞPA-da müzakirə olunarkən özünü daha çılpaq şəkildə büruzə verdi. Türkiyənin rəsmi şəxslərinin türk diasporu ilə görüşlərinə imkan vermədiyinə və onlara qarşı qeyri-demokratik davranışlara görə Ərdoğanın bugünkü Almaniyanı nasistlərlə müqayisə etməsi və Türkiyə Prezidentinə geniş səlahiyyətlər verən referendumun baş tutması Avropa İttifaqı rəhbərlərinin və Avropa strukturlarının ürəyincə olmadığından, AŞPA 26 aprel 2017-ci il tarixdə Türkiyəyə qarşı çox ədalətsiz və qərəzli qərar qəbul etdi. AŞPA gələcəkdə Türkiyə dövlətinin daxili-siyasi proseslərinə müdaxilə etmək imkanı qazanmaq və ona daha çox təzyiqlər göstərmək məqsədilə, son 12 ildə post-monitorinq vəziyyətində olan Türkiyəni yenidən monitorinq vəziyyətinə qaytardı.

AŞPA-nın bu qərarından az sonra Avropa İttifaqının rəhbərliyi Türkiyənin bu təşkilatlara qəbulu prosesinin artıq baş tutmayacağını elan etdi. Xoşməramlı qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə Avropa Komissarı Yoxansen Xan bu il aprelin sonlarında bəyan etdi ki, bundan sonra əgər hər iki tərəf (Avropa və Türkiyə) nəhayət dostluq münasibətləri yarada bilsələr, bu, yalnız iqtisadi əməkdaşlıq ola bilər.

İslamafobiyanın günü-gündən artması, İslam dünyasına basqıların gücləndirilməsi, sözsüz ki, əsasən, İslam ölkələri arasında birliyin olmamasından da irəli gəlir. Ürək ağrısı ilə qeyd etmək lazımdır ki, bəzi İslam dövlətləri biri-biri ilə yola getmir, məzhəb davası aparır, yaxud da hər hansı bir məsələdə maraqları üst-üstə düşməyəndə düşmənçilik edir, biri digərini cəzalandırmaq üçün müxtəlif üsullara da əl atırlar. Qərb də bütün bunlardan məharətlə istifadə edərək, elə İslam ölkələrinin öz əli ilə, çox asanlıqla, istədiyi İslam ölkəsində müharibə ocağını alovlandıra bilir, iqtidar-müxalifət və məzhəblərarası qarşıdurma yaratmaq bu siyasi qüvvələrin əsas hədəfidir. Suriyada olduğu kimi!

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı oğlu R.Kennedinin 2016-cı ildə Politiko nəşrində də dərc edilən məqaləsindən aydın olur ki, Suriyada 2011-ci ildə başlanan müharibənin əsas səbəbi Qətərdən Avropaya, ABŞ-ın dəstəyi ilə, çəkilməsi nəzərdə tutulan qaz kəmərinin tikintisinə qoşulmaqdan Bəşər Əsədin qəti surətdə imtina etməsi olub. R.Kennedi məqalədə yazır: Qətər layihəsindən Bəşər Əsədin imtina etməsindən dərhal sonra ABŞ-ın, Səudiyyə Ərəbistanının və İsrailin kəşfiyyat xidmətləri, rejimi devirmək məqsədilə, Suriyada üsyan hazırlığına başladılar. R.Kennedi daha sonra məqalədə qeyd edir ki, Qətər dövləti üsyançıların hazırlanmasına 3 milyard dollar ayırdı və öz ərazisində döyüşçülərə təlim keçmək üçün Pentaqonu dəvət elədi.

2014-cü ildə Bəhreynin sünni hakimiyyətinə qarşı bu ölkədə çoxluq təşkil edən şiələrin kütləvi etirazını yatırtmaq məqsədilə Səudiyyə Ərəbistanı köməyə gəldiyinə görə, Səudiyyə krallığında mitinq təşkil edən şiələrdən 47 nəfəri, o cümlədən onların din xadimi Bağır Nimr Əl-Nimr həbs edildi və onlara elə həmin ildə ölüm hökmü çıxarıldı. Hökm 01.01.2016-cı il tarixdə icra edildi, 47 nəfərin hamısı edam olundu. Nəticədə, Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi Tehran sakinlərinin hücumuna məruz qaldı və Səudiyyə Ərəbistanı, Bəhreyn və Sudan İranla diplomatik əlaqələri pozdular. İran dövlətidə Səudiyyə Ərəbistanının əksinə olaraq, Suriya dövlətinə kömək edir. Bəhreyndə şiələrin, Yəməndə isə şiə-husilərin üsyanlarını dəstəkləyir.

İslam dünyasındakı, xüsusilə, İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasındakı, bu və ya digər problemlər, ziddiyyətlər tezliklə öz həllini tapmasa, yoxsa antiislam qüvvələrin səyi nəticəsində İslam dövlətləri qütblərə parçalana bilər.

Müsəlman aləmini birləşdirmək, İslam ölkələri arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirmək nüfuzlu beynəlxalq təşkilat olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT-in) əsas məqsədidir. Lakin bəzi İslam dövlətləri arasındakı ziddiyyətlər, hətta düşmənçilik münasibətləri bu günədək İƏT-ə bu vəzifənin öhdəsindən layiqincə gəlməsinə imkan vermir. Azərbaycanın öz tolerantlıq ənənələri və multikultural dəyərləri ilə məşhur olan, bu sahədə öz zəngin təcrübəsini digərlərinə təqdim edə bilən, təkcə İslam ölkələrinin deyil, həm də bütün dünya dövlətlərinin hörmət və rəğbətini qazanan bir dövlətdir.

Azərbaycanın İslam dünyasında böyük hörmət qazanması heç də təsadüfi deyildir. O, bu hörməti bütün İslam dövlətlərinə qardaşlıq münasibəti bəsləməklə, onlarla səmimi davranmaqla, heç bir iddia irəli sürmədən, ambisiyasız tərəfdaşlıq əlaqələri yaratmaqla, hərtərəfli ölçülüb-biçilmiş, düşünülmüş siyasət yürütməklə əldə etmişdir. Azərbaycanın bütün müsəlman aləminə nümayiş etdirdiyi səmimiyyətin, dostluq münasibətinin nəticəsidir ki, Səudiyyə Ərəbistanı və Pakistan kimi qüdrətli İslam dövlətləri bu günə kimi, Ermənistanı işğalçı siyasətinə görə, rəsmən tanımaqdan imtina edirlər. Qardaş ölkə olan Türkiyə isə bu ölkə ilə heç bir əlaqə qurmamışdır.

Özünün multikulturalizm modelini bütün dünyaya təqdim etmiş Azərbaycan dövləti müsəlman ölkələrindəki problemlərə təbii ki, biganə qala bilməzdi. Odur ki, Azərbaycan hələ XXI əsrin əvvəllərində, İslam və Avropa sivilizasiyalarını biri-birinə yaxınlaşdırmağa çalışdığı bir vaxtdan, İslam dünyasını birləşdirmək missiyasının daşıyıcısına çevrilmiş, bütün dünyada, xüsusilə İslam dünyasında əmin-amanlığın, sülhün, təhlükəsizliyin təmin edilməsi üçün əlindən gələni əsirgəməmişdir. Bu amal uğrunda Azərbaycan artıq, 10 ilə yaxındır ki, öz töhfələrini verməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə Bakıda keçirilən Avropa ölkələri mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirləri, 2009-cu ildə yenə Bakıda baş tutan İslam ölkələri mədəniyyət nazirlərinin toplantısına isə Avropa ölkələri mədəniyyət nazirləri dəvət edildilər. Bu, dünyada ilk dəfə, həm də cəsarətlə atılan bir addım idi: iki sivilizasiya nümayəndələrinin bir araya gətirilməsi, onların bir-biri ilə ünsiyyətinin, dialoqunun təşkil edilməsi bu sivilizasiyalar arasında uzun sürən soyuqluğun tədricən istiləşməsinə şərait yaratdı və onları biri-birinə xeyli yaxınlaşdırdı. Respublika Prezidentinin bu təşəbbüsü dünya birliyi tərəfindən rəğbətlə qarşılandı və Bakı prosesi kimi məşhurlaşdı. Eyni zamanda Bakı prosesi ölkəmizi və paytaxtımızı mədəniyyətlərarası dialoqun mərkəzinə çevirdi.

Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu özündə ehtiva edən Bakı prosesi 2011-ci ildən başlayaraq 2 ildən bir Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumları formatında davam etdirilir. Ümumdünya miqyasında təşkil olunan bu Dialoq Forumlarının ən möhtəşəmi bu il may ayının 4-6 tarixlərində baş tutan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oldu. Bu forumda 120 ölkədən 800-dən artıq qonaq iştirak etdi.

Müxtəlif mədəniyyətlərin, sivilizasiyaların biri-birinə yaxınlaşdırılması, sabitliyin, təhlükəsizliyin, sülhün, əmin-amanlığın təmin olunması naminə Azərbaycan təkcə Mədəniyyətlərarası Dialoq Forumları təşkil etməklə kifayətlənmir. O, həm də məqsədyönlü və sistemli şəkildə müxtəlif formatlarda çox yüksək səviyyədə digər beynəlxalq tədbirlər də həyata keçirir. Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə son illər Bakıda 5 dəfə Beynəlxalq Humanitar Forum keçirilib. 2013-cü ildə Dünyanın dini liderlərinin Zirvə Görüşü təşkil edilib. 2016-cı ildə isə paytaxtımız Bakı şəhəri möhtəşəm bir foruma BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edibdir.

Azərbaycan son illər beynəlxalq səviyyəli çoxlu mötəbər idman yarışları keçirməklə də müxtəlif mədəniyyətləri biri-birinə qovuşdurur, ayrı-ayrı mədəniyyətlərin nümayəndələri olan idmançıların dili ilə sülhü, əmin-amanlığı və həmrəyliyi təşviq edir. Bu nöqteyi-nəzərdən 2015-ci ildə Bakıda təşkil olunan 1-ci Avropa Oyunlarını və bu ilin mayında keçirilən 3 qitənin 3000 idmançısının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarını xüsusilə qeyd etmək lazımdır. Biz hər iki Oyunlar vasitəsilə cəmiyyətimizin sülhsevər, tolerant və multikultural bir cəmiyyət olduğunu bütün dünyaya nümayiş etdirdik və ölkəmizdəki mövcud dini konfessiyalar, məzhəblər, etnik qruplar arasındakı mehribançılığın, anlaşmanın əldə edilməsi sahəsindəki müsbət təcrübəmizi hamı ilə bölüşdük. Bu, bizim dövlətimizin multikulturalizm siyasətindən irəli gəlir. Azərbaycanda gedən demokratik proseslərin tərkib hissəsi olan multikulturalizmin mütərəqqi modeli artıq dünya ölkələri üçün unikal bir nümunəyə çevrilmişdir. Odur ki, Respublika Prezidenti İlham Əliyev 2016-cı ili Multikulturalizm ili elan edərək bütün dünyanı bir daha sülhə, əmin-amanlığa, barışığa çağırdı, bununla da bütün dünyaya multikulturalizmin Azərbaycan modeli təqdim edildi.

Son dövrdə İslam dininə və müsəlmanlara qarşı təhdidlərin getdikcə güclənməsi fonunda müsəlman aləminin daha çox birliyə ehtiyacı olduğu üçün ölkə başçısı 2017-ci ili İslam Həmrəyliyi ili elan etdi. Dövlət başçısının dediyi kimi, İslam Həmrəyliyi ilinin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Bu məqsədlərə nail olmaq üçün ölkə başçısı İlham Əliyevin dediyi kimi, ilk növbədə İslama daxilən zərər gətirən müxtəlif təriqətlər arasında barışıqlar yaradılmalıdır. Burada Azərbaycanın təcrübəsi İslam dünyasının köməyinə gələ bilər. Azərbaycanda olduğu kimi, digər İslam ölkələrində də dini təriqətlər arasında isti münasibətlər yaratmaq mümkündür. Hətta müxtəlif məzhəblərin nümayəndələri birgə vəhdət namazları da qıla bilərlər. Ancaq bunun üçün bu ölkələrdə əhali arasında çox güclü maarifləndirmə işi aparılmalı, əhaliyə dini məzhəblərin yaranma tarixi ilə bağlı ətraflı məlumatlar verilməlidir.

Bu gün İslam dünyasında mövcud olan təriqətlərin hər biri İslam dinini istədikləri kimi, öz versiyalarına uyğun təşviq edirlər ki, bu da təriqətlər arasında qarşıdurmaların yaranmasına səbəb olur və İslamda həmrəyliyə deyil, parçalanmaya xidmət edir.

Odur ki, İslam dövlətləri buna imkan verməməli, sülh və mədəniyyət dini olan İslamın, islamçılıq ideyalarının düzgün təşviq edilməsinə fikir verməlidirlər. O zaman Azərbaycanda ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideyası bütün Azərbaycan xalqını, Azərbaycanda olan bütün dinləri və dini təriqətləri birləşdirdiyi kimi, islamçılıq ideyası da İslam ölkələrində bütün xalqları, bütün dinləri və dini təriqətləri bir araya gətirəcəkdir.

İslam Həmrəyliyi ilində nəzərdə tutulan məqsədlərin reallaşdırılması sahəsində ilk addımlar artıq IV İslam Həmrəyliyi Oyunlarında atıldı. Bütün İslam dünyasının birlik, həmrəylik günlərinə çevrilmiş IV İslamiada 54 ölkədən gələn gəncləri müsəlman idmançıları biri-birinə yaxınlaşdırdı, birləşdirdi. Onlar qürur hissi ilə, mehribançılıqla biri-birilərinin əllərini sıxdılar. Bundan sonra növbə, aralarında ziddiyyət olan bəzi İslam dövlətləri rəhbərlərinin və bu ölkələrin digər siyasi elitalarınındır. Ancaq hələlik, Yaxın Şərqdə baş verən siyasi proseslər bu dövlətlərin arasında dostluq münasibətlərinin inkişafına deyil, gərginliyin artmasına xidmət edir.

Bu il iyun ayının 5-də Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika Sammitindən heç 2 həftə keçməmiş, Yəməndəki ərəb koalisiyası Qətər dövlətini Əl-Qaidə və İşid terror təşkilatlarına dəstək verməkdə günahlandıraraq onu öz sıralarından çıxartdı. Eyni zamanda 8 ərəb dövlətiSəudiyyə Ərəbistanı, Bəhreyn, Misir, BƏƏ, Yəmən, Maldiv adaları, Mavrikiy və Liviya bu krallıqda diplomatik əlaqələri də pozdular. Aydındır ki, körfəz dövlətləri arasında bu yeni münaqişənin yaranması sübut edir ki, antiislam qüvvələrin basqıları getdikcə güclənməkdədir.

Odur ki, İslam dövlətlərinin rəhbərləri öz aralarında olan ziddiyyətləri tezliklə aradan qaldırmağa çalışmalı, sülhə, barışığa nail olmalıdırlar. Bu sahədə onlar, həm Avropa ölkələri, həm də İslam ölkələrinin hər biri ilə çox yüksək səviyyədə əlaqələr yaratmağı, hətta bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağı bacaran Azərbaycan dövlətinin təcrübəsindən geniş istifadə etməklə nəinki təkcə öz aralarında isti münasibətlərə, sülhə nail olacaqlar, həm də bütün İslam dünyasının həmrəyliyinə öz layiqli töhfələrini verə biləcəklər.