Xalq Cəbhəsi.-2017.-14 iyun.-103.-S.14.

 

Azərbaycan türklərinin qam görüşləri

 

Ramazan Qafarlı,

filologiya üzrə elmlər doktoru, professor

 

Azərbaycan türklərinin qam görüşlərində bütöv kainat üç çadırdan ibarətdir: ağ, qırmızı və qara. Çadırların birincisində Günəş tanrı, ikincisində insanlar oğuz tayfaları, üçüncüsündə isə günaha batanlar məskunlaşırlar. Kitabi-Dədə Qorqudda həmin təsəvvürlərə söykənən mifik dünya modelinin tam təsvirinə rast gəlirik. İlk olaraq onu vurğulamaq lazımdır ki, Azərbaycanda yazıya alınan Drezden nüsxəsinin on iki boylu mətnində eposun hadisələri yer üzündə üç çadırın (ağ, qırmızı, qara) dikəlməsi ilə başlayır və başı göyə toxunan bir göy çadırın qurulması ilə tamamlanır. Eposda ümumiyyətlə, qam görüşlərindən gələn bir qanunauyğunluq özünü göstərir. Əksər boylar çadır və evin qurulmasının təsviri ilə açılır, dini əqidəcə başqa tayfaların evlərinin dağılıb yeni tanrı evlərinin yaradılması ilə tamamlanır. Bu hal çox yerlərdə əski strukturlara uyğunluğunu olduğu kimi qoruyub saxlayır, bəzən də dövrün tələblərinə cavab verən şəklə salınır. Əsas məsələ odur ki, oğuz-türk miflərinin mifik dünya modeli bütün əlamətləri ilə təsəvvürə gətirilir. İlk boyda göstərilir ki: Bayındır xan bir yerə ağ otağ, bir yerə qızıl otağ, bir yerə qara otağ qurdırmışdı. Kimün ki, oqlı-qızı yoq, qara otaqa qondurın, qara keçə altına döşən, qara qoyun yəxnisindən öginə gətirün. Yersə, yesün, yeməzsə, tursun-getsün demişdi. Oğlı olanı ağ otağa, qızı olanı qızıl otağa qondurın. Oğlı-qızı olmayanı allah-təala qarğıyıbdır, biz dəxi qarğarız, bəllü, bilsün - demiş idi. Otaq burada Dünya Çadırı mənasındadır. Diqqət yetirin, kişi başlanğıc ağ rənglə, qadın başlanğıc isə qırmızı rənglə əlaqələndirilir. Ağ - işıq, aydınlıq, müdriklik demək idi və tanrının ən başlıca nişanəsi sayılırdı. Və bütün rənglərin ağ rəngdən yarandığı ehtimal olunurdu. Ağ otaq (çadır) işıqlı Yuxarı dünyanın modeli idi. Qırmızı qanın dəyişməzliyini, bolluğu, bərəkəti və torpağı mənalandırırdı. Bu, orta dünyanın işarəsi idi. Qara ölümü, fəlakəti, şəri ifadə edirdi. Qara çadır Yeraltı aləmin nişanəsiydi. Üçqatlı dünyanı əks etdirən çadırlarda hər şey konkretdir və hər dünya özünəməxsus əlamətləri ilə nəzərə çatdırılır. Sonrakı boylarda üç deyil, bir çadırla da kainatı simvollaşdıran təsvirlərə rast gəlirik. Eləcə də üçqatlı (üç otaqlı) strukturun ancaq bir, ya iki otağının əlamətlərindən (əsasən ağ və qara) istifadə olunur. Məsələn: Ağ otağı qoyuban qara otağa girən qızlar!.. - Bamsı Beyrəyin fikirlərində işıqlı dünyaya işarə edilir. O, demək istəyir ki, işıqlı dünya dura-dura özünüzü niyə qara torpağın altında hiss edirsiniz? Bir cəhət maraqlıdır ki, dünyanın bir qatını göstərən modellərdə qara yer üzündə tikilən ev 90 otaqlıdır. Onun bəzən 90, bəzən də 1000 yerinə ipək xalı-xalça döşədilir. Bu cür evlər sonrakı dövrlərdə tikilən xan, bəy saraylarını xatırladır. Doğrudur, onların təsvirində bir sıra mifoloji elementlər də qorunub saxlanılır. Çünki bütün hallarda eyni saylardan (9, 80, 90, 1000) faydalanılır. Eləcə də iki boyda (VII, IX) birbaşa işarə edilir ki, qara yerin üstündə tikilən evlər ala seyvan gög yüzünə aşanmışdı, yəni böyük alaçıq göy üzünə dirənmişdi. Bu ifadələr ilk baxışda dilimizdə geniş işlənən mübaliğəni xatırlatsa da, mətndə bədii təsvir vasitəsi funksiyası daşımaqla yanaşı mifik dünya modelini simvollaşdırır. Əgər fikirdə məqsəd ancaq evin ucalığını qabartmaq, şişirtmək olsaydı, göyə çatır deyilərdi. Necə ki, canlı danışıqda tez-tez işlədilir: Çinarın başı göyə qalxır.

 

Qam-şaman səyahətləri

 

Şaman miflərində ruhun oğurlanıb qaçırılması motivi əsas yer tutur. Bizcə, qədim nağıl və dastanlarımızda soy artımına xidmət edən tərəflərdən birinin - nişanlı qızın (əksər hallarda şaman təsəvvürlərində olduğu kimi fövqəltəbii qüvvələr tərəfindən) aparılması və oğlan qəhrəmanın onu geri qaytarmaq üçün çıxdığı səfərdə möcüzələrlə qarşılaşması həmin motivlərin analoqudur. E.S.Novik doğru olaraq yazır ki, arxaik epik ənənədə qəhrəmanın bahadırlığı, hiyləgərliyi və sehrkarlıq qüdrəti bir-birindən ayrılmır və motiv fondunun əsas hissəsini şaman süjetləri təşkil edir, bir çox mifoloji obrazlar şaman qabiliyyətinə, bacarığına, dünyagörüşünə malik təsvir olunur.

Altay və Orta Asiya türklərinin epik ənənəsində Oxxayın nağılında olduğu şəkildə ər şamanla arvad şamanın cildini dəyişməklə güclərini sınamasına həsr olunan bir əfsanədə göstərilir ki, şaman qadın balıq cildinə girib dənizə baş vurdu. Şaman da onun ardınca cumdu. Tezliklə ona çatdı, şaman qadını quyruğundan udmağa başladı. Amma şaman qadın onun ağzına sığışmadı, sürüşüb çıxaraq geriyə qanrılıb balıq şamanın özünü uddu. Şaman qadın Suquşu cildinə girib evinə uçub gəldi. Özünə toxtaxlıq verdi, davulunu bir yana tulladı, əynini soyundu, ölmüş şamanı da öyüyüb yola atdı. Ax-vax nağılında isə insanın yuxarı dünyaya səyahətindən bəhs olunur. Təsadüfi görünsə də, ax-vax da eyni qayda ilə sadə nidaların birləşməsindən yaranan mürəkkəb sözdür. Birinci komponent ax/ah kədər, üzüntü, ağrı hisslərindən, ikinci komponent vax/vah isə təəccüb və maraqdan doğur. Ruhların bu cür adlandırılması təcrübəsi əksər xalqlarda özünü göstərir. Azərbaycanda el arasında geniş yayılmış ruhlardan biri sadəcə Hal adlanır. Bizcə, Oxxay və Ax-vax Halın müxtəlif dövrlərdə formalaşan adlarından biridir. Onu da yada salaq ki, bir çox nağıllarda yeraltı dünyanın məxluqlarının canı (əslində ruhu) kənarda saxlanılır. Quş halında olan can ağzı bağlı şüşədə olur. Qədim qam-şaman təsəvvürlərində də Ölülər aləminin sakinlərinin ruhu bədəndən çıxanda quş şəklinə düşür və kənarda yerləşir. Canın başqa məkanda yerləşməsi haqqındakı təsəvvürlər atəşpərəstlik inancında da özünə yer almışdı.

 

Ruhun əvəzlənməsi, yaxud can əvəzinə can vermə

 

Qam-şaman mifoloji görüşlərində can əvəzinə can istəmə motivinə də təsadüf olunur: Yer xan insanların ruhunu oğurladıb yeraltı mağarasında - Örüdə saxlayır. İnanclarda deyilir ki, əgər ağır xəstənin halı üstünə qayıtmırsa, deməli ruhu bədənindən ayrılıb tayfanın məskunlaşdığı yurd yerindən tamam kənardadır, yolu itirdiyindən geri dönə bilmir. Bu zaman həmin ruhu öz bədəninə gətirməyə çalışan qamların işi bir qədər çətinləşir. Çünki itkin düşmüş ruhu axtarmaq üçün meşələri, düzənləri, dənizləri aramalı idi. Heç yerdə tapmadıqda isə əmin olurdu ki, xəstənin ruhu Yer xanın köməkçilərinin əlinə keçmişdir. Onunla əlaqə yaratmaq və ruhu xilas etmək ən ağır proses sayılırdı. Bu zaman çoxlu qurbanlar kəsilirdi. Yer xana yalvarışlar dolu nəğmələr oxunurdu. Xəstənin günahları ağır olduqda Yer xan tələb edirdi ki, onun canının əvəzinə başqa can ödənməlidir. Buryat şamanlarında indi də Erlikin tələbinə əsasən həbsxanasında saxlanan canın xilası üçün başqa can tələb edilməsinə inanırlar. Xəstənin razılığı ilə şaman qurbanlıq adamı müəyyənləşdirir, yuxuda olarkən Qartal cildində ona yaxınlaşıb ruhunu bədənindən ayırır, sonra Ölülər Aləminə düşüb onu Erlikə təqdim edirdi. Bu halda Erlik də xəstənin ruhunu şamana qaytarırdı. Bu mərasimdən bir müddət keçməmiş qurbanlıq seçilən adam ölür, xəstə isə sağalırdı. Burada tam həyata qaytarılmadan söz getmirdi, sadəcə olaraq xəstənin ömrü bir qədər uzadılırdı üç, yeddi, yaxud uzağı doqquz ilə o da dünyasını dəyişirdi. Kitabi-Dədə Qorqud eposunun Dəli Domrul boyunda Azərbaycan qamlarının təsəvvüründə formalaşan can əvəzinə can istəmə motivinin dolğun variantına rast gəlirik. Burada Dəli Domrul Yer xanın cavanların ruhunu oğurlayıb yeraltı mağarasında saxlamasına qarşı çıxırdı. Bu, Tanrını Yer xanı qəzəbləndirir, ölüm mələyi Əzrayılı (əslində Üzəni) yer üzünə yollayır ki, tanrının iradəsinə tabe olmayan insanı cəzalandırsın. Dəli Domrul Azərbaycan mifologiyasında ölümə qarşı çıxan ilk mədəni qəhrəman obrazıdır. Lakin Əzrayılla mübarizədə arxası yerə qoyulur, tanrıdan üzr istəsə də, canını qurtarmağın bir yolu göstərilir. Onun əvəzinə başqasının canı alınmalıdır. Qam-şaman inancına uyğun olaraq can verəni Dəli Domrul özü müəyyənləşdirməli idi. O, əvvəl atasına, sonra da anasına yalvarır ki, öz canlarının bahasına onun canını xilas etsinlər. Lakin heç biri buna razılaşmır. Dəli Domrul doğmalarının ona can qıymadığını görüb həyatdan əlini üzür. Lakin özgə qızı arvadı ona bildirir ki, canını onun yolunda qurban verməyə hazırdır. Qadının böyük məhəbbətini görən Dəli Domrul da yaşamaq istəmədiyini bildirir, tanrıya üz tutub deyir ki, alırsa, hər ikisinin canını alsın. Tanrının (Yer xanın) cavanlara rəhmi gəlir və Əzrayıla (Üzənə) tapşırır ki, gənc ər-arvadın canlarının əvəzinə qoca ata-ananın canını alsın.

Dünya bir-birinə qarşı dayanan ilkin əkiz yaranışların əbədi mübarizəsi üzərində formalaşır. Mübarizənin mayasında kosmik güclər, planetlər, insanlar və tanrıların təkamülü dayanır. Belə bir qənaət irəli sürülür ki, kosmosda qarşıdurma İşıq və Qaranlıq (Gecə-gündüz, Günəş-Ay), yer üzərində Həyat və Ölüm, insanın öz daxilində isə Həqiqət və Yalan arasında həmişə davam edəcək. Atəşpərəstlərə görə, kainatdakı varlıqlar yalnız bir-birinə qarşı mübarizə aparmaq nəticəsində həqiqi məzmununu qoruyub saxlayır.

Atəşpərəstlik görüşlərinin əsasını dualizm təşkil edir. Dünya bir-birinə qarşı dayanan ilkin əkiz yaranışların əbədi mübarizəsi üzərində formalaşır. Mübarizənin mayasında kosmik güclər, planetlər, insanlar və tanrıların təkamülü dayanır. Belə bir qənaət irəli sürülür ki, kosmosda qarşıdurma İşıq və Qaranlıq (Gecə-gündüz, Günəş-Ay), yer üzərində Həyat və Ölüm, insanın öz daxilində Həqiqət və Yalan arasında həmişə davam edəcəkdir. Atəşpərəstlərə görə, kainatdakı varlıqlar yalnız bir-birinə qarşı durub mübarizə aparmaq nəticəsində həqiqi məzmununu qoruyub saxlayır.